Bakıda keçirilən Dünya
Gömrük Təşkilatının
10-cu illik PICARD konfransı
yekunlaşıb
Sentyabrın 10-da Bakıda keçirilən Dünya Gömrük Təşkilatının 10-cu illik PICARD (“Gömrük sahəsində akademik araşdırmalar və inkişaf üzrə əməkdaşlıq proqramı”) konfransının sessiyalarına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, konfransın üçüncü gününə moderatorluq edən Transsərhəd Araşdırmaları Assosiasiyasının banisi və icraçı direktoru, “Journal of Transportation Security”nin (“Nəqliyyat təhlükəsizliyi jurnalı”) redaktor müavini Yuha Hintsa ötən günlərdə tədbirin yüksək səviyyədə təşkilinə və gözəl qonaqpərvərliyə görə təşəkkürünü bildirib.
Konfransda Şanxay Gömrük Kollecinin nümayəndəsi “Çin Gömrük Xidmətinin qaçaqmalçılıqla mübarizədə yeni yanaşması: İnteqrə edilmiş təchizat zənciri-geniş miqyaslı məlumat xəttinin tətbiqinə doğru atılan addım”, Asiya İnkişaf Bankının nümayəndəsi Şintaro Hamanaka “Məlumatın etibarlılığı əsasında ticarət statistikasının qlobal sıralanması: ticarətin keyfiyyəti, gömrük işinin idarəedilməsi və qaçaqmalçılığın davamlılığına məxfi giriş modeli” adlı məruzələrlə çıxış ediblər.
Paralel sessiyada isə Dünya Gömrük Təşkilatının Hüquq Mühafizə Altdirektorluğunun nümayəndəsi Mariya Polnerin moderatorluğu ilə keçirilən müzakirələrdə Polşa Gömrük Xidmətinin nümayəndəsi Tomaş Novakın, “DHL Express”in nümayəndəsi Çezari Şovinski və tədqiqatçı Ester Portela Vazkuezin çıxışları dinlənilib.
Nobel mükafatı laureatı, Santa Barbarada yerləşən Koliforniya Universitetinin professoru (ABŞ) Finn Kidland çıxışı zamanı konfransın Azərbaycanda keçirilməsindən çox məmnun olduğunu və Azərbaycan Gömrük Komitəsinin sədri Aydın Əliyevə gözəl ev sahibliyinə görə təşəkkürünü bildirib. O, Azərbaycanın 20 ildə qazandığı uğurlarla maraqlandığını və ölkənin gələcəyinin zaman keçdikcə daha parlaq olacağına əminliyini ifadə edib. Nobel mükafatçısı öz çıxışını “Milli siyasi mühitin innovativ fəaliyyətə və kapitalın formalaşmasına təsiri” mövzusunda davam etdirib.
Konfrans işini digər sessiyalarla davam etdirib.
Sonra Dünya Gömrük Təşkilatının Araşdırmalar şöbəsinin rəhbəri Robert Aylend və Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev çıxışı ilə konfransa yekun vurulub. R.Aylend çıxışında Azərbaycan Gömrük Komitəsinin sədri Aydın Əliyevə və gömrüyün kollektivinə bu əməkdaşlığa görə xüsusi təşəkkürünü bildirib. O qeyd edib ki, konfransın yüksək təşkilində və qonaqlarda xoş təəssüratın yaranmasında Azərbaycan Gömrüyünün rəhbəri və kollektivinin zəhməti danılmazdır.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev isə öz çıxışında hər kəsə xoş fikirləri üçün təşəkkür edib. Konfransda tələbələrin və gənc ekspertlərin çıxışının əhəmiyyətini vurğulayan komitə sədri bildirib ki, bu konfrans onların gələcək nailiyyətlərinə təsir göstərəcək və inkişafına yol açacaq.
“Azərbaycanın ümummilli lideri Heydər Əliyevin müstəqil gömrüyün inkişafında göstərdiyi dəstəyin nəticəsidir ki, bu gün Dövlət Gömrük Komitəsi uğurlu fəaliyyəti ilə seçilir və dünya miqyaslı tədbirlərə ev sahibliyi edir”, - deyə A.Əliyev vurğulayıb.
O qeyd edib ki, konfransdan sonra qonaqlara Azərbaycanın mədəniyyəti ilə tanış olmaq imkanı da yaradılacaq. “Sizlərin konfrans barədə müsbət fikirləri bizim uğurumuzun təsdiqidir və bizimlə birlikdə DGT-nin əməkdaşlarına da təşəkkür edilməlidir”, - deyə Dövlət Gömrük Komitəsinin sədri bildirib.
Sonda A.Əliyev Dünya Gömrük Təşkilatının əməkdaşlarına Azərbaycan Dövlət Gömrük Komitəsi adından mükafatlar təqdim edib.
AZƏRTAC
Azərbaycan.- 2015.- 11 sentyabr.- S. 6.