Azərbaycanın Baş naziri Qazaxıstanın ölkəmizdəki yeni səfiri ilə görüşüb

 

Sentyabrın 11-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Qazaxıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Beybit İsabayev ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Qazaxıstan xalqları arasında tarixi dostluq qardaşlıq əlaqələrini xatırladan Baş nazir Artur Rasizadə diplomatik missiyasına başlaması münasibətilə səfiri təbrik edib. Baş nazir qonağa Azərbaycandakı mövcud iqtisadi-siyasi, sosial-mədəni durum barədə ətraflı məlumat verib. Qarşılıqlı əlaqələrimizin yüksək səviyyədə olduğunu deyən Baş nazir beynəlxalq qurumlar çərçivəsində ölkələrimizin bir-birini daim dəstəklədiyini məmnunluqla qeyd edib. Azərbaycan ilə Qazaxıstanın birgə iqtisadi, enerji, nəqliyyat layihələrini uğurla həyata keçirdiyini deyən Artur Rasizadə bundan sonra da ikitərəfli əməkdaşlığımızın müxtəlif istiqamətlər üzrə davam etdirilməsinin, habelə ümumən türkdilli dövlətlər arasında əlaqələrin daha da genişləndirilməsinin zəruri olduğunu vurğulayıb.

Səmimi qəbula görə Baş nazirə təşəkkürünü ifadə edən səfir Beybit İsabayev Qazaxıstanın regionda lider dövlətə çevrilmiş Azərbaycanla əlaqələrə böyük önəm verdiyini, iki ölkə arasında mövcud əməkdaşlığın bundan sonra daha da inkişaf etdirilməsi üçün var qüvvəsi ilə çalışacağını bildirib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi zamanı Baş nazir Artur Rasizadə səfirə şərəfli vəzifəsinin icrasında uğurlar arzulayıb.

 

Azərbaycan.- 2015.- 12 sentyabr.- S. 3.