Azərbaycan-Türkiyə münasibətləri
daha da möhkəmlənir
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov sentyabrın 16-da ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının xarici işlər naziri Feridun Sinirlioğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Oqtay Əsədov son günlərdə Türkiyədə törədilən terror hadisələri nəticəsində həlak olanların yaxınlarına başsağlığı verib, yaralananlara şəfa diləyib.
Milli Məclisin sədri deyib ki, Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyədədir və dünya ölkələri üçün nümunədir. O, əlaqələrimizin iqtisadi sahədə də çox yüksək səviyyədə olduğunu vurğulayıb. Bildirib ki, hazırda Azərbaycanda 2400-ə yaxın Türkiyə şirkəti, qardaş ölkədə isə 1300-dən çox Azərbaycan şirkəti fəaliyyət göstərir. Ümumiyyətlə, 2020-ci ilədək Azərbaycanın Türkiyə iqtisadiyyatına yatıracağı sərmayələrin həcmi 20 milyard dollara çatacaq. Türkiyə şirkətləri də Azərbaycana milyardlarla dollar həcmində sərmayə qoyublar. Ən önəmlisi odur ki, bu sərmayələrin 45 faizi qeyri-neft sektoruna yönəlib.
Oqtay Əsədov deyib ki, ölkələrimiz arasında əlaqələrin inkişafı bəzi qüvvələrin xoşuna gəlmir. Ancaq biz bilirik ki, həm Türkiyə, həm də Azərbaycan müstəqil siyasət aparır və aparacaq, münasibətlərimiz daha da möhkəmlənəcək.
Türkiyənin xarici işlər naziri Feridun Sinirlioğlu Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. O deyib ki, ölkələrimiz arasında əlaqələr gündən-günə inkişaf edir. Ticarət sahəsində əlaqələrimiz, qarşılıqlı sərmayələrimiz artır. Hədəflərimiz böyükdür. Birlikdə layihələr həyata keçiririk. Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP kimi önəmli layihələr gündəmdədir.
Nazir vurğulayıb ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dəstəyini davam etdirəcək.
Türkiyə xarici siyasət idarəsinin rəhbəri parlamentlərarası əlaqələrin inkişafına da önəm verildiyini, bu sahədə sıx əməkdaşlığımızın mövcud olduğunu diqqətə çatdırıb. O əlavə edib ki, parlamentarilərimiz beynəlxalq təşkilatlarda bir-birilərini dəstəkləyirlər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı da fikir mübadiləsi aparılıb.
Azərbaycan.- 2015.- 17 sentyabr.- S. 3.