Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda konfrans keçirilib

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva konfransda iştirak edib

 

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan Parisin ürəyində” adlı layihə çərçivəsində sentyabrın 8-də Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda konfrans keçirilib.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva konfransda iştirak edib.

Konfransın aparıcısı görkəmli politoloq Pyer Konesa Fransa cəmiyyətində tolerantlıq mövzusunun hər zaman aktual olduğunu bildirərək Azərbaycan tərəfindən bu sahədə atılan addımların əhəmiyyətindən danışdı. O, Heydər Əliyev Fondunun Parisdə təşkil etdiyi konfransda həm Azərbaycanın, həm də Fransanın nüfuzlu din xadimlərinin və dini təşkilatların nümayəndələrinin iştirak etdiyini bildirdi və burada aktual məsələlərin müzakirə olunacağını vurğuladı.

Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare bu gün dünya gündəmində tolerantlıq mövzusunun daha aktual olduğunu bildirdi. O, dünyəvi məsələ olan bu mövzuya Azərbaycanın göstərdiyi marağın nümunəvi xarakter daşıdığını diqqətə çatdırdı.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva konfransda çıxış edərək ölkəmizin tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşdiyini, Asiya ilə Avropa arasında körpü olduğunu və bu amillərin mədəniyyət müxtəlifliyinin yaranmasında mühüm rol oynadığını bildirdi. “Tolerantlıq ənənələri bizim ölkədə indi də yaşayır. Azərbaycan həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Biz mədəni və tarixi irsimizlə fəxr edirik”, - deyən Mehriban Əliyeva Azərbaycanda məscidlərin, kilsələrin və sinaqoqların mövcudluğunu diqqətə çatdırdı və ölkəmizdə bütün dini azadlıqların təmin edildiyini bildirdi. Vurğuladı ki, Azərbaycanda bütün dinlərin nümayəndələri eyni hüquqa malikdirlər, heç vaxt ölkəmizdə dini, milli zəmində heç bir qarşıdurma baş verməyib. Birinci xanım Mehriban Əliyeva diqqətə çatdırdı ki, ölkəmizdə tolerantlıq ənənələrinin qorunmasında dövlət-din münasibətləri mühüm rol oynayır. Azərbaycanda yaradılan şərait onu deməyə əsas verir ki, multikulturalizmin alternativi yoxdur.

Rəhbərlik etdiyi Heydər Əliyev Fondunun digər dinlərə də xüsusi diqqət göstərdiyini deyən Mehriban Əliyeva Luvr muzeyində İslam mədəniyyəti bölməsinin təşkilində, Romada katakombaların bərpasında, yəhudi uşaqlar üçün təhsil imkanlarının yaradılmasında, Strasburq və Fransanın digər regionlarındakı kilsələrin təmirində Fondun yaxından iştirak etdiyini bildirdi.

ehriban Əliyeva çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxundu. Bu münaqişə nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, 1 milyon insanın qaçqın və məcburi köçkünə çevrildiyini, Xocalıda 613 azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyini, milli və tarixi abidələrimizin dağıdıldığını diqqətə çatdırdı.

Azərbaycanın birinci xanımı ölkəmizin gələcəkdə də ümumbəşəri dəyərlərə öz töhfəsini verməkdə davam edəcəyini vurğuladı.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 1995-ci ildə qəbul edilən Konstitusiyamızda Azərbaycanın dünyəvi dövlət olması prinsipinin yer aldığını, bu dünyəviliyin isə özündə din-dövlət münasibətlərini ehtiva etdiyini bildirdi. Qeyd etdi ki, bu gün Azərbaycanda tolerantlığın mühüm elementlərindən biri onun qorunmasının dövlət siyasətinə çevrilməsidir.

Mübariz Qurbanlı 2001-ci ildə yaradılan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə məlumat verdi, ölkəmizdə ənənəvi dini icmalara hərtərəfli yardım göstərildiyini, onların arasında ayrı-seçkiliyin qoyulmadığını diqqətə çatdırdı. Heydər Əliyev Fondunun ölkəmizdə tolerantlıq mühitinin daha da güclənməsinə mühüm töhfələr verdiyini vurğuladı.

Sonra konfrans öz işini diskussiyalar şəklində davam etdirdi. Qeyd olundu ki, Azərbaycanda müxtəlif xalqların birgə yaşamaq qaydası, ayrı-ayrı dinlərə münasibət, digər ölkələrlə müqayisədə dini təriqətlərə fərqli baxış, cəmiyyətdə tolerantlıq mühitinin qorunması kimi məsələlərin müzakirəyə cəlb edilməsi daha aktualdır.

Azərbaycan Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev çıxışında ölkəmizdə yəhudilərin 7 sinaqoqunun, 2 orta məktəbinin, 1 kollecinin, 3 uşaq bağçasının və Yəhudi evinin fəaliyyət göstərdiyini bildirdi. O qeyd etdi ki, Azərbaycan və yəhudi xalqları hər zaman bir yerdə yaşamağın yaxşı nümunəsini nümayiş etdiriblər və dağ yəhudiləri indi də Azərbaycanda inkişaf proseslərində yaxından iştirak edirlər. “Təsəvvür edin, müsəlman ölkəsində dövlət bizim üçün sinaqoq tikib. Bunun dünyada analoqu yoxdur”, - deyən Milix Yevdayev bildirdi ki, Azərbaycanda dinlərarası konsensus dövlət siyasəti səviyyəsinə qalxıb və bu sahədə ikili standart yoxdur.

Fransa Yəhudi Təsisatları Əlaqələndirmə Şurasının nümayəndəsi Jan Pyer Alali bir müddət əvvəl ölkəmizə səfər etdiyini, Azərbaycanda gördüklərindən böyük təəssürat aldığını, ölkəmizdə etiqad sərbəstliyinin, yəhudi icmasına göstərilən münasibətin yüksək səviyyədə olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırdı.

Diskussiyaya qoşulan digər iştirakçılar ölkəmizdə dinlərarası münasibətlərin tənzimlənmə qaydaları, orta məktəblərdə dinin tədrisi və digər məsələlərlə bağlı suallar verdilər.

Qeyd olundu ki, Azərbaycanda dinlərarası münasibətlərdə heç bir problem yoxdur və bu, əsrlərdir ki, davam edir. Orta məktəblərdə dinin tədrisinə yer verilib və gənclərin milli mənəvi dəyərlər ruhunda tərbiyə olunması diqqət mərkəzində saxlanılır.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ölkəmizdəki tolerantlıq mühitinin əsasında duran mühüm amillərdən danışarkən, ilk növbədə siyasi sabitliyi, sosial və iqtisadi inkişafı ön plana çəkdi. Qeyd etdi ki, Azərbaycanda sosial problemlər uğurla həll olunur, təhsil sektorunun inkişafına xüsusi diqqət göstərilir və bu da özlüyündə cəmiyyətdə radikal meyillərin yaranmamasına şərait yaradır. “Biz dünyaya çatdırmaq istəyirik ki, birgə yaşayış mümkündür”, - deyən Mehriban Əliyeva Azərbaycanın bu təcrübəsinin bütün dünyada geniş təbliğ olunmasının vacibliyini vurğuladı.

Fransa Müsəlmanları Şurasının vitse-prezidenti Tofiq Septi ölkəmizdəki tolerantlıq mühitinin onda böyük maraq doğurduğunu, bunun canlı şahidi olmaq istədiyini bildirdi.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı 1823-cü ildən fəaliyyət göstərən idarənin dövlət-din münasibətlərinə töhfə verdiyini, bu prosesdə qadınların fəaliyyətindən də istifadə olunduğunu bildirdi.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein qeyd etdi ki, bütün dinlər Azərbaycanda eyni hüquqa malikdir və onlar cəmiyyətin həyatında yaxından iştirak edir. Bütün bu uğurların təməlində Azərbaycan xalqının nadir mentaliteti dayanıb.

Alban-udi dini icmasının sədri Robert Mobili 170 il kilsədən uzaq düşən udi icmasının indi Azərbaycan dövlətinin qayğısı sayəsində yenidən kilsəyə qayıtdığını, ölkəmizdə udi etnosu üçün məktəblərin fəaliyyət göstərdiyini bildirdi.

Bakı Avropa Yəhudiləri dini icmasının sədri Gennadi Zelmanoviç Azərbaycanda digər dinlərin nümayəndələri ilə yanaşı, yəhudilərin də diqqət və qayğı ilə əhatə olunduğunu, onların ibadəti üçün heç bir problemin olmadığını bildirdi.

Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete Azərbaycan katoliklərinin də yaradılan münbit şəraitdən istifadə edərək dini ayinləri sərbəst yerinə yetirdiklərini və onlar üçün katolik kilsəsinin tikildiyini qeyd etdi.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bir daha konfrans iştirakçılarına minnətdarlıq etdi və bildirdi ki, belə tədbirlər xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. Mehriban Əliyeva konfransın 2-ci sessiyasının gələcəkdə Bakıda keçirilməsi təklifi ilə çıxış etdi.

Qeyd edək ki, konfransda Azərbaycan ilə yanaşı, Fransanın nüfuzlu dini təşkilatlarının rəhbər şəxsləri və nümayəndələri də iştirak edirdilər.

Xatırladaq ki, Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində bu günədək Azərbaycanda və digər ölkələrdə bir sıra tədbirlər həyata keçirib. Müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qarşılıqlı zənginləşməsinə, xalqlararası dialoqun dərinləşməsinə, ölkəmizdə tolerantlıq ənənələrinin qorunmasına xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondu bu layihələr çərçivəsində dini abidələrdə, ziyarətgahlarda, tikililərdə təmir-bərpa işləri aparır, müxtəlif konfranslar, sərgilər təşkil edir.

 

X X X

 

Sentyabrın 8-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Parisin ürəyində Azərbaycan musiqisi” adlı klassik musiqi gecəsi keçirildi.

Gecədə çıxış edən Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare bir neçə gündür ki, Fransa paytaxtında Azərbaycan incəsənətinin uğurla təmsil olunduğunu və səslənən əsərlərin Paris sənətsevərlərinin xatirində unudulmaz təəssürat yaratdığını bildirdi.

Xalq Artisti, pianoçu Murad Hüseynovun, eləcə də gənc skripkaçılar Ceyla Seyidova, Anar Seyidov və digərlərinin iştirakı ilə keçirilən konsertdə Azərbaycan və dünya klassik musiqisinin nümunələri səsləndirildi.

Musiqi janrları arasında simfonik musiqinin xüsusi yeri var. Təməli XX əsrdə qoyulmuş Azərbaycan bəstəkarlıq məktəbi və simfonik ifaçılıq bir-biri ilə daim əlaqədə olub, biri digərinin inkişafını şərtləndirib. Azərbaycanın milli musiqi irsinin qorunub saxlanılması, dünya musiqi incilərinin Azərbaycanda, xalqımıza məxsus nadir musiqi əsərlərinin isə dünyada tanıdılması Heydər Əliyev Fondunun mədəniyyət sahəsindəki fəaliyyətində mühüm yer tutur. Parisdə təşkil olunan bu konsert isə Fondun bu sahədə həyata keçirdiyi layihələr silsiləsindəndir. Ümumiyyətlə, Heydər Əliyev Fondu xalqın milli varlığını özündə yaşadan maddi-mənəvi irsə böyük diqqət və həssaslıqla yanaşır, milli mədəniyyətimizin dünya arenasına çıxmasında və təbliğində fəal iştirak edir. Bu konsert də Fondun ölkəmizin xaricdə təbliği istiqamətində reallaşdırdığı mühüm layihələr sırasına daxil oldu.

Konsertin sonunda dünya şöhrətli fotoqraf Reza Deqatinin ölkəmizdə tolerantlıq mühitini əks etdirən fotolarından ibarət maraqlı kompozisiya nümayiş etdirildi. 3D formatında hazırlanan illüstrasiya konsert salonunun tavanında rəngarəng görüntülər yaratdı və tamaşaçıların böyük marağına səbəb oldu.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.- 2015.- 10 sentyabr.- S. 2.