Azərbaycan-Fransa münasibətlərinin inkişafında parlamentlərarası əlaqələrin mühüm rolu var

 

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov sentyabrın 11-də Fransa Senatının Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Oqtay Əsədov ölkələrimiz arasındakı əlaqələrdən danışıb. Sədr bildirib ki, Azərbaycan Avropa ölkələri, o cümlədən Fransa ilə ikitərəfli əlaqələrin inkişafında maraqlıdır. Dövlət başçılarının qarşılıqlı səfərləri Azərbaycan ilə Fransa arasında əlaqələrin inkişafında mühüm rol oynayır. Ölkələrimiz arasında münasibətlər yüksək səviyyədədir.

Parlamentlərarası əlaqələrdən danışan Oqtay Əsədov bildirib ki, dostluq qrupları sıx əməkdaşlıq edir. Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu ən fəal qrupdur. Ümumiyyətlə, Azərbaycan-Fransa münasibətlərinin inkişafında parlamentlərarası əlaqələrin mühüm rolu var.

Ölkələrimiz arasında münasibətlərin dərin köklərə malik olduğunu vurğulayan Oqtay Əsədov bu səfərin ikitərəfli əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəyini bildirib. Milli Məclisin sədri iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Andre Rişard Azərbaycana səfərdən burada onlara göstərilən yüksək qonaqpərvərlikdən məmnunluqla söz açıb. Azərbaycan ilə Fransa arasında əlaqələrin inkişaf etdiyini vurğulayan qonaq dostluq qruplarının əlaqələrimizin inkişafına töhfə verdiyini söyləyib. O vurğulayıb ki, Azərbaycanın birinci xanımı, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondu Azərbaycanı Fransada tanıtmaqla yanaşı, tarixi abidələrin bərpasında da mühüm rol oynayır.

Görüşdə gələcək əməkdaşlıq imkanları, münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin rolu qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.AZƏRTAC

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 12 sentyabr.- S. 3.