İqtisadiyyat və Sənaye
Nazirliyində Avropa İttifaqı Parlamentinin Azərbaycanla bağlı
qərəzli qətnaməsinə
ciddi etiraz bildirilib
Sentyabrın 10-da iqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikasının Avropa İttifaqı ilə Əməkdaşlığı üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir xanım Malena Mard ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və Avropa İttifaqı arasında əlaqələr, sənaye, sənaye məhəllələri, qeyri-neft məhsullarının ixracı, regionların inkişafı, kənd təsərrüfatı sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, 2016-cı ildə Avropa İttifaqı-Azərbaycan biznes forumunun keçirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Azərbaycanın iqtisadiyyatı barədə məlumat verən Şahin Mustafayev dünyada baş verən mənfi iqtisadi proseslərə baxmayaraq, ölkəmizin inkişafının dayanıqlı olduğunu, yaradılmış möhkəm iqtisadi zəmin və siyasi iradə nəticəsində növbəti illərdə də iqtisadi artımın davam edəcəyini, bu artıma qeyri-neft sektorunun inkişafı hesabına nail olunacağını diqqətə çatdırıb. Nazir Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin çoxşaxəli, Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu və ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını qeyd edib.
Səfir Malena Mard Avropa İttifaqının Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduğunu bildirib. O, birgə layihələrin Azərbaycanın inkişaf istiqamətlərinə uyğun hazırlandığını qeyd edib, əməkdaşlığın genişləndirilməsi barədə fikirlərini bildirib.
Görüşdə Azərbaycan Respublikasının Avropa İttifaqı ilə Əməkdaşlığı üzrə Dövlət Komissiyasının sədri Ş.Mustafayev deyib: “Təəssüflər olsun ki, əməkdaşlığımıza çox ciddi maneələr törədə biləcək məqamlar da var. Avropa İttifaqı Parlamentinin bu gün qəbul etdiyi qətnamə anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı növbəti təxribatçı addımı olmaqla Azərbaycan-Avropa İttifaqı əlaqələrinə ciddi zərbədir. Qətnamə birtərəfli, tamamilə qərəzli və əsassızdır, heç bir konkret fakta söykənmir. 24 ildir ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış qaçqın və məcburi köçkün problemi, bir milyondan çox insanın ən adi hüquq və azadlıqlarının təmin olunması məsələsi nədənsə nəzərə alınmayıb, əvəzində ölkəmizə qarşı qondarma ittihamlar irəli sürülüb. Avropa İttifaqı Parlamentinin bu qərəzli addımı cavabsız qalmayacaq”.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri M.Mard qətnamə ilə bağlı səsləndirilmiş bu mövqeyi Avropa Komissiyasına çatdıracağını bildirib.
Azərbaycan.- 2015.- 11 sentyabr.- S. 2.