Avropa Parlamenti dünya erməniliyinin əsas müdafiəçilərindəndir

 

Daim xristian təəssübkeşliyinə əsaslanan bu qurum işğalçı Ermənistanın kriminal rejiminə və Qarabağdakı separatçı cinayətkarlara birmənalı dəstəyini davamlı artırır

 

Ermənistanın üzləşdiyi sosial-iqtisadi çətinlik bu ölkəni getdikcə daha böyük problemlərə düçar etməkdədir. İqtidarda olan qüvvələr isə yaranan problemin həllində acizlik nümayiş etdirməklə yanaşı, korrupsiya və digər növ cinayətlərlə ölkədə əsl talançılıq siyasəti həyata keçirirlər. Çoxsaylı həbslərə və digər cinayətlərə Qərb ölkələri, xüsusən də postsovet məkanında proseslərə anında reaksiya verən Avropa Parlamenti isə nədənsə Ermənistan hadisələrinə seyrçi mövqedən yanaşır.

Bunu Avropa Parlamentinin sadəcə xristian təəssübkeşliyi ilə əlaqələndirənlərin də sayı kifayət qədərdir. İkili standartların əsirinə çevrilən bu qurum ümumiyyətlə, Ermənistanda qanun pozuntularını görməzliyə vurur. Bu isə erməni iqtidarının daha da azğınlaşmasına yol açır. Ermənistanda xalqın haqlı narazılığına zorakılıqla cavab verən Serj Sarkisyan hakimiyyətinə hələ də nə Avropa Parlamentindən, nə də digər beynəlxalq insan hüquqları təşkilatlarından reaksiya verilir. Bu, onun göstəricisidir ki, Ermənistan hakimiyyətinin vəhşiliyinə, korrupsiya və talanına göz yuman xarici dövlətlər və təşkilatlar, eyni zamanda, bu ölkədəki antidemokratik rejimin tərəfdaşıdır. O da həqiqətdir ki, Ermənistandakı son bir neçə seçkidə saxtakarlıqlara etiraz edən yüzlərlə insanın həbs edilməsinə, digər qanun pozuntularına Avropa Parlamenti daxil olmaqla Qərbdəki beynəlxalq qurumlar tərəfindən siyasi qiymət verilmir.

Avropa Parlamenti, “Freedom House”, “Human Rights Watsh”, “Amnistey İnternational” kimi təşkilatlar elə xristian təəssübkeşliyi üzündən ermənilərin açıq müdaifəçisi kimi çıxış edirlər. Daha bir maraqlı məqam isə ondan ibarətdir ki, Ermənistan ordusunun Azərbaycan torpaqlarını işğal etməsinə, bunun nəticəsində yurd-yuvalarından qovulmuş 1 milyondan artıq qaçqın və məcburi köçkünün taleyi ilə bağlı həqiqətlərə də həmin qurumlar nəzər salmaqdan uzaqdırlar. Ermənistana göstərilən himayə bu ölkənin danışıqlar prosesində konstruktiv mövqeyə gəlməsinə imkan vermir. Hadisələrin inkişaf istiqaməti əslində, yaxın perspektivdə Ermənistanın problemin sülh yolu ilə çözümü üçün belə bir mövqedən çıxış edəcəyini böyük sual altına alır. Bununla da onlar separatçı Qarabağ rejiminin və rəsmi Yerevanın himayədarı olduqlarını açıq şəkildə göstərirlər.

Ermənistanda baş verən son hadisələrə nəzər saldıqda vəziyyətin gündən-günə daha da pisləşdiyini söyləmək olar. Mövcud durum bu ölkədə bütün sahələr üzrə yaşanan tənəzzülün miqyasının daha böyük sürətlə genişləndiyini göstərir. Belə vəziyyətdə Ermənistanın özü gələcəyi olmayan ölkə sayılır. Hakimiyyətin repressiya siyasəti isə vəziyyəti daha acınacaqlı hala gətirir.

İşğalçı ölkədə cari ilin iyunundan başlanan etiraz aksiyaları hələ də səngimək bilmir. Hakimiyyətin gözləntilərinin əksinə olaraq, aksiyalar davamlı xarakter almaqdadır. Hazırda “Ayağa dur, Ermənistan!” hərəkatı aksiyalara müxalifətin də qoşulması üçün onlarla danışıqlar aparır. Razılıq əldə olunarsa, tərəflərin ölkədə ümumxalq mitinqləri təşkil edəcəkləri bildirilir.

Hərəkatın fəallarından olan Maksim Sarkisyan müxalifətlə ümumi razılığa gələnə kimi özlərinin aksiyalar təşkil edəcəklərini bildirib. Onun sözlərinə görə, paytaxt meriyası fəalların Baqramyan prospektində aksiya keçirməsinə icazə verməsə də, onlar buna məhəl qoymayaraq gələn həftə bu ünvanda aksiya keçirəcəklər. Ümumiyyətlə, fəallar meriyanın cavabından asılı olmayaraq yürüş edəcəklərini və marşrutun xalq tərəfindən müəyyən ediləcəyini bildiriblər. Onlar erməni xalqının yenidən küçələrə çıxacağını və vətəndaş itaətsizliyinin bütün üsullarına əl atacağını bildiriblər.

Amma Qərbdə, xüsusən də Avropa Parlamentində nədənsə, Ermənistanda baş verənlərə münasibət bildirilmir. Hakimiyyətin özbaşınalıqlarını sanki Avropada görmürlər. Halbuki son üç ayda Ermənistanda xeyli sayda aksiya keçirilib və onlara qarşı hakimiyyət tərəfindən çoxsaylı qanun pozuntularına yol verilib.

Xatırladaq ki, aksiyalar ölkədə elektrik enerjisinin bahalaşmasına etiraz olaraq keçirilir və yeni tariflərin ləğv olunması tələb edilir. Hələ iyun ayında “Talana yox!” ictimai hərəkatın təşəbbüsü ilə paytaxtın mərkəzində iki həftə davam edən izdihamlı etiraz aksiyaları zamanı Ermənistan rəhbərliyi tariflərin artırılan hissəsinin hökumət tərəfindən büdcədənkənar vəsaitlər hesabına ödəniləcəyini vəd etmişdir. Lakin sonradan baş nazir Ovik Abrahamyan bəyan etdi ki, elektrik enerjisi haqqının 16,7 faizi Vorotan çayı üzərindəki su elektrik stansiyası kompleksinin satışı nəticəsində əldə edilən vəsait hesabına ödəniləcək. Yəni. vəsait yenə də “xalqın cibindən” ödəniləcək. Vorotan elektrik stansiyalar kompleksinin 180 milyon dollara ABŞ-ın “Contour Global holdinq”inə satılması haqqında ötən ayın əvvəlində razılıq əldə edilib. Beləliklə, hakimiyyət yenə xalqı aldatmaqla məşğul olmaqdadır. Elə bu səbəbdən “Ayağa qalx, Ermənistan!” hərəkatı digər ictimai təşəbbüs və hərəkatlarla müzakirələr keçirir və ümumxalq mitinqi keçirməyə hazırlaşır.

Ermənistan mediası yazır ki, etirazların uzun müddət davam etməsinin əsasında ciddi sosial, iqtisadi faktorlar dayanır. Çünki ölkə əhalisinin yarıdan çoxu yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. İşsizlik, monopoliya, korrupsiyanın tüğyan etməsi fonunda isə əsas kommunal xidmətlərin, xüsusən də qaz və elektrik enerjisinin qiymətlərinin az qala hər il artırılması əhalinin durumunu daha da dözülməz edir. Bu səbəbdən də Ermənistanda böyük sosial narazılıq yaranıb. Bu narazılıq isə hakimiyyətin hər an xalq tərəfindən devrilmə ehtimalını getdikcə artırır. Onu da nəzərə almaq lazımdır ki, vəziyyət getdikcə pisləşdyindən hakimiyyətə qarşı etirazların miqyasının böyüməsi də qaçılmaz sayılır. Vəziyyətin pisləşdyini beynəlxalq qurumlar da təsdiqləyir. Məsələn, bu günlərdə Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya üzrə İdarəsinin direktoru Məsud Əhməd Ermənistana səfərindən sonra belə bir açıqlama ilə çıxış edib ki, ölkə iqtisadiyyatında artım olmayacaq: “Bizim hazırkı proqnozumuz ondan ibarətdir ki, bu il Ermənistan iqtisadiyyatında ola bilsin ki, artım baş verməsin. Ermənistana təkcə Rusiya iqtisadiyyatının artım tempinin aşağı düşməsi və şəxsi transfertlərin azalması deyil, həm də ixracın azalması təsir göstərir”. Məsud Əhməd qeyd edib ki, BVF gələn il də Ermənistanda əhəmiyyətli iqtisadi artım tempi görmür. Onun fikrincə, əgər Ermənistan iqtisadi artımı təmin etmək istəyirsə, o zaman böyük miqdarda investisiya cəlb etməli, xırda və orta biznesin fəaliyyətinə və investisiya cəlbinə maneçilik törədən problemləri aradan qaldırmalıdır: “Xüsusilə, gənclər üçün iş yerləri yaratmaq çox vacibdir ki, onlar öz ölkələrində gələcəklərini görə bilsinlər. Ermənistan kimi kiçik iqtisadiyyatı olan ölkə öz inkişafı üçün rəqabətin inkişafına əhəmiyyət verməlidir”. Amma Ermənistanda bunların heç biri olmadığından vəziyyət getdikcə gərginləşir. Bundan əvvəl BVF-nin respublikadakı daimi nümayəndəsi Tereza Deban Sançes də Ermənistan iqtisadiyyatı barədə pessimist proqnozlar vermişdi. Təbii ki, bu vəziyyət iqtidardan narazılığı sürətlə artırır.

Son günlərdə həlak olan erməni hərbçilərinin sayındakı artım da hakimiyyət üçün əsas problemlərdən biri olaraq qalır. Özü də itkilərin çoxu qeyri-döyüş şəratində baş verir. Məsələn, Martuni -Vardenis yolunda baş verən yol-nəqliyyat insidenti nəticəsində bu günlərdə Ermənistan Silahlı Qüvvələrinin 3 hərbçisi ölüb.

“Mercedes” markalı avtomobil ağaca çırpılıb. Nəticədə maşındakı 5 hərbçi yaralanıb. Yaralılar Göyçədəki hərbi hospitala yerləşdirilib. 29 yaşlı kapitan Taron Sedarakyan xəstəxanaya aparılarkən yolda, 38 yaşlı Qriqor Saakyan və yefreytor Gevorq Vardanyan isə hospitalda ölüb. Bundan sonra isə Dağlıq Qarabağda ermənilərin hərbi maşınları minaya düşərək partlayıb. Partlayış nəticəsində sürücü və düşmənin 5 hərbçisi həlak olub. Hadisənin Ermənistan-Azərbaycan sərhədində, cəbhəyanı ərazidə baş verdiyi bildirilir. Qeyd edək ki, hadisə 9 sentyabrda baş versə də, Ermənistan hakimiyyəti bu faktı ictimaiyyətdən gizlətməyə çalışıb. Amma jurnalistlərin yaydığı məlumatdan sonra fakt təsdiq olunub.

Bu qəbildən olan hadisələrin sayının çoxalması da ölkədə böyük etirazla qarşılanır. Etirazların böyüməsi fonunda isə indiki hakimiyyətin vaxtından əvvəl istefaya göndərilməsi də tamamilə mümkün hal sayılır. Amma hakimiyyət onlara qarşı çıxanları hələlik güc yolu ilə neytrallaşdırmağa üstünlük verir.

Göründüyü kimi, Ermənistanın totalitar rejimi Avropa Parlamenti kimi himayədarlarına güvənərək öz xalqına hələ çox divan tutacaq.

 

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2015.- 12 sentyabr.- S. 4, 5.