Azərbaycan xarici siyasətində Latın Amerikası ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Uruqvayın xarici işlər nazirinin müavini Xose Luis Kansela ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Elmar Məmmədyarov Azərbaycanın xarici siyasətində Latın Amerikası ölkələri ilə əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edərək, Azərbaycan ilə Uruqvay arasında əməkdaşlığın inkişafı üçün əlverişli imkanların olduğunu nəzərə çatdırıb.

Görüşdə bu səfərin iki ölkə arasında əlaqələrin inkişafı baxımdan mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunaraq, gələcəkdə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyi vurğulanıb.

Nazir müavini Xose Luis Kansela Azərbaycana səfərindən məmnunluq keçirdiyini qeyd edərək Uruqvayın xarici siyasətinin təməl prinsiplərindən birinin dövlətlərin ərazi bütövlüyünə hörmət olduğunu diqqətə çatdırıb.

Nazir Elmar Məmmədyarov güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu deyərək, Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında danışıb. Ermənistanın BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qəbul etdiyi qətnamələrinin tələblərinə riayət etmədiyini deyən Elmar Məmmədyarov münaqişənin həlli üçün ilk növbədə Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu deyib.

Görüşdə iki ölkə arasında siyasi məsləhətləşmələr mexanizminin inkişaf etdirilməsi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinin vacibliyi qeyd olunub.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 15 sentyabr.- S. 4.