Kürdəmirin Tarix-Diyarşünaslıq
Muzeyi əsaslı şəkildə yenidən
qurulub
Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kürdəmirdə əsaslı şəkildə yenidən qurulan Tarix-Diyarşünaslıq Muzeyində yaradılan şəraitlə tanış olub.
Dövlətimizin başçısı muzeyin yerləşdiyi Qələbə parkına gəldi.
Məlumat verildi ki, parkda İkinci Dünya müharibəsində həlak olmuş kürdəmirlilərin xatirəsini əbədiləşdirmək məqsədilə tikilmiş abidə son vaxtlar tamamilə yenidən qurulub. Parkda fəvvarələr yenilənib, geniş abadlıq və yaşıllıq işləri görülüb. Bir sözlə, park şəhər əhalisinin istirahət yerinə çevrilib.
Tarixi keçmişimizə həssas münasibət dövlət siyasətinin tərkib hissəsidir. Tarixi abidələrin, müqəddəs yerlərin bərpası yeni muzeylərin, mədəniyyət mərkəzlərinin tikintisi milli mənəvi dəyərlərimizə hörmət və ehtiramın təzahürüdür. Bu proses ölkənin bütün regionlarını əhatə edir. Kürdəmirdəki Tarix-Diyarşünaslıq Muzeyinin əsaslı şəkildə yenidən qurulması qədim tariximizin və mədəni irsimizin öyrənilməsi, gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Muzeydə həm ölkəmizin, həm də Kürdəmirin tarixini əks etdirən çoxlu sayda eksponat var.
Bu muzey 33 il bundan əvvəl ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb və cəmi 627 eksponatla fəaliyyətə başlayıb. İndi isə Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə əsasən bu maddi-mədəniyyət mərkəzi tamamilə yenilənib və eksponatları zənginləşdirilib.
Dövlətimizin başçısı Tarix-Diyarşünaslıq Muzeyində yaradılan şəraitlə tanış oldu.
Məlumat verildi ki, muzeydə əsaslı yenidənqurma işlərinə 2014-cü ildən başlanılıb. Əlavə tikinti-quraşdırma işləri aparılaraq ümumi sahəsi 400 kvadratmetrə çatdırılıb. Burada iki yeni salon tikilib, əməkdaşlar üçün iş otağı və digər xidməti otaqlar yaradılıb.
Muzeyin mövzu-ekspozisiya planı tam şəkildə yenidən işlənib. Hazırda burada 4070 eksponat var. Bu mədəniyyət ocağının mövzu-ekspozisiyası 4 salonda 7 bölmədə nümayiş etdirilir. Ekspozisiyanın 4 bölməsində Kürdəmir rayonunun tarixinə, mədəniyyətinə, məişətinə aid eksponatlar sərgilənir.
Muzeydə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Kürdəmir rayonuna səfərlərini, rayon ictimaiyyəti ilə görüşlərini əks etdirən fotolar yerləşdirilib.
Muzeyin birinci bölməsi paleolit dövrünün mədəniyyətini və tarixini özündə əks etdirən materiallarla zəngindir. Bölmədə eramızdan əvvəl XVI-XII əsrlərə aid əşyalar nümayiş etdirilir. Qədim Kürdəmir haqqında və ərazidə aparılmış arxeoloji qazıntıları əks etdirən materiallar da böyük maraq doğurur. Vaxtilə rus çarı II Nikolayın Kürdəmirdəki şərab zavodunun açılışında iştirakını əks etdirən foto tarixiliyi ilə diqqəti cəlb edir. Üçüncü bölmədə isə son orta əsrlərə və XX əsrin əvvəlinə aid eksponatlar sərgilənir. Burada erməni terroruna, xüsusilə 1918-ci ildə ermənilərin Kürdəmirdə törətdikləri qırğınlara həsr olunan çoxlu sayda foto və sənədlər toplanıb.
Kürdəmirin tanınmış ziyalılarına həsr olunan bölmədə isə rayonun yetişdirməsi olan tanınmış insanlar barədə geniş məlumatlar toplanıb. Rayonda aparılan abadlıq-quruculuq işlərinin tarixi, mühüm layihələrin açılış mərasimləri də xüsusi bölmədə nümayiş etdirilir.
Muzeydə aparılan təmir-tikinti işləri çərçivəsində ərazi abadlaşdırılıb, geniş yaşıllıq işləri görülüb, yeni fəvvarə inşa olunub.
AZƏRTAC
Azərbaycan.- 2015.- 18 sentyabr.- S. 3.