Strateji xarakter kəsb edən Azərbaycan-Türkiyə əlaqələri geniş imkanlara malikdir

 

Sentyabrın 16-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının xarici işlər naziri Feridun Sinirlioğlu ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə strateji xarakter kəsb edən Azərbaycan-Türkiyə əlaqələrinin geniş imkanlara malik olduğu bir daha vurğulanıb. Qeyd olunub ki, qardaş ölkələr arasında qlobal enerji nəqliyyat layihələrinin uğurla davam etdirilməsi, habelə mədəniyyət, təhsil, rabitə, telekommunikasiya, kənd təsərrüfatı, ticarət digər qeyri-neft sahələri üzrə işbirliyinin dərinləşdirilməsi üçün böyük potensial mövcuddur.

Bu vaxtadək görülən işlərin nəticəsində Azərbaycanla Türkiyə arasında stabil qarşılıqlı faydalı əməkdaşlığın qurulduğunu deyən Baş nazir Artur Rasizadə bu əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün Azərbaycan hökuməti tərəfindən bütün lazımi addımların atılacağını əminliklə bildirib.

Görüşə görə Azərbaycanın Baş nazirinə minnətdarlıq edən Feridun Sinirlioğlu dost, qardaş Türkiyə ilə Azərbaycanın daim bir-birinə hərtərəfli dəstək verməsi baxımından mövcud imkanlardan səmərəli yararlanmağın vacibliyini önə çəkib.

Söhbət əsnasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunularkən problemin beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə dair həmrəy mövqedən çıxış edən tərəflər, eyni zamanda, dünyada regionda baş verən qlobal proseslər fonunda ikitərəfli münasibətlərin perspektivi digər aktual məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Türkiyənin ölkəmizdəki səfiri İsmail Alper Coşkun görüşdə iştirak edib.

 

Azərbaycan.- 2015.- 17 sentyabr.- S. 3.