Uilyam Leysi Sinq: Azərbaycanın miqrasiya idarəetməsi sahəsində təcrübəsi Avropanın digər dövlətləri üçün nümunədir

 

Azərbaycanda miqrasiya sahəsində yüksək səviyyədə fəaliyyət həyata keçirilir. Azərbaycanın miqrasiya idarəetməsi sahəsində təcrübəsi Avropanın digər dövlətləri üçün nümunədir. Sabitlik sülhün qorunmasına görə Azərbaycan bütün Avrasiyada nümunəvi ölkədir. Dövlətinizin başçısının dəstəyi olmadan bu sahədə uğur qazanmaq mümkün olmazdı.

AZƏRTAC xəbər verir ki, bu fikri Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Sinq ölkəmizə səfərinin yekunlarına dair sentyabrın 3-də keçirdiyi mətbuat konfransında məlumat verib.

Əvvəlcə Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev Azərbaycan hökumətinin dəvəti ilə ölkəmizə səfərə gələn Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Sinqin rəhbərlik etdiyi nümayəndə heyətinin iki gün ərzində məhsuldar görüşlər keçirdiyini vurğulayıb. O bildirib ki, görüşlərdə bir çox vacib məsələlər ətrafında fikir mübadilələri aparılıb. Eyni zamanda, Beynəlxalq Miqrasiya Təşkilatı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti arasında könüllü qayıdışla bağlı pilot layihənin həyata keçirilməsinə dair razılıq əldə olunub. Yaxın zamanlarda bu layihənin həyata keçirilməsinə başlanacaq.

Cənubi Qafqaza ilk səfərini Azərbaycandan başlamaqdan məmnunluq duyduğunu deyən Uilyam Leysi Sinq ölkəmizdə yüksək qonaqpərvərliklə qarşılandığını diqqətə çatdırıb. Dünyanın müxtəlif bölgələrində baş verən münaqişələr nəticəsində humanitar böhranın, miqrant probleminin yarandığını vurğulayan baş direktor bunun qarşısının alınması üçün lazımi tədbirlərin görülmədiyini qeyd edib. O, rəhbərlik etdiyi qurumun bu problemin həlli ilə bağlı Avropa İttifaqına üzv ölkələrlə mütəmadi müzakirələr apardığını bildirib.

Azərbaycanda uğurlu miqrasiya idarəetməsini, zəngin multikulturalizm tolerantlıq ənənələrini yüksək qiymətləndirən Uilyam Leysi Sinq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində sosial-iqtisadi sahədə əldə olunan uğurları məmnunluqla qeyd edib. Azərbaycanın bu ilin iyununda birinci Avropa Oyunlarına, mayda Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısına uğurla ev sahibliyi etdiyini vurğulayan baş direktor 2017-ci ildə ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarının da yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirib.

Baş direktor Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ölkəmizdə bir milyondan çox insanın qaçqın məcburi köçkün vəziyyətinə düşdüyünü vurğulayaraq, respublikamızda onlar üçün yeni salınmış qəsəbələrdən birində yaşayış şəraiti ilə tanış olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycan dövləti tərəfindən qaçqın məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşmasına göstərilən diqqət qayğı humanitar baxımdan çox müsbət haldır.

Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqranların saxlanılması mərkəzlərində olduğunu oradakı əcnəbi vətəndaşlarla görüşdüyünü vurğulayan Uilyam Leysi Sinq deyib: “Saxlama mərkəzlərində hər cür şərait yaradılıb. Bir çox ölkədə miqrantların saxlanılması mərkəzlərində olmuşam. Lakin deməliyəm ki, bu, mövcud olan ən yaxşı saxlanılma mərkəzlərindən biridir. Orada saxlanılan şəxslərin bütün ehtiyacları təmin edilib. Mən belə yüksək şəraiti olan saxlanılma mərkəzlərinə görə Azərbaycan Hökumətinə, Dövlət Miqrasiya Xidmətinə minnətdarlığımı bildirirəm. Avropanın digər ölkələrində miqrantların saxlanılma mərkəzləri ilə müqayisə edərək məsləhət görərdim ki, bu məsələdə Bakını nümunə götürsünlər. Gələcəkdə baş verə biləcək miqrasiya probleminə Azərbaycanın hazırlıq səviyyəsi çox yüksəkdir.

Sonda jurnalistlərin sualları cavablandırılıb.

 

Azərbaycan.- 2015.- 4 sentyabr.- S. 4.