Azərbaycan-Türkiyə əlaqələrinin
inkişafında gənclərin
rolu möhkəmlənir
Ümummilli liderin ifadə etdiyi “iki dövlət, bir millət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyə əlaqələrinin dinamik inkişafı iki xalqın rifahına, iqtisadi, siyasi və mədəni sahədə qarşılıqlı maraqlarının təminatına xidmət etməkdədir.
Bu prosesdə mühüm rol oynayan gənclərin dövlətçilik maraqlarına sədaqətində, milli məfkurənin və yüksək vətənpərvərlik ruhunun aşılanmasında dövlət rəhbərlərinin rolu əvəzolunmazdır. Ümummilli liderin əsasını qoyduğu gənclər siyasəti məhz bu amalı özündə ehtiva edir, Türkiyə və Azərbaycan gənclərinin birlikdə səmərəli fəaliyyət göstərməsi üçün zəmin yaradır.
Təsadüfi deyil ki, bu münasibətlərin sabit inkişafına hər iki dövlətin ən güclü gənclər təşkilatları da xüsusi töhfə verir. Bu yaxınlarda YAP Gənclər Birliyinin Ankara səfəri ikitərəfli münasibətlərdə gənclərin rolunu önə çıxardı. Hər iki tərəfdən gənclərin məsul şəxslərlə görüşü və ikitərəfli maraqlara xidmət edən məsələlərin müzakirəsi gənclərin bu missiyada önəmli rolunu göstərdi. Səfər çərçivəsində Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlu və TBMM-in Sədri İsmət Yıldızla görüşlər səfərin əhəmiyyətini əyani şəkildə nümayiş etdirdi.
Azərbaycan və Türkiyə gənclərinin müxtəlif mübadilə proqramlarında və elmi konfranslarda iştirakı, iki dövlət üçün önəmli hadisələrin birgə anılması bu münasibətlərin siyasi maraqlara xidmət etdiyini deyil, eyni dil və kökə sahib olan iki millətin xoş və acı xatirələrini paylaşması, bir-birini müxtəlif məzmunda dəstəkləməsi kimi anlaşılır. Təhsil və mübadilə proqramları hər iki dövlətin mənafelərinə xidmət etməklə yanaşı, gənclərin milli ruhda böyüməsinə yardımçı olur. Qururverici haldır ki, gənclər birgə tarixin araşdırılmasında birbaşa iştirak edir və arxiv sənədləri əsasında öz tarixlərini elmi cəhətdən araşdırırlar. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda Azərbaycan tarixini araşdıran türk tələbələrin mövcudluğu və Türkiyə təhsil müəssisələrində azərbaycanlı tələbələrin və doktorantların nailiyyətləri millətin insan kapitalının dəyərindən xəbər verir.
Xocalı soyqırımının ildönümü ilə əlaqədar ölkə hüdudlarından kənarda tədbirlərin təşkilində Azərbaycan və Türkiyə gənclərinin əməyi danılmazdır. Bununla yanaşı, Çanaqqalada şəhid olmuş türk əsgərlərinin zəfərinin xatirəsinə həsr olunmuş tədbirlər mütəmadi olaraq təşkil edilir. Qondarma erməni soyqırımının tanınmasına etiraz olaraq dinc etiraz aksiyalarının keçirilməsi də birgə fəaliyyətin məhsulu kimi dəyərləndirilir.
“Bakı-2015” ilk Avropa Oyunlarında Türkiyə tərəfinin geniş tərkibdə iştirakı və Azərbaycan və Türkiyə idmançılarının qalib gələrkən hər iki dövlətin bayraqlarının meydana çıxması birgə düşüncənin və ruhun təzahürü kimi qiymətləndirilir.
Digər sahələrdə olduğu kimi, təhsil sahəsində də dinamik əlaqələrin mövcudluğu iki ölkənin gəncləri arasında səmərəli münasibətlərin davamlılığına şərait yaradır. Gələcəkdə gənclərin hər iki ölkənin siyasi həyatında qərarverici gücə çevriləcəyini nəzərə alaraq bu münasibətlərin iki ölkə arasında əməkdaşlığın gələcəyi üçün nəzərəçarpacaq dərəcədə əhəmiyyətli olduğu anlaşılır.
Bu düşüncədən çıxış edərək əminliklə demək olar ki, gənclər ikitərəfli münasibətlərin davamlı inkişafına töhfə verməklə yanaşı, bu sahədə beynəlxalq təcrübənin mühitə uyğunlaşdırılmış formasının tətbiqi ilə eyni dil və düşüncəyə malik gənclərin ortaq fəaliyyətinə müsbət təsir edəcək və gələcəyə baxışını formalaşdırmaqda yardımçı olacaq.
Babək MƏMMƏDZADƏ,
YAP Gənclər Birliyi İdarə Heyətinin üzvü
Azərbaycan.- 2015.- 12 sentyabr.- S. 7.