Azərbaycanda
növbəti parlament seçkiləri Seçki Məcəlləsinə
uyğun azad, ədalətli və şəffaf şəkildə
keçiriləcək
Azərbaycanda keçirilən hər seçki müstəqil dövlətimizin seçki təcrübəsində mühüm irəliləyişlərlə səciyyəvidir. 1993-cü ilin iyun ayından etibarən ölkəmizdə keçirilən prezident, parlament, bələdiyyə seçkiləri, o cümlədən referendumlar Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsi baxımından böyük uğurlarla yadda qalmış, bu sahədə qazandığımız nailiyyətlər sıx əməkdaşlıq münasibətlərini getdikcə inkişaf etdirdiyimiz aparıcı dövlətlərdə, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında da böyük rəğbətlə qarşılanmışdır.
Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 2015-ci il noyabrın 1-nə təyin olunub. Xatırladaq ki, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən ilk milli Konstitusiyamızın 7-ci maddəsində hakimiyyətlərin bölgüsü prinsipi birmənalı əksini tapıb. Əsas Qanunun “Qanunvericilik hakimiyyəti” adlanan 5-ci fəslində Milli Məclisin vəzifə və səlahiyyətləri, fəaliyyət istiqamətləri, Milli Məclisin say tərkibi, deputatların seçilməsi, səlahiyyət müddəti və sair məsələlər dolğun əks edilib.
Mükəmməl
seçki qanunvericiliyi
Azərbaycan iqtidarının siyasi iradəsi ilə 1997-ci ildən müasir standartlara cavab verən seçki qanunvericiliyinin formalaşdırılması məqsədilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) ilə qurulmuş fəal iş birliyinin müsbət nəticələri bu nöqteyi-nəzərdən diqqəti xüsusilə çəkir. Azərbaycan 2001-ci ilin yanvarında Avropa Şurasına (AŞ) tamhüquqlu üzv qəbul edildikdən sonra bu sahədə ölkəmizin əməkdaşlıq hüdudları daha da genişlənmişdir. Seçki qanunvericiliyinin təkmilləşdirilməsi işində AŞ Venesiya Komissiyası da yüksək fəallıq göstərmişdir.
Azərbaycanda seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə 2003-cü ilin mayında Seçki Məcəlləsinin qəbulu bu əməkdaşlığın gözəl bəhrəsidir. Sənədin hazırlanması ilə bağlı ilk növbədə AŞ Venesiya Komissiyası, ATƏT DTİHB və Beynəlxalq Seçki Sistemləri üzrə Fondla (İFES) sıx əməkdaşlıq münasibətləri qurulmuşdur. 2002-ci ilin ortalarında bu təşkilatlardan alınan müsbət rəylərdən sonra Seçki Məcəlləsi Milli Məclisin müzakirəsinə təqdim edilmişdir. Demokratik məzmununa görə dünyanın ən inkişaf etmiş ölkələrinin seçki qanunvericiliyinə nümunə sayıla biləcək bu məcəllə beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmiş, seçki üzrə ixtisaslaşmış təsisatların müsbət rəyini almışdır.
Azərbaycan Prezidentinin 2005-ci il 11 may tarixli “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” və 2005-ci il 25 oktyabr tarixli “Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” tarixi sərəncamları Seçki Məcəlləsinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” sərəncamda seçki rəsmilərinin təlim kurslarından keçməsi məqsədilə müvafiq proqramların hazırlanması, bu sahədə bütün siyasi qüvvələrlə, beynəlxalq təşkilatlarla hərtərəfli əməkdaşlığın həyata keçirilməsi, seçki prosesinə qanunazidd olaraq müdaxilə edən mərkəzi və yerli icra hakimiyyəti orqanları rəhbərlərinin, digər dövlət məmurlarının qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edilməsi, seçkilərdən sonra siyasi mənsubiyyətə görə vətəndaşların təqib olunmasına yol verilməməsi, televiziya kanallarında deputatlığa namizədlərin bərabər əsaslarla təbliği və siyasi platformaların müzakirəsini təmin edən proqramların hazırlanması, deputatlığa namizədlərin kütləvi informasiya vasitələrindən bərabər qaydada istifadə etmələrini və onlar üçün bərabər təbliğat imkanlarının yaradılması, ixtisaslaşmış ictimai rəyçilər tərəfindən “exit poll” prosesinin aparılması, vətəndaşların sərbəst toplaşmaq azadlığının təmini, seçici vəsiqələrinin çatdırılması, seçici siyahılarının dəqiq, dürüst tərtibi və açıq nümayiş etdirilməsi üçün zəruri tədbirlərin görülməsi kimi məsələlər əksini tapmışdır.
Həmin sərəncamdan sonra seçki təcrübəsinin təkmilləşdirilməsi sahəsində görülən tədbirlərin səmərəliyinin artırılması, Seçki Məcəlləsinin müddəalarının seçkilərə hazırlıq dövründə və səsvermə günü tam və şərtsiz həyata keçirilməsi, vətəndaşların seçki hüquqlarının daha dolğun təmin edilməsi məqsədilə dövlət başçısı 2005-ci il oktyabrın 25-də “Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” növbəti sərəncam imzalamışdır. Sərəncamla Mərkəzi Seçki Komissiyasına seçici vəsiqələrinin paylanması və seçici siyahılarının dəqiqləşdirilməsi ilə əlaqədar yaranmış problemləri nəzərə alaraq seçicilərin səsvermə günü seçki bülletenlərini aldıqları zaman barmaqlarının gözə görünməyən mürəkkəblə işarələnməsi qaydalarını hazırlamaq, seçicilərin ünvanlarının tam göstərildiyi seçici siyahıları ilə bütün maraqlı şəxslərin tanış olmaları üçün müvafiq şəraitin yaradılmasını təmin etmək tövsiyə olunmuşdur.
Azərbaycan Respublikasının Seçki Məcəlləsi mükəmməl sənəd olaraq hər bir vətəndaşın aktiv və passiv seçki hüquqlarına təminat yaradır, eyni zamanda seçkilərdə iştirakın forma və şərtlərini müəyyən edir. Məcəllədə aktiv və passiv seçki hüququ anlayışlarının nədən ibarət olması da dəqiq şəkildə göstərilmişdir. Belə ki, 12.1 maddəsinə əsasən, “Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsində və bu məcəllənin 14-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla Milli Məclisə seçkilərin, prezident seçkilərinin, bələdiyyələrə seçkilərin, referendumun keçirilməsi günü (həmin gün də daxil olmaqla) 18 yaşına çatmış Azərbaycan Respublikasının hər bir vətəndaşının seçmək, referendumda səs vermək, seçkilərin (referendumun) gedişini müşahidə etmək, seçkiqabağı (referendumqabağı) təşviqatda iştirak etmək, bu məcəllə ilə nəzərdə tutulmuş seçki hərəkətlərində və referendumun hazırlanması ilə bağlı hərəkətlərin həyata keçirilməsində iştirak etmək hüququ - aktiv seçki hüququ vardır”.
Seçki Məcəlləsinin 12.2 maddəsində isə göstərilir ki, “Bu Məcəllənin 12.1-ci maddəsində göstərilən tələbə cavab verən, Azərbaycan Respublikasında 5 ildən az olmayaraq daimi yaşayan vətəndaşlığı olmayan şəxslər prezident seçkiləri, Milli Məclisə seçkilər, bələdiyyə seçkiləri və ya referendum zamanı səsvermədə iştirak edə bilərlər”.
Seçki Məcəlləsi daim təkmilləşməyə ehtiyacı olan qanunvericilik aktıdır. Bu mənada məcəllə qəbul ediləndən sonra ona müəyyən əlavələrin və dəyişikliklərin edilməsi dövrün tələbi olmaqla yanaşı, respublikada ümumi prinsiplər baxımından dünyada qəbul edilmiş modelə uyğun seçkilərin keçirilməsinin daim diqqət mərkəzində olmasından xəbər verir. 2010-cu ilin iyununda respublikamızda seçki praktikasının daha da təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırma və qabaqcıl dünya təcrübəsinin tətbiq olunması üçün Seçki Məcəlləsinə bir sıra əlavələr və dəyişikliklər edilmişdir. Bunlardan biri seçki kampaniyasının 75 gündən 60 günə endirilməsidir. Bunda məqsəd seçki praktikasının daha da təkmilləşdirilməsi olmuşdur. Həmin dəyişikliklərə qədər Azərbaycanda seçki kampaniyası 75 gün davam edirdi. Amma son illər qazanılmış təcrübə və hazırlıq səviyyəsi seçki kampaniyasını digər ölkələrdə olduğu kimi, daha demokratik şəkildə keçirməyə, resurslardan səmərəli istifadə etməyə imkan verirdi. Bütün bunlar isə göstərmişdir ki, Azərbaycan da əksər ölkələr kimi, seçki kampaniyasını iki ay müddətində keçirməyə tamamilə hazırdır.
Digər mühüm dəyişiklik seçkilərə qoşulmuş vətəndaşlara və partiyalara MSK tərəfindən ayrılan vəsaitin ləğv edilməsidir. Heç bir ölkədə seçkiyə qoşulmuş namizədlərə dövlət tərəfindən vəsait ayrılmır. Əksinə, seçkiyə qoşulmaq niyyətinə düşən insanlar da, partiyalar da seçkinin keçirilməsi üçün lazım olan vəsaitləri ya özləri birbaşa hesablarından ayırırlar, ya da onları dəstəkləyən seçicilərin yardımı nəticəsində fond formalaşdırırlar. Həm də indiyədək keçirilmiş seçkilər namizədlərə vəsait ayrılmasının neqativ tərəflərini üzə çıxarmışdı. Bu da ondan ibarət idi ki, bəzi vətəndaşlar seçkiyə yalnız dövlət tərəfindən ayrılan vəsaiti əldə etmək niyyəti ilə qoşulurdular. Bəzi namizədlərin seçki kampaniyasında iştirakı namizədliklərini qeyd etdirib dövlət tərəfindən ayrılan vəsaiti alana qədər davam edirdi. Seçki kampaniyasının digər hissəsində isə bu namizədlərin hər hansı seçki hərəkəti müşahidə olunmurdu. Azərbaycanın seçki praktikasını beynəlxalq təcrübəyə yaxınlaşdırmaq məqsədilə namizədlərə vəsaitlərin ayrılmasının ləğv edilməsi olduqca təqdirəlayiqdir.
V
çağırış Milli Məclisə seçkilər
də tam demokratik şəraitdə keçiriləcək
1995-ci il noyabrın 12-də Konstitusiyanın ümumxalq referendumuna çıxarılması ilə paralel şəkildə Azərbaycan Respublikası Milli Məclisinə ilk demokratik, azad seçkilərin keçirilməsi təmin edildi. Müstəqil Azərbaycanın tamamilə şəffaf şəraitdə formalaşmış I çağırış Milli Məclisi ilk gündən fəaliyyətini demokratiya, çoxpartiyalılıq, plüralizm, qanunun aliliyi prinsipləri üzərində qurdu, çevik və məhsuldar fəaliyyət göstərməyə başladı. Azərbaycan parlamenti milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması naminə gərgin fəaliyyət göstərdi, ictimai etimadı doğrultmağa çalışdı. Ümumiyyətlə, 1993-cü ildən 2003-cü ilədək Milli Məclisdə qəbul olunmuş iqtisadi qanunlar mükəmməlliyi ilə seçilərək Azərbaycanın milli iqtisadi inkişaf modelinin formalaşmasına və iqtisadi islahatların vətəndaşların mənafeyinə uyğun şəkildə həyata keçirilməsinə etibarlı zəmin yaratdı. Ümumiyyətlə isə bu illər parlamentdə qəbul edilmiş 1715 qanun və qərardan 975-i məhz ümummilli lider Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında parlamentə təqdim olunmuşdu.
2000-ci ildə ikinci çağırış və 2005-ci ildə keçirilmiş üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilər ölkədə demokratiyanın inkişafı və hüquqi dövlət quruculuğu yolunda irəliyə doğru addım oldu. 2001-ci il yanvarın 17-də respublikamız Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edildi, milli qanunvericiliyin Avropa standartlarına uyğun təkmilləşdirilməsi sahəsində keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. Xüsusi vurğulamaq lazımdır ki, 2000-2003-cü illərdə AŞ PA-dakı Azərbaycanın parlament nümayəndə heyətinin rəhbəri olmuş cənab İlham Əliyev təşkilat çərçivəsində Azərbaycanın milli maraq və mənafeyini layiqincə təmsil etdi, respublikamızın bu coğrafi arealda sivil, demokratik, dünyəvi dövlət imicinin daha da möhkəmlənməsinə nail oldu. Həmin dövrdə həm də Azərbaycanı təşkilatda təmsil edən parlament nümayəndə heyətinin fəaliyyətinin taktiki və strateji istiqamətləri müəyyənləşdi.
Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin 12 illik prezidentliyi dövründə Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq əlaqələri daha da genişləndi. Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində respublikamızın Avropanın enerji təhlükəsizliyindəki rolunun güclənməsi, ümumilikdə Azərbaycanın regionda sülh, sabitlik və iqtisadi tərəqqiyə xidmət edən qlobal layihələrin əsas təşəbbüskarı qismində çıxış etməsi parlamentin beynəlxalq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynadı. Dövlət başçısının qayğısı ilə Azərbaycan Respublikası Milli Məclisinin inzibati binası müasir tələblər səviyyəsində əsaslı təmir olundu, onun yeni korpusu inşa edildi, eksteryeri və interyeri əsaslı şəkildə müasirləşdi, ətraf ərazidə genişmiqyaslı abadlıq-quruculuq işləri aparıldı. Nəticədə ulu öndərin yadigarı olan bu möhtəşəm kompleks hazırda paytaxt Bakının ən modern, görkəmli tikililərindən biri kimi şəhərimizin qonaqlarında da yüksək təəssürat doğurur. Deputatların normal iş fəaliyyətinin təmini istiqamətində mühüm addımlardan biri də onlara xüsusi köməkçilərin ayrılması oldu.
2010-cu il noyabrın 7-də IV çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin tamamilə azad, ədalətli və demokratik şəraitdə keçməsi son illərdə əldə olunmuş inkişaf göstəricilərinin qorunub saxlanılması, habelə ictimai həyatın bütün sahələrini əhatə edən mütərəqqi qanunların qəbulu baxımından müstəsna əhəmiyyətə malikdir. IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk sessiyasında dərin məzmunlu nitq söyləyən dövlət başçısı İlham Əliyev deputatlara gələcək fəaliyyətlərində uğurlar arzuladı, onların qarşıdakı fəaliyyətinin məhsuldar olacağına ümidvar olduğunu bildirdi. Cənab İlham Əliyev son parlament seçkilərinin Azərbaycanın demokratik, hüquqi və siyasi inkişafında keyfiyyətcə yeni mərhələ açdığını da razılıqla vurğuladı: “Parlament seçkiləri Azərbaycanda demokratik inkişaf istiqamətində atılmış növbəti mühüm addımdır. Bildiyiniz kimi, seçkilər çox azad, ədalətli, şəffaf şəkildə, rəqabət şəraitində keçirildi. Bütün namizədlər üçün bərabər imkanlar yaradılmışdır və seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini tam şəkildə əks etdirir. Mən əminəm ki, yeni tərkibdə Milli Məclis ölkəmizin gələcək inkişafı üçün dəyərli töhfələrini verəcək, Milli Məclis tərəfindən qəbul ediləcək qanunlar ölkəmizin demokratik inkişafı üçün gözəl şərait yaradacaqdır”.
Milli qanunvericilik sisteminin təkmilləşdirilməsi prosesinə xüsusi qayğı ilə yanaşan dövlət başçısı İlham Əliyevin təşəbbüsü əsasında 12 ildə ölkə həyatı üçün son dərəcə vacib əhəmiyyətə malik çoxlu sayda qanun və qərarlar qəbul edildi, parlamentin ölkənin ictimai-siyasi həyatında rolu daha da yüksəldi. Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisində qəbul edilən qanunlar hüquqi bazanı möhkəmləndirməklə yanaşı, Azərbaycan hakimiyyətinin kompleks inkişafına dair həyata keçirdiyi siyasi kursa mühüm töfhə olmuşdur.
Bu gün Milli Məclis Parlamentlərarası İttifaqın, Avropa Şurası Parlament Assambleyasının, MDB Parlament Assambleyasının, ATƏT Parlament Assambleyasının, Qara dəniz İqtisadi Əməkdaşlığı Təşkilatı Parlament Məclisinin, GUAM Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının tamhüquqlu, NATO Parlament Assambleyasının assosiativ üzvüdür. Bu əlaqələr Azərbaycanın haqq səsinin - Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında da mövcud imkanları genişləndirmişdir. Təsadüfi deyil ki, Avropa Parlamenti, o cümlədən İtaliya və Almaniya kimi nüfuzlu dövlətlərin qanunverici orqanları Cənubi Qafqazla bağlı qəbul etdikləri qətnamələrdə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın haqlı mövqeyini dəstəkləmişlər. Bütün bunlar isə Azərbaycan Respublikası Milli Məclisinin diplomatiya sahəsində də uğurlu fəaliyyət göstərdiyindən xəbər verir.
Hazırda parlamentdə 70-dən çox ölkənin qanunvericilik orqanı ilə əlaqələr üzrə işçi qrupları yaradılmışdır. Bu qruplar qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsində, parlamentin beynəlxalq əlaqələrinin inkişafında əhəmiyyətli rol oynayırlar. Azərbaycanın parlament nümayəndə heyəti xarici ölkələrdə işgüzar səfərlərdə olur, habelə Milli Məclisdə xarici ölkələrin siyasi və dövlət xadimləri, parlament üzvləri ilə görüşlər təşkil edilir. Bütün bunlar həm də qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi baxımından əhəmiyyətlidir. Azərbaycan parlamenti ölkənin beynəlxalq əlaqələrinin inkişafına layiqli töhfəsini verməklə yanaşı, respublikanın demokratik imicinin yüksəlməsində də sözünü deyir.
V çağırış Milli Məclisə seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi üçün ölkə rəhbərliyi tərəfindən bütün zəruri tədbirlər həyata keçirilməkdədir. Mərkəzi Seçki Komissiyası (MSK) regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar təşkil edib. Kurslarda ölkə üzrə fəaliyyət göstərən 125 seçki dairəsi üzrə dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədri iştirak edib. Kurslarda MSK-nın üzvləri, məsul işçiləri, müvafiq şəhər, rayon icra hakimiyyətlərinin rəsmiləri seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasında öz səlahiyyətləri daxilində şəraitin yaradılması istiqamətində yerli icra və bələdiyyə qurumlarının rolu mövzularında mühazirələr oxunmuşdur. DSK üzvləri, eləcə də məntəqə seçki komissiyalarının sədrləri seçkilərlə əlaqədar ixtisaslarını artırmışlar. Seçici siyahıları tam dəqiqləşdirilib və seçkilərin demokratik şəraitdə keçirilməsi üçün bütün işlər görülüb.
Əminliklə demək olar ki, bu gün hüquqi, demokratik dövlət quruculuğu prosesində yaxından iştirak edən Milli Məclisə keçiriləcək növbəti seçkilər də seçki qanunvericiliyinin tələblərinə uyğun tam demokratik şəraitdə keçiriləcək. Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinə öz səmərəli fəaliyyəti ilə dəstək verən Azərbaycan Respublikasının Milli Məclisi qarşıdakı müddətdə də ölkənin hərtərəfli inkişafı üçün bütün imkanlarından istifadə edəcək.
Elnur
HACALIYEV,
Azərbaycan.- 2015.- 8 sentyabr.- S. 4.