Siyavuş Novruzov: “Azərbaycanın inkişafı bəzi dairələri çox narahat edir”

 

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun SƏS TV-yə müsahibəsi

 

- Siyavuş müəllim, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirə keçirildi. Dövlət başçısı bildirdi ki, “Qərb mediası miqrantlara tamamilə biganə və etinasız yanaşır”. Siz bu barədə nə deyərdiniz?

- Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirə çox vacib məqamlarla yadda qaldı. Dövlət başçısı aidiyyəti strukturlara hökumətin gələcək fəaliyyətini hansı istiqamətdə qurması, Azərbaycanda başlanan tikinti, quruculuq və abadlıq işləri, islahatların həyata keçirilməsi, yeni iş yerlərinin açılması, sosial layihələrin yerinə yetirilməsi, investisiya layihələri ilə bağlı birbaşa tapşırıq və tövsiyələrini verdi. Bütün aparılan və görülən bu işlərin hamısı əhali, xalq, cəmiyyət üçündür. Müşavirədə də qeyd olunduğu kimi, dünyada, regionda baş verən hadisələr və səbəbi bizdən asılı olmayan dünya iqtisadiyyatında baş verən təlatümlər təbii ki, Azərbaycandan da yan keçmir. Çünki ölkəmiz hər hansı bir adada deyil, əksinə, bu dövlətlərlə ünsiyyətdədir və onlarla iqtisadi, ticari, nəqliyyat dövriyyələri var. Əgər Avropada, Yaxın Şərqdə, post-sovet məkanında hər hansı bir hadisə baş verirsə, istər-istəməz bizdən asılı olmayan səbəblərdən ölkəmizə də təsir edir. Ümumiyyətlə, elə hallar baş verir ki, biz nə qədər istəsək də onun tərəfimizdən qarşısı alına bilməz. Çalışırıq ki, bu kimi hallar Azərbaycan vətəndaşına, ölkəmizdə yaşayan insanlara təsirsiz ötüşsün. Vaxtilə Azərbaycanda müəyyənləşdirilən iqtisadi inkişaf strategiyası, qeyri-neft sektorunun və bununla bağlı olan digər xidmət sahələrinin inkişaf etdirilməsi, neftdən gələn gəlirlərin Azərbaycanın infrastruktur layihələrinə cəlb olunması bizi digər ölkələrdən xeyli qabağa saldı. Nəticə etibarilə bu müddət ərzində Azərbaycanda neçə onilliklərlə görülməyən işlər görüldü və başa çatdırıldı. Biz bu gün dünyaya nəzər salsaq görürük ki, sabit dövlətlərin dağıdılması, orada yaşayan xalqların iradəsi ilə deyil, əksinə, kənar güclərin həmin dövlətlərin təbii sərvətlərinin mənimsənilməsi və öz maraqlarına xidmət etməsinin nəticəsində yaradılan süni münaqişələr bu gün Avropadan da yan keçmir. Yəni Avropa özünə aid olmayan və başqa ölkələrin daxili işlərinə qarışmaq prosesinin nəticəsi sayəsində bu gün dünyanın bir çox yerlərində yeni-yeni münaqişə ocaqları yaranıb. Təbii ki, bu, getdikcə davam etməkdədir. Əgər vaxtilə soyuq müharibə bitənədək bir münaqişə ocağı var idisə, bu gün İsrail-Fələstin münaqişəsi çox-çox geridə qalır və ondan qat-qat böyük miqyaslı, insanlara, ölkələrə ziyan verən, dövlətləri parçalayan və s. süni münaqişələr yaranıb. Bizlər də bunun şahidiyik. Bu xaosun qarşısı alınmasa bundan sonra daha böyük fəlakətlər ola bilər və gözlənilməkdədir.

Əgər əvvəllər Avropa özünün həmişə əsas dəyəri kimi insan haqları prinsiplərini ortaya qoyurdusa, bu gün insan hüquqlarının pozulmasını, insana qarşı ən alçaldıcı hərəkətlərin olunmasını biz mətbuat, televiziya vasitəsilə izləyirik. Görürük ki, onlar insanları miqrant kimi deyil, əksinə, yaşından, cinsindən asılı olmayaraq uşaqlı, böyüklü, qocalı qul kimi vaqonlara yığaraq bir ölkədən başqa ölkəyə deportasiya edirlər. Burada hansı insan dəyərindən, hüququndan danışırlar. Bütün bu olanlara Avropa mətbuatı susur. Əksinə, hətta bəzi yerlərdə miqrantlara qarşı etiraz aksiyaları keçirirlər və onları gündəlik tələbat olan qida məhsullarından da məhrum edirlər. Onlara qarşı çox amansız şəkildə davranış sərgiləyirlər. Böyük Britaniya kimi güclü bir dövlət iki il müddətinə cəmi 5 min miqrant qəbul etmək haqqında qərar qəbul edib. Hətta o miqrantların böyük əksəriyyəti dini seçimlə bağlıdır. Aparılan təhlillər nəticəsində məlum olub ki, Ərəb ölkələrindən, Afrikadan ora üz tutan insanlar başqa dini inanca məxsus olanlardır. Bu gün Almaniyada 150 min mühəndis, 40 mindən artıq xidmət sahəsi, 90 mindən artıq təmizlik işləri ilə bağlı vakansiya yeri var. Əhali yaşlı olduğu üçün istər-istəməz burada boş iş yerləri yaranır. Məhz bunun nəticəsi olaraq onlar Avropa ölkələrindən deyil, digər ölkələrdən ucuz işçi qüvvəsi cəlb edirlər. Cənab Prezident İlham Əliyevin də keçirdiyi müşavirə bir növ Azərbaycan xalqına müraciət idi. Bu yaxınlarda Aralıq dənizinin Türkiyə sahillərində körpə uşaq cəsədi tapıldı. Suriya müharibəsindən qaçan bir ailənin faciəsi olan bu hadisə bütün bəşəriyyəti ayağa qaldırmalıdır. Türkiyə kimi bir dövlət iki milyondan artıq qaçqın qəbul edib. Bütövlükdə Avropa İttifaqı isə 5 il müddətinə 150 min miqrantı qəbul edib-etməmək haqqında hələ də fikirləşir. Yunanıstan adalarında miqrantlar bir növ əsir kimi saxlanılır. Bəyəm onların hüquqları yoxdur, onlar insan deyil? Avropa Xartiyasında da var ki, siyasi və hərbi münaqişə nəticəsində miqrant olmuş şəxslər heç bir maneə törədilmədən Avropanın istənilən dövlətinin ərazisində yaşamaq hüququna malikdir. Bu gün biz bunun şahidi olmuruq. Vaxtilə hinduların, qaradərililərin başına gətirilənlər bunun yanında çox yüngül hadisələrdir. Hətta burada insan alverinin qurbanına çevrilənlər də var. Onlar itkin adı altında bu sahə ilə məşğul olan tacirlərin qurbanına çevrilirlər. Hesab edirəm ki, biz bu məsələyə çox ciddi yanaşmalıyıq. Türkiyədə baş verən hadisələrə nəzər salsaq görərik ki, NATO-nun üzvü olan dövlətə qarşı riyakarcasına təxribatlar həyata keçirilir. Bir zaman qeyd etdilər ki, “İraq-Şam İslam Dövləti” (“İŞİD”) Türkiyə sərhədlərinə yaxınlaşır. Bəs nə oldu ki, “İŞİD” birdən-birə Türkiyə sərhədlərindən uzaqlaşdı. Orada PKK-nı silahlandırdılar ki, guya “İŞİD”ə qarşı döyüşsün. Əslində şahidi oluruq ki, PKK terrorçuları silahlandırılır və Türkiyənin üzərinə göndərilir. Azərbaycan xalqı hər zaman ölkə iqtidarını dəstəkləyib və bundan sonra da daha güclü şəkildə dəstəkləməlidir.

- Dövlət başçısı müşavirədə qeyd etdi ki, ABŞ-ın bəlli dairələri, xüsusilə bu humanitar fəlakətdən nəticə çıxarmayan Avropadakı bəzi qüvvələr müəyyən beynəlxalq QHT-lər və “5-ci kolon” vasitəsilə Azərbaycan kimi sabit və inkişaf edən ölkələri də xaosun girdabına sürükləmək üçün cəhdlərini davam etdirirlər.

- Biz hələ Ərəb yarımadasında hadisələr baş verərkən həmin olayları pisləmişdik və indinin özündə də bunu pisləyirik. Orada müxalifət adı altında, guya demokratiya uğrunda mübarizə aparan insanların hamısı Əfqanıstan, Pakistan ərazisində terrorla məşğul olan “Əl-Qaidə”nin və ona himayədarlıq edən böyük dövlətlərin nümayəndələri idi. Sonradan onlar adlarını dəyişdirsələr də məqsəd və məramları eyni idi. Avropa İttifaqına daxil olan ölkələrin özündən on mindən artıq insan bu gün İraq-Şam İslam Dövləti (İŞİD) sıralarında döyüşürlər. Həmçinin orada hərbi xidmətdə olmuş NATO-ya məxsus qüvvələrin əsgərləri və digərləri artıq bu qruplaşmanın tərkibindədirlər. Yəni onu hansısa din adı altında maskalamağa çalışırlarsa da, bu alınmır. Əslində bu, çox səhv addımdır. Təbii ki, müsəlmanlar gözəl bilir və Qurani-Kərimdə də göstərilib ki, yönümündən asılı olmayaraq terror (qəddarlıq, insana əzab vermək və s.) qadağandır. Ona görə də din pərdəsi altında bunu etməyin heç bir mənası yoxdur. Bütün İslam üləmaları, alimləri də bunu təsdiq edə bilərlər. Hər bir ölkədə bunlara haqq qazandıran, onların işinə siyasi don geyindirən əlaltıları mövcuddur. İndiyədək onlar həmin əlaltılarını müxtəlif vəsaitlərlə, qrantlarla, yardımlarla özlərinin kölə, qul vəziyyətinə gətirib salıblar. Vaxtilə Ukraynada ilk çevriliş baş verəndə (“Narıncı inqilab”), Azərbaycanda da bir qrup boğazına şarf bağlayaraq narıncı ayaqqabı, şalvar və köynək geyindi. Məsələn, Gürcüstanda “Qızıl gül” inqilabı baş verərkən onlar da əllərinə bir dəstə gül götürüb başladılar küçələrə çıxmağa. O cümlədən də “Ərəb baharı” başlayan kimi bir qrup ortaya düşərək dedi ki, biz də bunu edirik.

Bu insanların dərrakəsi o qədər aşağı səviyyədədir və başa düşmürlər ki, Azərbaycan inkişaf etmiş bir dövlətdir: “Azərbaycan demokratik dövlət quranda, o dövlətlərin heç biri dünya xəritəsində yox idi. Hətta ölkəmizdə ilk opera yaradılanda bu ölkələrin mədəniyyətdən məlumatları yox idi. Eləcə də Azərbaycanda 1918-ci ildə qadına seçki hüququ veriləndə ABŞ-da 1962-67-ci ilə qədər qadınların seçki hüququ mövcud deyildi.

Beləcə, zamanı, məkanı, xalq-iqtidar birliyini nəzərə almayan, sosial bazası, elektoratı olmayan bəzi insanlar ortaya düşüb özlərinin riyakar, satqın, başqa dövlətin əlaltısı olmaq missiyasını üzərlərinə götürüblər. Sonda iflasa uğradılar. Nəticədə, ətrafında olan insanlar antiazərbaycan mövqelərinə görə həmin partiyalardan, təşkilatdan uzaqlaşdılar. Sadəcə, orada 3-5 nəfər Vətən xaini, milli satqın qalıb. Onlar “Milli Şura”nın yanında “Milli Satqınlar Şurası” yazmalı idilər. Çünki bunlar bəlli insanlardır. Azərbaycanda hər hansı bir təbii fəlakət və xaricdə Azərbaycan əleyhinə yazı yazılan kimi buna dərhal reaksiya verirlər. Onları bu hadisələrin millətə, dövlətə ziyanı maraqlandırmır. Ən azından zərrə qədər də olsa vətənpərvərlik, azərbaycançılıq hissi olan insan buna öz etirazını bildirməlidir. Ümumiyyətlə, bu şəxslərin axırına az qalıb. Onlar artıq Azərbaycanın ictimai-siyasi həyatından siliniblər.

- Prezident həmçinin bildirdi ki, bəzi xarici dairələr Azərbaycanda “Maydan hərəkatı” yaratmaq istəyirdilər, gəncləri bu çirkin işlərə sövq etmək istəyirdilər, onları bədbəxt etdilər. Bu haqda nə düşünürsünüz?

- Ümumiyyətlə, bəzi beynəlxalq təşkilatlar var ki, onların arxasında erməni lobbisi dayanır. Onların mərkəzi ofislərində, təşkilatlarının idarə heyətlərində bilavasitə ermənilər təmsil olunurlar və bəlli mənbələrdən vəsait alırlar. Həmin vəsaitin bir hissəsi onu verən təşkilatın özünə qayıdır, digər hissəsi isə Azərbaycanın imicinə xələl gətirmək, ictimai-siyasi sabitliyi pozmaq, müxtəlif iğtişaşlar yaratmaq və ölkəmizi hansısa xaos, müharibə şəraitində və s. olan dövlət kimi qələmə verməyə sərf olunur. Onların əsas məqsədi müxtəlif üsullardan, vasitələrdən istifadə etməklə öz firmalarını, təşkilatlarını ölkəmizdə güzəştli şərtlərlə yaratmaqdır. Digər tərəfdən müsəlman ölkəsi olaraq Azərbaycanın inkişaf etməsi, müasirləşməsi, bütün dinlərin, təriqətlərin eyni qaydada ölkəmizdə fəaliyyət göstərməsi və s. onları çox narahat edir. Təbii ki, bunun üçün də “sapı özümüzdən olan baltalar” tapıb ortaya çıxarırlar. Məsələn, “Milli Şura” yaranan kimi qondarma “Talış-Muğan Respublikası”na müraciət etdi. Hansı ki, bu söhbət çoxdan bitmişdi. Hətta “TMR”in qondarma başçısı Əlikram Hümbətov Ermənistana səfər edib orada etdiyi çıxışlarda Azərbaycan əleyhinə fikirlər söyləyirdi. “Milli Şura”nın üzvlərindən biri isə onu dəstəkləmişdi. Artıq xoruzun quyruğu görünür. Yəni onlara verilən qrantların məqsədi, məramı odur ki, nə edirsiniz edin, nə qədər mənimsəyirsiniz mənimsəyin, amma qalan hissəsini mütləq Azərbaycanda iğtişaşların törədilməsinə yönəldin. Hətta sizlər də şahidi olduz ki, Azərbaycanın bir neçə rayonunda buna cəhd etdilər. Lakin hüquq-mühafizə və digər təhlükəsizlik orqanları həmin olayların qarşısını vaxtında aldı. İkincisi isə, heç bir dövlətə, hətta bizi istəyən dövlət olsa belə, güclü Azərbaycan dövləti, prezidenti sərf etmir. Onlar hesab edirlər həmin dövlət arabanın beşinci təkəri olmalıdır.

Bu gün Azərbaycan regionda sırf müstəqil və ölkələrlə bərabərhüquqlu siyasət aparan bir dövlətdir. Burada Azərbaycan xalqının maraqları təmsil olunur. Yəni hansısa bir dövlətin, qurumun, təşkilatın yox. Onlar Ukrayna hadisələri başlanan zaman gördülər ki, heç nə etmək mümkün deyil. Hətta Azərbaycan müxalifəti belə bir fikir söyləmişdi ki, Ukraynaya Heydər Əliyev lazımdır. Artıq ayrı-ayrı yerlərdə bunu etiraf edirlər. Bu gün Prezident İlham Əliyev tərəfindən Azərbaycanın uğurlu siyasəti daha geniş və çoxşaxəli şəkildə davam etdirilir. Azərbaycanda I Avropa Oyunları yüksək səviyyədə keçirildi. Hər dəfə keçmiş dövlət başçıları, siyasət, mədəniyyət, incəsənət xadimləri ölkəmizə gəlir, burada yaradılan şəraiti görürlər. İlk Avropa Oyunlarında bir milyarddan artıq insan televiziya vasitəsilə Azərbaycanı izlədi. Ümumilikdə götürdükdə, Azərbaycan bu gün regionda bir təhlükəsizlik, sabitlik adasıdır.

- Siyavuş müəllim, artıq parlament seçkilərinə az bir müddət qalıb. Amma müxalifət hələ də Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçici siyahılarının çıxmasını gözləyir. Sizcə onların bu narahatçılığı nə ilə bağlıdır?

- Mən müxalifətin Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin siyahısının açıqlamamasına görə narahatçılığını başa düşürəm. Hər bir partiya namizədlərini elan etsə də biz gündəlik dairələrlə, yerli təşkilatlarla, seçki qərargahları ilə əlaqə saxlayırıq. Çalışırıq ki, müəyyənləşdirək görək kimlər dairə seçki komissiyasına müraciət edib və onlar hansı partiyalardır və s. Onlar gözləmə mövqeyi tuturlar ki, hansı dairədən YAP-ın hansı namizədi irəli sürüləcək. Bundan sonra da ola bilsin ki, onlar öz dairələrində dəyişikliklər etsinlər. Bu şəxslər çalışacaqlar ki, zəif nöqtə axtarsınlar və bu nöqtədən namizəd irəli sürüb Milli Məclisdə yer qazanmaq uğrunda mübarizə aparsınlar.

Ümumilikdə götürəndə parlament seçkiləri ilə bağlı həm ictimai-siyasi mühit sağlamdır, həm təkmil qanunvericilik bazası var, həm də seçkilərə hazırlıq prosesi tam normal qaydada gedir. Azərbaycanda olan ictimai-siyasi təşkilatlar, o cümlədən qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri, bütün təbəqədən olan insanlar seçkilərdə iştirak etməsi ilə bağlı bəyanat veriblər. Artıq onların müəyyən hissəsi dairələrə müraciət etməyə başlayıb. Yerdə qalan bir neçə qurum isə sosial bazası, elektoratı olmayan siyasi təşkilatlardır. Bəllidir ki, onlar milli satqınlardır. “Milli Şura” adlı bu qurum dairələrin heç birindən namizəd irəli sürə bilmədiklərindən və bu gün tənəzzül dövrü yaşadıqlarından bu prosesdə iştirak etmirlər. Qeydiyyatdan keçən siyasi təşkilatların demək olar ki, əksəriyyəti seçki prosesində iştirak edir.

- AXCP partiyası ətrafında Əli Kərimli ilə Razi Nurullayev arasında münaqişə getdikcə güclənməkdədir. Bunun sonu necə ola bilər?

- Ümumiyyətlə, AXCP-də anti-milli qüvvələr toplaşıb. Az-çox millətini, xalqını, dövlətini sevən, dünyada gedən prosesləri bilən və başa düşən insanlar artıq AXCP-dən üz döndəriblər. Onlar haqlı olaraq özlərinin haqlarını tələb edirlər. Vaxtilə Əbülfəz Elçibəyin müavinləri olanlar bu gün özləri siyasi təşkilat yaradıblar. Əli Kərimli AXCP-nin deyil, sadəcə olaraq, “Yurd” təşkilatının varisi kimi fəaliyyət göstərir. AXCP ona etibarnamə ilə verilməyib. Əli Kərimli AXCP adını mənimsəyib. Bu baxımdan da siyasi partiyalar haqqında qanuna uyğun olaraq, AXCP-dən ayrılanlar demokratik qaydada öz haqlarını tələb edirlər. Əli Kərimli və ətrafı isə söz, fikir azadlığı barədə düşünən insanları dərhal partiya sıralarından uzaqlaşdırır, üstəlik, onlara iqtidara işləyənlər damğası vururlar. Əslində iqtidara işləmək millətə, xalqa, dövlətə işləməkdir. Erməni lobbisinə, Azərbaycanı dağıtmaq istəyən qüvvələrə qarşı işləmək isə əsl cinayətdir. Onlar Azərbaycanda “Maydan hərəkatı” yaratmaq istəyənlərə, xaricdən pul alıb iğtişaş törədənlərə, evləri yandıranlara və s. işləyirlər. Çünki bu şəxslər özləri də o yolun yolçularıdır. Leyla Yunusu bir balaca “silkələməklə” Avropanın 4 yerində mülkləri və banklarda pulları ortaya çıxdı. Sual olunanda ki, bunlar nədən ötrüdür, Arif Yunus dedi ki, qardaşımla görüşmək üçün yer lazım idi. Bəyəm görüşmək üçün xaricdən ev almaq lazımdır? Bunun üçün hotel və başqa-başqa yerlər də var. Əgər bu evdisə, deməli, bu evdə plan cızılır. Verilən cavabın özü belə məntiqsizdir. İndi təsəvvür edin, Əli Kərimlini tutub silkələsən nə qədər mülklər və xarici banklarda vəsaitlər ortaya çıxacaq. Bu təşkilatların artıq iç üzü bəllidir. Azərbaycan ictimaiyyəti bunu bilir, görür və qiymətləndirir.

- Necə düşünürsünüz, Cəmil Həsənlinin parlament seçkilərində namizədliyini verməməsi Əli Kərimlinin bilavasitə təsiri ilə bağlı ola bilərmi?

- Cəmil Həsənli də artıq bu prosesin iştirakçısıdır. Bunlar bir medalın iki üzüdürlər. Digər tərəfdən, Cəmil Həsənliyə heç kim səs verən deyil. Vaxtilə o, deputat seçilib. Seçilməyinin səbəbi isə odur ki, o müəyyən pərdə arxasında gizlənirdi və alim kimi özünü cəmiyyətə sırımağa çalışırdı. Onun iç üzü artıq açılıb, bundan sonra heç kim ona dəstək verməyəcək.

 

Azərbaycan.- 2015.- 10 sentyabr.- S. 5.