Metallurgiya
sənayesi qeyri-neft sektorunun önəmli sahəsidir
İqtisadi böhranlar içində çarpışan əksər ölkələrdən fərqli olaraq, Azərbaycanın iqtisadiyyatı sabit addımlarla irəliləyir. Bu ilin birinci yarısında iqtisadi artım 5,7, qeyri-neft sektorunun inkişafı 9,2, sənayedə ümumi artım 4, qeyri-neft sənayesində isə 14 faiz olmuşdur. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyri-neft sənayesinin yüksək templərlə inkişafını belə vurğulamışdır: “Sənayeləşmə prosesi də uğurla gedir. Qeyd etdiyim kimi, qeyri-neft sənayemiz 14 faiz artmışdır. Mən xatırlamıram ki, nə vaxtsa qeyri-neft sənayemiz bu qədər artsın. Bu, doğrudan da rekord göstəricidir. Sənaye artımı əvvəllər də olub, amma daha çox neft hasilatı hesabına”.
Təbii ki, neft və qaz qiymətli mineral sərvətdir, onların olması iqtisadi inkişaf, enerji təhlükəsizliyi üçün çox mühüm amildir. Amma istənilən halda ölkənin gələcəyini təkcə bu amillə bağlamaq doğru olmazdı. Bu fikirləri Prezident İlham Əliyev hələ neft qiymətlərinin və hasilatının yüksək olduğu vaxtlarda söyləmiş və hər çıxışında ölkəmizin neft gəlirlərindən asılılığını azaltmaq, neftsiz, qazsız yaşamağın mümkünlüyünə nail olmaq üçün iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafının vacibliyini dönə-dönə qeyd etmişdir. Bu yaxınlarda dövlət başçısı “Qalaaltı” istirahət və müalicə kompleksinin açılışında da həmin fikirləri bir daha açıqladı: “Biz nefti və qazı kənara qoymalıyıq, ümumiyyətlə unutmalıyıq. Gün gələcək, neft qiymətləri bizim üçün heç bir əhəmiyyət daşımayacaq. Çünki sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları - Azərbaycanda bu sahələr inkişaf edir və daha sürətlə inkişaf etməlidir”.
Qeyri-neft sektorunun inkişafına xüsusi önəm verən Prezident İlham Əliyev son illər bir neçə mühüm sənəd imzalamışdır. Onlardan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını (29 dekabr 2012-ci il), “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nı (26 dekabr 2014-cü il) və “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nı (12 mart 2014-cü il) xüsusi qeyd etmək lazımdır. Bu sənədlərdə ölkəmizin təbii resursları hesabına qeyri-neft, o cümlədən metallurgiya sənayesinin inkişafına dair mühüm tədbirlər nəzərdə tutulmuşdur.
Filiz
yataqları metallurgiyanın əsas mineral xammal
bazasıdır
Ölkənin malik olduğu təbii resursların sırasında mineral ehtiyatlar xüsusi önəm kəsb edir. Mineral ehtiyatlar yerin təkində və səthində aşkar edilmiş faydalı qazıntılardır. Onlar fiziki-kimyəvi xüsusiyyətlərinə və sənayedə istifadə təyinatlarına görə müxtəlifdir.
Metallurgiya sənayesi üçün əsas xammal bazası filiz yataqlarıdır. Azərbaycanın dövlət balansında ehtiyatları təsdiq olunmuş 20-dən artıq filiz yatağı qeydə alınmışdır. Onların əksəriyyəti mis, qızıl, polimetal, dəmir və alunit filizi yataqlarıdır. Bunlardan əlavə, dəyərli metallardan olan gümüş, kobalt, civə, molibden, xrom və s. metalların ehtiyatları da hesablanmışdır.
Geoloji ədəbiyyatlarda filiz yataqlarının müxtəlif təsnifatları verilir və adətən, onlar 6-8 qrupa bölünürlər. Sənayeçilər isə bütün metalları rənglərinə görə 2 böyük qrupa - qara və əlvan metal qruplarına ayırırlar.
Qara metallar - dünya iqtisadiyyatında istifadə olunan metalların 90 faizindən çoxu bu metalların payına düşür ki, onun da çoxunu müxtəlif tipli poladlar təşkil edir. Polad istehsalı üçün əsas mineral xammal dəmir filizidir. Dünyanın 100-ə yaxın ölkəsində dəmir filizi yataqları aşkarlansa da, ancaq 50-dən artıq ölkədə onlar istismar olunur. Cəmi 5 ölkə - Çin, Avstraliya, Braziliya, Hindistan və Rusiya dünya dəmir filizinin 78 faizini hasil edir.
Qara metallardan dəmir, manqan və xromun Azərbaycan ərazisində müxtəlif illərdə bir neçə yatağı aşkar edilib. Lakin onlardan keyfiyyət və kəmiyyət göstəricilərinə görə sənayenin tələbatını ödəyə bilən yalnız Daşkəsən qrupu dəmir filizi yataqlarıdır. Ölkəmizin qara metallurgiyasının çox əhəmiyyətli mineral xammal bazası olan Daşkəsən qrupu dəmir filizi yatağı oxşar tərkibli (maqnetit-skarn tipli) 3 yataq və 2 təzahürdən ibarətdir. Filizin ümumi ehtiyatları 265 mln. ton civarında təsdiq edilmişdir.
Əlvan metallar - Azərbaycan ərazisində əlvan metalların böyük əksəriyyətinin təzahürlərinə rast gəlinsə də, əsasən mis, sink, qurğuşun, alüminium, kobalt, civə və molibdenin, nəcib metallardan isə qızılın sənaye əhəmiyyətli yataqları qeydə alınmışdır. Əlvan metallar təbiətcə oxşar xassələrə malik olduqlarından bir çox hallarda eyni yataqda formalaşaraq vahid polimetal (yəni “çoxmetallı”) filiz yataqları əmələ gətirir. Bu tip yataqlardan Balakən rayonunda yerləşən Filizçayı xüsusi qeyd etmək lazımdır. Əsas tərkibi qurğuşun, sink, mis olan və özündə daha bir neçə qiymətli və nadir metalı, o cümlədən qızıl, gümüş, kadmium, vismut, kobalt və s. saxlayan bu zəngin yataq filiz ehtiyatlarının həcminə görə Avropada ikincidir.
Alüminiumun istehsalına yararlı digər mineral xammal - alunit filizinin ölkəmizdə bir neçə yatağı və təzahürü qeydə alınmışdır. Onların arasında Daşkəsən rayonunda yerləşən Zəylik yatağı öz ehtiyatlarının həcminə görə mühüm əhəmiyyət daşıyır. Ötən əsrin 60-cı illərində yataqdakı filizlərin balans ehtiyatı 173 mln. ton təsdiq edilmişdir ki, bu da həmin yatağın dünyanın eynitipli nəhəng yataqları sırasında yer almasına imkan verir.
Nəcib metallar - bu cür metallardan Azərbaycan ərazisində ən çox yayılanı qızıldır. Gümüşə ayrıca yataq şəklində rast gəlinməsə də, ehtiyatları digər filizlərin tərkibində hesablanmış, platinin isə nişanələri ayrı-ayrı yerlərdə qeyd edilmişdir. Bütün dövrlərin dəyərli metalı olan və bu gün də dünya iqtisadiyyatında xüsusi önəmə malik qızılın heç də hər yerdə yataqları olmur. Bu qiymətli metal dünyanın təxminən 70 ölkəsində çıxarılır və ən iri qızıl yataqları CAR, Avstraliya, Kanada, ABŞ və Rusiyadadır.
Ölkəmizdə də bir neçə qızıl yatağı aşkar edilmişdir. Bu qiymətli metalın həm ayrıca qızıl yataqlarında (Söyüdlü, Qızılbulaq, Vejnəli, Qoşa, Çovdar, Pyəzbaşı, Ağyurd), həm də qızıl saxlayan mis, polimetal və digər yataqlarda (Gədəbəy, Filizçay, Dağkəsəmən) ehtiyatları hesablanaraq dövlət balansında qeydə alınmışdır. Təəssüflə vurğulamaq istərdik ki, birinci 3 çox əhəmiyyətli yataq erməni işğalına məruz qalmış ərazilərdədir və alınan dolayı məlumatlara görə, xarici şirkətlərin köməyi ilə işğalçılar tərəfindən istismar edilir.
Azərbaycanda metallurgiya sənayesinin perspektivləri
Metallurgiya sənayesi ağır, çoxmərhələli və yüksək enerji tutumlu bir sənayedir. Neft və qazdan fərqli olaraq, filiz faydalı qazıntılarının daşınması, nəqli də problem olaraq qalır və baha başa gələn bir prosesdir. Ona görə də metaləritmə müəssisələrinin mümkün qədər yatağın, dağ-mədən kompleksinin yanında və ya yaxınlığında tikilməsi məqsədəuyğun sayılır.
Azərbaycan ərazisində metallurgiyaya dair qədimdən məlumatlar olsa da, demək olar ki, sənaye miqyaslı işlərə Simens qardaşları tərəfindən XIX əsrin ortalarında başlanmışdır. Bu məşhur alman şirkəti Gədəbəydə misəritmə zavodu tikərək ətrafdakı mis yataqlarını istismar etmiş və fəaliyyəti dövründə xeyli mis və qızıl hasil edərək Almaniyaya aparmışdır.
Sovet dönəmində uzun illər digər respublikalarla müqayisədə Azərbaycanda metallurgiya o qədər də inkişaf etməmişdi. Bunun bir sıra səbəbləri vardı: birincisi neft-qaz faktoru idi, əsas güc bu sahəyə yönəldilmişdi; ikincisi, Rusiyada və digər respublikaların ərazisində daha böyük və zəngin filiz yataqları vardı; üçüncüsü, Moskva kənar respublikalarda son məhsula hesablanmış güclü sənaye sahələrinin yaranmasına qısqanclıqla yanaşırdı və onları özünün xammal əlavəsi kimi saxlamaqda maraqlı idi və s. Bunlara baxmayaraq, 1954-cü ildə Daşkəsən dəmir yatağının istismarına başlandı. Amma filizsaflaşdırma kombinatı bizdə (Daşkəsəndə), metallurgiya zavodu isə digər respublikada - Gürcüstanda tikildi. Çıxarılan filiz konsentrat halına salınaraq Rustaviyə, orada konsentrat əridilərək alınan metal isə son məhsula çevrilmək üçün Sumqayıt Boru-prokat Zavoduna göndərilirdi. Bundan əlavə, keçmiş SSRİ dönəmində sənayenin tələbatına uyğun Azərbaycan ərazisində bir neçə digər kiçik metal yataqları da istismar olunurdu. Onlardan da çıxarılan filiz konsentrat halına salınır və son məhsul alınmaq üçün başqa respublikalara daşınırdı. Daşkəsən kobalt, Parağaçay molibden (Ordubad), Ağdərə (Naxçıvan) və Mehmana (Qarabağ) polimetal, Ağyataq və Şorbulaq civə (Kəlbəcər) və s. yataqları buna misal göstərə bilərik. Beləcə, respublikalar bir-birindən asılı vəziyyətə salınırdı. Bu vəziyyət SSRİ dağılana qədər davam etdi və sonra da hər şey dayandı.
Artıq 24 ildir ki, müstəqilliyimizə qovuşmuşuq və hazırda metallurgiya sənayesinin güclü inkişafı üçün ölkəmizdə bütün imkanlar mövcuddur: siyasi sabitlik və təhlükəsizlik; əlverişli maliyyə - iqtisadi şərait (vergi siyasəti, biznes - investisiya mühiti); zəngin mineral-xammal bazası, o cümlədən metal tullantısı; bol enerji ehtiyatlarının olması; metala tələbatı olan sənaye və tikinti sahələri; səriştəli kadrlar və əmək ehtiyatları; yeni istehsal sahələrinin yaradılması imkanları və s. Bütün bunlar təhlil edilərək “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında metallurgiya sənayesinin inkişafı ilə əlaqədar mühüm tədbirlər, o cümlədən, ölkədə polad istehsalı zavodunun inşası, habelə alüminium sənayesinin inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. Konsepsiyanın bu müddəasının icrası istiqamətində tezliklə real addımlar atılmağa başlanmışdır. Prezident İlham Əliyev ölkədə metallurgiya sənayesinin yaradılması, bu sahənin inkişafı və yeni texnologiyanın tətbiqi məqsədilə 23 aprel 2013-cü ildə “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin təsis edilməsi barədə sərəncam imzalamışdır. 26 dekabr 2014-cü il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nı təsdiq etmişdir. Azərbaycanda sənayenin inkişafının “yol xəritəsi” adlana biləcək bu proqramın tədbirlər planının sənayenin rəqabət qabiliyyətinin artırılması və potensialının gücləndirilməsi bölümündə metallurgiya ilə bağlı iki mühüm tədbir öz əksini tapmışdır: 1.15-ci bənddə Gəncə Alüminium Kompleksinin istehsal gücünün artırılması və 1.16-cı bənddə Azərbaycan Polad İstehsalı Kompleksində dəmir filizi hasilatından polad istehsalınadək istehsal prosesinin qurulması ilə bağlı zəruri tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.
Dünya bazarında neftin qiymətlərinin kəskin dəyişmələri ölkənin sabit iqtisadi tərəqqisinin etibarlı təminatı üçün qeyri-neft sahələrinin inkişafını labüd edir. Bu səbəbdən dövlət başçısı İlham Əliyevin qeyri-neft sektorunun, o cümlədən ayrıca bu sahənin flaqmanı olmaq potensialına malik qara və əlvan metallurgiya sənayesinin inkişafına xüsusi önəm verməsi diqqətəlayiqdir.
Bəs metallurgiya sahəsində indiki vəziyyət nə yerdədir?
Yarandığı qısa müddətdə “Azərbaycan Polad İstehsalı Kompleksi”ndə bəzi irəliləyişlərə nail olunub. Kompleksin strukturuna daxil olan Daşkəsən Filizsaflaşdırma Kombinatının fasiləsiz işini təmin etmək üçün yeni texnika və avadanlıqlar, o cümlədən iritonnajlı “BelAZ” karxana maşınları, ekskavator və buldozerlər alınıb. Görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində kombinatda istehsal həcmi artmış və konsentratın keyfiyyəti yüksələrək 65 faizə çatmışdır. Hazırda kombinatın gücü illik 350 min tondur. İlin axırınadək onun 750 min tona, - Gəncə şəhərində 2018-ci ildə metallurgiya zavodu tikilənədək, - 1,7 mln. tona çatdırılması nəzərdə tutulur. Hələlik alınan məhsul əsasən xarici ölkələrə ixrac edilir. Yuxarıda qeyd edilən proqramın tədbirlər planına uyğun olaraq, Gəncə Alüminium Kompleksinin istehsal gücünün və ilkin alüminium istehsalının artırılması, son məhsulun istehsalına qədər texnoloji zəncirin qurulması və bu sahənin ixrac potensialının genişləndirilməsi istiqamətində də işlər davam edir. “Det.Al Alüminium” MMC-yə məxsus alüminium zavodunda keçən il 60 min ton metal məhsul istehsal edilmişdir ki, onun da bir hissəsi daxildə istifadə edilmiş, əsas hissəsi isə xaricə ixrac olunmuşdur.
Polad İstehsalı Kompleksi və Gəncə Alüminium Kompleksi ilkin metalın filizdən alınması əsasında fəaliyyət göstərir və yataqlardan filizləri hasil edən dağ-mədən sənayesinə bağlıdırlar. Bunlarla bərabər, Azərbaycanda bir neçə metallurgiya subyekti var ki, onlar metalları təkrar xammaldan əldə edirlər. Bu tip müəssisələr arasında Qafqaz regionunun ən böyük və modern qara metallurgiya müəssisəsi olan “Bakı Steel Company” MMC-ni, 2013-cü ildə Sumqayıt Kimya-Sənaye Parkında yaradılmış “Azərtexnolayn” MMC-nin Polad Boru Zavodunu, 2014-cü ildən fəaliyyətə başlamış “Bakı Elektriktökmə” ASC-nin çuquntökmə sexini və Bakı Mis İstehsalı Zavodunu göstərmək olar. Ümumiyyətlə, 2014-cü ildə Azərbaycanda qara metallurgiya müəssisələri tərəfindən 370 min tona yaxın metal məhsul (armaturlar, borular, konstruksiyalar) istehsal olunmuşdur ki, bunun da təxminən 250 min tonu “Bakı Steel Company” MMC-nin payına düşür.
Son illər respublikamızda dağ-mədən sənayesinin yeni bir sahəsi - qızılçıxarma sənayesi də təşəkkül tapır. Azərbaycanda pay bölgüsü əsasında çoxlu neft müqaviləsi bağlansa da, filiz yataqları üzrə bu tipli cəmi 2 kontrakt imzalanmışdır. Birinci belə müqavilə 1997-ci ildə ABŞ-ın “RV Investment Group Servises LLC” şirkəti ilə Gədəbəy mis-qızıl və digər yataqların, ikincisi isə “Londreks Resorsiz S.A.” və s. şirkətlər qrupu ilə Qaradağ mis-porfir, Çovdar qızıl və digər yataqların öyrənilməsi, kəşfiyyatı və hasilatın pay bölgüsü şərtilə bağlanmışdır.
Gədəbəy yatağında hasilat işlərinə 2009-cu ildə başlanılmışdır. Hazırda yataqdan ildə təxminən 50-60 min unsiya təmiz qızıl, əlavə olaraq, bir qədər gümüş və mis çıxarılır. Yatağın istismarını həyata keçirən “Anglo-Asian Mining plc.” şirkəti bu ilin axırına hasilatı 70-75 min unsiyaya çatdırmağı hədəflədiyini bildirmişdir. İkinci müqavilə üzrə tədqiqat işləri aparılsa da, hələlik hasilata başlanılmamış və işlər müvəqqəti dayandırılmışdır.
Göründüyü kimi, ölkəmizin ərazisində bir çox faydalı qazıntılar, o cümlədən dağ-mədən və metallurgiya sahəsinin inkişafı üçün kifayət qədər zəngin filiz yataqları mövcuddur. Onların sənayenin müasir tələbləri əsasında yenidən tədqiqi, işlənməsi və modern üsullarla idarə olunması ölkəmizin iqtisadiyyatı, qeyri-neft sektorunun inkişafı üçün vacib məsələlərdəndir. Bunları nəzərə alaraq Prezident İlham Əliyev 11 fevral 2015-ci ildə “AzərGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yaradılması haqqında sərəncam imzalamışdır. Sərəncamda “AzərGold” QSC-nin əlvan metal filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirəcəyi bildirilir. Hazırda həmin qurumun nizamnaməsi və strukturu hazırlanır.
Uğurlarına heç bir şübhə etməyərək düşünmək olar ki, səhmləri dövlətə məxsus bu iki səhmdar cəmiyyətin əsasında bəlkə də gələcəkdə daha güclü bir qurum, məsələn, “Azərmetal” adlı dövlət şirkəti və ya səhmdar cəmiyyətinin yaradılması Azərbaycan üçün daha faydalı ola bilər. Çünki dünya metal bazarında neft və qazdan da sərt bir rəqabət mövcuddur. Bu bazarda qiymətlər daha kəskin oynayır. Nəhəng xarici şirkətlərin basqısına tab gətirmək, sabit satış bazarı qazanmaq və dayanıqlı maliyyə imkanlarına malik olmaq üçün qara və əlvan metallurgiya müəssisələrimizin vahid bir əldən idarə olunması məqsədəuyğun olardı.
İstənilən halda bu sahədə yaradılacaq hər hansı qurumun ölkəmizin malik olduğu zəngin filiz yataqlarını ən müasir texnologiya ilə ətraf mühitə zərər vermədən istismar edəcəyinə, ona həvalə olunmuş vəzifələrin öhdəsindən layiqincə gələcəyinə, metallurgiya sənayesinin qeyri-neft sektorunda önəmli yer tutacağına heç kimdə şübhə yoxdur. Bununla da metallurgiya sənayesi Azərbaycan iqtisadiyyatının çiçəklənməsinə, xalqın rifah halının yaxşılaşmasına və ölkəmizin bu istiqamətdə də tanınmasına öz layiqli töhfələrini verəcək.
Rəşid
FƏTƏLİYEV,
Nazirlər
Kabineti Aparatının
Neft və
kimya şöbəsi müdirinin müavini,
geologiya-mineralogiya elmləri namizədi
Azərbaycan.- 2015.- 10 sentyabr.- S. 7.