Azərbaycanın dini icmalarının rəhbərləri Fransa Yəhudi Təsisatları Əlaqələndirmə Şurasında olublar

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Fransaya səfəri çərçivəsində Fransa Yəhudi Təsisatları Əlaqələndirmə Şurasının (CRIF) sədri Roger Cukiermanla görüşüb.

Görüşdə Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri iştirak ediblər. M.Qurbanlı Azərbaycanda mövcud olan dinlərarası tolerantlıq dialoq mühitindən danışıb. O, xüsusi olaraq qeyd edib ki, Azərbaycanda müxtəlif dini konfessiyalar arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlərin daha da möhkəmlənməsində inkişafında Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl siyasət mühüm rol oynayır. Komitə sədri vurğulayıb ki, Fransa Yəhudi Təsisatları Əlaqələndirmə Şurası sədrinin Bakıya səfəri zamanı Dövlət Komitəsi, eləcə Azərbaycandakı dini icmalarla əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində aparılan müzakirələr bugünkü görüş üçün zəmin yaradıb.

M.Qurbanlı Avropanın ən böyük yəhudi icmasını təmsil edən Fransanın nüfuzlu təşkilatlarından olan Fransa Yəhudi Təsisatları Əlaqələndirmə Şurasına onun sədri Roger Cukiermana Azərbaycana göstərdikləri dost münasibətə görə təşəkkür edib.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.- 2015.- 11 sentyabr.- S. 7.