İCAPP-ın Qadınlar Qolunun 3-cü iclasının
iştirakçıları Milli Məclisdə olub
Sentyabrın 3-də Milli Məclis Sədrinin müavini Bahar Muradova Bakıda keçirilmiş Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Qadınlar Qolunun 3-cü iclasının iştirakçıları ilə görüşdü.
Qonaqları Milli Məclisin rəhbərliyi adından salamlayan Bahar Muradova Azərbaycanın evsahibliyi ilə keçirilən iclasın əhəmiyyətindən, müzakirəyə çıxarılan məsələlərin vacibliyindən söz açdı. İCAPP-ın Qadınlar Qolunun yaradılmasının önəmli olduğunu qeyd edən Bahar Muradova Asiya ölkələrinin qadın siyasətçilərinin iştirakı ilə keçirilən iclasın nəticələrini müsbət dəyərləndirdi. Bildirildi ki, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası təşkilatda öz layiqli yerini tutur və qarşıya qoyulan hədəfləri dəstəkləyir.
Bahar Muradova çıxışında ölkəmizin müstəqillik illərində dinamik inkişafı, dünya dövlətləri ilə əlaqələrin genişləndirilməsi barədə danışdı, qadın problemlərinin həlli istiqamətində müxtəlif layihələrin həyata keçirildiyini söylədi. Qeyd edildi ki, parlament diplomatiyası və parlament ənənələrinin formalaşması baxımından əhəmiyyətli işlər görülür. Azərbaycanda hələ ötən əsrin əvvəllərində qadınlara seçmək və seçilmək hüququ verilib. Bu gün parlamentdə qadın deputatlar səmərəli fəaliyyət göstərir.
Milli Məclis Sədrinin müavini İCAPP Qadınlar Qolunun toplantısında qadınlar arasında yoxsulluğun aradan qaldırılması, onların sağlamlığı, təhsili, siyasi iştirakçılığı ilə bağlı mühüm məsələlərin müzakirə edildiyini söylədi və bu məsələlərin həllində qadınların ictimai təmsilçilik hüququnun tanınmasının əhəmiyyətini vurğuladı. O, təşkilatın Qadınlar Qolunun məhz Bakıda təsis edildiyini vurğulayaraq, ölkəmizin qurumun tədbirlərinə
evsahibliyi etməsinə hər zaman hazır olduğunu bildirdi.
Bahar Muradova Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar Qolunun əvvəlki həmsədrləri olan Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızının və Koreya Respublikasının Sayenuri Partiyası rəhbərinin müavini Park İn-sokun fəaliyyətini təqdir etdi, qurumun yeni seçilmiş həmsədrlərinə uğurlar arzuladı.
Görüşdə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar Qolunun baş katibi Çunq Ei-yonq Azərbaycan dövləti tərəfindən göstərilən diqqətə, dəstəyə görə təşəkkürünü ifadə etdi. İclasda çox önəmli məsələlərin müzakirə olunduğunu bildirən Çunq Ei-yonq bir sıra ölkələrdə gender bərabərliyi baxımından mövcud olan problemlərin aradan qaldırılmasında qadınların rolundan danışdı. Baş katib tədbirdə qəbul edilən yekun sənədin - “Asiyadakı qadınlar üzrə Bakı Bəyannaməsi”nin xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı.
Tədbirdə çıxış edən qurumun yeni seçilmiş həmsədrləri - Türkiyənin Ədalət və İnkişaf Partiyasının qadınlar qolunun xarici işlər üzrə sədr müavini Məryam Goka, Nepal Konqresi Partiyası Beynəlxalq şöbəsinin müdiri Sucata Koirala, habelə keçmiş həmsədrlər - Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı və Koreyanın Sayenuri Partiyası rəhbərinin müavini Park İn-sok qadınların ictimai-siyasi həyatda rolunun artmasından danışdılar. Çıxış edənlər qurumun Bakıda keçirilən toplantısının qadınların ictimai həyatda iştirakçılığının genişləndirilməsi baxımından əhəmiyyətini vurğuladılar. Bildirdilər ki, Azərbaycan İCAPP-ın fəaliyyətinə ən böyük dəstək göstərən ölkələrdən biridir.
Azərbaycan.- 2015.- 4 sentyabr.- S. 3.