“Tolerantlıq: bildiklərimiz
və bilmədiklərimiz”
kitabı nəşr olunub
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin müavini Gündüz İsmayılovun müəllifi olduğu “Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz” adlı kitab nəşr olunub.
DQİDK-nın sədri Mübariz Qurbanlının ön söz yazdığı kitab üç fəsildən ibarətdir. Birinci fəsildə tolerantlığın tarixi, qloballaşma dövründə tolerantlığın zəruriliyini şərtləndirən əsas amillər, dinlərarası dialoqa din xadimlərinin, ictimai təşkilatların cəlb edilməsi və digər məsələlər ətraflı işıqlandırılıb.
Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kitabın ikinci fəsli Azərbaycanın tolerantlıq tarixinə həsr olunub. Azərbaycanda dinlərin tarixi, mövcud dinlər, xalqımızın tolerant xarakterini səciyyələndirən etnik, coğrafi, iqtisadi-siyasi, dini-mədəni amillər geniş təhlil olunub. Eyni zamanda, Azərbaycanın tolerantlıq modeli, ölkəmizin seçilmiş tolerantlıq nümunələri, tarixi-dini abidələr, dini konfessiyaların qarşılıqlı münasibətləri bu fəsildə öz əhatəli təsvirini tapıb.
Kitabın üçüncü fəslində tolerantlığın Azərbaycanın dövlət siyasətinə çevrilməsi, bu siyasətin ölkə daxilinə və beynəlxalq aləmə yönəlik fəaliyyət istiqamətləri haqqında məlumat verilib. Azərbaycan xalqının milli-mənəvi dəyərlərə qayıdışının əsasları, tolerantlığın qorunub saxlanması, təşviqi, dini etiqad azadlığının təmin olunması istiqamətində dövlətin yürütdüyü siyasi kurs, görülən işlər təqdim olunub. Müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə dini dözümlülük ənənələrinin, dinlərarası dialoqun bərpa edilməsi, təbliği və təşviqi istiqamətində Azərbaycan hökumətinin ölkə daxili və beynəlxalq aləmə yönəlik fəaliyyəti, xüsusilə, ulu öndər Heydər Əliyevin və hazırda Prezident İlham Əliyevin tolerantlıq və multikulturalizm sahəsində həyata keçirdiyi ardıcıl siyasətə xüsusi yer ayrılıb. Eyni zamanda, Heydər Əliyev Fondu və “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində görülən işlər haqqında ətraflı məlumat verilib.
Qeyd olunan tədqiqat materialları ilə yanaşı, kitaba tolerantlığa dair əsas beynəlxalq sənədlər də əlavə olunub.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitab tolerantlıq və multikulturalizm sahəsində tədqiqat aparan mütəxəssislərə, o cümlədən tarixçilər, dinşünaslar və politoloqlar üçün faydalı ola bilər.
Azərbaycan.- 2015.- 16 sentyabr.- S. 11.