Gəncə
turistləri cəlb edən məkana çevrilib
Zəngin və qədim tarixə malik Gəncə həmişə qonaqlı-qaralı olub. Şəhərə gələn turistləri qonaqpərvərliklə qarşılayıb. Qədim tarixi abidələri, rahat hotelləri, əlverişli nəqliyyat növü, ən başlıcası, insanları qarşılamaq mədəniyyəti olan Gəncə həm də böyük mütəfəkkir şair Nizami Gəncəvinin doğulduğu və uyuduğu bir şəhərdir.
“İpək yolu”nun qovşağında yerləşən Gəncə tarixin bütün dövrlərində mədəniyyət və ticarət mərkəzi olub. Onun yalnız bir şəhər kimi mövcudluğu deyil, qoynunda boya-başa çatan filosofları, şairləri, alimləri də şöhrətinə şöhrət qatıb. Böyük mütəfəkkir Nizami Gəncəvinin yaşadığı dövrdə şeyxlik böyük rütbə olsa da, dahi şair Gəncəni özünə təxəllüs götürüb. Bu isə böyük məhəbbətdən, torpağına bağlılıqdan xəbər verir.
Nizami Gəncəvinin həmyerliləri də bu torpağa qəlbən bağlıdırlar. Şəhərə gələn hər bir turistə Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan 5 möhtəşəm kitab-abidə bələdçilik edir. 25 metr hündürlüyü və 12 metr eni olan bu kitabələri əhatə edən gözəl memarlıq nümunəsi olan istinad divarları, yaşıllıqlar hər kəsi bir məkana - Nizami Gəncəvinin məqbərəsinə istiqamətləndirir.
Son 5 ildə tamamilə yenidən qurulan məqbərə gündüzlər qeyri-adi gözəlliyə, gecələr isə işıq selinə bürünür. Bir zamanlar ağac bitməz deyilən bu yerlərdə insan əli gülzarlıq yaradıb.
Nizaminin əsərlərinin əksi olan və “Xəmsə” personajlarından ibarət obrazları əks etdirən abidələr, süni göl, beş buta, fontanlar bu yerlərə özgə yaraşıq verir. Yaxınlıqda yerləşən Nizami Gəncəvi Muzeyi isə Heydər Əliyev Fondunun dəstəyi ilə tikilib. Muzeyin Nizami Gəncəvi məqbərəsinin yaxınlığında inşası buraya gələnlərə həm məqbərəni ziyarət etməyə, həm də dahi şairin həyat və yaradıcılığı haqda geniş məlumat öyrənməyə imkan yaradır. Muzeydə şairin 870 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən nəşr olunan “Xəmsə” və monoqrafiyalar, Avstriya, Rusiya, Almaniya, Böyük Britaniya milli kitabxanalarında, Misirin İskəndəriyyə kitabxanası, Fransanın Strasburq kitabxanası və ABŞ-ın Metropol muzeyində qorunan “Xəmsə” əlyazmalarının və miniatürlərinin orijinalları və nüsxələrindən ibarət guşə yaradılmışdır. Burada “Qurani-Kərim”in ən qədim nümunəsi saxlanılır.
Muzey fəaliyyətə başladığı 2014-cü ildən bəri 25 minə qədər ziyarətçisi olub. Onların içərisində xarici ölkələrdən gələn turistlər də çoxluq təşkil edir. Sevastopol Teleradiosu, Azərbaycan “Qobustan” proqramının redaktoru Həbib Əliyev muzeyin rəy kitabında yazır: “Böyük Nizaminin muzeyində oldum. Əməkdaşlar mənə ətraflı məlumat verdilər. Bu zənginliyi yaradanlara minnətdarlığımı bildirirəm”.
Məqbərənin yerləşdiyi prospekt Nizami Gəncəvinin adını daşıyır. 12 kilometr uzunluğunda olan bu prospekt boyunca yaşıllıqlar salınıb. Gülün-çiçəyin yaratdığı xoş ahəng insana könül xoşluğu bəxş edir.
Zaman etibarilə qısa bir vaxtda tikilib başa çatan Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə-Kompleksi çox möhtəşəm şəkildə tarixi ənənələrə uyğun inşa edilib. Yeni yaradılan bu abidə şəhərin 5 qapısından biri olan “Məqbərə” qapısının bərpa olunan variantıdır. Burada Azərbaycan tarixinin bütün dövrlərini əks etdirən zəngin bir muzey fəaliyyət göstərir.
Adətən şəhərə gələn turistlər muzeylərlə maraqlanır. Gəncədə 2014-cü ildə 5 muzey istifadəyə verilmişdir. Prezident İlham Əliyevin qırmızı lentini kəsdiyi bu muzeylər tarixin, maddi və mənəvi dəyərlərin qorunmasında, öyrənilməsində əvəzsiz rol oynayır.
Gəncəlilərin müqəddəs məkan saydığı Heydər Əliyev park-kompleksində bu şəhərin ən böyük və möhtəşəm muzeyi fəaliyyət göstərir. Muzey ulu öndərin keçdiyi zəngin həyat yolu və çoxşaxəli fəaliyyətini dolğun əks etdirir. Muzeydə Heydər Əliyevin uşaqlıq və gənclik illəri ilə yanaşı, zəngin fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür. Burada ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinə müxtəlif illərdə tarixi səfərlərini əks etdirən kitablar və qəzetlər də nümayiş etdirilir. Muzeydə Gəncənin son illərdə keçdiyi əsaslı sosial-iqtisadi inkişaf yolu, Prezident İlham Əliyevin Gəncəyə göstərdiyi diqqət və qayğının bariz nümunələrinə də geniş yer ayrılıb.
Turistləri bu müqəddəs məkana cəlb edən həm də burada yaradılmış qeyri-adi gözəlliklərdir. Prezident İlham Əliyevin möcüzə adlandırdığı bu park-kompleksdə möhtəşəm Zəfər tağı ucaldılmışdır. Ərazisi 450 hektar, uzunluğu 2 kilometr olan, zəngin bitki aləminə malik Azərbaycanın ən böyük parkı gəncəlilərin ulu öndərə sonsuz məhəbbətinin timsalına çevrilib. Burada yaradılmış süni gölün ətrafı həmişə qələbəlik olur. Kiçik qayıqlarla gəzintiyə çıxmaq da mümkündür. Yaxınlıqdakı amfiteatrda isə mədəni-kütləvi tədbirlər keçirilir.
Park-kompleksdə yerləşən Müasir İncəsənət Muzeyi, adından da göründüyü kimi, müasirlərimizin bugünümüzlə bağlı əl işlərini dəyərli eksponat kimi təqdim edir.
Bir qədər diqqətli və yaşıllığı daha çox sevən turistlər Gəncənin xan çinarlarına xüsusi önəm verirlər. Qərb zonasında bitən çinarların heç birinə bənzəməyən bu uzunömürlülər göylə əlləşir. Gövdələri çox hündür və hamar olan Xan çinarlar Gəncənin tarixinin bir hissəsi olduğu üçün pasportlaşdırılıb. Heydər Əliyev park-kompleksində əzəməti ilə illərə meydan oxuyan 3 xan çinar var. 1980-ci ilin 16 dekabrında ulu öndərin əkdiyi bu ağaclar gəncəlilərin ümummilli liderə olan sonsuz məhəbbətinin təzahürü kimi qol-qanad açaraq mavi səmaya doğru ucalır.
Şəhərin mərkəzində klassik memarlıq üslubunda tikilmiş və görkəmi ilə diqqəti cəlb edən binada isə Məhsəti Gəncəvi Mərkəzi yerləşir. Binanın qarşısındakı bağ və Məhsəti Gəncəvinin möhtəşəm heykəli ümumi ansamblı tamamlayır. Burada şairin yaradıcılığına həsr olunan rəsm qalereyası, tədqiqatlar üçün oxu zalı və yardımçı otaqlar fəaliyyət göstərir.
Gəncənin digər muzeyləri də sakinlərin və turistlərin maraq dairəsinə daxildir. Mir Cəlal Paşayevin ev muzeyi, tarix və diyarşünaslıq muzeyi, Nizami Gəncəvinin və İsrafil Məmmədovun xatirə ev muzeyləri, Gəncənin tarixi, onun görkəmli övladları, müasir incəsənəti haqqında dolğun məlumat əldə etmək üçün zəngin eksponatlara malikdir.
Hər zaman turistlərin üz tutduğu məkanlardan biri də açıq səma altında muzeyi xatırladan Cavad xan küçəsidir. Uzunluğu 435 metr olan küçədə yerləşən binaların və digər tikililərin fasadlarında tarixi və müasir memarlıq elementləri vəhdət təşkil edir. Burada bərpa edilən binalar əsasən XIX əsrin ikinci yarısında tikilmiş tarixi binalardır. Nizami Gəncəvinin mənsub olduğu Şeyxzamanlılar nəslinin yaşadığı ev də burada yerləşir. AXC-nin qurucularından olan Xasməmmədov qardaşlarının yaşadığı ev, həmçinin 1899-cu ildə tikilən və alman mühəndis Zingerin yaşadığı ev də Cavad xan küçəsinin tarixi tikililərindəndir.
Şəhid qəbirləri torpağımızın müqəddəsliyinə möhür vuran, onu ali məqama çatdıran əbədi bir abidədir. Şəhərə gələn turistlər Şəhidlər xiyabanını da ziyarət edirlər. 49-u naməlum olmaqla 367 şəhidin uyuduğu bu məzarlıq tamamilə yenidən qurulmuş, bütün qəbirlər qara mərmərdən düzəldilmişdir. Vətən uğrunda şəhid olmuş, həmçinin itkin düşmüş oğul və qızlarımızın şərəfinə xiyabanda əzəmətli, monumental bir abidə ucaldılmışdır.
Təbiətdən fərqli olaraq, insanın yaratdığı möcüzə birdən-birə yaşam qazanmır. Bu ecazkarlıq əvvəlcə insanın ürəyini fəth edir. Özü də elə ürək seçir ki, vətən sevgisi, qüdrət, güc, enerji ilə döyünsün.
Gözlənilən möcüzə əvvəlcə vərəqlərin üzərində yarandı. Xoşa gəlməyən yerləri dönə-dönə dəyişdirildi və nəhayət ki, böyük bir layihəyə çevrilib gəncəlilərin ixtiyarına verildi. Bu tanışlığa sevinməyən, onun nəticəsini gözləri qarşısına gətirib bəri başdan öyünməyən qalmadı. Hacıkənd hər kəsin yaralı yeri idi. İllərlə şöhrəti yaxın-uzaq ellərdən eşidilən zümrüd meşələr şahı Hacıkəndin çöküşü hər kəsin kədərinə çevrilmişdi. İşığı sönən, qazı yanmayan, meşələri “soyqırımına” məruz qalan Hacıkəndin gələni-gedəni azalmışdı. Artıq Hacıkənd turistlərin oylağı deyildi.
Zamanın saatı həmişə geriyə işləməz. Onun da bəxtiyar günləri, sevincli anları olur. 2012-ci ildən başlayan genişmiqyaslı quruculuq və abadlıq işləri bu zümrüd meşələrdə əks-səda verib insanlara müjdə xəbərini çatdırdı: “Gözünüz aydın! İnsan əli, insan zəkası Hacıkəndə yeni həyat, yeni ömür bağışlayır”. Qısa vaxtda qəsəbədə kommunal infrastruktur - qaz, işıq, su və rabitə xətləri yenidən quruldu. Beş küçə, iki dalan, ümumilikdə 6 min 200 metr məsafədə işıqlandırma sistemi quruldu. Səkilər yeniləndi, bərpa olundu. Torpaq sürüşməsinin qarşısını almaq üçün 4 kilometr məsafədə istinad divarları hörüldü. Sel suları təhlükə yarada biləcək yerlərdə iri diametrli borular quraşdırıldı. Özü də bu işlər həyata keçirilərkən gözəllik, estetik görkəm önə çəkilib. İnşa edilən divarların üzəri aqlay və təbii qaya daşları ilə üzlənib. Qəsəbə başdan-başa qazlaşdırılıb. Aşınmaya məruz qalıb sıradan çıxan və su qıtlığı yaradan borular plastik borularla əvəzlənib. Lazım gələn yerlərdə, yol kənarlarında beton plitələrlə suötürücü kanallar çəkilib. 4 min və 10 min kilovatlıq elektrik dayaqları quraşdırılıb. Açıq elektrik naqilləri bağlı SİP kabellərlə əvəzlənib. 55 yaşayış evinin dam örtüyü dəyişdirilib. Qəsəbə inzibati binasının dam örtüyü mansardla əvəzlənib. Oxucuların sevimli yeri olan kitabxana başdan-başa abadlaşdırılıb, dam örtüyü yenidən qurulub. Böyük xeyriyyəçi Zeynalabdin Tağıyevin adını daşıyan park isə “tay-tuşlarına” meydan oxuya bilər.
Layihəni hazırlayanlar da, elə inşaatçılar da Hacıkəndin tezliklə turistlər məkanına çevriləcəyinə inanırdılar və yanılmadılar da. İsti yay günlərində Hacıkəndin gələni-gedəni çox olur. Odur ki, milli-mənəvi dəyərləri qorumağa cəhd edilib. Yolun kənarında milli ornamentlə naxışlanmış, qədimliyin müasirliyə qovuşduğu bir yaraşıqda olan təndirdə bişən çörəklər istirahətə gələnlərin ən çox xoşladığı bir nemətdir. Qəsəbənin iki yerində quraşdırılmış bu təndirdə bişən çörəklərin müştərisi həmişə bol olur.
Möhtəşəm Hacıkənd qapısı buraya gələnləri salamlayır. Çömçəbulaq yeni ömrünü yaşayır. Qoşabulaq ulu Nizaminin qəhrəmanlarının mis üzərində yaradılmış obrazlarına sakit, zümzüməli bir hayanlıq edir.
Hacıkənddə müşahidə etdiyimiz və kiçik uşağın dilindən eşitdiyimiz sözlər əslində turistlərin və istirahətə gələnlərin bu ecazkar məkan haqda dedikləri ən gözəl ifadə ola bilər. Aran rayonlarının birindən gəlmiş ailənin kiçik yaşlı qızı başını göyə qaldıraraq yerində fırlanırdı. Anasının “qızım, yerində niyə fırlanırsan” sualına qız “göyü axtarıram” dedi. Yaxınlıqdakıların gülüşünə səbəb olan bu sözlər kiçik qızın dili ilə deyilsə də, bir həqiqətdir. Çünki ağacların sıxlığından və ucalığından Hacıkənddə səmanı, yaşıllıqlarının çoxluğundan isə dərələrinin diblərini görmək mümkün deyil.
Adətən zəlzələ fəlakətin, dəhşətin sinonimi kimi insanlarda vahimə yaradır. Lakin güclü zəlzələ Gəncəyə böyük yamanlıq etsə də, “insafını” əldən verməyib. Bir anda ovxalayıb aşındırdığı Kəpəzin sinəsində ilahi bir gözəllik yaradıb. Zümrüd libaslı göllər sonası Göy göl varid olub. Hələ bu gölə elə bir şirinlik bəxş edib ki, suyundan içənlər bəh-bəh deyir. Gəncəyə gələnlər Göy gölə getmədən, onun sehrinə düşmədən ayrıla bilmirlər. Uzun sürən fasilədən sonra Göy göl İstirahət-Turizm Kompleksi yenidən istifadəyə verilib.
Şimali Kiprdən gələn professor, doktor Emel Kaya Gözlü Gəncə ilə bağlı təəssüratını bizimlə bölüşdü: “Gəncənin Azərbaycanın tarixində önəmli yeri olduğunu bilirdim. Amma insanların bu qədər istiqanlı, qonaqsevər və xörəklərinin bu qədər ləzzətli olduğunu bilmirdim. Gəncədə gördüyüm, gəzdiyim hər yer tarix və mədəniyyət qoxuyur. Gəncə Azərbaycanın adət-ənənəsini, mədəniyyətini, tarixini, ruhunu mənə dərindən hiss etdirdi. Gəncəni hər zaman türk ədəbiyyatının ilk dühası şair Nizaminin tayı-bərabəri olmayan şeirləri, insanlıq və vətən sevgisi, xalqının qonaqsevərliyi, yeməklərinin möhtəşəm ləzzəti, havasının təmizliyi və təbiətinin gözəlliyi ilə xatırlayacağam”.
Gəncənin qədimliyinin, tarixi simasının müəyyən edilməsində tarixi abidələr mühüm əhəmiyyət kəsb edir. Çox böyük tarixi dəyərlərə malik və Gəncənin daş yaddaşı olan bu abidələr diqqət, peşəkarlıq və zövqlə bərpa edilir. Gəncədə onun şərəfli tarixini özündə əks etdirən 150-yə yaxın tarixi abidə mövcuddur. Gəncə qalası, Comərd qəssab türbəsi, Çökək hamam və Cavad xan türbəsi, eləcə də XVII əsrdə inşa edilən və memarı Şeyx Bahaəddin İsfani olan Şah Abbas Karvansarası turistlərin böyük marağına səbəb olur.
Bu gün Gəncədə “çirkin” bina, tikili, demək olar ki, qalmayıb. Milli memarlığımıza xas olan və kərpiclə üzlənən tikililər göz oxşayır. Həmin üzləmə işləri elə səriştə və peşəkarlıqla aparılır ki, yüzlərin içərisində eynisini tapmaq çətindir. Keçmişimizin memarlıq ünsürlərini özündə yaşadan qapılar da həmin tarixi tikililəri tamamlayır.
Dirçəlişi “Gəncə hər bir vətənpərvər azərbaycanlı üçün doğma və əzizdir” deyən ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan ulu Gəncənin inkişafını fəal surətdə İlham Əliyev davam etdirir. Yüksək zövqü və təbiəti etibarilə əsl qurucu olan Prezident İlham Əliyevin Gəncəyə hər bir səfəri şəhərin sosial-iqtisadi həyatında böyük iz qoyub.
Belə bir deyim var: “Biz gəldi-gedərik, sən yaşa, dünya”. Heç kim bu qoca dünyanı tutub qalası deyil. Əbədi qalan isə əməldir, işdir, qabiliyyət və istedaddır. Azərbaycana şöhrət, başucalığı gətirən insanların bugünə kimi mənəvi yaşamlarının səbəbi onları başqalarından fərqləndirən istedadları, qabiliyyətləri, el-oba üçün qurub-yaratmaları olub. Deyirlər sonunu düşünən qəhrəman olmaz. Ağlın, təxəyyülün, qətiyyət və cəsarətin birliyi isə insanı qəhrəmanlıq pilləsinə qaldıra bilir. Qəhrəmanlıq təkcə titul kimi verilmir. İnsanların inamını, etibarını qazanmaq, görüləcək işlərin səmərəsini və nəticəsini əvvəlcədən görüb, duyub onu ərsəyə gətirməyə nail olmaq da elə qəhrəmanlıq deməkdir.
Gəncə sürətlə inkişaf edir. Bir-birinin ardınca həyat vəsiqəsi alan yeni tikililər, mansardlı binalar, qırmızı lenti kəsilən məktəblər, valideynlərin könül rahatlığı ilə körpələrini etibar etdiyi tam təmirli uşaq bağçaları, insanların, xüsusilə sürücülərin hövsələsini daraldan darısqal küçə və prospektlərin genişləndirilməsi, sakinlərin böyük bir həvəslə dincəldiyi istirahət parkları, muzeylər, mərkəzlər, gülə-çiçəyə qərq olan xiyabanlar bugünkü Gəncənin reallığıdır. Bax budur gəncəliləri öz Prezidentləri ətrafında sıx birləşdirən mühüm cəhət. Bu inkişaf, tərəqqi və müasirləşmə Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin Gəncə şəhərində ardıcıl və inamla həyata keçirildiyinə bir nümunədir. Müstəqil Azərbaycanın qədim və həmişəcavan şəhəri Gəncə yenidən qurulur, abadlaşır və turistləri cəlb edən bir məkana çevrilir.
Rəfiqə
SADIQOVA
Azərbaycan.- 2015.- 5 sentyabr.- S. 7.