Mədəniyyət və turizm
naziri Gürcüstanın
Turizm üzrə Milli Administrasiyasının
rəhbəri ilə görüşüb
Sentyabrın 8-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Gürcüstanın Turizm üzrə Milli Administrasiyasının rəhbəri Giorgi Çoqovadzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə olunub.
Nazir Əbülfəs Qarayev iki ölkə arasında vahid turizm marşrutlarının yaradılması ilə bağlı məsələ haqqında təklif verib, belə turizm məhsulunun region ölkələri arasında, eyni zamanda dünya səviyyəsində turist axının cəlb olunması sahəsində iki ölkə üçün mühüm addım olacağı bildirib. Hər iki ölkənin bir sıra oxşar xüsusiyyətlərinin olması bu sahədə turistlərin diqqətini cəlb edəcəyi vurğulanıb.
Nazir, həmçinin iki ölkəni əhatə edən "Şərab yolu", "Aleksandr Düma Qafqazda" kimi bir sıra həyata keçirilmiş layihələrdən də bəhs edib. Qeyd olunub ki, ölkənin infrastrukturu, bölgələrdə aparılan yenidənqurma işləri, yeni mehmanxanaların yaradılması bu sahədə müxtəlif layihələrin reallaşdırılmasına əsas verə bilər.
Milli Administrasiyasının rəhbəri Giorgi Çoqovadze Gürcüstan iqtisadiyyatının prioriteti olan turizm sahəsi üzrə görülən işlər haqqında məlumat verib, həyata keçirilmiş layihələrdən danışıb.
Qonaq bildirib ki, rəhbərlik etdiyi qurum turizm sahəsində əsasən virtual təbliğat istiqamətində bir sıra layihələr həyata keçirir. Eyni zamanda bu sahədə kinofilmlərin çəkilməsi, videoçarxların hazırlanması istiqamətində aparılan işlər turist axınına səbəb olan amillərdəndir.
Nazir Əbülfəs Qarayev kino sahəsində də əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyətini vurğulayaraq qeyd edib ki, Azərbaycanda ekranlaşdırılan məşhur "Əli və Nino" filminin Tbilisidə də bəzi çəkilişlərinin aparılması artıq bu sahədə görülən işlərdən biri sayıla bilir.
Görüşdə xarici ölkələrdə keçirilən beynəlxalq turizm sərgilərində iştirak zamanı turizm məqsədilə səfər edən turistlərin marağına səbəb olacaq iki ölkənin birgə təkliflərlə çıxış etməsi məsələləri üzrə də fikir mübadiləsi aparılıb.
Həmçinin, hava nəqliyyatı, dəmiryolu və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu.
Qonaqlar Bakıda səfər etdikləri Heydər Əliyev Mərkəzi, Şirvanşahlar Sarayı, Xalça muzeyi, Qız Qalası və Qobustan Milli Tarix Bədii Qoruğu və bir sıra görməli yerlər haqqında yüksək təəssüratlarını bölüşüblər.
Qeyd edək ki, səfər çərçivəsində qonaqların Azərbaycan Turizm Assosiasiyasında və Azərbaycan Konqreslər Bürosunda ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, səfərin həyata keçirilməsində məqsəd iki ölkə arasında işgüzar (MİCE) turizm sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi, MDB məkanında ilk dəfə olaraq 2013-cü ildə ölkəmizdə təsis edilmiş Azərbaycan Konqreslər Bürosunun təcrübəsindən istifadənin öyrənilməsidir.
AZƏRTAC
Azərbaycan.- 2015.- 9 sentyabr.- S. 6.