İkili standartlar cilovu

 

İkili standartlar və rəngli inqilablar

 

İkili standartların tətbiqinin əsas sahələrindən biri də dünyanın müxtəlif bölgələrində həyata keçirilən rəngli inqilablar və ölkələrin sərhədlərinin dəyişdirilməsi, yaxud bunlara cəhdlərdir. Təbii ki, ikili standartların müəllifləri bunu açıq etiraf etmək istəmirlər.

Amerikalı jurnalist və publisist Ueyn Madsen yazır: “Con Kerri bildirir ki, ABŞ bütün dünya boyu çoxsaylı “rəngli inqilablar”a dəstək verməmişdir. Görünür, cənab dövlət katibinə 64 rəngli karandaşdan ibarət - Vaşinqtonun hazırladığı hər inqilab üzrə bir karandaşdan ibarət bağlama göndərmək lazımdır”. Madsen göstərir ki, 2009-2013-cü illərdə Senatın Beynəlxalq əlaqələr komitəsinin sədri olmuş ABŞ-ın indiki dövlət katibi “rəngli” hərəkatlara köməklə əlaqədar Amerika siyasəti barədə başqalarından yaxşı bilməlidir. Madsen ABŞ-ın iştirakı və dəstəyi ilə dövlət çevrilişlərinin baş verdiyi ölkələrin siyahısını gətirir: Gürcüstanda “qızılgüllər inqilabı”, Ukraynada “narıncı inqilab”, Livanda “sidr inqilabı”, Fələstində “zeytun inqilabı”, Qırğızıstanda “zanbaqlar inqilabı”, Yuqoslaviyada, Küveytdə, Liviyada, Birmada, Tibetdə və digər ölkələrdə dövlət çevrilişləri... Həmçinin Moldovada, Monqolustanda, Özbəkistanda, Ekvadorda, Boliviyada və Belarusda inqilablar planlaşdırılmış, lakin baş tutmamışdır.

2014-cü il mayın 22-də ABŞ dövlət katibi Con Kerri Tailandda baş vermiş hərbi çevrilişlə əlaqədar məyus olduğunu bildirmiş və ABŞ-ın Tailandla münasibətlərinə, xüsusən də yaxınlarda dövlət çevrilişini həyata keçirmiş tay ordusu ilə əməkdaşlığa yenidən baxılacağını bəyan etmişdir.

Amerika qanunvericiliyi dövlət çevrilişinin baş verdiyi ölkələrə hərbi yardımı qadağan edir. Kerri demişdir: “Bu hərbi çevrilişə heç bir bəraət ola bilməz”. Halbuki ABŞ, məlum olduğu kimi, digər ölkələrdə dövlət çevrilişlərini dəstəkləmiş və indi onlara hər cür kömək, o cümlədən hərbi kömək göstərməkdə davam edir. Bu, ABŞ Dövlət Departamentinin növbəti ikiüzlülüyünə parlaq nümunədir.

İkili standartlar keçirilən seçkilərin qiymətləndirilməsində daha aydın şəkildə təzahür edir.

Əgər bizim günlərdə ABŞ özünə sərf etməyən “diktator” elan edilmiş hökmdarlara qarşı fəal şəkildə rəngli inqilablar təşkil edirsə, əksinə, bir qədər əvvəl (çox halda elə indi də) sağ təmayüllü əsl diktatorları, xüsusən də Latın Amerikasında fəal şəkildə dəstəkləmişlər. Amerikalılar üçün heç nəyin - nə amansızlığın, nə də rejimin cinayətkar olmasının əhəmiyyəti var idi - başlıcası o idi ki, amerikapərəst diktatorlar ABŞ-ın iqtisadi maraqlarını təmin etsinlər.

Qərb ölkələri, xüsusən də ABŞ öz ərazilərində qanunun icazə verdiyi çərçivələrdən kənara çıxan etiraz aksiyalarını amansızlıqla yatırırlar. Lakin xaricdə bu cür aksiyalardan söhbət gedəndə, bu aksiyalar növbəti qərbpərəst rəngli inqilaba çevrilə biləndə Qərb və ABŞ heç bir əxlaqsızlığa və etirazçılar tərəfindən zorakılığın təzahürlərinə baxmadan belə aksiyaları dəstəkləyirlər. Ona görə müntəzəm olaraq belə vəziyyət yaranır ki, Qərb KİV-i növbəti rəngli etiraz xadimlərindən “dinc etirazçı” və ya “dinc fəal” obrazı yaradırlar, öz evlərində isə hakimiyyət orqanları belə fəalları cinayətkarlar kimi tez-tələsik cəzalandırır.

Məsələn, bu il martın 18-də Almaniyanın Frankfurt-Mayn şəhərində Avropa Mərkəzi Bankının yeni mənzil-qərargahının açılışı ilə əlaqədar keçirilmş etirazların gedişində 70 nəfərdən çox polis işçisi yaralanmışdır. Mindən çox hüquq pozuntusu qeydə alınmış, təxminən 350 nəfər saxlanılmışdır, həmçinin polislər tərəfindən su şırnaqlarından və gözyaşardıcı qumbaralardan istifadə edilməsi nəticəsində nümayişçilər arasında da zərərçəkənlər olmuşdur. Lakin bu halda nədənsə heç kim Almaniya hakimiyyət orqanlarının hərəkətlərini pisləmir.

 Hakimiyyətdə vərəsəlik və seçkilər

 İkili standartların müddəaları hakimiyyətdə vərəsəliyin və ya hakimiyyətdə uzun müddətdə qalmağın yolverilməzliyi barədə “demokratiya” süitası çalmağı öz əlaltıları olan QHT-lərə və “beşinci kolon” təmsilçilərinə öyrətməkdədir.

Lakin Qərb ölkələrinə və onların yaxın tarixinə nəzər salanda, biz onlarda çoxlu siyasi “uzunömürlülər”in olduğunu görərik. Məsələn, Almaniyanın indiki kansleri Angela Merkel 10 ilə yaxındır ki, bu vəzifəni tutur; britaniyalı Baş nazir Toni Bler bu vəzifədə 10 ildən çox olub; Jak Şirak 12 il Fransanın Prezidenti olub; Silvio Berluskoni isə dörd dəfə İtaliyanın Baş naziri postuna yiyələnib…

Biz artıq öyrəncəliyik ki, ABŞ-da bir çox digər vəzifələr kimi, prezident kürsüsü də irsən keçir (prezidentlər: ata Corc Buş, oğul Corc Buş). ABŞ-ın dövlət katibi Con Kerrinin bütöv adı Con Forbs Kerridir, o, məşhur milyardçılar ailəsinin törəməsidir və ABŞ-ın dörd prezidenti ilə, habelə Avropanın zadəgan kral ailələri ilə qohumluq əlaqələrinə malikdir. Kennedilər qəbiləsini (prezident və bir sıra senatorlar), ər-arvad Klintonları da (prezident və dövlət katibi) yada salmaq pis olmaz.

Hər halda etiraf etmək lazımdır ki, formal olaraq səsvermə üçün elektron maşınlarda edilmiş fırıldaqlarla bağlı axırıncı qalmaqallar nəzərə alınmaqla, ABŞ-da yalan-doğru seçkilər keçirilir. Doğrudur, son 150 ildə, faktiki olaraq, əksər məsələlərdə mövqeləri üst-üstə düşən iki partiyadan (Respublikaçılar və Demokratlar) birinin nümayəndəsini seçmək lazım gəlir.

Böyük Britaniyada isə, demə, indiyədək Lordlar Palatası mövcuddur - burada yerlər rəsmi olaraq irsən ötürülür. Həm də Lordlar Palatası məzəli atavizmin ifadəsi deyildir: palata qanun yaradıcılığı və bəzi nazirlərin vəzifəyə təsdiq edilməsi prosesində kifayət qədər fəal şəkildə iştirak edir.

Nəhayət, Britaniyada və bir çox Qərb ölkələrində (o cümlədən Birləşmiş Krallıq ölkələrində) formal dövlət başçısı bəzən onillərlə hakimiyyət başında olan monarxdır. Həm də bu zaman konstitusiyalı monarxların rejimi monarxların heç bir hakimiyyətinin olmamasını güman etmir - sadəcə olaraq, bu hakimiyyət kifayət qədər məhduddur və çox vaxt formal və nümayəndəlik funksiyalarına qədər məhdudlaşdırılmışdır (hərçənd Britaniya Kraliçasının müharibə elan etmək və ya ittifaq bağlamaq, hakimləri və nazirləri təyin etmək kimi krala məxsus müstəsna hüquqları vardır). Buna baxmayaraq, Qərb monarxları hissolunacaq dərəcədə cəmiyyətə və siyasətə təsir etmək imkanlarını qoruyub saxlayırlar. Buna misal olaraq Kanadada baş vermiş parlament böhranını göstərmək olar. Kanadanın Britaniya Kraliçası tərəfindən təyin olunan general-qubernatoru Mişel Jan fəaliyyətdə olan baş nazirin təqdimatına əsasən, özünün fərmanı ilə 2008-ci il dekabrın 4-də ölkə parlamentinin fəaliyyətini 2 aylığa dayandırmış və bununla da müxalifətin fəaliyyətdə olan baş nazir və Mühafizəkarlar Partiyasının lideri Stiven Harperə etimadsızlıq göstərmək planlarını pozmuşdu.

Kral saraylarının saxlanmasına xeyli büdcə vəsaiti xərclənir. Lakin Britaniya ictimaiyyəti heç də öz kral və kraliçalarını devirmək və ya dövlət maliyyələşdirməsindən məhrum edilməsini tələb etməyə deyil, onlara hörmət və ehtiram göstərməyə alışdırılmışdır.

Qərb KİV-i və siyasətçiləri müntəzəm olaraq Azərbaycanda seçkiləri tənqid edir, gah onlarda həddən artıq pozuntu “tapır”, gah da “real seçimin” olmamasına görə qınayırlar. Lakin istəsən, bu şeylərə görə Qərb ölkələrinin özünü asanlıqla qınamaq olar: onlar çox vaxt siyasi seçimin geniş olmaması, seçki prosesinin səliqəli və şəffaf keçməməsi ilə fərqlənirlər.

Nümunə kimi Şotlandiyanın müstəqilliyi barədə 2014-cü il sentyabrın 18-də keçirilmiş referendumdakı çoxsaylı pozuntuları misal gətirmək olar (Britaniyanın hakimiyyət dairələri referendumun keçirilməsinə icazə vermişdilər, belə ki, onlar əksər şotlandların müstəqilliyə səs verməyəcəklərinə əmin idilər).

Qərb ölkələrində seçki sisteminin özü çox vaxt şübhəli təsir bağışlayır. Məsələn, ABŞ-da prezident birbaşa olmayan (ikipilləli) seçkilər vasitəsilə seçilir. Hərçənd vətəndaşlar prezidentliyə namizədlərə səs versələr də, onların əvəzinə son seçimi seçkiçilər edirlər - hər bir ştatdan müəyyən sayda seçkiçilər, bir qayda olaraq, həmin ştatda daha çox səs toplamış namizədə birlikdə səs verirlər. Bu sistem artıq 4 dəfə elə bir vəziyyətə gətirib çıxarıb ki, bu zaman əhalinin əksəriyyətinin səs verdiyi namizəd deyil, seçkiçilərin daha çox səs verdiyi namizəd prezident adını qazanmışdır - sonuncu dəfə belə bir hal 2000-ci ildə, ata Corc Buşun böyük oğlu Corc Buş prezident adını qazanarkən olmuşdur; ovaxtkı seçkilər Corcun qardaşı Ceb Buşun qubernator olduğu Floridada səslərin yenidən sayılması qalmaqalı ilə əlamətdar olmuşdu.

İnsan haqlarına ikili baxış

 Qərb ölkələri tərəfindən daim Azərbaycanın və qeyri-Qərb ölkələrinin ünvanına insan hüquqlarının pozulmasına dair ittihamlar yağdırılır. Bu, həm qərbli obıvatelin qərbli olmayan “barbarlar”dan fərqli və onlardan üstün olduğunu hiss etməsi üçün, həm də ipə-sapa yatmayan ölkələrdə rəngli inqilablar üçün zəmin yaratmağa xidmət edir. Çoxsaylı təşkilatlar Qərbə lazım olan dərəcədə KİV-də müxtəlif ölkələrdə insan hüquqlarına dair vəziyyəti işıqlandırmaq üzrə çalışırlar - məruzələr hazırlanır, “sənədli” filmlər çəkilir, “azadlıq” reytinqləri və digər subyektiv göstəricilər elan edilir.

Lakin Qərbin özünə diqqətlə fikir verilsə, onlarda da çoxsaylı insan hüquqlarının pozulmasına rast gəlmək olar ki, Qərb onlar barədə digər ölkələri ittiham edir. Bu mənada xüsusilə özünün polis amansızlığı ilə, həbsxana sənayesi və işgəncələri ilə, habelə vətəndaşların və internet istifadəçilərinin izlənilməsi ilə ABŞ fərqlənir.

Son illərdə Rusiya və Çin insan hüquqları haqqında Qərbdə dərc olunan materiallara bu mövzuda özlərinin məruzələri ilə - Qərb ölkələrində insan hüquqları sahəsində vəziyyətin araşdırılmasına həsr olunmuş tədqiqatları ilə cavab verməyə başlamışlar. Bu da həmin məruzələrdən bir neçəsi:

ABŞ-da insan hüquqları haqqında məruzə - 1998-ci ildən etibarən ÇXR Dövlət Şurasının mətbuat dəftərxanası tərəfindən hər il dərc edilir;

İnsan hüquqları haqqında Rusiya Federasiyası XİN-in məruzələri - 2011-ci ildən etibarən RF Xarici İşlər Nazirliyi tərəfindən ABŞ-da, Kanadada və bir sıra Avropa ölkələrində insan hüquqlarına dair vəziyyət barədə dərc olunur. Məruzələrin tərtib edilməsi zamanı XİN Qərb mənbələrindən, o cümlədən Qərbin hüquq müdafiə təşkilatlarının məlumatlarından geniş istifadə edir.

2014-cü ilin dekabrında MKİ-nin həbsxanalarında işgəncələr haqqında hamını şoka salan (90%-i məxfi olan) məruzə yayılmışdır. Buna cavab olaraq ABŞ Senatında respublikaçıların lideri Mitç MakKonnel və kəşfiyyat komitəsinin üzvü senator Seksbi Çembliss bəyan etmişlər ki, zəruri məlumatları əldə etmək üçün MKİ-nin istifadə etdiyi metodlar içərisində Üsəma bin Ladenin də olduğu təhlükəli terrorçuları tapmaqda kömək etmişdir. Daha iki respublikaçı senator Marko Rubio və Cim Riç bildirmişlər ki, MKİ-nin bu sahədəki fəaliyyəti barədə məruzənin dərc edilməsi Amerika vətəndaşlarının həyatını təhlükə altına ala və ABŞ-ın digər ölkələrlə münasibətlərini korlaya bilər. Keçmiş vitse-prezident Dik Çeyni MKİ-nin metodları haqqında Senatın məruzəsini “başdan-başa cəfəngiyat” adlandıraraq demişdir ki, məhbuslara qarşı su ilə işgəncələr tətbiq etmək, o cümlədən boğulma həddinə çatdırma haqlı işdir və lazımi nəticələr vermişdir.

Və bütün bunlar onun fonunda baş verir ki, ABŞ başqa ölkələri hətta zor işlətməklə bağlı olmayan hallarda da insan hüquqlarını pozmaqda fəal surətdə ittiham edir. Həmçinin amerikalılar Amerikanın təşkil etdiyi rəngli inqilabların həyata keçirildiyi ölkələrin hakimiyyət orqanları tərəfindən zor işlədilməsinə qarşı çıxış edirlər.

İkili standartlar qarşılıqlı faydalı əməkdaşlığa qarşıdır

 Ölkə Prezidenti cənab İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan dünyaya açıq bir ölkə olmaqla, xarici əlaqələrin qurulmasında çox maraqlıdır. Bu barədə akademik Ramiz Mehdiyevin kitabında da çağırışlar öz əksini tapmışdır: “Özünütəcrid siyasəti bizə yaddır. Azərbaycan heç vaxt özünü dünyadan “Çin səddi” ilə ayırmağa çalışmayıb. Biz ikitərəfli əməkdaşlığa böyük əhəmiyyət veririk. Bu, bizim üçün prioritetdir. Sivilizasiyalı dövlət olan Azərbaycan bütün dövlətlərlə, Avropa Şurası ilə, digər beynəlxalq təşkilatlarla ikitərəfli münasibətləri inkişaf etdirmək arzusundadır”.

Lakin möhtərəm Prezidentimizin bu sahədə də siyasəti yalnız qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əməl olunması, ikili standartlara yol verilməməsi üzərində qurulmuşdur. Bu baxımdan Prezident İlham Əliyevin sözlərini xatırlatmaq yerinə düşərdi: “Bildiyiniz kimi, Azərbaycan Avropa İttifaqı ilə Assosiasiya Sazişinə qoşulmamışdır. Ona görə ki, bu saziş bizim maraqlarımıza uyğun gəlmir. Orada, sadəcə olaraq, bir mexanizm təklif olunurdu ki, bu, ikitərəfli əməkdaşlıqdan çox birtərəfli əməkdaşlığa bənzəyirdi və elə bil ki, o saziş bir göstəriş vərəqəsi idi. Bizə isə bu, əlbəttə ki, yaramır. Çünki Azərbaycan bütün ölkələrlə, bütün beynəlxalq təşkilatlarla bərabərhüquqlu münasibətlər qurur və biz fəaliyyətimizi bu prinsip üzərində davam etdiririk”.

Son vaxtlar özünün antiazərbaycan siyasətini daha da gücləndirən və ikili standartlar əsasında “bəstələnmiş” bəyanatlar qəbul edən Almaniya Bundestaqı kimi qurumlar barədə ən səlis cavab da ölkə Prezidenti tərəfindən verilmişdir: “Almaniya Bundestaqı kimdir ki, antiazərbaycan qətnaməsi qəbul etsin?! Getsin öz işi ilə məşğul olsun. Bəsdirin başqa ölkələrin daxili işlərinə müdaxilə etdiniz, biz buna imkan vermərik... Bundestaqdan sonra... Avropa Şurası Parlament Assambleyası antiazərbaycan qətnaməsi qəbul edir. Yəni bu nə deməkdir, bu nə düşmənçilikdir və siz kiminlə düşmənçilik edirsiniz - Azərbaycanla?! Biz düşmənçilik edə bilərik, kim bundan zərər çəkər, onu onlar yaxşı düşünsünlər.

...O qətnamələr bizim üçün kağız parçasıdır. Ona görə heç kim onları heç vaxt icra etməyəcək. Bunu bilsinlər, Azərbaycan xalqı bilsin və o çirkin yazıları tərtib edənlər də bilsinlər. Azərbaycanla diktat dili ilə danışmaq olmaz, Azərbaycanla dost, tərəfdaş olmaq olar. Biz buna hazırıq və gələcəkdə bax bu istiqamətdə gedəcəyik”.

Taleyin hökmü ilə bu il avqustun əvvəlində Almaniyada jurnalistlərlə bağlı hətta dövlətə xəyanətdə ittiham edilə bilən böyük bir qalmaqal baş vermişdir. Tanınmış “Netzpolitik” xəbər saytının müəlliflərini ömürlük həbs cəzası təhlükəsi gözləyir. Almaniya əks-kəşfiyyatının işi barədə gizli məlumatların da yer aldığı məqaləni yaymağa görə onları dövlətə xəyanətdə ittiham edirlər. O cümlədən portal Twitter, Facebook, You Tube kimi sosial şəbəkələrdə alman istifadəçiləri izləyəcək yeni orqanın yaradılmasından xəbər verir. Lakin bu halda dünya KİV-i Qərbdə hakimiyyət institutunun söz azadlığı ilə münaqişəsi haqqında susmağa üstünlük verir.

 İkili standartlar sülhə və əmin-amanlığa qarşı

 Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Qərbin ikili standartlarının “bəhrə”sini biz hamımız yaxşı hiss edirik. Akademik Ramiz Mehdiyev bir daha buna diqqət çəkir: “ABŞ 1992-ci ildən bəri Ermənistana iki milyard dollardan artıq, Dağlıq Qarabağ separatçılarına isə 1998-ci ildən bəri 83 milyon dollardan çox maliyyə yardımı göstərib. Göründüyü kimi, Amerika əsla gizlətmir ki, o, Ermənistanın yürütdüyü, bu uzanan münaqişənin dondurulmasına yönəlmiş fəaliyyət xəttini dəstəkləyir”.

 

* * *

 

Məqaləni problemlərimizin həllini haqlı olaraq dövlətçiliyimizin gücləndirilməsində görən filosof-alimin aşağıdakı fikirləri ilə yekunlaşdırmaq istərdim: “Dövlətin funksiyasını heç vaxt zəiflətmək olmaz, hərçənd müasir liberalizmin tərəfdarları cəmiyyətə bunu təlqin etməyə çalışırlar ki, vətəndaş cəmiyyəti təşkilatları dövlətin vəzifələrinin çoxunu öz üzərinə götürə bilərlər. Zənnimcə, onlar ciddi yanılırlar. Liberalizmin adeptləri və idealistlər nə deyirlər-desinlər, onlar öz baxışlarını əsaslandırmaq üçün nə qədər çalışsalar da, bizim güclü dövlətə və müxtəlif növ anarxistlərin “qırmızı xətti” keçmələrinə imkan verməyən güclü hakimiyyətə ehtiyacımız var.

Cəmiyyətdə sabitliyin təmin edilməsində dövlətin rolu o qədər böyükdür ki, onu heç bir ictimai təşkilat əvəz edə bilməz”.

 

Vahid NOVRUZOV,

professor

 

Azərbaycan.- 2015.- 4 sentyabr.- S. 5.