Çex Respublikasının birinci xanımı Teleqüllə kompleksi ilə tanış
olub
Çex Respublikası Prezidentinin xanımı İvana Zemanova sentyabrın 16-da “Teleradio” İstehsalat Birliyinin Teleqüllə kompleksi ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, İvana Zemanova kompleksin tunelində Azərbaycanın tarixi yerlərini əks etdirən əl işlərinə baxıb.
Qonağa məlumat verilib ki, kompleks Azərbaycanda elektron kütləvi informasiya vasitələrinin sürətli inkişafına və genişmiqyaslı tətbiqinə, ölkədə yeni informasiya sistemlərinin yaradılmasına və radio-televiziya yayım texnologiyalarının yeniləşdirilməsinə əlverişli zəmin yaradıb.
Qeyd olunub ki, ümumi hündürlüyü 310 metr, çəkisi 40 min ton olan Teleqüllə dəniz səviyyəsindən 136 metr hündürlükdə yerləşir. Kompleksin beton hissəsi 200 metr, metal hissəsi isə 110 metrdir. Qüllənin üzərində milli ornamentli 4 şəbəkə yerləşir ki, bunların hər biri bir qütbə istiqamətlənir.
Komplekslə tanışlıqdan sonra qonaq qüllənin 27-ci mərtəbəsində, yerdən 175 metr hündürlükdə olan döşəməli restorana baxıb.
Bildirilib ki, ümumi sahəsi 330 kvadratmetr olan restoranın yükgötürmə qabiliyyəti 15 tondur. Zal 1 saat 10 dəqiqə müddətində bir dəfə dövrə vuraraq şəhərin və Xəzər dənizinin gözəl mənzərəsi ilə buraya gələnləri valeh edir.
Sonra qonaq qüllədən Bakının mənzərəsini seyr edib və çay süfrəsinə qonaq olub.
Azərbaycan.- 2015.- 17 sentyabr.- S. 2.