Avropa Parlamenti “körpüləri
yandırdı”
Avropa Parlamentinin sentyabrın 10-da Azərbaycana dair qəbul etdiyi qərəzli qətnamə ciddi etirazla qarşılandı. Azərbaycan Milli Məclisi də növbədənkənar sessiya çağıraraq bu təşkilata öz kəskin etirazını bildirdi. Parlament 13 bənddən ibarət qərar qəbul etdi.
Sənəddə göstərilir ki, Avronest Parlament Assambleyasının Nizamnaməsinə uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisinin bu təşkilatda üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılsın və prosedur dövründə Milli Məclisin nümayəndə heyəti Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmasın. Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin mövcud formatda fəaliyyətində iştiraka son qoyulsun. Qərarda həmçinin Nazirlər Kabinetinə tövsiyə edilib ki, Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramında iştirakın məqsədəuyğunluğu məsələsinə yenidən baxılsın.
Qeyd edək ki, günün müzakirə mövzusu olan bu qərəzli qətnamə ilə bağlı politoloqlar, siyasətçilər ciddi etirazlarını səsləndirməkdədirlər. Bildirilir ki, Avropa Parlamenti müxtəlif bəhanələr altında Azərbaycanda xalq tərəfindən dəstəklənən siyasi hakimiyyətə şər və böhtan atır, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək istəyir.
Milli Məclisin deputatı, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva Avropa Parlamentinin məlum antiazərbaycan qətnaməsini ilk növbədə Qərbin neokolonialist ambisiyalarının növbəti təzahürü hesab edir: “Tarixən Şərq xalqlarına ağalıq etmək iddiasında olan, onların maddi və mədəni sərvətlərini talan edən, xalqların minilliklərlə formalaşmış milli-mədəni və mental xüsusiyyətlərini nəzərə almadan yeni yaşam tərzini onlara diktə edən Qərb yenə də öz köhnə ambisiyalarından əl çəkmək istəmir”. Deputat qeyd edib ki, bu siyasətin ərəb Şərqində hansı fəlakətlərə gətirib çıxardığı göz önündədir. Yüz minlərlə insan həlak olub, yurd-yuvasından qaçqın-köçkün düşüb, şəhərlər, qiymətsiz tarixi abidələr xarabalığa çevrilib, insanlar səfalət, humanitar fəlakət, müharibənin bütün dəhşətləri ilə üzləşiblər: “Bu günlərdə 3 yaşlı məsum suriyalı körpənin Aralıq dənizinin sularına qərq olmuş cəsədinin görüntüləri bütün bəşəriyyəti dəhşətə gətirdi. Böyük rus yazıçısı F.M.Dostayevskinin sözləri yada düşür: “Heç bir, hətta ən gözəl ideya belə bir körpənin göz yaşına dəyməz”. Yaranmış xaos, özbaşınalıq və hərbi əməliyyatlardan doğan yeni hərəkat - İŞİD bu gün region üçün çox böyük təhlükəyə çevrilib”.
Gövhər Baxşəliyevanın sözlərinə görə, indi bəzi qüvvələr Azərbaycana müdaxilə etməyə çalışırlar, hansısa şərtlər diktə edirlər. Antiazərbaycan xarakterli qətnamənin kimlər tərəfindən hazırlanıb qəbul olunduğu hər kəsə yaxşı məlumdur. Avropa Parlamenti o təşkilatdır ki, 1987-ci ildən bədnam “erməni genosidini” tanıyıb. 2015-ci ilin 15 aprelində isə Avropa İttifaqının bütün ölkələrini “erməni genosidini” tanımağa çağırıb və 24 aprel Aİ-də “erməni genosidi” qurbanlarının xatirə günü elan edilməsi haqqında qətnamə qəbul edib. Belə qətnaməni qəbul edənlər yalnız ermənilərin dostları, ermənipərəst qüvvələrdir. Bəs, Xocalı qətliamını, bir milyon azərbaycanlı qaçqın-məcburi köçkünü, 20 faiz işğal olunmuş Azərbaycan ərazilərini psevdodemokratlar görmürlərmi, niyə bu haqda qətnamələr qəbul etmirlər? Budur Avropa demokratiyası?
Deputat vurğulayıb ki, tarixən öz mədəni inkişafına və intellektual potensialına görə əksər avropalıları arxada qoyan xalqımızın ermənipərəst qüvvələrin müdaxiləsinə və tövsiyələrinə heç bir ehtiyacı yoxdur. Elə həmin avropalılar əsrlərlə bütün Şərq xalqlarının, o cümlədən Azərbaycan xalqının maddi və mədəni sərvətlərini talamış, minlərlə misilsiz sənət əsərlərini Avropa muzeylərinə daşımışlar: “Biz hamımız Azərbaycan adlı gəminin sərnişinləriyik. Böyük, çətin bir yola çıxmışıq. Bu yolda bizi hər növ təhlükə və təxribat gözləyir. Mənzil başına sağ-salamat çatmaq hər birimizdən asılıdır. Bunun üçün gəmi kapitanı - Prezidentimizin ətrafında sıx birləşməli, intizama ciddi riayət etməli, hər növ narazılıq və hərc-mərcliyə rəvac vermədən vahid ideya, məram ətrafında güclü, bütöv, çiçəklənən Azərbaycan naminə sıx birləşməliyik. Buna Azərbaycan Prezidenti, onun milli maraqlara xidmət edən müstəqil siyasəti zəmanət verir. Hesab edirəm ki, Avropa Parlamentinin qərəzli qətnaməsi ilə bağlı müvafiq cavab addımları atmaq məqsədəuyğundur”.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Elman Məmmədov isə qəzetimizə açıqlamasında bildirib ki, Avropa Parlamentinin qəbul etdiyi qərəzli qətnamə Azərbaycana qarşı davamlı aparılan çirkin kampaniyanın növbəti təzahürüdür. Daim şər-böhtan atan, təzyiq göstərmək istəyən bu qurum yenə də öz ənənəsinə “sadiq qalıb”.
Deputatın sözlərinə görə, Avropa Parlamenti Avropa İttifaqının deyə bilmədiyi sözləri qətnamə formasında həyata keçirir: “27 il bundan öncə 1988-ci ildə Avropa İttifaqı AP-nin vasitəçiliyi ilə ermənilərin Sumqayıtda törətdikləri hadisə ilə bağlı sənəd hazırlayıb rəsmi Moskva qarşısında tələb qoymuşdu. Həmin sənəddə ermənilərin müdafiəsi tələb olunurdu. Elə həmin ilin iyul ayında AP “Sovet Ermənistanında vəziyyətə dair” adlı sənəd qəbul etmişdi. O sənəddə də tələb qoyulurdu ki, Ermənistan müdafiə olunmalı, ermənilərin hüquqları qorunmalı, haqlı tələbləri yerinə yetirilməlidir. Eyni zamanda göstərilib ki, bu ərazi Ermənistana qaytarılmalıdır. Çox təəssüf ki, rəsmi Moskva həmin vaxt erməniləri müdafiə edir, bu tələblərin bəzilərini yerinə yetirirdi. Bu, həmin Avropa Parlamentidir ki, hələ də Azərbaycana qarşı çirkin kampaniyasını davam etdirir”.
Deputatın fikrincə, əgər araşdırmalar aparılsa, məlum olar ki, Azərbaycana qarşı hazırlanan qətnamələrin sonuna atılan imzalar eyni şəxslərə məxsusdur. Onların içərisində erməni əsilli deputatlar var. Digərləri isə erməni lobbisinin pulu ilə işləyənlərdir. Bu qruplaşmalar digər fraksiyalar arasında iş aparıb Azərbaycana qarşı çirkin kampaniyalar təşkil edirlər: “Bu, Avropa Parlamentinin iç üzüdür və bizim üçün artıq onların qəbul etdiyi qətnamələr təəccüblü deyil. Çünki Avropada bir fəlsəfə var - talan və yalan fəlsəfəsi. Bütün zəif dövlətləri güc vasitəsi ilə talan edib varlanan Avropa yalanlar uyduraraq şər-böhtan kampaniyasıyla öz məkrli siyasətini həyata keçirir. Azərbaycan isə artıq güclü dövlətə çevrilib, müstəqil siyasət yürüdür və söz sahibinə çevrilib. Azərbaycanla hökm dilində danışmaq olmaz, Azərbaycanla əməkdaşlıq etmək lazımdır. Azərbaycan əməkdaşlıq üçün tam açıq bir ölkədir. Ölkəmizlə əməkdaşlıq etmək Avropa İttifaqının da xeyrinədir. Bütün bunları düzgün qiymətləndirmək lazımdır. Siyasi əqidəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı ölkəmizə qarşı aparılan bu hücumların qarşısında dayanmaq üçün birlik nümayiş etdirməlidir. Çünki bu hücumlar təkcə Azərbaycan hakimiyyətinə qarşı deyil, Azərbaycan xalqına, dövlətinə və milli maraqlarımıza qarşı yönəlib. Səbəb isə bu ölkəni dağıtmaq, mövcud dəyərləri məhv etmək, Azərbaycanı İraq və Suriyanın gününə salmaqdır. Bu səbəbdən də ümumxalq birliyi ilə Prezident İlham Əliyevin yürütdüyü siyasəti müdafiə edib onun arxasında dayanmaqla bu hücumların qarşısını almalıyıq. Başqa yol yoxdur”.
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.- 2015.- 17 sentyabr.- S. 5.