Qərbdə nəsil dəyişməsi böhranı
Qərbdə, xüsusilə ABŞ-da və Avropa İttifaqı ölkələrində rəsmi qurumların müəyyən dairələrində ciddi sosial transformasiyalar baş verir. Bunun başlıca səbəbi Qərb cəmiyyətlərində yaşlı və gənc nəslin dünya proseslərinə baxışları arasında müşahidə olunan fərqlərdir. ABŞ və Avropa İttifaqı qurumlarının rəhbər vəzifələrində əsasən yaşlı və orta nəslin nümayəndələri çalışırlar. ABŞ-ın bir çox elmi tədqiqat institutları nəsillər arasında olan siyasi baxış fərqinin araşdırılmasına böyük diqqət yetirirlər. Bir sıra Qərb elmi-tədqiqat mərkəzlərinin araşdırmalarının nəticələrinə görə, bu gün qərarverici vəzifələrdə çalışan yaşlı və orta nəsil nümayəndələri birmənalı olaraq dünyada Qərbi dominant düşərgə kimi qəbul edirlər.
ABŞ-ın “The Cato İnstitute” Elmi Tədqiqat Mərkəzinin araşdırması belə nəticəyə gəlib ki, Amerikanın 1945-1979-cu il təvəllüdlü vətəndaşları keçən əsrin sonlarında və bu yüzillikdə dünyada gedən yeni prosesləri, müstəqil inkişaf təmayüllərini ideoloji qarşıdurma, Qərbə qarşı yönəlmiş cərəyan və onun müəyyən etdiyi qaydaların pozulması kimi görürlər. Bu, ABŞ və Avropanın uzun illər intensiv ideoloji təsir altında olduqlarından xəbər verir. Bu ideologiya Qərbin əsas güc mərkəzi kimi göstərilməsindən və hər hansı qeyri-Qərb dövlətinin inkişafının isə “baş qaldırma” kimi qəbul edilməsindən ibarətdir. Təsadüfi deyil ki, Çin, Rusiya kimi ölkələrin iqtisadi inkişafı və ya müstəqil siyasi xətti daha çox neqativ prizmadan qəbul edilir və Qərbə qarşı çağırış kimi yozulur. Lakin, artıq Qərbdə gənc nəsil bu mövqe ilə tam razılaşmır. Belə bir hal klassik nəsillər böhranı da adlandırıla bilər. Qərbin orta və yaşlı nəsildən ibarət rəhbər vəzifələrində çalışan bəzi dairələri nəinki Rusiya və Çin kimi iri dövlətləri özünə rəqib bilir, xarici siyasətlərini müvafiq tonda tənzimləyir, həm də Azərbaycan kimi dünya arenasında konstruktiv rol oynayan orta və nisbətən kiçik dövlətlərə qarşı da bir sıra hallarda qərəzli mövqe nümayiş etdirirlər. Bunun bariz nümunəsi bu yaxınlarda Avropa Parlamenti tərəfindən antiazərbaycan qətnamənin qəbul edilməsidir.
Qətnamənin qəbul edilməsinin başlıca səbəblərindən biri də Azərbaycanın müstəqil siyasət yürütməsi və diktə altında hərəkət etməməsidir. Avropanın müəyyən dairələri və parlament üzvləri bütün bunları özlərinin dünyaya baxış prinsiplərinə zidd meyillər sayırlar. Təbii ki, həm ABŞ, həm də Avropada xarici siyasət qurumlarında, parlamentlərdə, ictimaiyyətdə daha açıq düşüncəli insanlar, dövlət və mədəniyyət xadimləri də vardır. Ancaq hazırkı problem, nəsillər böhranı artıq sistem xarakteri daşıyır və təəssüf ki, dövlət qurumlarının struktur yaddaşının bir hissəsi kimi formalaşıb.
Qərblə müqayisədə bir sıra başqa ölkələrdə, o cümlədən Azərbaycan kimi dövlətlərdə nəsillər arasında siyasi fərq yoxdur. Bunun səbəbi müstəqil dövlət olan Azərbaycanın 1993-cü ildə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəldiyi dövrdən etibarən konstruktiv sosial prinsiplər və beynəlxalq hüquqa hörmət konsepsiyası əsasında qurulmuş ölkə kimi inkişafıdır. Azərbaycanda həm gənc, həm daha yaşlı nəsil arasında ümumən fikir birliyi, milli maraqlarda vətəndaş həmrəyliyi var. Bu fakt xalq və iqtidar arasında mövcud olan inam və birliyin əsasını təşkil edir.
Avropa İttifaqı dövlətlərinin və ABŞ-ın yaşlı və orta nəslinin siyasi baxışları uzun illər soyuq müharibənin və bəzi ölkələrin, bu sırada Çin kimi böyük ölkənin inkişafına qarşı təkəbbürlü konsepsiyalarının təsiri altında formalaşmışdır. Lakin, “Gallup” şirkətinin araşdırmaları göstərir ki, ABŞ və Avropada yeni nəslə mənsub vətəndaşlar artıq dünyanı Qərb və digər ölkələrə məxsus prizmadan və ya Qərbin diktəsi altında yaşam prinsipləri baxışından görmək istəmirlər. “The Cato İnstitute”nun araşdırması isə göstərir ki, gənc nəsil Qərbin Rusiya ilə münasibətlərini dialoq və qarşılıqlı əməkdaşlıq vasitəsilə tənzimlənməsini istəyir. Həmçinin, gənc nəsil Çinin son illərdəki iqtisadi tərəqqisini Qərbə təhlükə kimi yox, əksinə ticari münasibətlərin genişlənməsi kimi görür.
Siyasi baxışlarda belə bir ziddiyyət Qərbin daxilində böyük böhrandan xəbər verir. Böhran yalnız nəsillər arasındakı fikir ayrılığından deyil, həm də Qərbin müəyyən hakim dairələrinin öz vətəndaşlarının istəyinə və arzularına zidd siyasət yürütməsindən yaranmışdır. Məsələn, ABŞ əhalisinin 87 milyonu 1980-1996- cı il arasında anadan olmuş şəxslərdir. Bu, ölkənin 25%-dən çoxunu təşkil edir. Avropa İttifaqında da bu rəqəm 30% ətrafındadır. Demokratik prinsipləri xaricdə böyük entuziazm ilə təbliğ edən Qərbin bəzi rəsmiləri öz ölkələrinin də vətəndaşlarının təməl istəklərinə laqeyd yanaşırlar. Belə bir hal Qərbin nəsil böhranını daha da dərinləşdirə bilər və eyni zamanda dünya ölkələri ilə onsuz da problemli olan münasibətlərini bir az da dərinləşdirə bilər.
Qeyd edilən məsələlər təkcə araşdırmaların və mülahizələrin nəticəsində deyil, hətta Avropa İttifaqının struktur layihələrində də öz əksini tapır. Avropa İttifaqı Şərq Tərəfdaşlıq Siyasətinin müddəalarına diqqət yetirilsə, açıq şəkildə yalnız Avropa İttifaqının maraqlarının qeyd olunduğunu müşahidə etmək mümkündür. Bu sənədlər assimmetrik xarakter daşıyır. Yəni Avropa İttifaqı ilə struktur münasibət qurmaq istəyən ölkə yalnız Avropanın müəyyən etdiyi meyarlara uyğun gəlməlidir və Avropa İttifaqının maraqları çərçivəsində hərəkət etməlidir. Bu zaman ölkənin özünəməxsus xüsusiyyətləri, ümumən beynəlxalq müddəalara cavab verən Konstitusiya Qanununda əksini tapmış, əhalinin mütləq əksəriyyətini qane edən ictimai, sosial və siyasi amillər nəzərə alınmır. Assimmetrik siyasət qeyri Avropa İttifaqı ölkələrinə nəticə olaraq siyasi böhran və təhlükəsizlik problemlərindən başqa divident gətirmir.
Bir məsələyə də toxunmağı vacib sayırıq. Azərbaycan bu gün dünyada iqtisadi inkişafın sürətinə görə öndə gedən ölkələrdəndir. Bu ilk növbədə əhalinin sosial maraqlarına və təminatına cavab verir. Sürətli inkişaf çoxşaxəli iqtisadi və sosial infrastrukturların genişlənməsi deməkdir. Bu isə vətəndaşların işlə təmin olunması və yoxsulluğun aradan qaldırılması ilə müşayiət olunur. Eyni zamanda, ölkədə azad və demokratik seçkilər keçirmək ənənəsi formalaşmışdır. Deməli, bütövlükdə insanların siyasi hüquqları da təmin olunur.
İqtisadi inkişafın əsasında isə etibarlı ictimai-siyasi sabitlik dayanır. 20 ildən çox keçən müddət ərzində artıq bunun dönməzliyinə nail olunmuşdur. Azərbaycanda “Əsrin müqaviləsi” imzalanmış, respublikaya çoxsaylı və böyük həcmdə xarici sərmayələr qoyulmuşdur. Ölkəmizdə irimiqyaslı beynəlxalq iqtisadi, mədəni, elmi, idman və s. xarakterli layihələr həyata keçirilir. Azərbaycanda formalaşmış dayanıqlı sabitlik, tolerantlıq, multikulturalizm mühitinə etibar edilməsə idi, bütün bunlar baş tutmazdı. Ölkəmizdə hər bir vətəndaşa, bütün əhaliyə, burada yaşayan müxtəlif xalqlara, onların etiqadına və həyat tərzlərinə hörmətlə yanaşılırsa və bunu bütün dünya qəbul edirsə, onda Azərbaycana qarşı nümayiş etdirilən yuxarıda qeyd olunan mövqe absurddur.
Azərbaycan belə mürəkkəb və ziddiyyətli vəziyyətdə tarazlı xarici siyasət kursunu davam etdirir. Dövlət başçısı İlham Əliyev dəfələrlə öz çıxışlarında bu məsələləri qeyd edib və Azərbaycanın konstruktiv mövqeyini ortaya qoyub. Lakin Qərbin özünün də rastlaşdığı və artıq etiraf etdiyi daxili ziddiyyətlər təəssüf ki, tam həcmli və qarşılıqlı faydalı əməkdaşlığa ciddi əngəllər törətməkdədir. Cəmiyyət, vətəndaşlar və siyasi qərar qəbul edən qurumlar arasında ziddiyyətli siyasi baxışlar bugünkü Avropanın bir sıra rəsmi qurumlarının əsas problemlərindəndir. Bütün bunlara baxmayaraq, Azərbaycan Avropa İttifaqı ölkələri və ABŞ ilə əlaqələrin qarşılıqlı hörmət prinsipləri və beynəlxalq hüquq normaları əsasında qurulması üçün hazır olduğunu bəyan etməkdədir.
Tamerlan VAHABOV,
politoloq
Azərbaycan.- 2015.- 17 sentyabr.- S. 5.