Avropa Parlamenti antiazərbaycançı
şəbəkənin oyuncağına
çevrilib
Avropa Parlamenti yenə öz “ənənəsinə” sadiq qalaraq Azərbaycana qarşı növbəti qərəzini nümayiş etdirdi. Yenə də ikili standartlar prinsipi ilə ölkəmizlə bağlı uydurma qətnamə qəbul edərək parlament seçkiləri öncəsi yeni “hədə-qorxu” taktikasını göstərmək istədi.
Ancaq bu qurumun rəhbərliyi də, ölkə ictimaiyyəti də yaxşı bilir ki, Azərbaycan Avropa İttifaqının üzvü deyil və bu qurumun qarşısında heç bir məsuliyyət daşımır. Buna görə də Avropa Parlamentinin qəbul etdiyi həmin qətnamə bizim üçün əvvəlki qərəzli sənədlərdən fərqlənməyən kağız parçasıdır.
Görünən də odur ki, bu qətnamə və indiyə qədər verilən bəyanatlar seçkilər öncəsi Azərbaycan hakimiyyətinə edilən təzyiq vasitələrindən biridir.
Bu məsələyə münasibət bildirən siyasətçilər, ekspertlər də eyni fikirdədirlər. Onlar hesab edirlər ki, Avropa Parlamenti Azərbaycana səmimi münasibət bəsləmir. Azərbaycanda parlament seçkiləri ərəfəsində qəbul olunmuş növbəti qətnamə də bu qurumun rəhbərliyinin və oradakı antiazərbaycançı qrupun ölkəmizin beynəlxalq nüfuzuna yenidən zərbə vurmaq cəhdindən başqa bir şey deyildir.
Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin komissiya sədri Siyavuş Novruzov dedi ki, bu qərəzli qətnamə antimilli qüvvələr, milli satqınlar tərəfindən hazırlanmış bir layihədir. Ona görə də Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərar tamamilə qərəzlidir. Heç bir reallığa əsaslanmır: “Bu, Avropada erməni lobbisinə xidmət edən, ermənilər tərəfindən maliyyələşən və Azərbaycanda maraqları olan siyasi qruplar tərəfindən ortaya atılan bir məsələdir. Müzakirənin müddətinə nəzər salsaq görərik ki, son bir neçə ildə Avropa Parlamenti Azərbaycana qarşı qərəzli mövqedən çıxış edir. Müxtəlif ölkələrdə, o cümlədən Cənubi Qafqazda, elə Ermənistanın özündə insanların güllələnməsi, öldürülməsi, sərbəst toplaşmaq azadlığının pozulması, vətəndaşlara, insanlara işgəncələrin verilməsi və digər bu kimi hallarla bağlı onlarla faktlar saya bilərik ki, Avropa Parlamentində bununla bağlı nə bir təşəbbüs göstərilib, nə də bir məsələ qaldırılıb. Amma Azərbaycanda olmayan məsələlər qərəzli şəkildə dünyaya təqdim olunur”.
S.Novruzovun fikrincə, həmin qətnamənin hər bir bəndinə, hər bir sətrinə baxanda burada nə qədər qərəzin olduğu aydın görünür: “Birinci növbədə xaricdən alınan qrantların qanunvericiliklə təsdiq olunmasına etiraz olunur. Bütün Avropa ölkələrində bu müddəa belədir və Azərbaycan da Avropa ölkələrinə, Avropa Parlamentinə daxil olan ölkələrin qanunvericiliyinə uyğun olaraq qrantların şəffaf olması üçün bu müddəanı qəbul edib. Təəssüflər olsun ki, qrant verən təşkilatlar da, alanlar da qrantı mənimsəyir, vəsaiti təyinatına uyğun deyil, Azərbaycanda iğtişaşlar törətməyə, ölkədə ictimai-siyasi sabitliyi pozmağa və bəzi siyasi partiyaların maliyyələşməsinə yönəldir. Buna qanunvericiliklə qadağa qoyulub. Bu hal ortaya çıxandan sonra isə həmin təşkilatlar və onların buradakı yerli əlaltıları ifşa olundu”.
S.Novruzovun sözlərinə görə, Avropa Parlamenti bir futbolçu ilə bir reportyor arasında məişət zəminində baş verən hadisənin nəticəsində baş verən qətli siyasiləşdirməyə çalışır: “Bu məsələ ilə bağlı Azərbaycan dövləti bütün lazımi addımları atdı. Azərbaycan xalqı şahid oldu ki, Prezident İlham Əliyev məsələni bilavasitə öz nəzarətinə götürdü, qətli törədənlər məsuliyyətə cəlb olundu və onlar layiqli cəzalarını alacaqlar. Bu hadisəni Azərbaycan iqtidarının adına yazmaq nə qədər cılız, yalan və böhtan xarakterli bir hərəkətdir”.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyir ki, Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnamə qəbul edəcəyini gözləyirdi: “Çünki son illər Avropada, ümumiyyətlə, Qərbdə normal məntiqlə izah olunmayan proseslər yaşanır. Qərb bir tərəfdən insan haqlarını, söz və mətbuat azadlığını əsas gətirərək Azərbaycan kimi ölkələrə təzyiq edir, digər tərəfdən özləri heyrət doğuracaq dərəcədə qərəzli və fitnəkar siyasət yürüdür. Bununla da yarım əsr ərzində söykəndikləri Avropa dəyərlərinə sarsıdıcı zərbə vururlar. Bununla da Avropaya inteqrasiya istəyində olan dövlətlərin və xalqların buna inamı sarsılır”.
Vahid Əhmədovun fikrincə, Azərbaycan müstəqilliyini əldə etdiyi ilk illərdən Avropa məkanının bərabərhüquqlu üzvü olmaq istiqamətində səmimi siyasət yürüdüb: “Azərbaycan hakimiyyəti birmənalı olaraq Qərbə inteqrasiyada maraqlı olduğunu təkcə bəyanatlarında deyil, əməli fəaliyyətində də ortaya qoyub. Azərbaycanın da əsas iştirakçı olduğu transmilli enerji və nəqliyyat layihələrini xatırlatmaq kifayətdir ki, bizim Avropa məkanı üçün necə əvəzolunmaz bir ölkə, strateji müttəfiq olduğumuz anlaşılsın. Amma görünür, Azərbaycanın bu qədər səmimi tərəfdaşlıq təşəbbüsləri onlara azlıq edir və buna görə də ikibaşlı siyasət yürüdənlər, bulanıq suda balıq tutmaq həvəsinə düşən ermənipərəst dairələr hər addımda Azərbaycanı gözdən salmaq siyasəti yürütməyə cəhd edirlər. Amma hər şərdə bir xeyir də olur. Avropa Parlamentinin Azərbaycandakı parlament seçkiləri öncəsi şərə xidmət edən bu qətnaməsi bizi dostumuzla düşmənimizi bir daha saf - çürük etməyə vadar edir”.
Deputat deyir ki, Azərbaycan erməni işğalına məruz qalsa da, hələ də Avropadan real dəstək əldə edə bilməyib və bu o deməkdir ki, əslində həmin dairələr də erməni dəyirmanına su tökürlər: “Ona görə də bu cür qərəzli qətnamələrdən çəkinməməli, əksinə, daha da güclənməliyik. Nəticədə onlar öz əməllərindən peşman olacaqlar. Çünki Azərbaycanda vətəndaş cəmiyyəti inkişaf edir, hər kəsin fikir, söz və məlumat azadlığı təmin olunub, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün zəruri şərait yaradılıb. Bu gün ölkədə onlarla siyasi partiya, yüzlərlə QHT, media orqanı heç bir maneə olmadan, sərbəst şəkildə fəaliyyət göstərir, internet azadlığı tam təmin edilib. Bütün bunları Avropa Parlamenti də yaxşı bilir. Ancaq hazırladıqları qətnamələrdə qərəzdən başqa heç nə olmur. Bu da hər kəsə bəllidir.”
Milli Məclisin deputatı Çingiz Qənizadə isə bildirir ki, Avropa Parlamenti tərəfindən qəbul edilmiş qətnamə bir daha bu qurumun bəzi siyasi təşkilat və dairələrin əlində siyasi alətə, oyuncağa çevrildiyini sübut etdi.
Onun sözlərinə görə, bu qətnamə Avropadakı ermənipərəst, o cümlədən antitürk, antimüsəlman, islamafob dairələrin Avropa Parlamentinin üzvlərinin bir hissəsini “ələ almaları”nın nəticəsidir: “Adətən, Azərbaycanda mühüm tədbirlər ərəfəsində Avropa Parlamentinin bu cür qətnamələr qəbul etməyə cəhd göstərməsi yenilik deyil. Azərbaycanda parlament seçkilərinə 50 gün qalmış Avropa Parlamentinin satın alınmış ayrı-ayrı fraksiyalarının təzyiqi nəticəsində bu qurum tərəfindən belə qərəzli, həqiqətə söykənməyən, Azərbaycanın daxili işlərinə qarışaraq məhkəmə hakimiyyətinin qəbul etdiyi qərarları şübhə altına alan, böhtan və iftiralarla dolu qətnamənin qəbulu məhz parlament seçkilərinin nəticələrini indidən şübhə altına almağa hesablanıb”.
Deputatın fikrincə, ölkədə vətəndaş cəmiyyətinin, QHT-lərin, siyasi partiya və mətbuatın azad fəaliyyəti üçün yaradılmış şəraiti görmək istəməyən Avropa Parlamenti qanunvericiliyin tələblərini pozan və həbs edilmiş bir neçə şəxsə görə Azərbaycan haqqında mənfi imic formalaşdırmaq niyyəti ilə etdiyi bu cəhdlərin və qəbul etdiyi belə qətnamələrin bir adı var - riyakarlıq!
Çingiz Qənizadə onu da əlavə etdi ki, bunlar, sadəcə olaraq, Azərbaycanın inkişafını və onun müstəqil siyasət yürütməsini qısqanclıqla qarşılayan qüvvələrin işidir: “AP-nin məzmunu dəyişməyən qərəzli qətnaməsi əvvəlcədən hazırlanmış bir ssenarinin tərkib hissəsidir. Bu məsələlərin kökündə isə Azərbaycanın müstəqil siyasət aparması dayanır. Bu müstəqil siyasəti həzm edə bilməyən dairələr sifarişlər əsasında müxtəlif qərəzli qətnamələr hazırlatdırırlar. Ancaq Avropa Parlamenti bu cür qətnamələrlə Azərbaycana təzyiq göstərə bilməz.”
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.- 2015.- 13 sentyabr.- S. 3.