Seçki
hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərə baxılması
qaydaları
Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 2015-ci il noyabr ayının 1-nə təyin edilmişdir.
Azərbaycan Respublikasında ictimai-siyasi, iqtisadi və sosial-mədəni sahələrdə aparılan uğurlu islahatlar, siyasi və iqtisadi sabitlik seçki praktikasının təkmilləşdirilməsinə də öz müsbət təsirini göstərmişdir. Demokratiyanın əsas göstəricisi olan seçki sisteminin hərtərəfli inkişaf etdirilməsi, vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün seçkilər dövründə mütəmadi olaraq seçki subyektlərinin maarifləndirilməsi tədbirləri, o cümlədən beynəlxalq təşkilatların iştirakı ilə müxtəlif layihələr həyata keçirilir.
Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsində göstərilir ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ var.
Mərkəzi Seçki Komissiyası vətəndaşların konstitusion hüquqlarından olan seçmək və seçilmək hüquqlarının təmin olunması, seçki qanunvericiliyinin düzgün və hərtərəfli tətbiqi, beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, seçkilərin keçirilməsi zamanı aşkarlıq, şəffaflıq, ədalətlilik kimi mühüm prinsiplərin qorunması, bu sahədə beynəlxalq təcrübənin dönmədən öyrənilməsi və tətbiq olunması istiqamətində bir sıra tədbirlər həyata keçirmişdir və mütəmadi olaraq maarifləndirmə tədbirlərini davam etdirir.
Seçki subyektlərinin maarifləndirilməsi Mərkəzi Seçki Komissiyasının mühüm əhəmiyyət verdiyi sahələrdən biridir və maarifləndirmə müxtəlif formalı layihələr vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” sərəncamı maarifləndirmə ilə bağlı bir sıra layihələrin hazırlanıb həyata keçirilməsində Mərkəzi Seçki Komissiyası üçün əsas istiqamətverici sənədlərdən biridir. Seçki qanunvericiliyinin daha yaxşı mənimsənilməsi və düzgün tətbiq edilməsi məqsədilə dairə və məntəqə seçki komissiyalarının üzvləri üçün mütəmadi şəkildə seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilir, MSK üzvləri və katibliyin əməkdaşları müxtəlif mövzularla mətbuatda və televiziyada çıxışlar edirlər.
Mərkəzi Seçki Komissiyası müxtəlif seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində Avropa İttifaqı ilə birgə 3-5 sentyabr 2015-ci ildə Bakı şəhərində seçkilərlə bağlı müraciətlərə baxılmasına həsr olunmuş seminar keçirmiş, həmin seminara seçki hüququnun pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılması üçün dairə seçki komissiyalarının nəzdində yaradılmış ekspert qrupunun üzvləri cəlb edilmişlər. Tədbirdə iştirakçılar qarşısında Avropa İttifaqının seçki məsələləri üzrə eksperti “Seçkilərlə bağlı müraciətlərə dairə seçki komissiyaları tərəfindən baxılması: Avropa standartları və Azərbaycan Respublikasının qanunvericiliyi” və MSK-nın üzvü “Seçki hüququnun pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılması üzrə Seçki Məcəlləsinin tələbləri və şikayətlərin araşdırılması prinsipləri” mövzusunda təqdimatlarla çıxış etmişlər. Seminarın ikinci mərhələsində Avropa İttifaqının seçki məsələləri üzrə ekspertinin iştirakı ilə dairə seçki komissiyaları ekspert qrupunun üzvləri tərəfindən seçki hüququnun pozulması ilə bağlı müxtəlif şikayət nümunələri nəzərdən keçirilmiş və müvafiq seçki komissiyalarının həmin şikayətlərə dair qərar layihələri təqdim edilmişdir. Vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün seçkilərlə bağlı müraciətlərə baxılmasına həsr olunmuş regional seminarların Şirvan, Gəncə və Şəki şəhərlərində keçirilməklə 2015-ci il sentyabrın 11-dək davam etməsi nəzərdə tutulub.
Mərkəzi Seçki Komissiyasının Avropa Şurası Venesiya Komissiyası ilə birgə işləyib hazırladığı və 12 avqust 2008-ci ildə qəbul etdiyi “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” və “Məntəqə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” təlimatları Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq işlənib hazırlanmışdır. Bu təlimatlar şikayət və müraciətlərin verilməsi və onların araşdırılması prosesində seçki qanunvericiliyinin tətbiqi ilə bağlı mühüm əhəmiyyət kəsb edən zəruri məsələləri tənzimləyir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-1.1-ci maddəsinə və qeyd olunan təlimatın 5.1-ci maddəsinə əsasən vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyasının nəzdində 9 nəfərdən, dairə seçki komissiyasının nəzdində isə 3 nəfərdən ibarət ekspert qrupları müvafiq seçki komissiyasının qərarı ilə hər seçki (referendum) dövrü üçün səsvermə gününə azı 60 gün qalmış yaradılır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddəsi vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayət edilməsi, 112-1-ci maddəsi isə vətəndaşların seçki hüquqlarının pozulması haqqında şikayətlərin araşdırılması məsələlərini tənzimləyir.
Seçki Məcəlləsinin 112.1-ci maddəsində seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) şikayət vermək hüququ olan seçki subyektlərinin dairəsi və şikayətvermə müddəti müəyyən edilmişdir. Həmin maddənin tələbinə görə, seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər.
Eyni zamanda Seçki Məcəlləsinin 22.10.5-ci maddəsinə görə, seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) bu Məcəllə ilə müəyyən edilmiş qaydada seçki komissiyasının həlledici və məşvərətçi səs hüquqlu üzvləri müvafiq yuxarı seçki komissiyasına və məhkəməyə şikayət edə bilərlər.
Yuxarıda qeyd edilən təlimatla müəyyən edilir ki, şikayət, bir qayda olaraq, yazılı verilir. Onun yazılı şəkildə verilməsi mümkün deyilsə, müstəsna hallarda şifahi, telefonla və ya elektron poçt vasitəsilə verilə bilər.
Həmin təlimatın 1.2-ci maddəsində göstərilir ki, şikayətin verilmə müddətinin axını şikayətin verilməsi üçün hüququn əldə edilməsi anından, yəni vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlanır və şikayətin poçta və ya istənilən komissiyaya verilməsi anında bitir.
Qanunvericiliyin tələbinə görə məntəqə seçki komissiyalarının qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən), məntəqə seçki komissiyaları sədrlərinin hərəkətlərindən (hərəkətsizliklərindən) şikayətlər müvafiq dairə seçki komissiyalarına, dairə seçki komissiyalarının qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən), dairə seçki komissiyaları sədrlərinin hərəkətlərindən (hərəkətsizliklərindən) şikayətlər, həmçinin bir neçə seçki dairəsini əhatə edən (o cümlədən seçkiqabağı təşviqat qaydalarının pozulması ilə bağlı) şikayətlər Mərkəzi Seçki Komissiyasına təqdim edilir. Mərkəzi Seçki Komissiyasının qərarlarından və ya hərəkətlərindən (hərəkətsizliyindən) şikayət müvafiq apelyasiya instansiyası məhkəməsinə verilir.
Seçki hüququnun pozulması ilə bağlı dairə seçki komissiyasına və Mərkəzi Seçki Komissiyasına yazılı olaraq təqdim edilən şikayətlərə dair seçki qanunvericiliyi ilə ümumi tələblər müəyyən edilmişdir. Şikayətdə ünvanlandığı seçki komissiyası və şikayətçinin ünvanı (şikayətə baxılması haqqında bildirişin göndərilməsi üçün) və əlaqə telefonu göstərilməlidir. Eyni zamanda şikayətin obyekti olan qərar, hərəkət və ya hərəkətsizlik göstərilməli, əgər bu, qərardırsa, qərar şikayətə əlavə edilməli, qərarı qəbul etmiş seçki komissiyası və ya dövlət orqanı qeyd olunmalı, vəzifəli şəxs göstərilməlidir. Əgər bu, hərəkətdirsə, məlum qanunsuz hərəkət etmiş şəxs qeyd olunmalı, hərəkətin məzmunu, onun törədildiyi yer və vaxt aydın şəkildə göstərilməlidir. Əgər bu, hərəkətsizlikdirsə, şikayətçi cavabsız qalmış tələbi və tələbi cavabsız qoyan orqanı və ya şəxsi qeyd etməklə güman edilən pozuntunun dəlilləri və ya pozuntunun nədən ibarət olmasını göstərməklə tələbini bildirməli, tarix qoymaqla həmin şikayəti imzalamalıdır. Əgər şikayət seçkilərdə iştirak edən siyasi partiya və ya siyasi partiyaların bloku tərəfindən verilirsə, onda şikayət səlahiyyətli nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməklə səlahiyyətli nümayəndə tərəfindən imzalanmalıdır. Şikayətçi öz ərizəsində şikayətin araşdırılmasında və iclasda iştirak etmək arzusunda olub-olmadığını da bildirməlidir.
Əgər şikayətdə təlimatda nəzərdə tutulan və yuxarıda qeyd edilən şərtlərdən hər hansı biri yoxdursa və bu səbəbdən tələb aydın deyilsə, şikayət onu göndərən şəxsə geri qaytarılır. Müvafiq seçki komissiyalarına təqdim edilmiş anonim şikayətlərə baxılmır və onlar daxil olduqdan sonra işə alınır.
Seçki Məcəlləsinin 112.10-cu maddəsində seçki komissiyalarına seçkilərin gedişi zamanı seçki hüquqlarının pozulması ilə əlaqədar daxil olmuş şikayət və müraciətlərə baxılması müddəti müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə görə, hər bir şikayət və ya müraciət üzrə qərar 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və yaxud növbəti gün isə dərhal qəbul edilir və şikayətçiyə çatdırılır.
Seçki Məcəlləsinin 112-1.10-cu və müvafiq təlimatın 7.8-ci maddəsinə görə, şikayəti araşdıran ekspert Seçki Məcəlləsinin 112.10-cu maddəsində nəzərdə tutulmuş müddətdə rəy qəbul etməlidir. Əlavə araşdırma tələb olunduğu halda ekspert qrupunun üzvü göstərilən müddətin artırılması barədə ekspert qrupunun koordinatoru vasitəsilə seçki komissiyasının qarşısında vəsatət qaldıra bilər. Seçki komissiyası qaldırılmış vəsatətin əsaslı olması qənaətinə gələrsə, əlavə araşdırmanın aparılması barədə qərar qəbul etməlidir. Əlavə araşdırma müddəti 3 gündən artıq olmamalıdır. Belə qərar şikayət daxil olduğu gündən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü isə dərhal qəbul edilməlidir.
Əlavə araşdırmaya dair qərar qəbul edildikdə bu barədə müraciət etmiş şəxsə məlumat verilməlidir.
Şikayətçi seçki komissiyasının qərarını aldıqdan sonra 3 gün müddətində yuxarı seçki komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından isə 3 gün müddətində apelyasiya instansiyası məhkəməsinə şikayət vermək hüququna malikdir.
Seçki Məcəlləsinin 112.11-ci maddəsinə əsasən, seçki komissiyalarının qərarlarından şikayətlərə məhkəmələr də eyni müddətdə baxırlar. Məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə şikayət 3 gün müddətində verilə bilər.
Seçki hüquqlarının pozulması ilə əlaqədar müvafiq seçki komissiyalarına daxil olan şikayət və müraciətlər Seçki Məcəlləsi və təlimatla müəyyən edilmiş qaydada qeydə alınır və araşdırılması üçün ekspert qrupunun üzvünə verilir.
Seçki hüquqlarının pozulması ilə əlaqədar daxil olmuş şikayət və müraciətlərin araşdırılması ilə bağlı ekspert qrupu üzvlərinin şikayət üzrə əlavə məlumat tələb etmək, öz sorğu-sual və araşdırmasını aparmaq, əlavə məlumat almaq üçün komissiyanın sədri vasitəsilə dövlət orqanlarına müraciət etmək, zəruri hallarda əlavə dəlillər əldə etmək, komissiya üzvlərinin və katiblik əməkdaşlarının köməyindən istifadə etmək, zərurət olarsa, şikayətin araşdırılması üçün qanunla nəzərdə tutulan digər tədbirlər görmək, şikayət üzrə araşdırma materialları ilə birlikdə müvafiq seçki komissiyasına rəy və qərar layihələrini təqdim etmək səlahiyyətləri vardır.
Ekspert qrupunun üzvü həmin şikayəti ilkin olaraq nəzərdən keçirir və şikayətin Seçki Məcəlləsi ilə və sözügedən təlimatla müəyyən edilmiş qaydalara uyğun olub-olmamasını aydınlaşdırır. Bu zaman şikayətin qanunla müəyyən edilmiş qaydada və müddətdə, yəni qərardan, hərəkətin (hərəkətsizliyin) baş verməsindən və ya maraqlı tərəfin xəbərdar olmasından sonra 3 gün ərzində daxil olması, səlahiyyətli komissiya tərəfindən həmin məsələ ilə bağlı əvvəlcədən qərarın qəbul edilməmiş olması, müraciət və ya şikayətin aidiyyəti üzrə məsələnin mahiyyəti üzrə qərar qəbuletmə səlahiyyəti olan seçki komissiyasına daxil olması aydınlaşdırılır. Bu zaman ekspert şikayətin müəyyən edilmiş qaydaların pozulması ilə daxil olduğunu aşkar etdikdə, bu barədə qrup koordinatorunu məlumatlandırmaqla şikayətin onu təqdim edən şəxsə geri göndərilməsinə dair rəy verməlidir.
Şikayət və ya müraciətin Seçki Məcəlləsinə və müvafiq təlimatın tələblərinə uyğun olduğu müəyyən edildikdə ekspert qrupunun üzvü araşdırma aparılmasına başlayır və ilkin olaraq şəxsən, telefon və ya poçt vasitəsilə müraciət etmiş şəxslə əlaqə saxlayır. Şikayətçiyə şikayətin araşdırılması prosesində yeni sənədlər və digər dəlillər təqdim etmək, araşdırmada iştirak etmək hüququnun olması barədə məlumat verilir. Əgər şikayətçi ərizəsində seçki komissiyasının iclasında iştirak etmək barədə arzusunu bildirmişsə və yaxud araşdırma prosesində bu barədə müraciət etmişdirsə, onun iclasda iştirakı təmin edilir. Şikayət və müraciətlərin araşdırılması prosesində şəffaflığın təmin edilməsi əsas prinsiplərdən biridir.
Seçki komissiyaları öz səlahiyyətlərinə aid olmayan müraciət və şikayətlərə mahiyyəti üzrə baxıb təmin və ya rəddetmə barədə qərar qəbul edə bilməzlər. Bu halda şikayətlə bağlı aidiyyəti üzrə göndərmə barədə qərar qəbul edilməlidir.
Daxil olmuş şikayətin həm şikayəti qəbul etmiş komissiyanın, həm də başqa orqanın səlahiyyətlərinə aid olduğu müəyyən edilmişdirsə, ekspert qrupunun üzvü öz rəyində seçki komissiyasına həmin şikayətə komissiyanın səlahiyyətlərinə aid olan məsələlər üzrə mahiyyəti üzrə baxılması, digər orqanın səlahiyyətinə aid olan məsələlərin həll edilməsi üçün həmin orqana göndərilməsini təklif etməlidir.
Seçki komissiyasına seçki ilə əlaqəsi olmayan cinayət xarakterli yazılı şikayət daxil olduqda həmin şikayətin dərhal müvafiq prokurorluq orqanına göndərilməsi haqqında rəy verilir.
Seçki komissiyasına seçki subyektləri tərəfindən seçki ilə əlaqəsi olan cinayət xarakterli şikayət daxil olduqda ekspert qrupunun üzvü araşdırma aparıb komissiya tərəfindən öz səlahiyyətlərinə aid hissədə tədbirlər görülməsi, şikayətdə göstərilən qanun pozuntularında Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş əməllərin əlamətlərinin olduğu qənaətinə gəldikdə isə, həmin əməllər barədə müvafiq prokurorluq orqanına məlumat verilməsinə dair əsaslandırılmış qərar qəbul edilməsi üçün seçki komissiyasına rəy verməlidir.
Seçki Məcəlləsinin 112-1.11-ci və müvafiq təlimatin 7.9-cu maddəsinə əsasən, seçki hüquqlarının pozulması ilə əlaqədar seçki komissiyasına daxil olmuş şikayətlərə baxılması nəticəsində ekspert qrupunun üzvləri aşağıda qeyd edilən məzmunda rəylərini verə bilərlər:
- aşağı seçki komissiyasının qərarının ləğv edilməsi barədə;
- Seçki Məcəlləsinin 113.1-ci maddəsinə əsasən seçki subyektlərinə xəbərdarlıq edilməsi barədə;
- Seçki Məcəlləsinin 113.2-ci maddəsində nəzərdə tutulmuş hallarda namizədin qeydə alınmasından imtina edilməsi barədə;
- Seçki Məcəlləsinin 113.2-ci maddəsində nəzərdə tutulmuş hallarda qeydə alınmış namizədin qeydiyyatının ləğv olunması üçün məhkəməyə müraciət edilməsi barədə;
- şikayətçinin qaldırdığı məsələyə müvafiq seçki komissiyasında yenidən baxılması barədə.
Ekspert rəyi verildikdən dərhal sonra elan olunur və ya növbəti 18 saatdan gec olmayaraq müvafiq seçki komissiyasının qərarı ilə birlikdə dərc olunur (internet səhifəsində yerləşdirilir), şikayətçiyə çatdırılır və ya göndərilir.
Qısa da olsa, seçkilər dövründə seçki hüquqlarının pozulması ilə əlaqədar seçki komissiyalarına şikayət və müraciətlərin verilməsi və araşdırılması qaydaları barədə seçki subyektlərinin maarifləndirilməsi istiqamətində seçki qanunvericiliyinin tələblərini oxucuların diqqətinə çatdırmağa cəhd etdik. Seçki prosesində seçki hüquqlarının pozulması ilə əlaqədar seçki subyektlərinin müvafiq seçki komissiyalarına müraciət etmək hüquqları və həmin müraciətlərin qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə hərtərəfli və qərəzsiz araşdırılması seçki qanunvericiliyində ətraflı şəkildə əks olunmuşdur.
Ramiz
İBRAHİMOV,
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının
üzvü
Azərbaycan.- 2015.- 11 sentyabr.- S. 6.