Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirə keçirilib

 

Sentyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirə keçirilib.

Dövlətimizin başçısı müşavirədə çıxış edib.

 

Prezident İlham Əliyevin çıxışı

 

-Dünyada dərin iqtisadi və maliyyə böhranı davam edir. Xüsusilə Avrasiya məkanında bu böhran daha da ciddi formalar alıb. Həm Avropada, həm də Asiyada iqtisadi tənəzzül müşahidə olunur. Bunun müxtəlif obyektiv və subyektiv səbəbləri var. Bu səbəbləri əlbəttə ki, təhlilçilər araşdırırlar, araşdıracaqlar. Bu, bizim işimiz deyil. Bizim işimiz ondan ibarətdir ki, ölkəmizi, ölkə iqtisadiyyatını dünyada gedən mənfi proseslərdən maksimum dərəcədə qoruyaq. Biz bunu bacarırıq və uğurla bacarırıq, ölkəmizi qoruyuruq. Ölkəmizin təhlükəsizliyini, sabitliyini, iqtisadi inkişafını təmin edirik.

Əlbəttə, Avrasiya məkanında yaşanan siyasi, hərbi və iqtisadi böhranın səbəbləri araşdırılacaqdır. Ancaq indinin özündə də təhlil aparmaq üçün kifayət qədər informasiya vardır. Biz görürük ki, bu böhranın əsas səbəbləri sabitliyin pozulmasıdır və bəzi ölkələrin siyasi maraqlarıdır.

Yaxın Şərqdə son illər ərzində yüz minlərlə insan xarici müdaxilələr, qanlı toqquşmalar nəticəsində həlak olub. Bu müharibənin, bu toqquşmanın sonu görünmür. Əksinə, yeni müharibə ocaqları yaranır və günahsız insanlar bundan əziyyət çəkir, yüz minlərlə insan, dediyim kimi, həlak olub.

Postsovet məkanında vəziyyət daha da gərginləşir, həm qanlı toqquşmalar, eyni zamanda, siyasi və iqtisadi böhranlar hökm sürür, qarşıdurma meyilləri güclənir. Postsovet məkanı əlbəttə ki, bizim qonşuluğumuzdur. Burada da, - biz hamımız yaxşı görürük və ictimaiyyət də bunu bilir, - xarici müdaxilə öz rolunu oynayır və bundan əziyyət çəkən yenə də günahsız insanlardır.

İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq Avropa məkanı, daha doğrusu Avropa İttifaqı böyük humanitar fəlakətlə üz-üzədir. Yüz minlərlə qaçqın, - hansı ki yenə də xarici müdaxilə nəticəsində qaçqın vəziyyətinə düşmüş insanlar, - Avropaya üz tutub. Sığınacaq tapmaq, öz canını qurtarmaq üçün hazırda onların böyük köçü müşahidə olunur. Yenə də demək istəyirəm ki, İkinci Dünya müharibəsindən sonra ilk dəfədir biz bu mənzərə ilə üzləşirik. Əlbəttə, bu, böyük humanitar fəlakətdir. İlk növbədə, bu, ağır vəziyyətə düşən insanlar üçün humanitar fəlakətdir. Onlar bu humanitar fəlakətlə artıq bir neçə ildir ki, üz-üzədir. Əfsuslar olsun ki, Qərb mediası buna tamamilə biganə və etinasız yanaşır. Ancaq bu insanların bir hissəsi Avropa qitəsinə üz tutandan sonra indi bütün Qərb mediası gecə-gündüz həmin görüntüləri yayır və bu vəziyyətə görə onları günahlandırır. Bu insanların heç bir günahı yoxdur. Onlar məqsədyönlü siyasətin qurbanlarıdır. Onlar xarici müdaxilənin qurbanlarıdır. Onların başqa yolu yoxdur. Onlar özlərini, öz ailələrini qorumalıdırlar. Ona görə bu gün bu humanitar fəlakət ilk növbədə, onların fəlakətidir.

Avropa İttifaqının siyasətinə gəlincə, indi həyat göstərər Avropa İttifaqı bəyan etdiyi dəyərlərə nə dərəcədə sadiqdir. İndi hər şey göz qabağındadır. Biz görürük ki, bu yazıq insanlara işgəncələr verilir, onların ləyaqəti alçaldılır. Onlara qarşı sanki geniş bir kampaniya aparılır. Biz bununla barışa bilmərik. Biz hər bir məsələ ilə bağlı öz sözümüzü deyirik. Azərbaycan o ölkələrdəndir ki, bütün beynəlxalq məsələlərlə bağlı öz mövqeyi var. Biz heç kimdən çəkinmədən öz mövqeyimizi ifadə edirik. Məhz buna görə dünyada böyük rəğbət, hörmət qazanmışıq. Bütün məsələlərlə bağlı bizim mövqeyimiz ədalətli mövqedir. Biz ədalətli mövqeyi müdafiə edərək bu siyasətlə, bu işlərlə barışa bilmirik. Bir sözlə, bu gün dünya xəritəsində dəyişikliklər baş verir. İstisna olunmur ki, bu dəyişikliklər gələcəkdə də davam etsin.

O ki qaldı Azərbaycana, bütün bu mənfi mənzərə fonunda ölkə iqtisadiyyatı inkişaf edir. Ölkədə sabitlik möhkəmlənir. Bizim beynəlxalq mövqelərimiz daha da güclənir. Bizimlə əməkdaşlıq edənlərin sayı gündən-günə artır. Azərbaycan beynəlxalq birliyin dəyərli, böyük hörmətə malik bir üzvüdür. Ölkədə proseslər müsbət istiqamətdə gedir. Xalq bizim siyasətimizi dəstəkləyir. Hətta böhranlı illərdə də bizim iqtisadiyyatımız uğurla inkişaf edir.

Onu bir daha qeyd etmək istəyirəm ki, bu gün Yaxın Şərqdə həyata keçirilən çirkin ssenarilər Azərbaycan üçün də hazırlanmışdır. 2011-ci ildə, 2012-ci ildə bəzi xarici dairələr Azərbaycanda “Ərəb baharı”nın yaranmasından söhbət açırdılar və deyirdilər ki, bu, qaçılmazdır. Burada vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq üçün min cür işlərdən çıxmışlar. Bizim hüquq mühafizə orqanları bütün bu işlərin üstünü açıb. Azərbaycanda “Maydan hərəkatı” yaratmaq istəyirdilər. Gəncləri bu çirkin işlərə sövq etmək istəyirdilər, onları bədbəxt etdilər. Azərbaycanda vəziyyəti gərginləşdirmək üçün böyük pullar xərclənib. On milyonlarla dollar vəsait aşkarlanıb ki, qanunsuz yollarla, yerli “Beşinci kolon”un vasitəsilə, qeyri-hökumət təşkilatları adı ilə Azərbaycana gətirilsin, vəziyyət gərginləşsin və burada bəzi xarici dairələrin xidmətində olan insanları da hakimiyyətə gətirsinlər. 2013-cü ilin əvvəlindən başlayaraq bu proseslər daha da ciddi formalar almışdır. Prezident seçkiləri ərəfəsində vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq, Azərbaycanı məhv etmək cəhdləri müşahidə olunub. Mən bunu açıq deyirəm. Mən bunu başqa cür qəbul etmirəm. Ancaq Azərbaycan xalqının, dövlətinin düşmənləri bu işlərdə iştirak edə bilərdi.

Çünki bu gün Azərbaycan dünya miqyasında müasir, dünyəvi, inkişafda olan, açıq, tolerant bir dövlətdir. Biz kimə mane oluruq?! Heç kimə! Bizim bütün ölkələrlə qarşılıqlı hörmət əsasında münasibətlərimiz var. Biz bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmuşuq. Biz kimə mane oluruq?! Ancaq o dairələrə ki, hər yerə hakim olmaq, hər yerdə “marionetka” görmək istəyirlər. Ləyaqətli, öz xalqına güvənən, xalq tərəfindən dəstəklənən siyasətçiləri artıq görmək istəmirlər.

Ancaq iş burasındadır ki, Azərbaycanda hər şey xalqın iradəsi ilə həll olunur, xarici dairələrin təhriki ilə yox. Azərbaycan xalqı bütün bu çirkin niyyətlərə yox dedi, Azərbaycan iqtidarını dəstəklədi və bu gün bu dəstək bizim əsas güc mənbəyimizdir. Xalq ilə iqtidar arasındakı birlik Azərbaycanda sabitliyin qarantıdır. Bizim bütün uğurlarımıza xor baxanlar da bunu bilsinlər. Biz heç kimin qabağında gözükölgəli deyilik və öz sözümüzü deyirik, deyəcəyik. Azərbaycanın müstəqil həyatını təmin edəcəyik.

Məhz bunun, bu siyasətin nəticəsində biz ölkəmizi bu böyük bəlalardan qoruya bildik. Bir daha demək istəyirəm ki, baxın, indi Ukraynada, Yaxın Şərqdə, Suriyada, İraqda, Liviyada, başqa ölkələrdə nələr baş verir. O ölkələrin artıq ərazi bütövlüyü demək olar ki, pozulubdur. Bu ölkələr idarəedilməz vəziyyətə düşübdür. Yaxın Şərqdə bundan sonra vəziyyəti sabitləşdirmək, sülhü bərpa etmək üçün bilinmir ki, nə kimi işlər görülməlidir. Yəni, bu müsbət meyillər gözə dəymir.

Azərbaycanda sabitlik, inkişaf, normal həyat davam edir. Biz ölkəmizi bax bu bəlalardan qorumuşuq. Bizə qarşı uzanan o çirkin əlləri kəsmişik və bundan sonra da ölkəmizi qoruyacağıq, xalqımızın inamlı inkişafını təmin edəcəyik.

Bu müddət ərzində neftin qiyməti kəskin şəkildə aşağı düşüb. Əlbəttə, mütəxəssislər, təhlilçilər bunun səbəblərini araşdırmalıdırlar. Ancaq istisna edilmir ki, bu da siyasi sifarişin nəticəsidir. Ancaq buna baxmayaraq, biz bu vəziyyətə də hazır olmalı idik. Şaxələndirmə, qeyri-neft sektorunun inkişafı ilə bağlı bu günə qədər atılan addımlar bizə kömək etdi ki, bu vəziyyətdən minimum itkilərlə çıxaq. Təbii ki, bizim gəlirlərimiz böyük dərəcədə azalıb. Keçən il neftin qiyməti 100 dollardan yuxarı idisə, bu gün 50 dollardan aşağıdır, iki dəfədən çox düşübdür. Ancaq biz çalışırıq və çalışacağıq ki, Azərbaycan xalqı bundan əziyyət çəkməsin. Bütün sosial proqramlar, sosial infrastruktur layihələri icra edilir və insanların təhlükəsizliyi, sosial müdafiəsi təmin olunur. Bax biz bu xoşagəlməz mənzərə ilə üzləşmişik və çalışmalıyıq ki, 2016-cı ildə iqtisadi inkişafı təmin edək.

Bu il Azərbaycanda iqtisadi inkişaf çox sürətlidir. Gələn ay biz ənənəvi olaraq hökumətin geniş iclasında 9 ayın yekunlarını və bu inkişafı müzakirə edəcəyik. Ancaq 6 ayın yekunları deməyə əsas verir ki, biz bu ili çox yüksək nəticələrlə başa vuracağıq. Ümumi daxili məhsul təxminən 6 faiz artmışdır. Qeyri-neft iqtisadiyyatı 9 faizdən çox artmışdır. İnflyasiya çox aşağı səviyyədədir. Kənd təsərrüfatı 7,3 faiz artmışdır. Qeyri-neft sənayesi 14 faiz artmışdır. Yəni, bu, böhranlı ildə əldə edilən nailiyyətlərdir və dünya miqyasında buna bənzər yüksək nəticələr görmək çox çətindir. Yenə də nəyə görə? İlk növbədə, bizim güclü siyasi iradəmiz var və biz öz siyasətimizi ancaq Azərbaycan xalqının maraqları üzərində qurmuşuq. İkincisi, biz uzun illər düşünülmüş iqtisadi siyasət əsasında islahatlar aparmışıq. Bu islahatlar bu gün beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Onu da qeyd etməliyəm ki, bu il “Fitch” reytinq agentliyi Azərbaycanın sabit reytinqini bir daha təsdiqləyib. Bizim “BBB” səviyyəsində reytinqimiz var. Bu da çox böyük nailiyyətdir. Bunu geniş ictimaiyyət bəlkə də bilmir və mətbuatda da çox qısa bir xəbər kimi təqdim edilmişdir. Halbuki bu, çox böyük hadisədir. İndi başqa ölkələrin kredit reytinqlərinə baxsınlar, hamısı aşağı düşür. Azərbaycanda bu reytinq sabitdir. Nəyə görə? Əvvəllər bizim uğurlarımızı bədxahlar, paxıllar neftlə bağlayırdılar. Deyirdilər ki, Azərbaycanda neft hasil olunur. Ona görə Azərbaycan inkişaf edir. Yaxşı, Azərbaycanda neft hasilatı artmır, düşür. Neftin qiyməti iki dəfədən çox düşüb. Ancaq biz yenə də inkişaf edirik. Qəbul etmək istəmirlər ki, bizim inkişafımızın təməlində düşünülmüş siyasət dayanır. Antiazərbaycan qüvvələr, islamafob qüvvələr, bizim müstəqilliyimizlə barışmaq istəməyənlər həmişə çalışırlar ki, işimizə kölgə salsınlar. Bu gün də bizə qarşı çirkin kampaniya davam edir - Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı, indi. Nəyə görə? Çünki biz ölkəmizi qoruyuruq. İmkan vermirik və verməyəcəyik ki, “beşinci kolon”, milli satqınlar, xainlər burada meydan oxusunlar.

Bax, budur bugünkü ümumi siyasi və iqtisadi mənzərə. Mən bir daha demək istəyirəm, biz ilin sonuna qədər bütün lazımi tədbirləri görəcəyik ki, iqtisadi inkişaf davam etsin. Əlbəttə, hökumət daha fəal, çevik işləməlidir ki, bizim iqtisadiyyatımız gələn il də artsın.

Bir neçə gün bundan əvvəl hökumətin iclasında gələn ilin büdcəsi müzakirə edilmişdir. Mənə artıq məruzə edilib. Biz bu məsələni daha da geniş müzakirə edəcəyik. Demək istəyirəm ki, gələn ilin büdcəsi real vəziyyəti nəzərə almalıdır. Gələn ilin büdcəsi daha çox sosial yönümlü büdcə olmalıdır. Əlbəttə ki, ən böyük prioritet təşkil edən investisiya layihələri də icra edilməlidir. Ancaq prioritet olmayan, o qədər də vacib xarakter daşımayan layihələri biz büdcə proqramına, investisiya proqramına salmamalıyıq. İsrafçılığa yol verilməməlidir. Maliyyə nizam-intizamı daha da gücləndirilməlidir və çalışmalıyıq ki, vəsaitə qənaət edək. Bütün ölkələr indi bu siyasəti aparır və biz də bu siyasəti daha da ciddi şəkildə aparmalıyıq.

Əvvəlki illərdə biz daha çox çalışırdıq ki, ölkə qarşısında duran bütün sosial-iqtisadi məsələləri tezliklə həll edək. Məhz ona görə biz bəzi hallarda o qədər də böyük prioritet təşkil etməyən layihələrə də vəsait ayırırdıq ki, inkişaf daha da sürətlə getsin. Çünki görüləsi işlər kifayət qədər çox idi. Ancaq bu gün biz əsas infrastruktur layihələrini icra etmişik, bəziləri davam edir. Ancaq burada köklü şəkildə çox ciddi dönüş yaranıbdır. Sosial infrastruktur layihələrinin bir çoxunu icra etmişik. Ölkədə sahibkarlığın, biznesin inkişafı üçün möhkəm zəmin yaradılıbdır - infrastruktur layihələri, kreditləşmə və əlbəttə ki, dövlət siyasəti. Ona görə biz gələn ilin büdcəsinə çox diqqətlə baxmalıyıq. Yenə də demək istəyirəm ki, orada ən əsas məsələlər öz həllini tapacaq.

İlk növbədə, qeyd etməliyəm ki, bütün sosial proqramlar ixtisarsız icra ediləcəkdir. Azərbaycan vətəndaşları əmin ola bilərlər ki, burada heç bir ixtisar ola bilməz. Mən onu da qeyd etməliyəm ki, sosial infrastruktur layihələri icra olunacaqdır. Məktəb tikintisi, uşaq bağçalarının, xəstəxanaların tikintisi davam edəcək. Eyni zamanda, sosial siyasətlə bağlı institusional islahatlar davam etdiriləcək. Onu da deməliyəm ki, dərman preparatları bazarının tənzimlənməsi işində biz çox ciddi dönüşə nail olduq və sentyabrın 15-dən sonra hər bir Azərbaycan vətəndaşı bunu hiss edəcək. Dərmanların qiymətinin orta hesabla 2-3 dəfə aşağı salınması təmin edilibdir.

İdarəetmə sahəsində islahatlar dərinləşməlidir. Korrupsiyaya, rüşvətxorluğa qarşı daha da ciddi mübarizə aparılmalıdır. Bu yaxınlarda imzaladığım Fərman əsasında “ASAN xidmət”ə yeni funksiyalar verilibdir. Mənzil-kommunal təsərrüfatının vəziyyətini hər bir Azərbaycan vətəndaşı bilir: nə qədər qanunsuz tələblər irəli sürülür, insanları nə qədər incidirlər. İndi “ASAN xidmət”də hər şey asan olacaq.

Nəqliyyat sektorunda da ciddi pozuntular var. İnsanları incidirlər, onların qarşısına əsassız tələblər qoyulur. Biz artıq bu sahənin bir hissəsini “ASAN xidmət”ə vermişik. Gələcəkdə də hər sahədə “ASAN xidmət”in standartları olmalıdır. Ona görə də gələn il hökuməti əlbəttə ki, böyük işlər gözləyir. Hökumət yeni situasiyada işləyəcəkdir. Neft gəlirləri azalır, ona görə daha çox innovasiyalara üstünlük verilməlidir. Sahibkarlığın inkişafı üçün əlbəttə ki, addımlar atılacaq və maliyyə sabitliyi təmin ediləcəkdir. Mənim buna heç bir sübhəm yoxdur. Bizim maliyyə vəziyyətimiz sabitdir. Kifayət qədər valyuta ehtiyatlarımız var. Biz yenə də düşünülmüş siyasət apararaq valyuta ehtiyatlarımızı ildən-ilə artırırdıq. Bu il də biz Dövlət Neft Fondunun vəsaitini qoruyuruq. Düzdür, indi vaxtilə alınmış bəzi əmlakların qiymətlərinin düşməsi, xüsusilə avro, dollar məzənnələri arasında olan bəzi dəyişmələr elə fikir yarada bilər ki, bizim Dövlət Neft Fondunun ehtiyatları azalıb. Ancaq reallığa baxanda görürük ki, azalmayıb. Çünki qiymətləndirmə ilə bağlı və dünya valyuta kurslarının səviyyəsi ilə əlaqədar bəzi dəyişikliklər edilib. Ancaq biz gələn il də valyuta ehtiyatlarımızı, xüsusilə Dövlət Neft Fondunun ehtiyatlarını qorumalıyıq və qoruyacağıq.

Bax, biz bütün işləri bu səpkidə görürük. Bir daha demək istəyirəm ki, mən Azərbaycanın uğurlu inkişafı ilə bağlı heç bir problem görmürəm. Biz 2016-cı ildə də uğurla inkişaf edəcəyik, ölkə qarşısında duran bütün vəzifələri icra edəcəyik. Sadəcə olaraq, hökumət ilin sonuna qədər, xüsusilə, gələn ilin xərcləri, investisiya proqramı, maliyyə vəziyyətimiz ilə bağlı daha da ciddi işləməlidir, yeni təkliflər verilməlidir. Bir daha demək istəyirəm, ən əsas məsələ ondan ibarətdir ki, gələn ilin büdcəsi balanslaşdırılmış, reallığı əks etdirən və lazımsız xərclərə yol verməyən bir büdcə olmalıdır.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 9 sentyabr.- S. 2.