Yeni Azərbaycan Partiyasının
nümayəndə heyəti
Ankarada Türkiyənin
Baş naziri ilə görüşüb
Xəbər verdiyimiz kimi, sentyabrın 12-də Ankaradakı “Arena” İdman Kompleksində Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) V qurultayı keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradovanın rəhbərliyi ilə YAP nümayəndə heyəti də qurultayda iştirak edib. Nümayəndə heyətində YAP Səbail rayon təşkilatının, eləcə də Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev və partiyanın Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızı da yer alıblar.
Nümayəndə heyətinin səfəri Ankaradakı Heydər Əliyev Parkının ziyarət olunması ilə başlanıb. Deputatlar Ulu Öndərimizin parkdakı abidəsi önünə əklil qoyub, dahi rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər.
Yeni Azərbaycan Partiyasını təmsil edən nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədr müavini, AKP-nin parlament qrupunun rəhbəri Naci Bostancı ilə görüşüb. Görüşdə Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinin əhəmiyyətinə dair səmərəli fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətinin rəhbəri Bahar Muradova AZƏRTAC-a müsahibəsində deyib: “Qurultay yüksək səviyyədə təşkil olunmuşdu. Bu tədbir çərçivəsində Baş nazir, Ədalət və İnkişaf Partiyasının sədri Əhməd Davudoğlu ilə görüşdük. AKP-nin sədri vəzifəsinə yenidən seçilməsi münasibətilə Baş naziri təbrik etdik. Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin səmimi salamlarını Türkiyə hökumətinin başçısına çatdırdıq. Əhməd Davudoğlu da öz növbəsində səmimi salamlarının partiyamızın sədri, Prezident İlham Əliyevə çatdırılmasını xahiş etdi”.
Bahar Muradova bildirib ki, Əhməd Davudoğlu ilə söhbətdə son aylar Türkiyədə baş verən terror hadisələrində şəhid olanlara görə qardaş Türkiyə xalqına başsağlığı verən deputatlarımız, yaralılara Allahdan şəfa diləyiblər. Nümayəndə heyətinin üzvləri bildiriblər ki, baş verən qanlı hadisələri narahatlıqla izləyən Azərbaycan xalqı hər zaman olduğu kimi, bundan sonra da Türkiyənin yanındadır.
Ə.Davudoğlu AKP-nin qurultayında iştirak etdiyinə görə YAP nümayəndə heyətinə səmimi minnətdarlığını bildirib, Azərbaycan xalqına xoş arzularını ifadə edib.
Azərbaycan parlamentinin sədr müavini deyib ki, Azərbaycanda və Türkiyədə keçiriləcək parlament seçkilərində təmsil etdiyimiz partiyalara – YAP-a və AKP-yə qarşılıqlı olaraq uğurlar arzu etdik.
Xatırladaq ki, AKP-nin qurultayında təşkilati məsələlərə baxılıb və Baş nazir Əhməd Davudoğlu səsvermə yolu ilə yenidən Ədalət və İnkişaf Partiyasının sədri seçilib. Qurultayda partiyanın digər orqanlarının tərkibi də seçilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Azərbaycan.- 2015.- 15 sentyabr.- S. 4.