Azərbaycanlı qaçqın və məcburi köçkünlər Avropa
Parlamentinin qərəzli
qətnaməsini qətiyyətlə
pisləyirlər
Sentyabrın 14-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Avropa Parlamentinin ölkəmizlə bağlı qəbul etdiyi qərəzli qətnamənin müzakirəsi ilə əlaqədar keçirilən tədbirdə Azərbaycanda yaşayan qaçqın və məcburi köçkünlərin adından Avropa Parlamentinə müraciət qəbul edilib.
Müraciətdə deyilir: “Biz, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində doğma ocaqlarından zorla qovulmuş bir milyon iki yüz mindən çox qaçqın və məcburi köçkün adından sizə müraciət edirik.
Biz, Azərbaycanda olan qaçqın və məcburi köçkünlər Avropa Parlamenti tərəfindən 2015-ci il sentyabrın 10-da Azərbaycana dair qəbul edilmiş qətnaməni birmənalı olaraq qətiyyətlə pisləyir və onu ədalətsiz, qərəzli hesab edirik.
Hesab edirik ki, Azərbaycana bu cür ədalətsiz münasibət bütövlükdə Avropa Parlamentinin deyil, son illər ölkəmizdə əldə edilmiş uğurları, müstəqil siyasəti, dinamik inkişafı gözü götürməyən, antiazərbaycan mövqeli, erməni diasporunun əlində alətə çevrilən, onların sifarişi ilə hərəkət edən bəzi qüvvələrin və deputatların məqsədli şəkildə təşkil etdikləri növbəti çirkin kampaniyadır.
Qaçqın və məcburi köçkün yükünün nə qədər ağır olduğunu yaxşı dərk edirik. Çünki bu gün Avropanın üzləşdiyi və həllində çətinlik çəkdiyi qaçqın problemi ilə Azərbaycan dövləti 23 il əvvəl qarşılaşıb və bunu bu gün də yaxından hiss edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyanın bütün dövlətləri, həmçinin Avropa Parlamenti ilə qarşılıqlı əlaqələrin daim möhkəmləndirilməsinə və genişləndirilməsinə çalışır. Hətta sizə yaxşı məlumdur ki, ölkəmizin başçısı Avropanı düçar olduğu enerji təhlükəsindən xilas etmək yolunda, heç bir təhdiddən, təhlükədən çəkinməyərək qəti addımlar atır. Məhz belə bir zamanda Avropa Parlamentində ölkəmizə qarşı bu cür ədalətsiz qətnamənin qəbul edilməsi anlaşılmazdır və məntiqi sual doğurur.
Doğrusu, biz beynəlxalq təsisatlardan, o cümlədən Avropa Parlamentindən 23 ildən çox müddətdə davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, hüquqları pozulmuş bir milyon iki yüz mindən çox insanın haqlarının müdafiə edilməsi ilə bağlı konkret addımlar, eyni zamanda, əvvəllər qəbul edilmiş qərarların icrası ilə əlaqədar tədbirlər gözləyirdik. Təəssüflər olsun ki, gözlədiyimizin əksi oldu.
Lakin Azərbaycana qarşı düşmən mövqedə olan hər bir qurum, hər bir kəs bilməlidir ki, belə çirkin qarayaxmalar, ədalətsiz qərarlar ölkəmizi tutduğu müqəddəs yoldan çəkindirə bilməz. Çünki bizim yolumuz haqq yolu, sülh, barışıq, tolerantlıq yoludur. Biz heç bir dövlətin torpağını işğal etməmişik, vətəndaşlarını qaçqın və məcburi köçkünə çevirməmişik. Bizim yeganə istəyimiz ədalətin bərpası, torpaqlarımızın işğaldan azad olunması və insanlarımızın öz yurdlarına qayıdıb yaşamalarıdır.
Azərbaycan xalqı kimi, biz qaçqınlar və məcburi köçkünlər də Avropa Parlamentindən ədalətli mövqe nümayiş etdirməyi və Azərbaycana qarşı qəbul olunmuş bu ədalətsiz qətnaməni ləğv etməyi tələb edirik”.
Azərbaycan.- 2015.- 15 sentyabr.- S. 3.