Naxçıvan Muxtar Respublikası
Ali Məclisində görüş
Sentyabrın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səmimi görüşə görə minnətdarlıq edən Möhsün Pakayin ölkələrimiz arasındakı münasibətlərdən bəhs edib. Səfir müxtəlif səviyyəli qarşılıqlı səfərlərin və bu zaman imzalanan sənədlərin əlaqələrin inkişafına töhfə verdiyini vurğulayıb.
Ali Məclisin Sədri Azərbaycan-İran ikitərəfli əlaqələrinin uğurlu inkişafından danışıb, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın qonşu vilayətləri arasındakı münasibətlərin mehriban qonşuluq prinsiplərinə əsaslandığını bildirib. İranın yaxın vilayətlərinə səfərlərini xatırladan Ali Məclisin Sədri münasibətlərin bundan sonra da inkişaf edəcəyinə inamını ifadə edib.
Söhbət zamanı əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə olunub, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Mənsur Ayrom görüşdə iştirak edib.
AZƏRTAC
Azərbaycan.- 2015.- 15 sentyabr.- S. 4.