Bakıda Özbəkistanın milli bayramı qeyd edilib

 

Özbəkistanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Dövlət müstəqilliyinin 24-cü ildönümü münasibətilə sentyabrın 4-də rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Səfir Şerzod Fayziyev ölkəsinin 24 il ərzində keçdiyi inkişaf yolundan danışıb, iqtisadi mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu söyləyib.

Diplomat dost ölkələr olan Azərbaycan ilə Özbəkistan arasında getdikcə genişlənən əlaqələrdən məmnunluğunu bildirərək deyib ki, qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər danışıqlar ikitərəfli münasibətlərin inkişafına töhfə verir. O, əlaqələrimizin daha da inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.

Səfir ölkələrimiz arasında siyasi, iqtisadi münasibətlərin, habelə mədəniyyət, elm, təhsil sahələrində əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini qeyd edib.

Azərbaycan Respublikası Baş nazirinin müavini İsmət Abasov əlamətdar gün münasibətilə özbək xalqını təbrik edib, əmin-amanlıq firavanlıq arzulayıb. İ.Abasov diqqətə çatdırıb ki, Azərbaycan-Özbəkistan əlaqələrinin dərin tarixi kökləri var.

Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin genişləndiyini vurğulayan Baş nazirin müavini ikitərəfli əməkdaşlığın gələcəkdə uğurla davam etdiriləcəyini bildirib.

 

Azərbaycan.- 2015.- 5 sentyabr.- S. 5.