Bakıda Çexiyanın məşhur
“AB Clima” şirkətinin
rəsmi nümayəndəliyi
və satış mərkəzi açılıb
Sentyabrın 16-da Çexiyanın ən məşhur şirkətlərindən olan, “HVAC” sistemləri və kondisioner sahəsində fəaliyyət göstərən “AB Clima”nın Bakıdakı rəsmi nümayəndəliyinin və satış mərkəzinin açılışı olub. Mağazada Azərbaycan istehlakçılarına Çexiya, Almaniya və İsveçrə istehsalı olan keyfiyyətli avadanlıqlar təqdim edilir.
AZƏRTAC xəbər verir ki, təntənəli açılış mərasimində Çex Respublikasının birinci xanımı İvana Zemanova, ölkənin yüksək səviyyəli nümayəndələri iştirak ediblər.
Çexiya Prezidentinin xanımı İvana Zemanova “AB Clima”nın nümayəndəliyinin və satış mərkəzinin açılışını bildirən rəmzi lenti kəsib.
“AB Clima”nın direktoru Jiri Trasak mərasimdə çıxış edərək deyib: “Artıq 10 ildir ki, fəaliyyət göstərən şirkət dünyanın müxtəlif kondisioner və havalandırma sistemləri şirkətlərinin məhsullarının satışını, həmçinin qurğuların servis xidmətini və quraşdırılmasını həyata keçirir. “AB Clima” “Denko Happel”, “Rosenberg”, “ATREA”, “MANDIK”, “Sinclair”, “Gree”, “Samsung”, “Toshiba” və “SAUTER” kimi məşhur şirkətlər ilə əməkdaşlıq edir”.
Şirkətin binalarda, kitabxanalarda və zavodlarda kondisioner sistemlərinin quraşdırılması təcrübəsi olduğunu deyən J.Trasak bildirib: “AB Clima” 2014-ci ildən etibarən beynəlxalq bazarlarda öz fəaliyyətini gücləndirib. Bu çərçivədə Azərbaycanın seçilməsi isə təsadüfi deyil. Çünki intensiv inkişaf edən Azərbaycanın iqtisadi göstəriciləri ildən-ilə artır, ölkədə özəl və kommersiya şirkətlərinin fəaliyyəti genişlənir, müxtəlif tikinti layihələri həyata keçirilir. Azərbaycandakı iqlim şəraitini nəzərə almaqla biz burada müasir texnoloji avadanlıqları quraşdıraraq insanların rifahı üçün ən əlverişli və optimal hava şəraitini yaratmağı hədəfləyirik.
AZƏRTAC
Azərbaycan.- 2015.- 17 sentyabr.- S. 2.