Bakı Dövlət Universitetinin professor-müəllim heyəti tələbələri ilə görüş

 

Çex Respublikasının Prezidenti Miloş Zeman sentyabrın 16-da Bakı Dövlət Universitetinin (BDU) professor-müəllim heyəti tələbələri ilə görüşüb.

Görüşdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, Ulu Öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.

Müasir dünyada təhsilin mühüm rolunu qeyd edən rektor BDU-nun tarixi, inkişaf mərhələləri, beynəlxalq əlaqələri, təhsil müəssisəsində qazanılan uğurlar barədə məlumat verib, universitetdə reallaşdırılan proqram beynəlxalq layihələrdən danışıb.

A.Məhərrəmov Azərbaycan Respublikası ilə Çex Respublikası arasındakı dostluq münasibətlərindən bəhs edib. Ümummilli lider Heydər Əliyevin Azərbaycan ilə Çexiya arasındakı əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini deyən rektor Ulu Öndərin bu siyasətinin Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini xatırladıb.

Çexiya Prezidenti Miloş Zemanın elmin, təhsilin inkişafına layiqli töhfələr verdiyini diqqətə çatdıran rektor ölkələrimizin digər sahələrlə yanaşı, təhsil sahəsində əməkdaşlığının əhəmiyyətini vurğulayıb.

Prezident Miloş Zeman müasir dünyada gedən siyasi proseslərdən, ölkələrarası münasibətlərdən, terrorizmə qarşı mübarizədən danışıb.

Çexiya-Azərbaycan əlaqələrinin inkişafına böyük önəm verdiyini bildirən Prezident Miloş Zeman müəllim tələbələrin suallarını cavablandırıb.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 17 sentyabr.- S. 2.