Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda konfrans və “Parisin ürəyində Azərbaycan musiqisi” adlı konsert təşkil olunub

 

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan Parisin ürəyində” adlı layihə çərçivəsində sentyabrın 8-də Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda konfrans keçirilib və “Parisin ürəyində Azərbaycan musiqisi” adlı konsert təşkil olunub.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirlərdə iştirak edib.

Konfransda Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare bu gün dünya gündəmində tolerantlıq mövzusunun aktuallığını qeyd etdi. O, dünyəvi məsələ olan bu mövzuya Azərbaycanın göstərdiyi marağın nümunəvi xarakter daşıdığını diqqətə çatdıraraq dedi:

-Xanımlar və cənablar. Əvvəla, belə əhəmiyyətli tədbirdə iştirak etdiyiniz üçün hamınıza təşəkkür edirəm. Mən Heydər Əliyev Fondunun rəhbəri xanım Əliyevanın bu tədbirdə iştirakından qürur duyuram. Bu tədbirdə biz fikir mübadiləsi aparacaq, mənəviyyat və siyasət barədə müxtəlif təklifləri müzakirə edəcəyik. Bildirmək istəyirəm ki, heç bir konsepsiya digərindən üstün deyil, bütün ideyalar idraka və sağlam düşüncəyə söykənməlidir. Sağ olun.

Konfransın aparıcısı görkəmli politoloq Pyer Konetsa Fransa cəmiyyətində tolerantlıq mövzusunun hər zaman aktual olduğunu bildirdi, Azərbaycan tərəfindən bu sahədə atılan addımların əhəmiyyətindən danışaraq dedi:

-Əziz dostlar. Tolerantlıq Fransada əsas məsələlərdən biridir. Bu məsələ bizi dərindən narahat edir, düşündürür. Fikrimcə, Azərbaycandakı tolerantlıq məsələsinə də nəzər yetirmək lazımdır. Bilmək lazımdır, belə bir gənc ölkə necə oldu ki, tez bir zamanda özünün siyasi seçiminə nail oldu. Bu gün bu ölkə ilə olan sıx əlaqələrə nəzər salmaq lazımdır. Bu səbəbdən biz bu gün Azərbaycandakı dini müxtəliflikdən, Fransa və Azərbaycan təcrübələrindən danışacağıq. Burada hər iki ölkənin çox sayda nümayəndəsi var. Xanım Əliyevanın çıxışından sonra biz diskussiyalara başlayacağıq.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva konfransda çıxış etdi.

Birinci xanım Mehriban Əliyevanın çıxışı

-Hörmətli konfrans iştirakçıları.

Xanımlar və cənablar.

Əziz qonaqlar.

“Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” adlı konfransda sizin hər birinizi salamlayıram. Konfransın hazırlanmasında bizə dəstək olan Parisin 1-ci rayonunun meri cənab Jan Fransua Löqareyə və meriyanın bütün əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm.

Azərbaycan tarix boyu sivilizasiyaların, mədəniyyətlərin, dinlərin qovuşuğunda yerləşib. Ölkəmiz Asiya ilə Avropa arasında təbii bir körpüdür. Əlbəttə, bu coğrafi yerləşmə ölkəmizdəki mədəni müxtəliflikdə öz rolunu oynamışdır. Əsrlər boyu bu qədim diyarda müxtəlif dinlərin, mədəniyyətlərin, millətlərin, etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində bir ailə kimi yaşamışlar.

Biz minilliklərlə cəmiyyətimizdə formalaşan tolerantlıq və dözümlülük ənənələrini müstəqilliyimizi bərpa etdikdən sonra da qoruyub saxlamışıq və daha da möhkəmləndirməyə çalışırıq.

Azərbaycan nadir ölkələrdən biridir ki, eyni zamanda, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Azərbaycan dünyəvi müsəlman ölkəsidir. İslam bizim müqəddəs dinimizdir və biz öz dinimizə, öz ənənələrimizə, öz köklərimizə böyük hörmətlə yanaşırıq. Biz öz mədəni, dini və tarixi irsimizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən biri olan, 743-cü ildə tikilmiş məscid Azərbaycanın Şamaxı şəhərində yerləşir. Dünyanın ən qədim kilsələrindən biri olan Qafqaz Alban kilsəsi Azərbaycanın digər çoxəsrlik tarixi olan Şəki şəhərinin yaxınlığında yerləşir. Pravoslav və katolik kilsələri, sinaqoqlar, atəşpərəstlər məbədi – bütün bunlar Azərbaycanın mədəni irsinin tərkibidir. Biz öz ənənələrimizə, öz köklərimizə, öz tariximizə çox böyük hörmətlə yanaşırıq. Eyni zamanda, biz dünyaya açıq və bütün ölkələrlə əməkdaşlıq qurmağa çalışan bir ölkəyik.

Bu gün Azərbaycanda digər azadlıqlar kimi, dini azadlıqlar da tam şəkildə təmin edilir. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Ölkəmizdə bütün xalqların, bütün dinlərin, bütün etnik qrupların nümayəndələri eyni hüquqlara malikdirlər. Əlbəttə, bu, ölkənin Konstitusiyası ilə təsbit olunub, lakin reallıq da belədir.

Azərbaycan xalqında olan dözümlülük, əsrlər boyu formalaşan bu mühit ona gətirib çatdırıb ki, bizim üçün bu, normal yaşayış, həyat tərzidir. Heç zaman Azərbaycanda dini, milli zəmində heç bir qarşıdurma yaxud anlaşılmazlıq olmayıb və yoxdur. İctimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə Azərbaycanda xalqlar qarşılıqlı hörmət və anlayış şəraitində yaşayıblar.

Bu sahədə düşünülmüş dövlət siyasəti, cəmiyyətdə formalaşmış dözümlülük, tolerantlıq ənənələri və əlbəttə, ölkəmizin son illər çox sürətli iqtisadi inkişafı dünyada yayılan radikalizm və dini ekstremizm meyillərinin qarşısını almaq üçün ən əsas amillərdir. Bu gün Azərbaycanda bütün dinlərin, millətlərin və etnik qrupların nümayəndələri ölkəmizin inkişafına öz töhfələrini verməkdədirlər. Azərbaycan əhalisinin 96 faizini müsəlman, 4 faizini xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edir. Respublikamızda 597 dini icma var, onlardan 21-i qeyri-müsəlman icmasıdır. Misal üçün, bütün dünyada dağ yəhudilərinin yığcam halda yaşadığı yeganə yaşayış məntəqəsi Azərbaycanın Quba rayonunda Qırmızı qəsəbədir.

Dövlət-din münasibətləri Azərbaycanda xüsusi yer tutur. Tolerantlıq ənənələrini qoruyub saxlamaq dövlət siyasətinin əsas prioritetlərindən biridir. Ölkəmizdə məscidlərin, katolik, pravoslav kilsələrin, sinaqoqların təmiri və tikintisini dövlət öz üzərinə götürür və bu sahədə heç bir ayrı-seçkilik yoxdur. Mən əminəm ki, hər bir insanın digər dinə hörməti öz dinindən başlayır və hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir.

Təsadüfi deyil ki, son illər multikulturalizm, sivilizasiyalararası dialoq, mədəniyyətlərarası dialoq mövzularına həsr olunmuş bir çox beynəlxalq tədbirlər məhz Azərbaycanda, onun paytaxtı Bakıda keçirilir.

Hesab edirəm ki, müsbət meyillərin güclənməsi üçün dünyada belə görüşlər, açıq müzakirələr və fikir mübadiləsinə ehtiyac böyükdür. Əfsuslar olsun ki, biz bir çox hallarda bunun əksini görürük. Yaxın Şərqdə, Avropada, digər yerlərdə dini amil əsasında müharibələr, münaqişələr, qanlı toqquşmalar baş verir. Bəzi hallarda görürük ki, dini nifrət süni şəkildə yaradılır. Dünyanın müxtəlif yerlərində etnik və dini zəmində zorakılığın şahidi oluruq. Bu ilin əvvəlində Parisdə baş verən faciəvi hadisələri hamımız yaxşı xatırlayırıq. Əlbəttə, bu meyillər, dünyada gedən proseslər bizim hamımızı narahat edir. Lakin bu gün yalnız narahat olmaq kifayət deyil. Fikrimcə, siyasətçilərin, ictimai xadimlərin, beynəlxalq təşkilatların və xüsusən də medianın bu məsələlərdə məsuliyyəti artmalıdır.

Ekstremizm və terrorçuluğa qətiyyətlə yox deməklə biz cəmiyyətlərimizdə dözümlülük, sülhsevərlik, tolerantlıq dəyərlərinin təbliğinə geniş fikir verməliyik. Multikulturalizmin alternativi yoxdur. Son zamanlar bununla bağlı müxtəlif fikirlər, bəzən pessimist ideyalar səslənir. Amma bunun alternativi nədir? Ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillərdir ki, bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub.

Dərin multikulturalizm köklərinə malik ölkə kimi Azərbaycan qlobal arenada bu dəyərlərin təşviqi üçün vacib rolunu oynamağa hazırdır. Ölkəmiz müxtəlif dini, mədəni və tarixi abidələrin qorunub saxlanılmasına da öz töhfəsini verir. 2012-ci ildə Parisdə dünyanın ən böyük muzeyi olan Luvr muzeyində İslam mədəniyyəti bölməsi açılmışdır. Azərbaycan bu bölmənin yaradılmasına öz töhfəsini vermişdir. Bu, əslində bizim bütün İslam mədəniyyətinə verdiyimiz töhfədir.

Heydər Əliyev Fondunun dəstəyi ilə Romada müqəddəs katakombalar bərpa edilir. Vatikan tarixində ilk dəfədir ki, müsəlman ölkəsində fəaliyyət göstərən təşkilat Romada müqəddəs xristian abidələrinin bərpasına kömək edir. Paytaxt Bakıda yaşayan yəhudi uşaqlar üçün Fondun dəstəyi ilə “Xabad-Or-Avner” təhsil mərkəzi inşa edilib. Həmçinin Fond Azərbaycanda yerləşən katolik, pravoslav kilsələrin, sinaqoqların təmirinə öz töhfəsini verir.

Məmnuniyyətlə qeyd etmək istərdim ki, Heydər Əliyev Fondu Fransada bir neçə iri layihə həyata keçirib. 2005-ci ildə Fond Strasburq Kafedral Kilsəsinin bərpasına maliyyə yardımı göstərib. Fond Fransanın müxtəlif regionlarında qədim kilsələrin bərpasında iştirak edir. Aşağı Normandiya regionunda 20-yə yaxın katolik kilsəsinin bərpasına Fond öz dəstəyini göstərib. Bütün bunlar sülh, dözümlülük, humanizm dəyərlərinin təbliği və təşviqinə, xalqlararası və dinlərarası əlaqələrin möhkəmlənməsinə xidmət edir.

Əfsuslar olsun ki, ölkəmiz və xalqımız müasir tarixdə etnik təmizləmə və soyqırımı ilə üzləşib. Azərbaycan qonşu Ermənistan tərəfindən təcavüzə məruz qalıb, torpaqlarımızın 20 faizi işğal altındadır, bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Xocalı şəhərində bir gecə ərzində 613 dinc vətəndaş - qadınlar, qocalar, uşaqlar vəhşicəsinə öldürülüb. Azərbaycanın işğal olunmuş torpaqlarında 876 tarixi, mədəni və dini abidə mövcud idi və demək olar ki, onların hamısı tamamilə məhv edilib.

Bütün bunlara baxmayaraq, biz çalışırıq ki, münaqişə sülh yolu ilə öz həllini tapsın. İstəyirik ki, bölgədə regional əməkdaşlıq inkişaf etsin, millətlərarası münasibətlər daha da yaxşılaşsın, dinlərarası dialoq genişlənsin. Azərbaycan gələcəkdə də digər ölkələrlə bərabər, bu ümumbəşəri dəyərlərin qorunmasına öz töhfəsini verməyə hazırdır.

Əziz dostlar, ümidvaram ki, bugünkü görüşümüz səmərəli keçəcək və bütün müzakirələr ölkələrimiz, xalqlarımız və dinlər arasında dostluq münasibətlərinin möhkəmlənməsinə öz töhfəsini verəcəkdir.

Bu gün bu konfransda iştirak etdiyinizə görə hər birinizə bir daha öz dərin minnətdarlığımı bildirirəm, xalqlarımıza sülh və əmin-amanlıq arzu edirəm. Çox sağ olun.

 

X X X

 

Aparıcı Pyer Konetsa: Xanım Əliyeva, ölkəniz haqqında belə ətraflı təqdimata görə Sizə minnətdarıq. Ölkənizdəki dini müxtəlifliyi çox orijinal və müdrik formada istiqamətləndirirsiniz.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 1995-ci ildə qəbul edilən Konstitusiyamızda Azərbaycanın dünyəvi dövlət olması prinsipinin yer aldığını, bu dünyəviliyin isə özündə din-dövlət münasibətlərini ehtiva etdiyini bildirdi. Qeyd etdi ki, bu gün Azərbaycanda tolerantlığın mühüm elementlərindən biri onun qorunmasının dövlət siyasətinə çevrilməsidir.

Mübariz Qurbanlı 2001-ci ildə yaradılan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə məlumat verdi, ölkəmizdə ənənəvi dini icmalara hərtərəfli yardım göstərildiyini, onların arasında ayrı-seçkiliyin qoyulmadığını diqqətə çatdırdı. Heydər Əliyev Fondunun ölkəmizdə tolerantlıq mühitinin daha da güclənməsinə mühüm töhfələr verdiyini vurğuladı.

Pyer Konetsa: Bu gün biz müxtəlif dini, siyasi və mədəni məsələləri müzakirə edəcəyik. Lakin bir fransız kimi mənə Azərbaycandakı vəziyyət maraqlı gəlir. Burada əsrlər boyu yəhudilər sülh şəraitində, heç bir təqibə məruz qalmadan yaşayıb və yaşayır. Mən bu sahədə mütəxəssis deyiləm. Amma bu fakt artıq müzakirə mövzusu olmalıdır. Bu fenomen necə baş verir? İkincisi, Azərbaycanda qarşıdurmalara heç zaman rast gəlinməyib. Bu birgə yaşayışın necə təmin olunması da maraqlıdır. Üçüncü məsələ isə icmaların parlamentdə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində təmsil olunmasıdır. Məncə, bu məsələdə də Azərbaycan təcrübəsi müzakirə edilə bilər.

Fransanın böyük ravvini Haim Korsia Azərbaycanda dinə münasibətdə heç bir problemin olmadığını bildirdi və qeyd etdi ki, bir çox ölkələrdə insanlar dini baxışlarına görə ayrı-seçkiliyə məruz qalırlar. Haim Korsia dedi:

-Çıxışlardan məlum oldu ki, Azərbaycanda dinlə bağlı problem yoxdur. Bizdə isə deyirlər ki, biz evdə yəhudi, bayırda isə fransız olmalıyıq.

Azərbaycan Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev çıxışında bildirdi ki, Azərbaycan və yəhudi xalqları hər zaman bir yerdə yaşamağın yaxşı nümunəsini nümayiş etdiriblər. O dedi:

- Dağ yəhudiləri uzun əsrlərdən bəridir ki, Azərbaycanda yaşayırlar. Bu uzun əsrlər boyu biz Azərbaycan xalqı ilə dostlaşmış, qardaşlaşmış bir xalqıq. Bizim mentalitetimiz eyniləşib. Amma bizim öz Tövratımız, Musa peyğəmbərimiz, öz milli mənəvi dəyərlərimiz var. Azərbaycan öz milli mənəvi dəyərləri ilə yaşayır və inkişaf edir. Bir qədər əvvəl möhtərəm ravvin dedi ki, biz elə bil faktla rastlaşmışıq ki, bayırda fransız, içəridə isə yəhudiyik. Amma Azərbaycanda belə deyil. Biz bayırda da yəhudiyik, içəridə də yəhudiyik. Biz bayırda da bu kipa ilə gəzirik, içəridə də. Biz içəridə də “Şəma İsrail” deyirik, bayırda da bunu deməyə qorxmuruq.

Mən bir şeyi qeyd etmək istərdim ki, indi Azərbaycanda yeddi sinaqoq, iki yəhudi orta məktəbi, bir “İşiva” kollec, üç uşaq bağçası və Yəhudi evi fəaliyyət göstərir. Biz bu illər ərzində Azərbaycan xalqının xoş gününə sevinmişik.

Olmasın bəd günlər, bəd günlərdə də bir yerdə olmuşuq. Son illər Azərbaycan təcavüzə məruz qalanda bizim də şəhidlərimiz oldu. Bizim də Albert Aqarunov kimi milli qəhrəmanımız var. Biz harada olmağımızdan asılı olmayaraq bununla fəxr edirik. Azərbaycanın bugünkü həqiqətlərini inanın Allaha ki, gəlib görmək lazımdır.

Bizə dünyanın hər yerindən qonaqlar gəlir. Elə il yoxdur ki, iki qrup, üç qrup fransız gəlməsin. Biz hər şənbə şabat süfrəsi açırıq. Onlar bizim şabat süfrəsinə qonaq oldular. Süfrədən sonra Marselioza oxumağa başladılar. Biz də oxuduq, onlar da oxudular. Bir də gördüm təsirləniblər. Soruşdum ki, niyə təsirlənmisiniz? Dedilər ki, biz belə bir şabata həsrətik.

Dünyada analoqu olmayan müsəlman dövləti bizə sinaqoq tikib, təhvil verib, töhfə edib. Onun fəaliyyətini təmin etmək üçün hər il bizə yardım göstərirlər. İnanın Allaha ki, bu, Azərbaycanda bizim gündəlik həyatımızdır. Bu, gəlişi gözəl sözlər deyil. Azərbaycan dünyada yəhudilər üçün ən münbit bir dövlətdir.

Fransanın Doqones şəhərinin məscidinin nümayəndəsi İmam Həsən bütün dünyada mövcud olan dini dözümsüzlükdən, müxtəlif dinlərin nümayəndələri arasında olan münaqişələrdən danışdı və Azərbaycandakı vəziyyətin digər ölkələrdəki vəziyyətdən tam fərqləndiyini bildirərək dedi:

-Bəs nə üçün Azərbaycanda dini dözümsüzlük yoxdur, tolerantlıq hökm sürür? Mən Azərbaycan tarixinə bələdəm. Azərbaycan İslamla Hicri-Qəməri təqviminin 25-ci ilində, Xəlifə Ömərin vaxtında tanış olub. Hicri-Qəməri təqvimi ilə birinci əsrdə burada İslam bərqərar olub.

Fransa Yəhudi Təsisatları Şurasının nümayəndəsi Jan Pyer Lalebi konfransda çıxış edərək müxtəlif ölkələrdə dinə olan münasibətdən danışdı. Qeyd etdi ki, bir çox ölkələrdə dünyəvilik yeni bir din kimi qarşılanır, Azərbaycanda isə bunun tam əksidir. Hər kəs bir-birinə mane olmadan dini etiqadına riayət edir. Jan Pyer Lalebi dedi:

-Mən müşahidələrimi sizinlə bölüşmək istəyirəm. Bizim təşkilatın Azərbaycan səfirliyi, Azərbaycanın siyasi dairələri və Azərbaycanda yaşayan yəhudilərlə sıx əlaqələri var. Mən dəfələrlə Azərbaycanda olmuşam. Bura müstəsna bir ölkədir. Bu tədbirdə də məndən başqa çoxları bu fikri təkrarlayır. Mən sonuncu dəfə Azərbaycanda olanda yəhudi icmasının nümayəndələri ilə görüşdüm. Bundan sonra bizim şeyxülislamla da görüşümüz oldu. Görüşdə ölkədəki bütün dini icmaların nümayəndələri iştirak edirdilər. Mən icma üzvləri arasında qarşılıqlı rəğbətin şahidi oldum. Ölkədə bütün icmaların arasında səmimi dostluq münasibətləri mövcuddur.

Fransanın İvri şəhərinin katolik yepiskopu Dübost Azərbaycanın quruluşuna görə dünyəvi dövlət olduğunu qeyd etdi və bildirdi ki, buna baxmayaraq burada bütün dini icmalar sülh şəraitində birgə yaşayırlar.

Konfransdakı çıxışlara münasibət bildirən Mehriban Əliyeva dedi:

-Hörmətli qonaqlar, mən ilk növbədə, burada ölkəmiz haqqında çıxış edən, Azərbaycanda olan konfrans iştirakçılarının sözlərinə görə onlara öz dərin minnətdarlığımı çatdırıram. Mən sizin hər birinizi Azərbaycana dəvət etmək istəyirəm.

Bəzi suallara mən də öz fikrimi bildirmək istəyirəm. Terrorizmin, radikalizmin heç bir dini və milləti yoxdur. Bu cür həssas məsələlərdə çox dəqiq olmaq lazımdır. Düşünmək lazımdır ki, bu kəlmələr milyonlarla insanın hisslərinə toxunur. Çünki mən yenə də demək istəyirəm, bu halların İslama heç bir aidiyyəti yoxdur.

Siz sual verdiniz ki, Azərbaycanda bu mühit necə əldə edilib. Əlbəttə, burada tarixi köklər çox vacibdir. Əsrlər boyu insanlar bir-birinə qarışıb, müxtəlif mədəniyyətlər, müxtəlif dinlər arasında yaşayıb. Digər tərəfdən, əlbəttə, bu, dövlət siyasəti olmalıdır. Çünki dövlət bu tolerantlıq ənənələrinin saxlanmasına, qorunmasına böyük diqqət verir.

Həmçinin çox vacib məsələ, əlbəttə, iqtisadi və sosial problemlərin həllidir. Çünki biz nəzər salsaq görərik ki, bu pis meyillər hansı ölkələrdə hökm sürür. O ölkələrdə ki, sabitlik, iqtisadi inkişaf yoxdur, yoxsulluq var, təhsilin səviyyəsi çox aşağıdır.

Əlbəttə, biz ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra keçdiyi yola nəzər salsaq, - 24 ildir ki, müstəqilliyimizi bərpa etmişik, - görərik ki, bu qısa zamanda çox böyük nailiyyətlər əldə etmişik. Misal üçün, 10 il bundan əvvəl Azərbaycanda yoxsulluğun səviyyəsi 50 faiz idi. Bu gün 5 faizdir. Bu gün işsizliyin səviyyəsi 5 faizə düşüb. Bu gün bütün dünyaya bəllidir ki, Azərbaycanın iqtisadiyyatı necə böyük sürətlə inkişaf edir.

Biz bu gün siyasətimizdə təhsilə ən vacib prioritet istiqamət kimi baxırıq. Çünki biz yenə də nəzər salsaq görərik ki, əhalinin hansı təbəqəsi radikalizmə, ekstremizmə meyillidir. Əfsuslar olsun ki, bunlar gənclərdir. O gənclər ki, nə biliklərə malikdir, nə də təhsil ala bilir. Odur ki, radikalizmin qarşısını almaqda təhsilin çox böyük əhəmiyyəti var və biz Azərbaycanda buna böyük diqqətlə yanaşırıq. Biz öz gənclərimizi xarici ölkələrə təhsil almağa göndəririk. İstəyirik ki, onlar bütün dünyada mövcud olan ab-havanı görsünlər. Əlbəttə ki, sabitlik, iqtisadi inkişaf bu məsələlərdə çox böyük rol oynayır.

Mən bir daha demək istəyirəm ki, tolerantlıq, dözümlülük Azərbaycanda hər bir vətəndaş üçün çox normal və adi yaşam tərzidir. Biz heç vaxt heç kimə milli, dini mənsubiyyətinə görə fərq qoymamışıq. Bir insanla tanış olanda heç ağlımıza da gəlmir ki, onun dini, milləti nədir? Çünki biz hər zaman özümüzü bir millət kimi hiss etmişik və doğrudan da biz çox xoşbəxtik.

Bilirsiniz, bu gün biz elə dünyada yaşayırıq ki, hasarlar qurmaq, öz məkanında qalmaq və əldə edilən nailiyyətləri qoruyub saxlamaq çətindir. Çünki müasir dünyada ətrafda gedən proseslər istər-istəməz sənin də dövlətinə təsirini göstərir. Ona görə biz bu mövzunu qaldıranda, bu konfransı keçirəndə, Azərbaycanın təcrübəsini bütün dünyaya göstərəndə istəyirik dünyaya çatdıraq ki, birgə yaşamaq mümkündür. Dostluq və anlayış şəraitində yaşamaq mümkündür.

Ona görə, bizim üçün çox vacibdir ki, Azərbaycanın təcrübəsi bu gün dünyada tanınsın. Əlbəttə, biz bir çox ölkələrlə, o cümlədən Fransa ilə bu sahədə əməkdaşlığa hazırıq və istərdik ki, gələcəkdə də əməkdaşlıq edək. Bizim istəyimiz odur ki, bu təcrübə dünyada tanınsın və geniş təbliğ olunsun. Təşəkkür edirəm.

 

X X X

 

Pyer Konetsa: Xanım Əliyeva, maraqlı çıxışınıza görə Sizə minnətdarlığımı bildirirəm. Azərbaycandakı sağlam dini mühitin mövcud olmasında Sizin rolunuz böyükdür. Sizin ölkənizin təcrübəsini tətbiq edərək bizdəki bəzi problemləri də həll etmək mümkündür.

Konfransda Fransa Müsəlmanları Şurasının vitse-prezidenti Tofiq Septi dini radikalizmlə bağlı fikirlərini bildirdi. Qeyd etdi ki, radikalizmlə mübarizə təkcə hüquq mühafizə orqanlarının işi deyil, bu məsələdə bütün dini icmalar yaxından iştirak etməlidirlər. Tofiq Septi bu məsələdən danışarkən Azərbaycandakı təcrübəni qeyd etdi və dedi:

- Azərbaycandakı tolerantlığa şahid olmaq üçün bu ölkəyə səyahət etmək lazımdır. Dini radikalizmlə mübarizədə Azərbaycan təcrübəsindən bəhrələnmək gərəkdir.

Valiske Yəhudi Assosiasiyasının nümayəndəsi Andrey Kosmiki Azərbaycan cəmiyyətində qadınların rolunun böyük olduğunu vurğuladı.

Fransa sakini xanım Xosla Mehriban Əliyevanın Azərbaycan-Fransa əlaqələrinin inkişafındakı xidmətlərini xüsusi qeyd etdi, dünyada tolerant yaşayışın önəmini diqqətə çatdırdı.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı 1823-cü ildən fəaliyyət göstərən idarənin dövlət-din münasibətlərinə töhfə verdiyini, bu prosesdə qadınların fəaliyyətindən də istifadə olunduğunu bildirdi.

UNESCO-nun xoşməramlı səfiri Edva Ser Azərbaycanda olduğu müddətdə gördüyü tolerantlıqdan ətraflı danışaraq dedi:

- Mən bu ölkədə dəfələrlə olmuşam. Azərbaycanda mən sərbəst və təhlükəsiz şəraitdə hərəkət edə bilirəm. Bakıda insanlar səmimi və gülərüzdürlər. Təəssüf ki, bu gün əksər ölkələrdə belə insanlara rast gəlmək çətindir. Mən Azərbaycanda müxtəlif dini icmaların nümayəndələri ilə görüşmüşəm. Bu ölkədə hər addımda tolerantlıq ruhu hiss olunur. Azərbaycanda qədim binalara tez-tez rast gəlinir. Dövlət qədim tarixi irsi qoruyur.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein qeyd etdi ki, bütün dinlər Azərbaycanda eyni hüquqa malikdir və onlar cəmiyyətin həyatında yaxından iştirak edir. O dedi:

- Hörmətli Mehriban xanım, cənab Löqare, xanımlar və cənablar. Cənab Fekete ilə mən Azərbaycanın xristian icmasını təmsil edirik. Mən pravoslavam, o isə Roma katolik kilsəsinə mənsubdur. Təbii ki, Azərbaycan dünyəvi dövlətdir. Din dövlətdən ayrıdır. Ancaq tərkib hissəsinə görə ölkə İslam ölkəsidir, çünki vətəndaşların əksəriyyəti müsəlmanlardır. Yalnız az bir qismi xristianlardır. Lakin buna baxmayaraq Azərbaycanda bütün dinlər bərabərhüquqludur. Bunun sübutu isə dövlət institutları, biznes, təhsil, səhiyyə sahələrində bütün millətlərin və bütün dinlərin nümayəndələrinin təmsil olunmasıdır. Biz bununla çox fəxr edirik. Bizdə məscidlər, məbədlər, kastyollar, yeni sinaqoqlar var. Həm də onların yeniləri açılır, inşa olunur, köhnələri bərpa edilir. Bu məsələdə Heydər Əliyev Fondu böyük kömək göstərir. Lap bu yaxınlarda bizdə Pravoslav Dini-Mədəni Mərkəzi açılıb. Demək lazımdır ki, dövlət dini problemlərə son dərəcə diqqətlə yanaşır. Hər il Azərbaycan Prezidenti dini icmaları təbrik edir - xristianları Pasxa və Milad, müsəlmanları Qurban, yəhudiləri isə Roş-Ha-Şana bayramları münasibətilə təbrik edir. Mən də fürsətdən istifadə edərək Fransa yəhudilərini qarşıdan gələn Roş-Ha-Şana bayramı münasibətilə təbrik edirəm. Demək istərdim ki, bizdə həm də dini-tədris müəssisələri mövcuddur. Məsələn, İslam Universiteti, bizim məbəddə xristian məktəbi, həmçinin yəhudi tədris müəssisələri fəaliyyət göstərir. Bu, dövlətimizin dini problemlərə nə qədər ehtiramla yanaşdığını sübut edir.

Azərbaycan mentalitetinin daha bir mühüm cəhətini qeyd etmək istərdim. Bu, hər kəsin dini hisslərinə olan dərin hörmətdir. Bizdə dini, yaxud milli məhəllə və ya küçələr yoxdur. Eyni küçədə, eyni binada, eyni tikilidə müxtəlif xalq və millətlərin nümayəndələri yaşayırlar. Bizdə qarışıq nikahlar da çoxdur. Məsələn, əgər müsəlmanlar Qurban, yaxud Ramazan bayramını qeyd edirlərsə, demək bu, dini və ya milli mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının bayramıdır. Əgər Milad və ya Pasxa bayramıdırsa, bütün vətəndaşlar bunu bilir və bir-birilərini bu bayram münasibətilə təbrik edirlər. Eləcə də Roş-Ha-Şana və Pesex də bizim ümumi bayramlarımızdır. Ölkəmizdəki real vəziyyət bax budur. Təşəkkür edirəm.

 

X X X

 

Alban-Udi dini icmasının sədri Robert Mobili udi icmasının da Azərbaycan dövlətinin qayğısı ilə əhatə olunduğunu bildirərək dedi:

- Hörmətli konfrans iştirakçıları, xanımlar və cənablar, din xadimləri.

Hörmətli Mehriban xanım.

Hörmətli moderator.

Həqiqətən bu gün Azərbaycanda mövcud olan tolerantlıq çox vacib mövzudur. Mən Azərbaycanda qədim avtoxton etnos olan udiləri təmsil edirəm. Bu, çox maraqlı bir etnosdur, Azərbaycanda, düzənlik bir yerdə öz dinlərini və dillərini saxlayıb. Bu, faktiki olaraq xristian dünyasında bir fenomendir. Xristianlığı saxlayıblar. Şərq kilsəsinin, Alban kilsəsinin varisidir. Udilər dini tərəfdən xristianların varisləridir. Alban kilsəsi Apostol kilsəsi olub. Bu gün udilər həmin kilsəni saxlayıblar və burada ibadət edirlər.

Bizim üçün çox çətin olub. Çar Rusiyası Qafqazı işğal edəndə Alban kilsəsini birbaşa erməni kilsəsinə verib və biz bütün zəngin mədəni irsin birbaşa Eçmiədzinə verilməsinə narazılığımızı bildirmişik. Bizə çox çətin oldu. Bizim bir seçimimiz qaldı - kilsədən imtina etdik.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu kilsələr bərpa olunur. Bu kilsələr həm dövlət, həm də sıravi vətəndaşlar tərəfindən bərpa olunur.

Biz həm dilimizi, həm dinimizi saxlamışıq. Nəyin hesabına? Ətraf mühitin, Azərbaycan əhalisinin hesabına. Onun sayəsində çox şey qazanmışıq. Bizdə Azərbaycan dilində də, rus dilində də məktəblər var. Amma bu məktəblərdə biz öz etnosumuz üçün öz dilimizdə dərs keçirik. Bu, bizə olan yüksək dövlət qayğısının göstəricisidir. Biz bu qayğını daim hiss edirik.

Mən sizin vaxtınızı çox almaq istəmirəm. Çünki sözün həqiqi mənasında siz gərək gəlib onu görəsiniz. Bizə həddindən çox qonaqlar gəlir. Birinci qonaq Fransadan ən qədim vaxtda “Qafqaz səfəri”ni yazan Aleksandr Düma gəlmişdir. Onun “Qafqaz səfəri” kitabında bir fəsil, bir hissə udilərlə bağlıdır.

Bakı Avropa Yəhudiləri dini icmasının sədri Gennadi Zelmanoviç ölkəmizdə digər dinlərin nümayəndələri ilə yanaşı, yəhudilərin də diqqət və qayğı ilə əhatə olunduğunu bildirdi. Azərbaycanda yəhudilərin ibadəti üçün heç bir problemin olmadığını vurğulayan G.Zelmanoviç dedi:

- Bizim azərbaycanlılarla həmişə çox gözəl münasibətlərimiz olub və bizə hörmətlə yanaşıblar. Burada belə bir sual oldu ki, biz necə ünsiyyət qururuq. Biz sadəcə ünsiyyət qururuq. Tolerantlıq və dözümlülük mərhələsini biz artıq keçmişik. Biz ünsiyyət saxlayırıq, dostluq edirik. Bu termin Azərbaycan üçün çoxdan köhnəlib. Bir nümunə çəkmək istəyirəm: biz Qafqazın hörmətli şeyxülislamı Allahşükür Paşazadə, Aleksandr Ata ilə adi şam süfrəsi arxasında görüşürük. Həmçinin yas mərasimində və ya hər hansı bir hadisə olanda bütün icmaların nümayəndələri görüşürük, söhbət edirik. Bütün rəhbərlər də bunu görür. Bizdə nəinki dözümlülük, tolerantlıq var, bizdə çox yaxşı dostluq münasibətləri mövcuddur. Biz dini icma rəhbərlərini doğum günlərində, hansısa bayramlarda təbrik edirik. Yəhudilər, müsəlmanlar, xristianlar öz bayram təamlarını bir-birilərinə göndərirlər. Bax əsl ünsiyyət, dostluq budur. Ona görə bizdə belədir.

Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete ölkəmizdə katoliklər üçün də münbit şəraitin yaradıldığını vurğulayaraq dedi:

- Hörmətli Mehriban xanım, şəhərin meri, hörmətli xanımlar və cənablar. Mən milliyyətcə slovakam. Ancaq 6 ildir ki, Azərbaycanda yaşayıram və işləyirəm. Buna görə də Azərbaycandakı ümumi və dinlərlərarası münasibətlər barədə rəy bildirə bilərəm.

Katolik kilsəsi çox kiçikdir. Biz cəmi 500 nəfərik, üstəgəl son illərdə Azərbaycana işləməyə gələn bir neçə min əcnəbi. Bu kiçik rəqəmə baxmayaraq deyə bilərəm ki, cəmiyyətdə bizə hörmət var. Azərbaycandakı xristianların maarifçiliyə və cəmiyyətin inkişafına kömək edən statusu var. Beləliklə, çətinlik və problem olmadan biz dini rəhbərlər kimi görüşüb maarifçilik və cəmiyyətlə bağlı məsələləri müzakirə edirik. Dini rəhbərlər arasındakı yaxşı münasibətlərin bütün cəmiyyətə müsbət təsiri var. Katoliklər görəndə ki mən Pravoslav arxiyepiskopu ilə sevgi ilə dostluq edirəm, məni şeyxülislam hörmətlə ya iftara, ya da hər hansı bir məsələ ilə bağlı dəvət edir. Düşünürəm ki, bu, cəmiyyətə əlavə şərhsiz anlamağa kömək edir ki, biz bir yerdə yaşamalıyıq. Biz bir-birimizi sevməliyik və bir-birimizə hörmət etməliyik. Əgər bu, Azərbaycanda mümkündürsə, düşünürəm ki, bu, həmin məsələ ilə bağlı o qədər də inkişaf etməyən ölkələr üçün müsbət nümunə ola bilər.

“Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” adlı konfransa birinci xanım Mehriban Əliyeva yekun vuraraq dedi:

- Mən sonda konfransın bütün iştirakçılarına bir daha dərin minnətdarlığımı bildirmək istəyirəm. Cənab mer, sizə bir daha təşəkkür edirəm. Siz həm bu konfransın, həm də on gün Parisin 1-ci rayonunda Azərbaycan şəhərciyinin təşkilində bizə böyük yardım göstərmisiniz.

Mən bugünkü konfransı aparan moderatora öz dərin minnətdarlığımı bildirirəm. Fürsətdən istifadə edərək fransız xalqına bir daha öz dərin hörmətimi və məhəbbətimi çatdırmaq istəyirəm. Siz bilirsiniz ki, mən sizin ölkənizə tez-tez səfər edirəm və hər dəfə biz çalışırıq ölkəmiz haqqında yeni layihələr həyata keçirək, Azərbaycanı daha da yaxşı tanıdaq, xüsusən də humanitar sahədə, mədəniyyət sahəsində.

Hər dəfə belə tədbirlərin böyük uğurla keçməsi, böyük maraqla qarşılanması, əlbəttə, məni sevindirir. Onu da qeyd etmək istəyirəm ki, hər gəlişimdən sonra mən Fransada yeni dostlar tapır, Azərbaycana hörmətlə yanaşan, Azərbaycanla maraqlanan yeni insanlarla tanış oluram. Bu da özlüyündə ölkələrimizin, xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına böyük töhfə verir.

Hesab edirəm ki, bugünkü konfrans uğurla keçdi. Mənim bir təklifim var. Konfransın ikinci sessiyasını sizin hamınızın iştirakı ilə Azərbaycanda, Bakıda keçirməyi təklif edirəm. Mən sizin hamınızı Bakıya dəvət edirəm. Bir daha çox sağ olun.

 

X X X

 

Sentyabrın 8-də axşam Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Parisin ürəyində Azərbaycan musiqisi” adlı klassik musiqi gecəsi keçirildi. Gecədə çıxış edən Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare bir neçə gündür ki, Parisdə Azərbaycan incəsənətinin uğurla təmsil olunduğunu və səslənən əsərlərin sənətsevərlərin xatirində unudulmaz təəssürat yaratdığını bildirdi və bu fürsəti onlara yaratdığı üçün Azərbaycanın birinci xanımına minnətdarlıq etdi.

Sonra xalq artisti, pianoçu Murad Hüseynovun, eləcə də gənc skripkaçılar Ceyla Seyidova, Anar Seyidov və başqalarının iştirakı ilə geniş konsert proqramı təqdim olundu.

 

X X X

 

Gecənin sonunda dünya şöhrətli fotoqraf Reza Deqatinin ölkəmizdə tolerantlıq mühitini əks etdirən fotolarından ibarət maraqlı kompozisiya nümayiş etdirildi. Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan 3D formatlı illüstrasiya mərasim salonunun tavanında heyrətamiz görüntülər yaratdı və tamaşaçıların böyük marağına səbəb oldu.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.- 2015.- 11 sentyabr.- S. 4.