Türkiyənin xarici işlər
naziri ümummilli lider Heydər Əliyevin məzarını
və Şəhidlər
xiyabanını ziyarət
edib
Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Feridun Sinirlioğlunun başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 16-da Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən nümayəndə heyətinə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Nümayəndə heyəti 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə önünə əklil qoyub, onların adları və soyadları həkk olunmuş Şəhidlik kitabəsinin üzərinə güllər düzüblər.
AZƏRTAC
Azərbaycan.- 2015.- 17 sentyabr.- S. 3.