Dövlət Komitəsi sədrinin başçılıq
etdiyi nümayəndə
heyəti Fransada səfərdədir
Xəbər verildiyi kimi, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan mədəniyyətinin təbliği məqsədilə Fransada silsilə tədbirlər keçirilir. Tədbirlər çərçivəsində Azərbaycanın özünəməxsus dini tolerantlıq ənənələrinin təbliği istiqamətində Paris və Strasburq şəhərlərində konfransların və görüşlərin keçirilməsi nəzərdə tutulub.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti tədbirlərdə iştirak etmək üçün Fransaya səfərə gedib. Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 10-una qədər davam edəcək tədbirlərdə Azərbaycan nümayəndə heyəti Avropa Yəhudi İrs Gününün başlaması mərasimində və Parisdə Azərbaycanın dini dözümlülük modelinin təbliğinə həsr olunan “Azərbaycanda dini tolerantlıq-birgəyaşayış mədəniyyəti” konfransında iştirak edəcək, mövzuya dair məruzələrlə çıxış edəcək, həmçinin yerli ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirəcək.
Azərbaycan nümayəndə heyətinə Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı, Azərbaycan Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Bakı Avropa Yəhudiləri dini icmasının sədri Gennadi Zelmanoviç, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Alban-udin dini icmasının sədri Robert Mobili, Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli daxildir.
AZƏRTAC
Azərbaycan.- 2015.- 8 sentyabr.- S. 2.