“Azərbaycan
Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli
fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər
edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 5 fevral tarixli 453 nömrəli fərmanına uyğun olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətini təkmilləşdirmək məqsədi ilə qərara alıram:
1. “Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 598; 2004, № 2, maddə 71, № 12, maddələr 994, 1005; 2005, № 10, maddə 910; 2008, № 11, maddə 970; 2009, № 7, maddə 521, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2015, № 2, maddə 130) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2-ci hissəyə “sahəsində” sözündən əvvəl “, habelə torpaqların münbitliyinin bərpası və artırılması, bu məqsədlə onların monitorinqi (bundan sonra - torpaqların monitorinqi), geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və xəritəçəkmə” sözləri əlavə edilsin;
1.2. Aşağıdakı məzmunda 9.9-2 - 9.9-8-ci yarımbəndlər əlavə edilsin:
“9.9-2. torpaqların monitorinqi, geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla), topoqrafiya, kartoqrafiya, xəritəçəkmə, qravimetriya, torpaqların münbitliyinin bərpası və artırılması işlərini aparmaq, habelə ərazi vahidlərinin sərhədlərini müəyyən etmək və xəritələrini təsdiq etmək;
9.9-3. geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiya fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək;
9.9-4. dövlət əhəmiyyətli coğrafi məlumat sistemlərinin yaradılmasını, ümumcoğrafi, torpaq, geobotaniki, siyasi-inzibati, elmi məlumat və digər sahələrarası mövzu xəritələrinin, atlaslarının, kartoqrafik tədris vasitələrinin layihələşdirilməsini, tətbiqini və nəşrini təmin etmək;
9.9-5. dövlət topoqrafik xəritələrin və planların hazırlanmasını, ümumdövlət, müdafiə, elmi-tədqiqat və digər məsələlərin həllini təmin edən dövlət plan və yüksəklik, o cümlədən peyk geodeziya və qravimetrik şəbəkələrin yaradılmasını və işçi vəziyyətində saxlanmasını təmin etmək;
9.9-6. Azərbaycan Respublikasının dövlət sərhədlərinin, o cümlədən sərhəd sularının və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin delimitasiyası, demarkasiyası və redemarkasiyası işlərini Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə birlikdə həyata keçirmək;
9.9-7. dəqiqliyinə və məzmununa görə ümumdövlət, müdafiə və elmi-tədqiqat məsələlərinin həllini təmin edən dövlət topoqrafik xəritələrin, habelə qrafikli, rəqəmli, fotoqrafik və başqa formalı planların yaradılması, yeniləşdirilməsi, nəşri və geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla), qravimetriya, topoqrafiya və kartoqrafiya işlərinin həyata keçirilməsində, materialların istifadəsində dövlətin müdafiəsini və təhlükəsizliyini təmin etmək;
9.9-8. vahid dövlət koordinat, yüksəklik, qravimetrik ölçmə sistemlərinin, topoqrafik xəritə və planların miqyas sıralarını təyin etmək və geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla), topoqrafiya və kartoqrafiya materiallarının və məlumatlarının metroloji təminatını həyata keçirmək;”;
1.3. Aşağıdakı məzmunda 10.102-1 - 10.102-48-ci yarımbəndlər əlavə edilsin:
“10.102-1. torpaqların münbitliyinin bərpası və artırılması, geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla), topoqrafiya, xəritəçəkmə, qravimetriya və kartoqrafiya sahələrində dövlət proqramlarını hazırlayır və aidiyyəti orqanlarla birlikdə onları həyata keçirir;
10.102-2. torpaqların eroziyadan, şorlaşma, şorakətləşmə və müxtəlif antropogen və texnogen çirklənmələrdən mühafizəsi, torpaqların münbitliyinin bərpası və artırılması layihələrini razılaşdırır və aidiyyəti təşkilatlar tərəfindən həmin layihələrin yerinə yetirilməsinə nəzarət edir;
10.102-3. torpaqların monitorinqinin aparılması üzrə işləri və tədbirləri aidiyyəti orqanlarla birlikdə təşkil edir və həyata keçirir;
10.102-4. geodeziya, topoqrafiya, qravimetriya və kartoqrafiya sahələrində beynəlxalq təşkilatlarla, xarici ölkələrlə elmi-texniki əməkdaşlıq edir, onların təcrübəsini öyrənir və tətbiq edir, müvafiq müqavilələrə uyğun olaraq xarici ölkələrin ərazisində geodeziya, topoqrafiya, qravimetriya və kartoqrafiya işlərinin yerinə yetirilməsini təşkil edir;
10.102-5. torpaqların münbitliyinin monitorinqi haqqında məlumat bankı yaradır, geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiya haqqında qanunvericiliyin tələblərinə hüquqi və fiziki şəxslər tərəfindən riayət olunmasına nəzarəti həyata keçirir;
10.102-6. yay və qış otlaq sahələrinin inzibati-ərazi vahidləri arasında uzunmüddətli istifadə üçün bölüşdürülməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir;
10.102-7. torpaqların kənd təsərrüfatı və meşə təsərrüfatı dövriyyəsindən çıxarılması ilə əlaqədar olaraq kənd təsərrüfatı və meşə təsərrüfatı itkilərinin miqdarının müəyyən edilməsi barədə təkliflər verir;
10.102-8. geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiya fəaliyyətinin dövlət tənzimlənməsi ilə bağlı məsələlərə dair təlimatlar və metodiki göstərişlər qəbul edir, onların yerinə yetirilməsini təmin edir və icrasına nəzarət edir, müvafiq nazirlik, dövlət təşkilatları və bələdiyyələr ilə həmin məsələlərə dair normativ hüquqi aktların layihələrini razılaşdıraraq qəbul edir;
10.102-9. təsərrüfat fəaliyyətinin torpağa olan zərərli nəticələrini təhlil edir, torpaqda baş verən hər hansı mənfi proseslərin əmələ gəlməsini əvvəlcədən müəyyənləşdirir və onların qarşısının alınması tədbirlərinin hazırlanmasında, habelə ekoloji şəraitin, eləcə də sanitar və fitosanitar normaların pozulmasının qarşısının alınmasında müvafiq dövlət orqanları ilə qarşılıqlı fəaliyyət göstərir;
10.102-10. torpaqların rekultivizasiyası ilə bağlı layihə-axtarış, elmi-tədqiqat və təcrübi-eksperimental işlərin aparılmasında iştirak edir;
10.102-11. münbitlik xassələrini itirmiş torpaqların müvəqqəti əkin dövriyyəsindən çıxarılmasına (konservasiyasına) dair təkliflər verir, torpaqların münbitliyinin bərpası və artırılması üzrə investisiya proqramlarının ekspertizasını həyata keçirir, gələcəkdə həmin sahələrin kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsi barədə təkliflər verir;
10.102-12. torpaq ehtiyatlarından istifadə olunması üzrə layihələrin dövlət ekoloji ekspertizasını aparır, habelə şəhərsalma və tikinti qanunvericiliyinə uyğun olaraq ərazi planlaşdırılması sənədlərini müvafiq qaydada razılaşdırır;
10.102-13. müvafiq dövlət və bələdiyyə orqanları ilə birlikdə torpaq, aqrokimya, geobotanika və digər axtarış işlərinin aparılmasında iştirak edir;
10.102-14. çirklənmiş, öz keyfiyyətini itirmiş və yararsız hala düşmüş (tənəzzülə uğramış) torpaqların konservasiya edilməsinə dair təkliflərin hazırlanmasında iştirak edir;
10.102-15. Azərbaycan Respublikasının ərazisində baş verən dəyişikliklərə uyğun olaraq, topoqrafik, inzibati, coğrafi və məlumat xəritələrində olan bütün dəyişikliklərin yeni nəşr olunan xəritələrdə əks etdirilməsini təmin edir;
10.102-16. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin sərhədlərinin müəyyən edilməsi və xəritələrinin hazırlanması üçün məlumatları aidiyyəti dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan alır;
10.102-17. vahid koordinat və hündürlük sistemində obyekt və sənaye komplekslərinin, şəhər və digər yaşayış məntəqələrinin ərazisinin 1:2000 və daha böyük, tikilməmiş (açıq) ərazilərdə isə 1:5000 və daha kiçik miqyaslı topoqrafik xəritələrinin təzələnməsini və çoxməqsədli topoqrafik planaalmasını, habelə ərazi vahidlərinin ərazisindən asılı olaraq sahəsi 4 kv.km-ə qədər olduqda - 1:5000, 4 kv.km-dən 25 kv.km-ə qədər olduqda - 1:10000, 25 kv.km-dən 100 kv.km-ə qədər olduqda - 1:25000, 100 kv.km-dən artıq olduqda - 1:50000 miqyasda tərtib edilməsini həyata keçirir;
10.102-18. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırmaqla, aerofotoplanaalma işlərini həyata keçirir və digər təşkilatları müəyyən olunmuş qaydada həmin məlumatlarla təmin edir;
10.102-19. Azərbaycan Respublikasının müdafiəsini və təhlükəsizliyini təmin edən geodeziya, topoqrafiya, kartoqrafiya, hidroqrafiya və digər işləri, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə birlikdə isə delimitasiya, demarkasiya və redemarkasiya işlərini həyata keçirir;
10.102-20. geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) istinadının yaradılması, topogeodeziya və kartoqrafiya plan və xəritələrinin tərtibatı, yeniləşdirilməsi və təminatı işlərini həyata keçirir;
10.102-21. geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiyanın inkişafı üçün aerokosmik məlumatlar əsasında yer səthinin torpaq və bitki örtüyünü tədqiq edir;
10.102-22. geodeziya və kartoqrafiya üzrə xüsusi təyinatlı cihaz və avadanlıqların idxalına və ixracına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyini, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətini və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsini müvafiq metodik sənədlərlə, mütəmadi olaraq həmin cihaz və avadanlıqların siyahıları ilə təmin edir;
10.102-23. ölkə ərazisində aparılan torpaqların monitorinqi, geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiya işlərinin nəticələri və kartoqrafiya təminatı haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumatlar verir;
10.102-24. geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla), topoqrafiya, xəritəçəkmə, qravimetriya və kartoqrafiya məlumatlarının saxlanılmasını və istifadəsini təmin edən tədbirlər hazırlayır və həyata keçirir;
10.102-25. torpaq sürüşməsi təhlükəsi olan əraziləri müəyyən edən coğrafi koordinatlar əks olunan xəritələri hazırlayır, geodeziya tədqiqatları əsasında geodinamik (zəlzələ, sürüşmə və s.) və digər fövqəladə təbii hadisələrin proqnozlaşdırılması məqsədi ilə tədbirlər görür, bu barədə digər icra hakimiyyəti orqanlarına və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verir;
10.102-26. torpaqların monitorinqi, münbitliyinin bərpası və artırılması, geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla), topoqrafiya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi işlərinin maliyyələşdirilməsinə dair təkliflər hazırlayır, büdcədən ayrılan vəsait əsasında dövlət sifarişlərini həyata keçirir və onun məqsədyönlü istifadəsinə nəzarət edir;
10.102-27. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin xəritəsini, o cümlədən topoqrafik və dəniz xəritələrini hazırlayır;
10.102-28. xüsusi təyinatlı geodeziya və kartoqrafiya avadanlıqlarının, cihazlarının uçotunu aparır;
10.102-29. coğrafi obyektlərin mövcud və yeni verilən adlarını qeydiyyata alır və onların uçotunu, habelə coğrafi obyektlərin adlarının dövlət kataloqunu aparır;
10.102-30. geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla), topoqrafiya və kartoqrafiya materiallarının və məlumatlarının, xüsusi təyinatlı avadanlıq və cihazların ticarət dövriyyəsinə daxil edilməsi, idxalı, ixracı, uçotu və tətbiqi üçün tədbirlər görür və müvafiq qaydada təsdiq edilmiş siyahılarla və istifadəsi üzrə metodik sənədlərlə təmin edir;
10.102-31. kartoqrafiya fəaliyyətinin həyata keçirilməsinə xüsusi razılıq (lisenziya) verir;
10.102-32. torpaqların monitorinqi, geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla), topoqrafiya və kartoqrafiya sahələrində texniki normativ hüquqi aktların hazırlanmasının və tətbiqinin vahid rejim əsasında həyata keçirilməsini təmin edir;
10.102-33. Azərbaycan Respublikasının ərazisində quraşdırılmış Fasiləsiz Fəaliyyət Göstərən İstinad Stansiyaları Şəbəkəsində olan məlumatlardan istifadə edir;
10.102-34. ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yataqlarının yerləşdiyi dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə rəy verir;
10.102-35. dövlət meşə fondu torpaqlarının sərhədlərinin pozulması hallarının qarşısının alınması məqsədi ilə bu torpaqlarla həmsərhəd dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi zamanı həmin torpaqların dövlət meşə fondu torpaqları ilə sərhəd xətlərinin dəqiqləşdirilməsində iştirak edir;
10.102-36. torpaqların kateqoriyalara aid edilməsinə və onların bir kateqoriyadan digərinə keçirilməsinə dair müəyyən olunmuş qaydada rəy verir;
10.102-37. kargüzarlıq işini təşkil edir, geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla), topoqrafiya, xəritəçəkmə, qravimetriya və kartoqrafiyaya aid məsələlərin həllinə dair şikayət və təkliflərə baxır, həmin sahədə məsələləri həll edir, bu barədə müvafiq qərarlar qəbul edir və təkliflər hazırlayır;
10.102-38. kartoqrafiya məhsullarında və texniki normativ hüquqi aktlarda Azərbaycan Respublikasının dövlət sərhədlərinin, ərazilərinin və obyektlərinin düzgün çəkilməsinə nəzarət edir;
10.102-39. Azərbaycan Respublikasının ərazisindəki dəyişikliklərə uyğun olaraq topoqrafik, inzibati, coğrafi və məlumat xəritələrində olan dəyişiklikləri yeni nəşr olunan xəritələrdə əks etdirmək üçün müntəzəm olaraq operativ-məlumat xəritəsinin müasirliyini təmin edir;
10.102-40. “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görür;
10.102-41. geodeziya və kartoqrafiya fəaliyyəti sahəsində kadr hazırlığını, mütəxəssislərin hazırlanmasını və əlavə təhsilini təmin edir;
10.102-42. geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiya materiallarının, məlumatlarının dövlət qəbulunu, uçotunu və qeydiyyatını aparır;
10.102-43. geodeziya təyinatlı ölçmə vasitələrinin sınağını, geodeziya ölçmələrində vahidliyin təmin edilməsini, geodeziya, topoqrafiya və kartoqrafiya məhsullarının sertifikatlaşdırılmasını həyata keçirir;
10.102-44. geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiya fəaliyyətinə dövlət nəzarətini təmin etmək məqsədi ilə müvafiq tədbirlər həyata keçirir;
10.102-45. geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiya fəaliyyəti sahələrində dövlət nəzarətinin həyata keçirilməsi zamanı aşkar edilən qanun pozuntularının müəyyən olunmuş müddətdə təqsirkarlar tərəfindən aradan qaldırılması üçün müvafiq tədbirlər görür;
10.102-46. torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə həyata keçirilən faydalı qazıntıların hasilatı, aqrokimyəvi, meşə-meliorasiya, geoloji-kəşfiyyat və axtarış işlərində aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması sahəsində müvafiq tədbirlər görür;
10.102-47. dövlət qeydiyyatına (patent) alınmamış, yaxud sertifikatlaşdırılmamış geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiya işlərini müvəqqəti dayandırır, qanunvericiliyin tələblərinə uyğun gəlməyən işlərin dayandırılması barədə müvafiq orqanlar və ya məhkəmə qarşısında məsələ (iddia) qaldırır;
10.102-48. geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiya işlərinin və onların nəticələri olan materialların və məlumatların hazırlanmasının və istifadəsinin vahid rejim və normativ-texniki sənədlər əsasında həyata keçirilməsinə nəzarət edir;”;
1.4. 11.8-ci yarımbəndə “proseslər” sözündən sonra “,geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiya işləri” sözləri əlavə edilsin;
1.5. Aşağıdakı məzmunda 11.27-1-ci yarımbənd əlavə edilsin:
“11.27-1. torpaqların monitorinqi işlərinin həyata keçirilməsi üçün zəruri məlumatları bütün torpaq mülkiyyətçilərindən, istifadəçilərindən və icarəçilərindən almaq;”;
1.6. 11.28-ci yarımbənddə “tövsiyələr hazırlamaq” sözləri “tövsiyələrin hazırlanması” sözləri ilə, “nailiyyətlərini tətbiq etmək” sözləri “nailiyyətlərinin, habelə torpaqların monitorinqi, geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla), topoqrafiya, kartoqrafiya işlərinin həyata keçirilməsi, geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiya fəaliyyəti sahələrində dövlət siyasəti məsələlərinin, elm və texnikanın əsas istiqamətlərinin, elmi araşdırmaların və qabaqcıl xarici ölkələrin nailiyyətlərinin ümumiləşdirilməsi, öyrənilməsi və onların tətbiq edilməsi” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. iki ay müddətində:
2.1.1. “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” çərçivəsində Azərbaycan Respublikasının ərazisində quraşdırılmış Fasiləsiz Fəaliyyət Göstərən İstinad Stansiyaları Şəbəkəsində olan məlumatlardan istifadənin qayda və şərtlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
2.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.5. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 14 sentyabr 2015-ci il
Azərbaycan.- 2015.- 16 sentyabr.- S. 5.