Azərbaycan milli-mənəvi dəyərlərin qorunması baxımından da dünyaya nümunədir

 

Hesab edirəm ki, bu gün müasir dünyada mənəvi dəyərlər haqqında daha çox danışmaq lazımdır. Çünki həm Yaxın Şərqdə, həm Avropada, MDB məkanında yaşanan böhranlı vəziyyət, o cümlədən mənəvi dəyərlər üzərində yaranıb. Münaqişələr bir çox hallarda bu səbəbdən qaynaqlanır. Ona görə biz Azərbaycanda əlbəttə ki, bütün məsələləri dərindən təhlil edərək ölkəmiz üçün, xalqımız üçün ən məqbul, ən yaxşı variantı seçirik və seçəcəyik.

İlham ƏLİYEV

 

Hər bir xalqın milli-mənəvi irsini, mental-əxlaqi dəyərlərini qoruyub saxlamaq, genetik yaddaşını, tarixi kimliyini, özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya onun taleyində müstəsna rol oynamış fenomenal şəxsiyyətlərin fəaliyyəti ilə bağlı olmuşdur. Nəcib əməllər sahibi olan belə insanlar həmişə saf və ali məqsədlər uğrunda mübarizənin önündə dayanmış, əlverişli siyasi şansdan böyük məharətlə, siyasi ustalıqla bəhrələnmiş, xalqın düşüncə sistemini, mental xüsusiyyətlərini istənilən ictimai-iqtisadi formasiyada hifz edərək möhkəm mənəvi təməl üzərində gələcəyə doğru inamla addımlamışlar.

Ötən əsrdə Azərbaycan xalqının dünya siyasi arenasına bəxş etdiyi nadir şəxsiyyət olan Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra siyasi reallıqdan çıxıb ideya formasında azərbaycanlıların istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini - ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq əsrin sonlarına doğru - müstəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşdurmuşdur. Sağlığında ümummilli liderlik ucalığına qovuşmuş bu müdrik şəxsiyyət böyük fədakarlıqlar hesabına qurub-yaratdığı dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etmişdir. Bəli, əgər ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ötən əsrin 70-80-ci illərində Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində istər açıq, istərsə də gizli şəraitdə görülən böyük işlər olmasaydı, biz bu gün Azərbaycanın suveren dövlət kimi mövcudluğundan danışa bilməzdik.

Ulu öndər istər ailədə, istərsə də dövlət idarəçiliyində və cəmiyyətdə daim milli-mənəvi, əxlaqi dəyərlərə sadiq qalmış, etnik-mental baxımından əsl azərbaycanlı-türk dünyagörüşünə malik olmuşdur. Böyük strateq və dövlət xadimi siyasətdə mənəvi dəyərləri və əxlaqı, sadəlik, düzgünlük, vicdanlılıq, ləyaqətlilik, məğrurluq, mərdlik, qorxmazlıq kimi normaları daim uca tutmuş, irəli çəkdiyi, etimad göstərdiyi kadrların da bu keyfiyyətlərə malik olmasına ciddi fikir vermişdir. Ulu öndərin idarəçiliyinin bütün mər-hələlərində qanunçuluğa, hüquq qaydalarına, ədalətə bağlı olması da əslində onun zəngin mənə-viyyatından qaynaqlanmışdır. Heydər Əliyev gücün siyasətinə qarşı qanunun gücünü qoyaraq “haqlı həmişə güclüdür” düsturundan çıxış etmişdir.

Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə də tarixi ənənə və təməl üzərində milli ideologiyanın formalaşması və inkişafı naminə misilsiz xidmətlər göstərmiş, milli düşüncənin düzgün məcrada inkişafına nail olmuş, xalqa məxsus ənənə və dəyərlər sistemini qloballaşmanın sərt təsirlərindən qorumağı bacarmışdır. “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq” - deyən Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur.

Prezident İlham Əliyevin milli ideologiya və milli-mənəvi dəyərlər probleminə dair baxışları onun siyasi portretinin əsas cizgilərini təcəssüm etdirir. Dövlət başçısının bu sahədəki xidmətləri xalqın milli dəyərlərinə - mədəniyyətinə, ədəbiyyatına, folkloruna, incəsənətinə yüksək qayğı, diqqət nümunəsi kimi dəyərləndirilməklə yanaşı bu fəaliyyətin gerçək miqyası kifayət qədər genişləndirilir. Görülən bu işlər sadəcə qayğı və diqqət nümunəsi olmaqla məhdudlaşa bilməz. Bütün bunlar qədimlərdən bizə gəlib çatan müqəddəs irsin gələcək nəsillərə əmanət edilməsi, azərbaycançılıq və türkçülük məfkurəsinin, əxlaqının, baxışlar sisteminin bütün dünyada təbliği və qəbul olunması üçün həyata keçirilən məqsədyönlü strategiyanın tərkib hissəsidir.

Dövlət başçısı İlham Əliyev daim vurğulayır ki, bu gün milli ideologiyamızın əsas tərkib hissələrindən biri də məhz azərbaycançılıqdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrikliklə irəli sürdüyü azərbaycançılıq ideologiyası həyat tərzində, əxlaqda, mənəviyyatda, dildə, dində, ədəbiyyatda, bir sözlə, maddi və mənəvi mədəniyyətin bütün sahələrində istiqamətləndirici məfkurə olmalıdır. Əsrlərdən miras qalmış mütərəqqi mənəvi dəyərlər Azərbaycan xalqının milli mövcudluğunun və dövlətçiliyinin qarantına çevrilməlidir. Eyni zamanda, hər bir vətəndaş bu torpağa, vətənə, xalqa mənsubluğu, milli-mənəvi, dini dəyərləri ilə qürur duymalıdır.

Ötən 12 ildə milli maraqlara əsaslanan xarici siyasət yürüdən, uğurlu diplomatiya ilə respublikamızın beynəlxalq mövqelərini gücləndirən Prezident İlham Əliyev diaspor və lobbi quruculuğu yönümündə də sistemli iş aparır. Dövlət başçısı ölkədəki sosial-iqtisadi inkişafın tempinə uyğun olaraq diaspor quruculuğu sahəsində dövrün tələbləri ilə səsləşən genişmiqyaslı tədbirlərin həyata keçirilməsini son dərəcə vacib sayır. Bu istiqamətdə aparılan dövlət siyasətinin mahiyyəti dünya azərbaycanlılarının potensial imkanlarını müstəqil dövlət quruculuğu prosesində meydana çıxan müxtəlif problemlərin həlli naminə səfərbər etmək, milli birliyə, həmrəyliyə və mütəşəkkilliyə nail olmaqdır.

Dövlət başçısının hələ 2004-cü ildə Rusiyaya reallaşan ilk rəsmi səfərindən sonra burada yaşayan azərbaycanlıların təşkilatlanması işində dinamiklik daha da artmış, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) yeni regional şöbələri yaradılmışdır. 2004-cü ilin oktyabrında Moskvada Azərbaycan və Rusiya prezidentlərinin iştirakı ilə keçirilən Ümumrusiya Azərbaycanlıları Konqresinin II qurultayı da qonşu ölkədə azərbaycanlıların təşkilatlanması baxımından mühüm tədbirlərdən biri olmuşdur. 2004-cü ilin aprelində Berlin şəhərində Avropa Azərbaycanlıları Konqresi (AAK), 2004-cü ilin mayında Türkiyənin İsgəndərun şəhərində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası, 2005-ci ildə Kanadanın Toronto şəhərində Azərbaycan Təşkilatları Federasiyasının yaradılması dövlət siyasətinin mühüm uğurları kimi diqqəti çəkir.

Prezident İlham Əliyev xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşlərə xüsusi diqqət ayırır, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində xaricdəki soydaşlarımızı daha fəal olmağa çağırır. Azərbaycançılıq ideologiyasının xaricdə yaşayan soydaşlarımızın mənəvi-siyasi birliyinin əsas istinad nöqtəsinə çevrilməsi istiqamətində məqsədyönlü iş aparır. Bu baxımdan dünya azərbaycanlılarının qurultaylarının keçirilməsini də xüsusi vurğulamaq lazımdır.

Azərbaycan Respublikasının hər bir uğuru, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq bütün həmvətənlərimizin qəlblərində böyük qürur və iftixar hissi doğurur. Müstəqil Azərbaycan dünyanın ayrı-ayrı ölkələrinə səpələnmiş soydaşlarımızın doğma vətənidir və öz övladlıq borclarını layiqincə yerinə yetirə bilmələri üçün onlara lazımi imkanların yaradılmasına səy göstərir. Bununla belə, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların ilk növbədə öz milli kimliklərini dərk etməsi, Azərbaycanın dilini, mədəniyyətini, incəsənətini, mütərəqqi ənənələrini yaşadaraq inkişaf etdirməsi tarixi zərurətdir. Hər bir xalqın mövcudluğunun ideoloji-siyasi və mənəvi təməl prinsipi kimi nəzərdən keçirilən bu meyarlar xaricdəki soydaşlarımız üçün də əsas olmalı, daim diqqətdə saxlanılmalıdır. Bu, bütün dünyada yaşayan soydaşlarımızın mədəni-mənəvi birliyinin təminatı baxımından bəlkə də ən mühüm şərtdir.

Prezident İlham Əliyev ilk gündən xalqın milli mədəniyyətinin və mənəviyyatının qorunub saxlanılmasına, inkişaf etdirilməsinə xidmət edən strateji siyasi kursa üstünlük vermişdir. Cənab İlham Əliyevin son 12 ildə mədəniyyət və incəsənət işçilərinin - rəssamların, heykəltəraşların, eləcə də yazıçı və şairlərin problemlərini xüsusi diqqət mərkəzində saxlaması, onların iş şəraitini yaxşılaşdırması, yaradıcılıq emalatxanalarının inşasına göstəriş verməsi də xüsusi vurğulanmalıdır. Bu təbəqədən olan insanların dövlət səviyyəsində təntənəli yubiley mərasimlərinin keçirilməsi, onların sosial durumunun yaxşılaşdırılması istiqamətində konkret addımların atılması, o cümlədən mədəniyyət və incəsənət xadimlərinə Prezidentin fərdi təqaüdlərinin verilməsi bu siyasətin mühüm tərkib hissəsidir.

Azərbaycan Prezidenti İlham Əliyevin elmin, təhsilin, mədəniyyətin inkişafını sürətləndirən onlarla fərman və sərəncamlar, dövlət proqramları imzalaması onun yetişməkdə olan gənc nəslin mənəvi bütövlüyü, kamilliyi və saflığı, habelə qlobal miqyaslı yad təsirlərə qarşı mənəvi müqavimətin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi siyasətin mühüm məqamlarıdır. Bütün bunlar eyni zamanda mənəvi yüksəlişə, intibaha xidmət edən mühüm addımlar kimi cəmiyyətin pozitiv ruhda inkişafına təkan vermişdir. Xüsusi vurğulamaq lazımdır ki, ölkədə klassik irs və milli-mənəvi dəyərlərin qorunması, təbliği istiqamətində həyata keçirilən tədbirlərdə ictimai əsaslarla fəaliyyət göstərən Heydər Əliyev Fondunun da müstəsna payı var. Fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən çoxşaxəli layihələri birləşdirən ümumi ortaq xətt də məhz milli genefondun, milli-mənəvi irsin qorunması məqsədidir.

Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin əsasında xalqın milli-mənəvi, mədəni və elmi-intellektual potensialının gücləndirilməsi məqsədi ön planda dayanır. Dövlət başçısının müasir azərbaycanlı təfəkküründə Vətən və xalq təəssübkeşliyi, Şərqin pozitiv ənənəçilik meyilləri, türk mənəvi-əxlaqi dəyərləri, habelə Qərb və Avropanın liberal ideyaları üzvi vəhdət təşkil edir. Prezident İlham Əliyev mənəviyyat məsələlərinə dövlət himayəsini iqtisadi-sosial tərəqqi ilə ayrılmaz şəkildə bağlayır. Bu, dünyanın ümumi həyatının rəhnidir və hər bir millətin gələcəyində, dövlətin qabaqcıl ölkələrlə eyni hüquqi səviyyədə yaşayıb inkişaf etməsində mühüm amildir.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2015.- 6 sentyabr.- S. 2.