Milli
Məclis Avropa Parlamentinin bədnam və qərəzli qətnaməsinə
etiraz etdi
Dünən Milli Məclisin növbədənkənar iclası keçirildi. Dövlət himni səsləndirildikdən sonra Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, Avropa Parlamenti sentyabrın 10-da Azərbaycanla bağlı qərəzli qətnamə qəbul etdikdən sonra Parlamentin 49 deputatı Konstitusiyaya uyğun olaraq Milli Məclis rəhbərliyinə müraciət edərək növbədənkənar sessiyanın çağırılmasını xahiş ediblər. Deputatların müraciəti müsbət qiymətləndirilib və “Avropa Parlamentinin 2015-ci il 10 sentyabr tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin qərarı haqqında” məsələ gündəliyə daxil edilib.
Oqtay Əsədov diqqətə çatdırdı ki, Azərbaycan dövləti dəfələrlə Avropa Parlamentinin qərəzli münasibətinin şahidi olub. Bu dəfə isə Avropa Parlamenti bütün hədləri keçib: “Avropa Parlamenti Azərbaycanın siyasi hakimiyyətinə böhtan atır. Bu parlamentin iclasını mən, Ziyafət Əsgərov və Valeh Ələsgərovla müşahidə etdik. Bir daha gördük ki, bu qurum Azərbaycana qarşı nə qədər qərəzli mövqe tutur. Avropa Parlamentində qətnamə qəbul olunanda adətən 40-60 deputat iştirak edir. Ancaq bu dəfə böyük bir iclas çağırmışdılar. İclasda 635 deputat iştirak edirdi. Çox maraqlıdır ki, iclasda AP-nin Xarici Əlaqələr Komitəsinin sədri Elmar Brok qətiyyətlə bildirdi ki, iclasın gedişində prosedur qaydalarını pozmaq olmaz. Öncə komitələrdə iclas keçirilməli və sonra plenar iclasda müzakirəyə çıxarılmalıdır. Biz bu cür etməsək Azərbaycanı itirə bilərik.
Bu çıxışdan dərhal sonra Azərbaycanın “dostu”, vitse-prezident xanım Ulrike Lunaçek tribunaya çıxıb çox böyük çılğınlıqla təkid etdi ki, bu məsələ gündəlikdə qalmalıdır və ona baxmalıyıq. Onun ardınca 2 deputat çıxış edərək iclasın gedişatının dəyişdirilməsinə etiraz etdilər. Sonra müəyyənləşdirdik ki, həmin deputatlar sentyabr ayının 1-də “Dağlıq Qarabağ Respublikasında” olub qondarma prezident Bako Saakyanla görüşüblər. Yəqin ki, onlar aldıqları təlimatları da AP-də yerinə yetirir, ya da bəxşişlərin əvəzini yetirmək üçün belə canfəşanlıq edirdilər. Elə bu məqamın özü korrupsiyanın AP-də necə işləməsinə bir misaldır. Ona görə də Avropa Parlamentinin sədri Martin Şultsu korrupsiyaya bulaşmış lobbiçi qruplaşmalarla iş birliyinə son qoymağı çağırıram”.
Milli Məclisin Sədri vurğuladı ki, həmin iclasda müzakirəyə çıxarılan sənədlərin hamısı saxta olub. Azərbaycana qarşı qərəzli qətnamə səsə qoyularkən isə 202 deputat əleyhinə, 72 deputat isə bitərəf qalıb. Bu o deməkdir ki, Azərbaycanla əməkdaşlığa qiymət verən konstruktiv dövlətlər və onların təmsilçiləri var. Amma korrupsiyaya qurşanmış qüvvələrin hay-küyü Azərbaycanı istəyən qüvvələrin səsinin eşidilməsinin qarşısını alır.
Oqtay Əsədov bildirdi ki, öz müstəqil siyasətini həyata keçirən Azərbaycan heç kimin sözü ilə oturub-durmayacaq. Müstəqilliyini qoruyacaq və xalqla iqtidar arasında olan möhkəm birlik daha da qüvvətlənəcək. Oqtay Əsədov hesab edir ki, Nazirlər Kabineti də “Şərq Tərəfdaşlığı” proqramını yenidən nəzərdən keçirməlidir: “Azərbaycan haqda qərəzli qətnamə Avropa Parlamentinin imicinə böyük zərbə vurdu. Milli Məclisə seçkilər ərəfəsində Avropa Parlamenti üzdəniraq qətnamə qəbul edərək üzv ölkələrə çağırışlar edir. Bu, bütün beynəlxalq normalara ziddir. Seçkilər başlanmamış bu seçkilərin legitimliyini tanımamaq beynəlxalq qaydalara ziddir. Onların əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizə zərbə vurmaqdır. Ancaq Azərbaycan kiminsə diktəsi ilə fəaliyyət göstərməyəcək. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət xalq tərəfindən dəstəklənir. Xalqla iqtidar arasında sarsılmaz birlik var. Bu birlik İlham Əliyev cənablarının ətrafında bir yumruq kimi birləşib hədəfləri dəf etməyə qadirdir”.
Sonra iclasda müzakirələr başlandı. Deputatlar Sahibə Qafarova, Leyla Abdullayeva, Sabir Rüstəmxanlı çıxış edərək bildirdilər ki, bu gün artıq dünya ölkələri sırasında öz layiqli yerini tutan Azərbaycanda sosial-iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər onun qüdrətini daha da artırmaqdadır. Demokratik, hüquqi dövlət quruculuğu yolunu tutan Azərbaycan bu istiqamətdə mühüm uğurlara imza atmışdır. Azərbaycanın uğurları, beynəlxalq aləmdə artan nüfuzu dost ölkələri sevindirsə də, bəzi antiazərbaycançı şəbəkələri, beynəlxalq təşkilatları “narahat” edir. Xarici antiazərbaycançı şəbəkə və onların əlaltıları, bəzi yerli dairələr Azərbaycanda baş tutan mühüm ictimai-siyasi, beynəlxalq tədbirlər ərəfəsində öz simalarını açıb göstərirlər. Avropa Parlamentinin qəbul etdiyi qətnamə Azərbaycana qarşı ədalətsiz mövqeyə söykənir. Sənəddə Azərbaycan reallıqları tamamilə təhrif olunub və ölkəmiz haqda əsassız ittihamlar irəli sürülüb. Bir sıra avropalı siyasətçilərin ikiüzlü, riyakar fəaliyyətlə məşğul olması, konkret sifariş həyata keçirmələri artıq çoxdandır müşahidə olunan haldır.
Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, AP-də məlum qərəzli qətnaməni siyasi partiya üzvləri hazırlayıblar. Ona görə də iclasda partiyaları təmsil edən deputatlar və ölkəmizi beynəlxalq təşkilatlarda təmsil edən parlamentarilər öz fikirlərini bildirsələr daha məqsədəuyğun olar.
Çıxış üçün söz Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidova verildi. Azərbaycana qarşı təxribatlara layiqli cavab verməyi təklif edən S.Seyidov qeyd etdi ki, Milli Məclisə seçkilər ərəfəsində Avropa Parlamentinin səhvlərlə dolu, tələsik qətnamə qəbul etməsi bu qurumun imicinə böyük zərbə vurdu: “Bundan sonra Avropa Parlamentinin heç bir qətnaməsi ciddi qəbul edilə bilməz. Çünki onlar müstəqil, suveren və demokratik bir dövlətə qarşı belə bir qərəzli addım atdılar. Avropa Parlamenti müstəqil Azərbaycan dövlətinin söz sahibinə çevrildiyini, kiminsə fikri ilə yox, yalnız öz maraqları ilə siyasət yürütməsini qəbul edə bilmir. Azərbaycan işğal olunmuş torpaqlarını Minsk qrupundan və digər təşkilatlardan kənar azad etmək iqtidarındadır. Azərbaycan inkişaf edir və başqalarının fikirləri ilə yox, müstəqil yaşayır. Bütün bunlar onları qorxuya salır. Biz problemlərimizi beynəlxalq təşkilatlar vasitəsilə dünyaya çatdırmaq və həll etmək niyyətində olmuşuq, qanun aliliyini düşünəndə beynəlxalq qanunları düşünmüşük. Bu qərəzli qətnamədən sonra nə düşünək? Biz Avropa Parlamentində sağlam qüvvələrlə birləşib Avronest Parlament Assambleyasında iştirakımızı dayandırmalıyıq. Azərbaycan demokratik yoldan dönməyəcək və öz qəti sözünü deyəcək”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə dedi ki, əgər Azərbaycan xalqı Avropa ilə hər hansı bir siyasi və mədəni münasibətlərdən narazıdırsa, onda Avropa ilə əlaqələrin davam etdirilməsinin heç bir əhəmiyyəti yoxdur: “Azərbaycanın Avropa İttifaqına üzv olan bəzi dövlətlərlə əlaqələri mövcuddur. Bundan sonra da bu əlaqələr davam etdiriləcək. Biz Azərbaycanla münasibətdə olan Avropa İttifaqına üzv ölkələrin nümayəndələrini ölkəmizə dəvət edəcəyik. Onlar gəlib Azərbaycanda parlament seçkilərini müşahidə edəcəklər. Biz bir təşkilat kimi Avropa İttifaqı ilə münasibətlərə yenidən baxmalıyıq və tövsiyələrimizi verməliyik. Parlament seçkilərində bizim üçün hansısa beynəlxalq qurumun, təşkilatların fikri yox, Azərbaycan xalqının fikri, mövqeyi, müşahidəsi vacibdir. Biz həm də hökumətdən xahiş etməliyik ki, “Şərq Tərəfdaşlığı” proqramını yenidən nəzərdən keçirsin”.
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov da həmkarlarının fikirləri ilə həmrəy olduğunu bildirdi. Onun sözlərinə görə, Azərbaycana qarşı qərəzin kökündə Azərbaycanda gedən inkişaf, yürütdüyü müstəqil siyasət durur. Deputat Azərbaycana qarşı qərəz nümayiş etdirən bütün təşkilatları əməllərindən əl çəkməyə çağırdı: “Azərbaycan Prezidenti xalqın etimadını doğruldur.
Azərbaycanda xalq-iqtidar birliyinin qarşısını heç kim ala bilməyəcək. Azərbaycan müstəqil, suveren ölkədir və müstəqil siyasət yeridir. Ona görə də Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən təşkilatları bu əməllərdən əl çəkməyə çağırıram”.
S. Novruzov qeyd etdi ki, Avropa Parlamentinin Azərbaycan haqda qəbul etdiyi qətnamənin 3 bəndində qərəz özünü göstərir: “Qətnamənin 10-cu maddəsində yazılıb ki, Leyla və Arif Yunuslar Ermənistanla Azərbaycan gəncləri arasında münasibət yaratdıqlarına görə həbs olunublar. Bundan böyük ədalətsiz yanaşma olar? Təcavüzə, soyqırıma məruz qalan bizik. Necə olar bilər ki, işğala məruz qalan Azərbaycanın gəncləri işğalçı erməni gəncləri ilə dostluq etsinlər. Bu münasibət ədalətsiz və qərəzlidir”.
S.Novruzov digər bir məsələyə də toxundu. Qeyd etdi ki, ölkəmizdə bəzi QHT-lər həmin qüvvələrdən qrant alır: “Ölkəmizdə bütün siyasi partiyalar, QHT-lər seçkilərdə iştirak edəcəklərini bildirirlər, bir milli satqınlar şurasından başqa. Çünki onlar həmin qüvvələrdən qrant alırlar. Qrant aldıqları qüvvələrin sabah Azərbaycanla bağlı verdiyi bəyanatda özlərini element kimi görmək istəyirlər. Avropalılar tolerantlığı, şəffaf seçkinin necə keçirildiyini, mənəvi dəyərlərin necə qorunduğunu gəlib Azərbaycandan öyrənsinlər”.
Milli Məclisin Sədri Oqtay Əsədov son vaxtlar Yaxın Şərqdən Avropaya üz tutan miqrantlara qarşı göstərilən təzyiqlərdən də söz açdı: “Dəhşətli müqayisə yaranıb. 7 milyon kvadratkilometr ərazisi, 1 milyard əhalisi olan Avropa 300-400 min qaçqını qəbul edə bilmir. Torpaqlarının 20 faizi işğal olunan Azərbaycan dövləti 27 ildir 1 milyondan çox qaçqını saxlayır. Bu gün Avropanın Yaxın Şərqdən gələn qaçqınları qarşılama mənzərəsi əsl konslager mənzərəsini yaradır. Adamın ürəyi ağrıyır. Qaçqınlarla qeyri-insani rəftar edirlər. Çörəyi hətta elə atırlar ki, üzr istəyirəm, sanki heyvana atırlar. Budur Avropa dəyərləri?”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev də bildirdi ki, Avropa Parlamentinin qəbul etdiyi bu qətnamə əslində Azərbaycanla Avropa Parlamenti arasında münasibətləri pozmağa yönələn sənəddir. Bunun erməni lobbisindən maliyyələşən dairələrin əməli olduğunu deyən deputat qətnamədə Azərbaycan qaçqınları barədə bir kəlmə yazılmadığını xatırlatdı: “Azərbaycana qarşı sanksiya tələb olunur. Bəs, 1 milyon insanı didərgin salan, 20 min insanı qətlə yetirən, 20 faiz ərazini işğal edən ölkəyə qarşı niyə sanksiya tələbi yoxdur?!”
Q.Həsənquliyev hesab edir ki, Azərbaycanın əleyhinə aparılan kampaniyada ölkəməzdəki bəzi dairələrin də rolu var. Həmin qüvvələr Azərbaycanda hakimiyyətə gəlmək üçün şeytanla da əməkdaşlığa hazırdırlar: “Bu gün Azərbaycanda milli satqınlar şurası adlandırılan bir şura var. Amma Avropa da bunların satqın olduğunu bilir”.
Deputat Tahir Rzayev vurğuladı ki, bu qərəzli qətnamə ilə AP özünü rüsvay etdi. Çünki sənəd başdan-ayağa qərəzdən ibarətdir: “Bu qərəzli sənədlə həmin qurum kimlərinsə oyuncağı olduğunu göstərdi. Ona görə də biz bu qurumla əməkdaşlığa yenidən baxmalıyıq”.
Deputat Vahid Əhmədov Avropa Parlamentinin son on ildə, xüsusilə də “Eurovision” və ilk Avropa Oyunları ərəfəsində qəbul etdiyi qərarların milli maraqlarımıza zidd olduğunu xatırlatdı. Xüsusilə də qarşıdan gələn parlament seçkiləri ərəfəsində belə bir sənədin qəbuluna etirazını bildirdi. Deputat dedi ki, qətnamədə faktiki olaraq Ermənistanın işğalına haqq qazandırılır.
V.Əhmədov dedi ki, Avropadakı deputatlarımız, diaspor təşkilatları, XİN ölkəmizə səs verən deputatlarla işləməlidir: “Biz qətnaməyə qarşı çıxan 202 deputatın da mövqeyini nəzərə almalıyıq. Mən Avropa Parlamentinin qətnaməsini pisləyirəm. Amma Avropa Parlamenti ilə işləmək lazımdır. Biz Avropadan təcrid olunmamalıyıq, Avropa Parlamenti Avropa dövlətləri demək deyil. Azərbaycanın Avropa dövlətləri ilə çox sıx əlaqələri var”.
Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov da Avropa Parlamentinin Azərbaycan haqda qəbul etdiyi qətnaməsini saxta, böhtan və yalan adlandırdı. Dedi ki, bu qətnamə heç bir əsası olmadan qəbul olunmuş bir kağız parçasıdır: “2014-cü ilin sentyabrını yada salaq. Yeni seçki keçiriləndən sonra Avropa Parlamenti sentyabrın 18-də Azərbaycan əleyhinə qətnamə qəbul etdi. Məqsəd birdir. Azərbaycanda davamlı olan ictimai-siyasi sabitliyi pozmaq. Bu, onları qane etmir. Vaxtilə ulu öndər Heydər Əliyev deyib ki, müstəqilliyi qoruyub saxlamaq, onu elan etməkdən çox-çox çətindir. Biz bu çətinliklərə hazır olmalıyıq”.
Vitse-spiker bildirdi ki, Avropa Parlamentinin qərəzli qətnaməsində Azərbaycanda söz və mətbuat azadlığının olmaması qeyd olunub: “Ölkəmizdə minlərlə qəzet və jurnallar, onlarla telekanal var. Nə zaman hansısa jurnalistə nəyisə yazmaması ilə bağlı təzyiq olunub? Bütün bunlar böhtandır. Bizi tənqid də, təhqir də edirlər. Amma biz məhkəməyə də müraciət etmirik. Azərbaycanda bir nəfər də olsun siyasi məhbus yoxdur. Milli Məclisin Sədri xarici qonaqları qəbul edəndə dəfələrlə bu məsələni qaldırıb. Axı, deyin görək siyasi məhbus nədir? Bunun beynəlxalq hüquqi anlayışını verin! Lakin onlara bunun hüquqi anlayışını vermək sərf etmir. Çünki siyasi məhbus adı altında dövlətin daxili işlərinə qarışırlar. Kimə istəyirlər ona da siyasi məhbus adı verirlər. Avropa bu cür yolla Azərbaycana təzyiq etməyə çalışır. Avropa Parlamenti rəhbərliyində oturan bir neçə şəxs erməni lobbisinin təsiri altına düşüb. Avropa artıq Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərinin nəticələri ilə bağlı hesabatları da hazırlayıb. Axı, siz nə bilirsiniz seçkilərin nəticələri necə olacaq? Axı siz hansı haqla Azərbaycan xalqının iradəsinə müdaxilə edirsiniz?”
Vitse-spiker ərəb ölkələrində baş verən hadisələrə də toxundu: “Hazırda Misirdə, Liviyada, Suriyada, Əfqanıstanda müharibələr, fəlakətlər baş verir. Bu ölkələrdə əhali qaçqın vəziyyətinə düşür. Əlbəttə ki, bunları Avropa edir. Onların problemlərini necə yaratmısınızsa, elə də həll edin. Milyonlarla dollar pul qoyub Liviyanı dağıtdınız. İndi Azərbaycanı dağıtmaq istəyirsiniz? Minlərlə miqrantları dənizdə batırır, öldürürsünüz. Axı, bu nə vəhşilikdir? Bu cür vəhşilikləri edən Avropa Azərbaycanla demokratiyadan, insan haqlarından necə danışa bilər? Milli satqınlar da Avropadan milyonlarla pul alıb ölkədə xaos yaratmaq istəyirlər. Ancaq bu, mümkün olmayacaq. Çünki Azərbaycanda xalqla-iqtidar arasında güclü birlik var. Onlar Azərbaycan Prezidentinə paxıllıq edirlər. Çünki onların özlərində belə prezident yoxdur”.
Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, Avropa Parlamentinin qətnaməsinə cavab olaraq Azərbaycan Milli Məclisində qətnamə hazırlanmalıdır: “Avropa parlamentinə qarşı hazırlanan qətnamə dəqiqliklə işlənməlidir. Bu, çox vacib bir məsələdir. Əgər bu gün biz Avropa Parlamentinin qətnaməsinə cavab verməsək, onlar bu qərəzli mövqelərini mütəmadi davam etdirəcəklər”. Sonra xüsusi qrup yaradıldı və Oqtay Əsədov qətnamənin hazırlanıb işlənməsi üçün tapşırıq verdi.
Deputat Elton Məmmədov dedi ki, bütün təzyiqlərin kökündə Azərbaycanın müstəqil siyasət yürütməsi, söz sahibinə çevrilməsi dayanır. Avropa bunu qəbul edə bilmir və istənilən vasitə ilə ölkəmizə qarşı hücuma keçmək istəyir.
Parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov isə bildirdi ki, antiazərbaycançı şəbəkənin aktivləşməsinin səbəbi hər kəsə bəllidir. Azərbaycanda hansısa beynəlxalq toplantı, seçki olanda qara qüvvələr “hərəkətə” keçirlər. Ancaq onların hər dəfə Azərbaycana qarşı hücumları bumeranq effekti verir. Erməni lobbisinin təsiri altında hazırlanıb qəbul edilən qətnamələrin Azərbaycana heç bir təsiri olmayacaq.
Deputatlar Yaqub Mahmudov və Məlahət İbrahimqızı da Azərbaycana qarşı təzyiqlərin hansı mənbələrdən qaynaqlandığını göstərdilər. Deputatlar hesab edirlər ki, Avropa öz mənəvi dəyərlərini itirib. Qərbdəki bəzi qurumlar Yaxın Şərqdə müharibə ocaqları yaradıb kənardan izləməklə məşğuldurlar. Deputatların fikrincə, Avropa Parlamenti erməni lobbisinin maliyyəsi ilə istənilən qərəzli sənəd hazırlaya bilər. Ancaq Azərbaycan dövlətinin möhkəm təməli var və xalq iqtidara inanır. Ancaq həmin qüvvələrə dəstək olan ölkəmizdəki 5-ci kolonun, milli satqınların fəaliyyətinə son qoyulmalıdır.
Milli Məclisin Sədr müavini Bahar Muradova Avropa Parlamentinin qəbul etdiyi qətnaməni bütün azərbaycanlılar üçün təhqir adlandırdı. Onun fikrincə, kimsə bundan istifadə etməyə çalışırsa, onların arasında əlaqə var. Bahar Muradova ilk olaraq soydaşlarımıza səsləndi: “Mən ictimai qurumlara, vətəndaşlara, hər bir azərbaycanlıya səslənirəm. Bu məsələdə Azərbaycanın mövqeyindən çıxış etməyə çalışın. Azərbaycanı Avropa ilə əlaqələri kəsməkdə ittiham etməyin. Azərbaycan bunda maraqlı deyil. Beynəlxalq tribunalarda çıxışlarımızın, çağırışlarımızın əsasında beynəlxalq hüququn prinsipləri dayanıb. Ancaq bizə qarşı qərəzli mövqe nümayiş olunur. Bu qətnamənin arxasında çox gizli hədəf və məqsədlər gizlənib. Nəyə görə BMT-nin Dağlıq Qarabağla bağlı sənədlərinin icrasına belə qəti çağırış edilmir. Son illərdə baş verən hadisələr göstərir ki, Avropanı heç də dövlətlərin ərazi bütövlüyü narahat etmir. Bu təşkilatlar qarşılarına dövlətlərin müstəqilliyinin sarsılması və ərazi bütövlüyünün pozulması kimi məqsəd qoyublar. Belə hadisələr onların işlərinə yarayır. Əsl mənada fundamental insan haqlarına düzgün yanaşan təşkilatları bu qurumlarla bir sıraya qoymamalıyıq. Bunu təkcə Azərbaycan tipli ölkələrə yönəlmiş qərəz kimi qəbul etmirəm. Avropa Parlamentinin qəbul etdiyi qətnamə cinayətkarcasına bütün Avropa xalqlarına yönəlmiş qərardır. Bu, ilk növbədə avropalıların həyatına təsir edəcək. Avropalılara üzümü tutub deyirəm ki, özünüzü bu məsələlərdən kənarda bilməyin. Bu, dini, irqi və etnik ayrı-seçkiliyə gətirib çıxaran siyasətdir”.
Bahar Muradova hər bir Azərbaycan vətəndaşını bu məsələyə daha qlobal yanaşmağa, bunu bəşəri bir problem kimi qəbul etməyə çağırdı. Bildirdi ki, bu məsələdə əlbir olmalıyıq.
Qısa fasilədən sonra çıxışlar davam etdi. Deputat Asim Mollazadə dedi ki, AP-nin qəbul etdiyi qətnamə Azərbaycana qarşı informasiya müharibəsinin və ideoloji mübarizənin təzahürüdür. Onun sözlərinə görə, hər il Azərbaycanın işğal olunmuş ərazilərinə gedən hər bir avropalı deputata 50 mindən səkkiz minə qədər avro verilir. A.Mollazadə onu da qeyd etdi ki, Azərbaycan müstəqil dövlət kimi “böyük qardaşlar”dan imtina edib. Bundan sonra da müstəqilliyimizin ətrafında birləşərək bizə böyüklük etmək istəyənlərə “yox” deməliyik”.
“Azərbaycanın müstəqilliyinə, xalqımızın iradəsinə qarşı Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə demoqoqiya, anti-inkişaf və anti-sülh, anti-bəşəri xarakter daşıyan cızmaqaradır. Bu, bir-iki müəllifin əlindən çıxan və gəzdirilərək ayrı-ayrı deputatlara imza etdirilən bir kağız parçasıdır. Orada göstərilən faktların heç biri həqiqətə uyğun deyil”. Bunu isə deputat Fəttah Heydərov bildirdi. Qeyd etdi ki, Azərbaycana gələn qonaqlar, dövlət başçıları ölkəmizin regionda nümunəvi dövlət olduğunu etiraf edirlər. Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət nümunəvi siyasətdir. Lakin Azərbaycanda gedən prosesləri gözləri götürməyən, inkişafımızı qəbul edə bilməyən dairələr torpaqlarımızı işğal edən Ermənistanı dəstəkləyirlər. Azərbaycana paxıllıq edən siyasi mərkəzlər erməni lobbisinin təsiri altında Azərbaycana qarşı qərəz nümayiş etdirir, qarayaxma kampaniyaları aparır və belə bir sənədin ortaya çıxmasına səbəb olurlar.
Fəttah Heydərovun sözlərinə görə, bu qətnamə bizi ayıqlığa səsləyir, amma eyni zamanda bundan narahat olmalı deyilik. Çünki Azərbaycan Prezidenti İlham Əliyev ən doğru siyasəti yürüdür. Ölkə rəhbərinin həyata keçirdiyi siyasət dövlətimizin sürətli inkişafına, xalqımızın sosial rifahının yüksəlməsinə yol açıb və dünyada sülhə töhfə verir. Ona görə biz bu cür sənəd qəbul edənlərə qətiyyətlə cavab verməliyik.
Deputat Musa Quliyev bildirdi ki, AP-nin qəbul etdiyi qətnamə haqlı olaraq bütün ictimaiyyətin dərin hiddətinə səbəb olub. Avropa çox ciddi siyasi-iqtisadi, mənəvi və humanitar böhran keçirir, irqçilik, ksenofobiya baş alıb gedir və ona görə diqqəti başqa səmtə yönəltmək istəyir. Belə bir sənədin qəbulunda məqsəd isə Azərbaycana təzyiq etməkdir. Çünki Azərbaycanı sözəbaxan, marionet dövlət kimi görmək istəyirlər, amma buna nail ola bilməyəcəklər.
M.Quliyevin sözlərinə görə, Avropa İttifaqı “xristian klubu”dur. Ona görə onlar Azərbaycanın inkişafını, müstəqil siyasət yeritməsini qəbul edə bilmirlər. Azərbaycana qarşı tez-tez qərəzli sənədlər qəbul edən AP isə müstəqil deyil. Bu qurum bir kukla teatrıdır və əsas idarə edənlər səhnə arxasındadırlar. M.Quliyevin fikrincə, Milli Məclisin qəbul edəcəyi qərarda “Avronest”dən çıxmaq kimi məsələlər öz əksini tapmalıdır.
“AP qəbul etdiyi qərarlarla Ermənistana siyasi dəstək verir”. Bunu isə deputat Fazil Mustafa bildirdi. Onun sözlərinə görə, hər kəs AP-nin qəbul etdiyi qətnaməni pisləməli, sərt mövqeyini bildirməlidir. Dövlətimizin milli maraqlarını qorumaq hamımızın borcudur.
Deputat Zahid Oruc çıxışında qeyd etdi ki, Azərbaycana qarşı sistemli şəkildə informasiya müharibəsi baş verməkdədir. Bu o deməkdir ki, Azərbaycanın maraqlarına və imicinə zərbə vurmağa çalışırlar. Zahid Oruc Azərbaycanın beynəlxalq miqyasda yayımlanacaq ingilis dilli televiziya kanalının yaradılmasını təklif etdi. Eyni zamanda bu gün Yeni Azərbaycan Partiyasının Asiya ölkələrinin siyasi partiyaları ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdıran Z.Oruc dedi ki, belə əməkdaşlıq Avropa ölkələrində fəaliyyət göstərən partiyalarla da edilməlidir.
“Avropa Parlamentinin qətnaməsi riyakarlıqdan başqa bir şey deyil” - deyən deputat Çingiz Qənizadənin sözlərinə görə, zaman göstərir ki, AP-də qəbul edilən bu cür qərəzli, yalan və böhtan dolu qətnamələrin müəllifləri Azərbaycanı istəməyən dairələrin və erməni lobbisinin əlində siyasi alətə çevriliblər. Qətnamənin müddəalarına toxunan Çingiz Qənizadə orada yer alan iddiaların hər birinin cəfəngiyyat olduğunu diqqətə çatdırdı. O, Leyla Yunusovanın polislə davranışını xatırladaraq dedi ki, sanki bu adama tutulmaq lazım idi ki, gələcəkdə hardasa sığınacaq istəsin. Jurnalist Rasim Əliyev isə məişət zəminində qətlə yetirilib və buna görə 6 nəfər həbs edilib.
Deputat Səttar Mehbalıyevin sözlərinə görə, AP-nin qətnaməsi bu qurumun ölkəmizə qarşı növbəti dəfə qərəzli mövqeyinin göstəricisidir. Avropa İttifaqı xristian qrupudur və onlar müsəlman ölkələrinin inkişafını, rifahını və sabitliyini istəmirlər. İraq, Suriya, Liviya, Əfqanıstan kimi ölkələrdə baş verənlər bunu təsdiq edir. Səttar Mehbalıyev qeyd etdi ki, antiazərbaycançı dairələr məkrli planlarını Azərbaycanda da həyata keçirmək istəyirdilər. Lakin niyyətləri baş tutmadı. Çünki Azərbaycan xalqı hakimiyyətin ətrafında sıx birləşib və həyata keçirilən siyasəti dəstəkləyir.
“Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsinin təcili müzakirə olunan məsələlər sırasına çıxarılması onun qərəzli və sifarişli olduğunu aydın şəkildə nümayiş etdirir. Eyni zamanda proseslərin təhlili göstərir ki, Avropa Parlamentində bu məsələyə etirazını bildirənlərə, qətnaməni qəbul etməyənlərə qətiyyən məhəl qoyulmamışdır. Bu ondan xəbər verir ki, Avropa Parlamenti üçün demokratiya heç də əsas dəyərlər və prinsiplər deyil. Onlar üçün demokratiya zahiri bir göstəricidir”. Bunları isə deputat İsa Həbibbəyli bildirdi. Qeyd etdi ki, AP-nin ona üzv ölkələrin maraqlarını müdafiə edə bilməməsi Avropada çoxdan səslənir. Artıq Avropada da hər kəs görür ki, AP bəzi dövlətləri qabağa çıxarmaqla, qalanlarını isə asılı dövlətə çevirməklə məşğuldur. Həmin asılı dövlətlərdəki iqtisadi və siyasi böhranlar isə göz önündədir. AP bu asılılığı “Şərq Tərəfdaşlığı” çərçivəsində digər dövlətlərə də tətbiq etmək istəyir. AP-nin Azərbaycanla bağlı qətnaməsinin altqatında ölkəmizi də asılı dövlətə çevirmək kimi çirkin bir niyyət durur.
İsa Həbibbəylinin sözlərinə görə, Azərbaycan öz müstəqilliyini dünyanın gözü qarşısında sülhsevər ölkə kimi möhkəmləndirməkdə davam edir. “Azərbaycanda hakimiyyət-xalq münasibətləri dünya və elə Qərbin özü üçün örnəkdir. Xalqımız Prezident İlham Əliyevin siyasətini dəstəkləyir. Bizə AP, “Avronest” kimi təşkilatların sırıdığı, onların formatında olan “Şərq Tərəfdaşlığı” qətiyyən lazım deyil. Bunun mahiyyətinə və strategiyasına yenidən baxılmalıdır. AP-nin qətnaməsi isə böhtan və yalandan ibarət olmaqla qətiyyən reallığı əks etdirmir” - deyə İ.Həbibbəyli fikirlərini diqqətə çatdırdı.
Deputat Elman Məmmədov bildirdi ki, hələ 1991-ci ildə Böyük Britaniyadan Baronessa Koks Xocalıya səfər etmişdi. Həmin ərəfədə isə ermənilər Xocalını raket atəşinə tutmuşdular. Bu barədə Baronessa Koksa məlumat veriləndə o demişdi: “Görün siz bu yazıq erməniləri nə günə salmısınız ki, onlar sizə raket atırlar”. Bu hadisəni diqqətə çatdıran Elman Məmmədovun sözlərinə görə, bu gün Avropa Azərbaycana qarşı münasibətdə Baronessa Koksun məntiqindən çıxış edir. İşğala məruz qalan, vətəndaşları qaçqın və məcburi köçkünə çevrilən Azərbaycandır. Amma indiyədək bir dəfə də olsun bununla bağlı AP qətnamə qəbul etməyib. Əksinə, Azərbaycanla bağlı qəbul etdikləri qətnamələrlə dolayısı ilə Ermənistanı müdafiə edirlər. Çünki inkişaf edən Azərbaycanı görmək istəmirlər. Ölkəmizi İraq və Suriya kimi görmək istəyirlər. Bu gün Suriyadan Avropaya qaçqın axını da AP kimi qurumların fəaliyyətinin nəticəsidir.
Elman Məmmədovun sözlərinə görə, AP daim Ermənistanı müdafiə etməklə onun yanında olduğunu göstərir. Ona görə biz ölkəmizə dost olanla əməkdaşlıq etməliyik.
Deputat Yevda Abramov AP-nin qətnaməsinin kağız parçası olduğunu dedi. Bu qətnamənin qəbulunda AP-nin yəhudi parlamentarilərinin də iştirak etdiyini deyən Y.Abramov bu məsələ ilə bağlı onlara müraciət ünvanlayacağını bildirdi. Əlavə etdi ki, vaxtilə 6 milyon yəhudi elə Avropanın əli ilə məhv edilib.
Deputatlardan Sevinc Fətəliyeva, Azay Quliyev və Fəzail Ağamalı da AP-nin qətnaməsinə etirazlarını bildirərək bu qurumla əməkdaşlığa yenidən baxılması ilə əlaqədar təkliflərini verdilər.
Məsələyə münasibət bildirən Milli Məclis Sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov bildirdi ki, Avropa Parlamenti daim Azərbaycana Qarabağ məsələsində güzəştə getməsi üçün təzyiq göstərib. Xüsusən 2009-cu ildən sonra gördülər ki, Azərbaycan inkişaf edir və onu heç bir güzəştə məcbur etmək mümkün deyil təzyiqləri daha da artırdılar.
Daha sonra Valeh Ələsgərov Avropa Parlamentinin 2015-ci il 10 sentyabr tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Qərarının layihəsini oxudu. Qərar yekdilliklə qəbul edildi (Qərar qəzetin bugünkü nömrəsində dərc olunub).
Milli Məclisin Sədri Oqtay Əsədov növbədənkənar iclası bağlı elan etdi. Azərbaycan Respublikasının dövlət himni səsləndi.
Rəşad
BAXŞƏLİYEV,
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.- 2015.- 15 sentyabr.- S. 1, 2.