Bakıda Meksikanın Müstəqillik günü qeyd edilib

 

Meksikanın Azərbaycandakı səfirliyi ilk dəfə olaraq ölkəsinin milli bayramı - Müstəqillik gününü qeyd edib.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən qəbulda əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Flores ölkəsinin tarixi, beynəlxalq əlaqələri haqqında məlumat verib. O bildirib ki, Meksika dünya arenasında öz yerini tutan əsas oyunçulardan biri regionun ən vacib ölkəsi olan Azərbaycan ilə münasibətlərini inkişaf etdirmək üçün Bakıda səfirliyini açmaq qərarına gəldi. Hər iki ölkə arasında bir neçə istiqamətdə əməkdaşlıq üçün yollar açılmaqdadır. Ölkələrimiz arasında yeni tarixin yazılması üçün səy göstəririk. Qarşılıqlı səfərlər əlaqələrimizin dərinləşməsinə təkan verir.

Milli Məclisin beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Meksikanın milli bayramının ilk dəfə Azərbaycanda qeyd edildiyi bu günün tarixi bir gün olduğunu bildirib. O deyib ki, Azərbaycan-Meksika münasibətləri böyük önəm daşıyır. Meksika Senatında Xocalı soyqırımının tanınması ilə bağlı sənəd qəbul olunub. Ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın, o cümlədən parlamentlərarası əlaqələrin daha da inkişafı üçün yaxşı perspektivlər var.

 

Azərbaycan.- 2015.- 17 sentyabr.- S. 4.