Moskvada MDB İqtisadi Şurasının
növbəti iclası
keçirilib
Sentyabrın 11-də Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının 67-ci iclası keçirilib.
İclasda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iclasda iştirak edib.
MDB İqtisadi Şurasının növbəti iclasının gündəliyinə iqtisadi sahədə qarşılıqlı əməkdaşlığa dair 20 məsələ daxil edilib.
İqtisadi İnkişaf Strategiyasının üçüncü mərhələsinin (2016-2020-ci illər) həyata keçirilməsi üzrə Tədbirlər Planının, regionlararası əməkdaşlıq haqqında Konvensiyanın, MDB dövlətlərində beynəlxalq elektrik rabitəsi xidmətlərinin göstərilməsi zamanı qarşılıqlı operatorlararası hesablaşmaların həyata keçirilməsi şərtləri haqqında Sazişin layihələri müzakirə edilib.
İclas iştirakçıları azad ticarət zonası haqqında Müqavilənin icrasının gedişatı, malların mənşəyi olan ölkənin müəyyən edilməsi qaydaları barədə Sazişə dəyişiklik və əlavələr, habelə Böyük Vətən müharibəsi iştirakçıları və əlilləri, başqa dövlətlərin ərazilərində döyüş əməliyyatlarının iştirakçıları, həlak olan hərbi qulluqçuların ailələri, lokal münaqişələrin veteranları və onların ailə üzvləri üçün nəzərdə tutulmuş imtiyaz və təminatların qarşılıqlı surətdə tanınması barədə Sazişə dəyişiklik və əlavələrin edilməsi haqqında protokol layihələri barədə məlumat dinləyiblər.
İqtisadi Şuranın üzvlərinə MDB-nin Elektroenergetika Şurasının, Vergi Xidmətləri Rəhbərlərinin Əlaqələndirmə Şurasının, inşaat fəaliyyəti sahəsində əməkdaşlıq üzrə Hökumətlərarası Şuranın, habelə Qiymətli Kağızlar Bazarlarının Tənzimləyici Dövlət Orqanları Rəhbərləri Şurasının fəaliyyəti barədə hesabatlar təqdim olunub.
İclasda “MEİ” Milli Tədqiqat Universitetinə elektroenergetika sahəsində kadrların hazırlığı, təkrar peşə hazırlığı və ixtisasartırma üzrə baza təşkilatı statusunun verilməsi, habelə İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universiteti bazasında Beynəlxalq Tədris Mərkəzinin yaradılması haqqında məsələlər nəzərdən keçirilib.
İclas iştirakçıları bir sıra büdcə-maliyyə və təşkilati məsələləri də müzakirə ediblər.
Sonda müzakirə olunan məsələlərə dair sənədlər imzalanıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.- 2015.- 12 sentyabr.- S. 3.