Antiazərbaycançı
şəbəkə yeni böhtan kampaniyasına
başlayıb
Avropa
Parlamenti Azərbaycandan öz casuslarının həbsdən
buraxılmasını deyil, Ermənistandan Dilqəm Əsgərov
və Şahbaz Quliyevin azad olunmasını tələb etməlidir
Avropa İttifaqı (Aİ) ölkələrində insan hüquqlarının pozulmasına dair kifayət qədər problemlərin olması, dinc nümayişçilərin polisin qəddar zorakılığı ilə üzləşməsi, onların üzərinə itlərin saldırılması, həbsə atılması bütün dünyaya məlumdur. Almaniya, Böyük Britaniya kimi Aİ-nın aparıcı ölkələrində bununla bağlı kifayət qədər fakt göstərmək olar. Məsələn, Almaniyada insan hüquqlarının pozulması sahəsindəki ən aktual problemlərdən biri etiraz aksiyalarının dağıdılması zamanı polis tərəfindən qeyri-adekvat şəkildə güc tətbiq olunması, həmçinin insan haqlarının tez-tez pozulması, müxalifətə təzyiq göstərilməsi, söz və sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasıdır.
2011-ci ildə London küçələrində etiraz aksiyasına çıxanlardan hələ də həbsdə olanlar var. Almaniyada ötən mitinq iştirakçılarının başına açılan oyunlar yaxın keçmişimizdə baş verib. Ümumiyyətlə, polisin nümayişçilərə qarşı zorakılıq etməsi Aİ ölkələrində, eləcə də ABŞ-da artıq adi hadisələrdən biri hesab olunur. Sanki hakimiyyət çevrilişi cəhdinin qarşısını alırmışlar kimi maska və dəbilqələr geyinən polis əməkdaşları məhz tapşırıqlar əsasında zorakılığın sərhədlərini çox asanlıqla aşırlar. Nəticədə hətta nümayişçilərin döyülməsi anlarının videoçəkilişləri olsa da, günahkar polis əməkdaşını məsuliyyətə cəlb etmək heç vaxt mümkün olmayıb. Məsələnin digər diqqətçəkən tərəfi odur ki, Aİ ölkələrində baş verən bu cür hadisələrlə bağlı nə hüquq müdafiəçiləri danışır, nə də hakimiyyət dairələri.
Demokratiya yolunda olduqlarını iddia edən Aİ ölkələrində ildən-ilə sürətlə genişlənən islamofobiyanın, antisemitizmin qarşısının alınması üçün də praktiki olaraq heç bir addım atılmır. Əksinə, ayrı-seçkiliyin artması, o cümlədən xaricdən gələnlərlə bağlı yaranan qeyri-şəffaf və qeyri-bərabər əmək münasibətlərinə hakimiyyət orqanlarının göz yumması və miqrantların hüquqlarının pozulması bugünkü Avropanın acı reallıqlarıdır. Avropada insan hüquqlarına hörmətin hansı səviyyədə olduğunu dərinləşən islamofobiyadan, ayrı-seçkilikdən, miqrantların başlarına açılan oyunlardan da görmək olar.
Belə məsələlər Aİ ölkələrini dərindən düşündürməli, o cümlədən Avropa Parlamenti (AP) kimi qurumların əsas müzakirə predmeti olmalıdır. Amma daxilində baş verənləri görməyən və görməzliyə vuran AP öz kursunu çoxdan dəyişib və fəaliyyətini son illərdə yalnız müsəlman ölkələrini, o cümlədən Azərbaycanı tənqid etmək üzərində qurub. Bunu AP-nin son bir neçə ildə Azərbaycanla bağlı qəbul etdiyi əsassız sənədlər təsdiq edir. Ölkəmiz hər hansı bir beynəlxalq miqyaslı nailiyyətin astanasında olanda və ya hansısa möhtəşəm uğura imza atanda AP “fəallaşır”, onun ermənpərəst üzvləri təcili toplaşaraq qeyri-obyektiv, əsassız və subyektiv mülahizələrdən ibarət qətnamə qəbul edirlər. Hətta belə müzakirələr zamanı obyektiv düşünən heç bir deputatın fikri nəzərə alınmır və yekunda antiazərbaycançı dairənin sifarişi olan qərar qəbul olunur. Macarıstanda həbsdə olan Azərbaycan Ordusunun zabiti Ramil Səfərov Azərbaycana gətiriləndə və azad olunanda “Eurovision” mahnı müsabiqəsi, “Əsrin müqaviləsi”nin 20 illik yubileyi və “Cənub” Qaz Dəhlizinin təməlinin qoyulması, I Avropa Oyunları və digər əlamətdar hadisələr ərəfəsində, eləcə də antiazərbaycançı şəbəkənin hansısa niyyəti, ölkəmizdə iğtişaşlar törətmək, sabitliyi pozmaq planları iflasa uğrayan kimi AP Azərbaycanla bağlı mütləq qətnamə qəbul edir. Ona görə AP həmişə Azərbaycana qarşı ədalətsiz mövqeyi ilə seçilib. Daim antiazərbaycançı şəbəkənin əlində alətə çevrilərək ölkəmizlə bağlı həqiqətdən uzaq olan, yalnız bəzi dağıdıcı müxalifətin və “beşinci kolon”un göndərdiyi yalan məlumatlar əsasında hesabatlar hazırlayıb. Bu təşkilat hesabatlarını hazırlayarkən heç vaxt Azərbaycanın rəsmi dövlət qurumlarına istinad və ya müraciət etmir və beləliklə, bilərəkdən qərəzə yol verir.
Bu günlərdə AP-də Azərbaycanla bağlı qəbul edilmiş qətnamə qərəzli, ədalətsiz olmaqla bu qurumun antiazərbaycançı fəaliyyətinin növbəti dəfə təsdiqidir. Bu kağız parçasında əks olunmuş iddiaların real vəziyyətlə ziddiyyət təşkil etdiyini, yalan üzərində qurulduğunu, əsassız və subyektiv mülahizələrə söykəndiyini AP təmsilçilərinin özləri də yaxşı dərk edirlər. Ona görə Azərbaycana qarşı iddialarında qeyri-obyektiv olduqlarını bilirlər. Bu cür iftira dolu qətnamələrin qəbulu isə sadəcə paxıllıqdan, Azərbaycanın uğurlarını qəbul edə bilməməkdən, Qərbin neoimperializm planlarının ölkəmizdə iflasa uğramasından irəli gəlir.
Azərbaycanın dinamik və davamlı inkişaf yolunda olması, qlobal iqtisadi böhrandan itkisiz çıxması, hər sahədə qazandığı nailiyyətlər respublikamızın regional və beynəlxalq nüfuzunun artmasına, dünyada daha yaxından tanınmasına böyük töhfələr verməkdədir. Azərbaycanla müqayisədə isə Ermənistan nəinki yerində sayır, geriyə addımlayır. Bu ölkə siyasi baxımdan olduğu kimi, iqtisadi tərəfdən də tamamilə asılı vəziyyətdədir. Bütün bunları dünya görür və xüsusən Qərb siyasi dairələri Ermənistanın Azərbaycan qarşısında miskin durumda olmasını qısqanclıqla qarşılayırlar. Üstəlik, Azərbaycanın modern, aydın mövqeyi olan, siyasi və iqtisadi baxımdan tam müstəqil siyasət yeridən dövlət kimi beynəlxalq birlikdə öz yerini möhkəmləndirməsi Avropanın bəzi təşkilatlarının, xüsusən erməni təəssübünü çəkən dairələrin, erməni lobbisinin maraqlarına xidmət edən mərkəzlərin ölkəmizə qarşı qərəzli münasibət ortaya qoymaları ilə müşahidə olunur. Belə təşkilatlardan biri də Avropa Parlamentidir ki, bu da onun Azərbaycanla bağlı qətnamələrində özünü göstərir.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişindən sonra Azərbaycan dövləti insan hüquqlarına və azadlıqlarına hörməti, azad vətəndaş cəmiyyətinin qurulmasını, bu yolda əvvəlki dövrdən qalan əngəllərin aradan qaldırılmasını gələcək inkişafında prioritet elan etdi. Bu məsələ sonrakı illərdə Azərbaycan hakimiyyətinin ortaya qoyduğu güclü siyasi iradə və konkret qərarlarla müşayiət olunub. Qarşıya çıxan çoxsaylı maneələrə baxmayaraq, Azərbaycan dövləti demokratik dəyərlərə sadiq qaldı. Bu gün ölkəmizdə siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir kəsin, hər bir vətəndaşın hüquq və azadlıqları ölkə qanunları və Konstitusiya ilə təmin edilib. Bu mənada demokratiya yolu ilə inamla addımlayan ölkəmizdə sivil və bəşəri dəyərlərin sözdə deyil, əməldə, praktikada öz yerini tapmasını sübut etməyə ehtiyac yoxdur. Qazanılan uğurlar da təsdiq edir ki, Azərbaycan Respublikası demokratik proseslərdən kənarda deyil. Bu gün demokratiyanın hər bir mütərəqqi cəhəti Azərbaycan reallığında əksini tapır. Müxtəlif nüfuzlu beynəlxalq qurumlar, ayrı-ayrı dövlət və hökumət başçıları, ekspertlər, politoloqlar Azərbaycanın demokratiya və vətəndaş cəmiyyəti quruculuğu sahəsində əldə etdiyi böyük uğurları, hazırkı dövrdə dinamik inkişafını xüsusi vurğulayırlar. Odur ki, AP-nin qəbul etdiyi qətnamədə Azərbaycanda insan haqlarının pozulmasına dair iddiaların yer alması tamamilə absurd və yersizdir.
Qətnamədə adıçəkilən şəxslər - Leyla Yunusova, Xədicə İsmayılova və digərləri isə konkret cinayət əməllərinə görə həbs olunublar. 2002-ci ildən Ermənistanın “Region” tədqiqatlar mərkəzi və digər qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edərək erməni sevgisini ortaya qoyan Leyla Yunusova “xalq diplomatiyası” pərdəsinə bürünərək Ermənistana casusluq etməklə yanaşı, bu antimilli fəaliyyətə digər şəxsləri də cəlb edib. İstintaqla müəyyən edildi ki, bu adam maddi maraq zəminində “xalq diplomatiyası” üzrə birgə layihələrin həyata keçirilməsi adı altında Azərbaycan vətəndaşlarının məxfi əməkdaşlığa cəlb edilmələri üçün Ermənistan xüsusi xidmət orqanının nümayəndələri ilə əlaqələndirib. Onlar bunun nəticəsində Rauf Mirqədirov tərəfindən hərbi hissələrin, aerodrom və sair strateji əhəmiyyətli dövlət obyektlərinin yerlərinin dəqiqliklə təsvir olunduğu sxemin fotoşəkillərlə birlikdə düşmən ölkənin kəşfiyyat orqanlarının nümayəndələrinə ötürülməsinə nail olublar.
Xədicə İsmayılova isə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham olunurdu. Məhkəmə prosesində onun əməlləri tam sübuta yetirildi və X.İsmayılova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrinə əsasən 7 il 6 ay müddətində azadlıqdan məhrum edildi. Antiazərbaycançı şəbəkənin ünsürləri olduğu şübhə doğurmayan bəzi Qərb siyasətçiləri, təşkilatları hələ əvvəldən X.İsmayılovanın həbsini xüsusi diqqətdə saxlayaraq istintaq prosesinə təsir etməyə çalışırdılar. Məhkəmənin başa çatmasından sonra bu dairələr X.İsmayılovanın həbsini siyasiləşdirmək üçün əllərindən gələni etməyə cəhd göstərirlər. Lakin özləri də yaxşı bilirlər ki, bu adam jurnalist fəaliyyətinə aidiyyəti olmayan başqa cinayət əməllərini törətməkdə ittiham olunurdu və məhkəmədə onun günahı tam sübuta yetirildi.
Ümumiyyətlə, AP-nin qətnaməsində adıçəkilən üzdəniraq “hüquq müdafiəçiləri” siyasi fəaliyyətinə görə deyil, cinayət xarakterli konkret əməllərinə görə həbs ediliblər. Eyni zamanda istintaqla müəyyən edilib ki, bu adamlar Qərb ölkələrində yaradılmış və antiazərbaycançı fəaliyyətə rəvac verən strukturlar tərəfindən qanunsuz şəkildə maliyyələşdiriliblər. Qərb ölkələrindəki həmin siyasi dairələr, təşkilatlar da gizlətmirlər ki, bu adamlar onların yaratdıqları “beşinci kolon”un nümayəndələridir. Buna görə də AP-nin həmin şəxslərin həbs edilməsinə kəskin reaksiya verməsini anlamaq çətin deyil. İstədikləri casuslarının azadlığa çıxmasıdır. Əslində isə AP Azərbaycandan cinayətkarların həbsdən buraxılmasını deyil, Ermənistandan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasını tələb etməli idi.
Azərbaycana qarşı qərəzli mövqe tutan Avropa Parlamenti indiyədək məhz xristian təəssübkeşliyi nümayiş etdirərək Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi ilə bağlı bir sənəd belə qəbul etməyib. Bu gün Kəlbəcər rayonundan olan Dilqəm Əsgərov və Şahbaz Quliyev öz doğmalarının qəbirlərini ziyarət edərkən Ermənistan tərəfindən girov götürülərək həbs olunublar. Avropa Parlamenti və digər təşkilatlar isə məhz islamofob və erməni təəssübkeşliyindən çıxış edərək indiyədək bu hadisəyə münasibət bildirməyiblər. Amma öz “beşinci kolon”larının nümayəndələrinin həbsdən azad olunmaları üçün hər cür riyakarlığa gedirlər. Bütün bunlar bir daha AP və onun kimi Azərbaycana daim qərəzli münasibət göstərən təşkilatların iç üzünü açıb göstərir.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.- 2015.- 13 sentyabr.- S. 4.