Azərbaycan müstəqil dövlət kimi uğurlu siyasət aparır
Azərbaycan dünyada tam müstəqil siyasət yürüdən ölkə kimi qəbul edilir. Bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu var. Ötən illərdə respublikanın milli inkişaf strategiyası, siyasi-iqtisadi, mədəni-mənəvi təkamül konsepsiyası, vahid ideologiyası formalaşmışdır. Dövlətin milli maraqlara əsaslanan diplomatiyası, demokratikləşdirmə, hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti də məhz müstəqilliyin praktik olaraq gerçəkləşdirilməsini təmin etmişdir. Azərbaycanda mülki cəmiyyətin qurulması, təhlükəsizlik problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən işlər bütünlüklə müstəqillik amilinin praktiki baxımdan bərqərar olmasına yönəlib.
Hər bir liderin dövlət idarəçiliyində qazandığı uğur və nailiyyətləri şərtləndirən başlıca amillərdən biri ciddi təmələ söykənən siyasi varislik ənənələrinin qorunmasıdır. Söhbət ölkənin və dövlətin dinamik inkişafının təkamül yolu ilə davam etdirilməsi xəttinin etibarlı şəkildə qorunmasından gedir. Ulu öndər güclü dövlət yaratmaqla yanaşı, onu özündən sonra inamla idarə edəcək peşəkar lider, layiqli davamçı yetişdirib. Xalqın sosial sifarişi əsasında Azərbaycanda Heydər Əliyev siyasi kursunu davam etdirmək kimi çətin və məsuliyyətli bir missiyanı üzərinə götürmüş cənab İlham Əliyev öz siyasətini bu ənənələr çərçivəsində qurur.
Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatlar Azərbaycan dövlətinin siyasi xarakterini və inkişaf yolunu müəyyən edir. Bu müəyyənləşmə Azərbaycanın qısa müddət ərzində iqtisadiyyatda böyük nəticələr əldə etməsi, iqtisadi sahədə keçid dövrünü başa vurması faktıdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi nəhəng layihələrin gerçəkləşməsi, respublikamızın Avropa regionunun gələcək enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilməsi xalqımızın dünya arenasında layiqli yerini təmin edir. Azərbaycan insanının gün-güzəranı yaxşılaşır, şəhər, kənd və qəsəbələr abadlaşır, respublikada işsizlik, yoxsulluq kimi ağır sosial bəlalar artıq həllini tapır. Bütün bunlarla yanaşı, Azərbaycanda demokratiyanın təntənəsi, qanunların aliliyi, haqq-ədalətin zəfəri üçün bütün lazımi tədbirlər həyata keçirilir.
2015-ci ilin ilk ötən dövrü ərzində ölkə iqtisadiyyatının nail olduğu makroiqtisadi göstəricilər təqdirəlayiq və uğurlu hesab oluna bilər. Belə ki, bu müddətdə ölkədə 26,3 milyard manat ümumi daxili məhsul istehsal olunmaqla real artım 5,7 faiz təşkil edib. Cari ilin fevral ayında manatın xarici valyutalara nisbətdə ucuzlaşmasına baxmayaraq, ölkədə istehlak qiymətlər indeksi (inflyasiya) olduqca qənaətbəxş səviyyədə - 3,5 faiz olub. Ölkə iqtisadiyyatına kənardan mənfi təsirlərin minimuma endirilməsi istiqamətində atılmış kəsərli addımlar nüfuzlu beynəlxalq maliyyə-iqtisadi təşkilatlar tərəfindən (Beynəlxalq Valyuta Fondu, Dünya Bankı) yaranmış makroiqtisadi vəziyyətə adekvat qiymətləndirilməklə dəstəklənib. Aparıcı reytinq agentlikləri də öz növbəsində (“Fitch Ratings” və “Standard and Poor`s”) bu qiymətləndirməni bölüşmüş və cari ilin birinci yarısında keçirdikləri reytinq dəyərləndirmələri əsasında Azərbaycan Respublikasının uzunmüddətli yerli və xarici valyutada reytinqini “BBB-” investisiya səviyyəsində bir daha təsdiq edib.
2015-ci ildə ölkəmizin xarici-iqtisadi siyasətinin Asiya vektorunun möhkəmləndirilməsində də nəzərəçarpan addımlar atılıb. May ayında Bakıda 67 ölkənin üzv olduğu Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının keçirilməsi Asiya və Sakit okeanı regionunda iqtisadi inkişafın və təkamülün təmini istiqamətində növbəti bir mərhələ olmaqla yanaşı, ölkəmizin Asiya dövlətləri ilə hərtərəfli əməkdaşlığının genişlənməsinə böyük imkanlar açıb. Azərbaycan Respublikasının yeni yaradılan və Asiya regionunda infrastrukturun inkişaf etdirilməsini dəstəkləyəcək Asiya İnfrastruktur İnvestisiya Bankına təsisçi üzv kimi qoşulması da təmin olunub.
Prezident İlham Əliyev mütərəqqi inkişaf strategiyasını davam etdirməklə yanaşı, onu yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır. Ötən 12 ildə respublikamız inanılmaz dərəcədə dəyişib, zamanı qabaqlayaraq onilliklərə bərabər yol qət edib. Dövlət müstəqilliyinin ilk illərində yaşadığımız böyük problemlər indi yaddaşımızın acı xatirəsinə çevrilib. İqtisadi sahədə keçid dövrünün ağır sosial-iqtisadi, mənəvi-psixoloji çətinliklərini mətinliklə geridə qoyan respublikamız bütün sahələrdə sürətlə inkişaf edir, şəhər və rayonlar abadlaşır, müasirləşir. Ölkədə həyata keçirilən sosial infrastruktur layihələri də Azərbaycan insanının firavan həyat tərzinin təmini məqsədinə xidmət edir.
Azərbaycan təkcə sosial-iqtisadi deyil, siyasi müstəvidə də bir çox problemləri geridə qoyur. Bir vaxtlar dünya xəritəsində tanınmayan, bədnam erməni lobbisinin təsiri ilə müxtəlif təzyiqlərə, təhdidlərə, ədalətsizliklərə məruz qalan, informasiya blokadası şəraitində haqlı mövqeyini dünyaya çatdıra bilməyən Azərbaycan bu gün tamam fərqli statusda çıxış edir. Qürur doğuran haldır ki, Azərbaycan bu gün bütün regional məsələlərdə əsas oyunçulardan biridir, regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycansız gerçəkləşə bilməz. Dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlər Azərbaycanla hesablaşır, onun mövqeyini nəzərə alırlar. Prezident İlham Əliyev bildirib: “Bizim siyasətimiz Azərbaycan maraqları üzərində qurulubdur. Heç bir kənar qüvvə bizim siyasətimizə təsir edə bilməz. Onu da deməliyəm ki, - Azərbaycan ictimaiyyəti də bilir, - bizə qarşı çox çirkin kampaniya aparılır. Bu kampaniya dayanmır, önəmli beynəlxalq tədbirlər ərəfəsində daha da alovlanır, güclənir, əgər belə demək mümkündürsə, ondan sonra bir az səngiyir. Ancaq bu, daimi bir kampaniyadır, səbəbləri də aydındır. İlk növbədə, dünya erməniliyi, erməni lobbisi bizi hədəf seçib, onların himayəsində olan riyakar, rüşvətxor siyasətçilər bu işlərə qoşulub. Xüsusilə bu, Qərb siyasətçilərinə aiddir. Erməni pulları ilə özünə həyat quran konqresmenlər, senatorlar, deputatlar, islamofob siyasətçilər və s. ünsürlər Azərbaycana qarşı müharibə elan ediblər. Əfsuslar olsun ki, bu gün Avropada faşizm, irqçilik, islamofobiya, ksenofobiya, antisemitizm baş qaldırır. Yəni, bu hərəkət təkcə müsəlmanlara qarşı deyil. Əlbəttə ki, onlar müsəlman ölkəsinin bu qədər inkişaf etməsini istəməyən qüvvələrdir. Onlar, eyni zamanda, Azərbaycanda “beşinci kolon”un qalıqlarının himayədarları ilə birləşib bizə qarşı hücuma keçiblər”.
Azərbaycan dövləti milli maraqları ilə bağlı məsələlərdə heç bir dövlətə güzəştə getmək niyyətində olmadığını dəfələrlə sübuta yetirmişdir. Ölkə başçısı Azərbaycanın müstəqil dövlət kimi uğurlu siyasət apardığını bildirib. Bu prinsipial və qətiyyətli yanaşma ölkənin daxili işlərinə kobud şəkildə müdaxilə etməyə, bu yolla iqtisadi-siyasi maraqlarını gerçəkləşdirməyə çalışan bəzi dövlətlərə, beynəlxalq qurumlara, transmilli korporasiyalara münasibətdə özünü daha kəskin şəkildə göstərmişdir. Ölkə rəhbərliyi bu gün də iqtisadi və siyasi islahatları hansısa dövlətin və ya beynəlxalq qurumun diktəsi altında deyil, elmi prinsiplərlə reallaşdırdığı mükəmməl strategiya əsasında aparır. Azərbaycana qarşı aparılan qərəzli kampaniya da ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək məqsədi güdür. Bəzi dövlətlərin və təşkilatların Azərbaycana qarşı qərəzli mövqeyinin səbəbləri kifayət qədər üzdədir: son illər respublikamız iqtisadi və siyasi baxımdan kifayət qədər güclənərək regionda inkişafını məhz daxili imkanları hesabına təmin edən yeganə dövlətə çevrilmişdir.
Qarşıya qoyduğu bütün hədəflərə uğurla yetişən Azərbaycan müasir dünyanın yeni iqtisadi fenomeninə çevrilməkdədir. Bir çox dövlətlərin onilliklərlə keçdiyi yolu qısa müddətdə adlayan Azərbaycan öz rəhbərinin əzmkar fəaliyyəti sayəsində daha böyük nailiyyətlər əldə etməkdədir. Bunu gözü götürməyən antiazərbaycançı qüvvələrin ölkəmizə qarşı apardıqları qərəzli kampaniya həmişəki kimi yenə də fiaskoya uğrayacaq.
Elnur HACALIYEV,
Azərbaycan.- 2015.- 10 sentyabr.- S. 1.