Türkdilli dövlətlər arasında əməkdaşlıqda yeni mərhələ başlanır

 

Prezident İlham ƏLİYEV: “Türkdilli ölkələrin əməkdaşlığının təməlində bizim ortaq tariximizdir, ortaq mədəniyyətimizdir, etnik köklərdir”

 

Tarixi köklərlə, eyni dil qrupu, ənənə və dəyərlərlə bir-birinə yaxın olan xalqların vahid ideya birliyi və həmrəyliyi ilə bağlı çoxsaylı nümunələr gətirmək mümkündür. Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi son 12 ildə ümumtürk birliyinin möhkəmləndirilməsi xəttini xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirərək təkcə Türkiyə ilə deyil, Orta Asiyanın türkdilli dövlətləri ilə də münasibətləri gücləndirmək xəttinə üstünlük verir.

Hələ 2006-cı ilin sentyabr ayında Ankarada keçirilən Türkdilli dövlətlərin və topluluqların 10-cu dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı dövlət başçısı İlham Əliyevin türk dövlətləri arasında birləşdiricilik missiyası həyata keçirən və bu sahədə böyük uğurlar qazanan lider olduğunu bir daha təsdiqləmişdir. Türkdilli ölkələrin Parlament Assambleyasının yaradılması və bu qurumun birinci sammitinin 2009-cu ildə Bakıda keçirilməsi ümumtürk birliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü strategiyanın uğurlu davamıdır. Milli Məclisdə baş tutan sammitdə türk dövlətlərinin əməkdaşlığı istiqamətində mövcud potensialdan daha səmərəli istifadənin vacibliyi vurğulanmışdır. Nəhayət, Türkdilli ölkələrin - dövlət başçılarının 2009-cu ilin oktyabr ayında Naxçıvanda keçirilmiş IX Zirvə görüşü münasibətlərin keyfiyyətcə yeni mərhələdə intensiv inkişafı, ümumi səylərin vahid məqsədlər naminə səfərbər olunması baxımından yadda qalmışdır.

Türkdilli ölkələr arasında əməkdaşlığın genişlənməsində Naxçıvanda keçirilən IX Zirvə toplantısında qəbul edilən qərarlar da xüsusi önəm kəsb etmişdir. Bakıda Türk PA-nın Baş Katibliyi yaradılmışdır. Türkdilli ölkələrin dövlət başçılarının X Zirvə toplantısında isə türk mədəniyyətinin qorunması üçün Bakıda vəqf, universitetlər arasında fəaliyyətin gücləndirilməsi üçün qurum, Astanada akademiyanın tərkibində muzey, tarixi araşdırma fondu yaradılması qərara alındı. Ötən müddətdə bu istiqamətdə qarşıya qoyulan vəzifələrin uğurla icra edilməsi türkdilli ölkələr arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini təsdiqlədi.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması müştərək dil, mədəniyyət və dəyərləri qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə çatdrmaq baxımından mühüm əhəmiyyət daşıyır. Türkdilli ölkələrin Əməkdaşlıq Şurası geniş coğrafi arealı əhatə edən türk dünyasının problemlərinin həllinə, ölkələrimizin və xalqlarımızın bir-birinə daha sıx bağlanmasına imkan yaradır. Ortaq tarixə, mədəniyyətə malik olan türk dövlətləri arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi böyük perspektivlərdən xəbər verir.

Türkiyədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısının keçirilməsi də əlamətdar hadisələrlə yadda qalmışdır. Türkdilli dövlət başçılarının görüşündə 2009-cu ildə Naxçıvan Zirvə toplantısında təsis olunan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının ötən dövrdə böyük inkişaf yolu keçdiyi xüsusi qeyd olunmuş və perspektivdə görüləcək işlər barədə geniş fikir mübadiləsi aparılmışdır. Zirvə toplantısında türkdilli dövlətlərlə əlaqələrin genişlənməsində təşkilatın rolunun böyük olduğu qeyd edilmişdi. Təşkilat çərçivəsində dövlət başçıları arasında əlaqələrin intensiv inkişafının ikitərəfli münasibətlərə müsbət təsir göstərdiyi xüsusi vurğulanmışdır.

Sentyabrın 11-də Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) V Sammitinin keçirilməsi də mühüm əhəmiyyət kəsb etdi. Sammitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Qırğızıstan Prezidenti Almazbek Atambayev, Türkiyə Böyük Millət Məclisinin Sədri İsmət Yılmaz və Türkmənistan Baş nazirinin müavini Sapardurdu Toyliyev iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev ilə görüşündə bir sıra regional və beynəlxalq məsələlər müzakirə olunub. İki ölkənin prezidentləri görüşdə ortaq tarixi, mədəniyyətləri, milli maraqları olan ölkələrimiz arasında əlaqələrin perspektivlərinin daha da geniş olduğunu qeyd ediblər və mövcud potensialdan səmərəli istifadənin vacibliyini vurğulayıblar. Dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıblar.

Sammitdə türkdilli dövlətlər arasında iqtisadiyyat, elm, təhsil, texnologiya, turizm və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Ortaq Türk Televiziya Kanalının və Ortaq Xəbər Agentliyinin yaradılması ilə əlaqədar Anlaşma Memorandumlarının imzalanması da xalqlarımız arasında əlaqələrin inkişafına müsbət təsir göstərəcək. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tarixboyunca türkdilli xalqların birlikdə mühüm uğurlar qazandıqlarını və bölgədə sülhün və sabitliyin bərqərar olunması üçün səylərin daha da gücləndirilməsinin, Türk Şurasının beynəlxalq qurumlarda fəal təmsil olunmasının əhəmiyyətini vurğulayıb.

Dövlət başçısı İlham Əliyev sammitdə çıxışı zamanı ötən illər əldə edilmiş uğurlardan danışıb: “Əslində, Türkdilli ölkələrin əməkdaşlığının təməlində bizim ortaq tariximizdir, ortaq mədəniyyətimizdir, etnik köklərdir. Budur bizi birləşdirən amillər və biz öz fəaliyyətimizi bu təməl üzərində qururuq. Bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası artıq beynəlxalq aləmdə də özünə layiq yer tuta bilib. Əminəm ki, gələcəkdə şuranın fəaliyyəti daha da uğurlu olacaq. Bizim humanitar sahə ilə bağlı çox böyük planlarımız var. Humanitar sahə əslində bizi birləşdirən əsas sahədir. Bu baxımdan mən xüsusilə TÜRKSOY-un fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm. TÜRKSOY nəinki bizim dövlətlərimizi, bütün türk xalqlarını birləşdirir. Əminəm ki, biz gələcəkdə də bu təşkilatın fəaliyyətinə öz dəstəyimizi verəcəyik.

Eyni zamanda, TÜRKSOY ilə yanaşı, yeni qurumlar da yaranır. Onların içərisində Türk Akademiyasını xüsusilə qeyd etmək istəyirəm. Türk Mədəniyyəti və İrsi Fondunun yaradılması, hesab edirəm ki, gələcəkdə müxtəlif konkret layihələrin icrası üçün gözəl imkan yaradacaqdır. Ortaq televiziya kanalının yaradılması da bizim həm niyyətimizi ifadə edir, həm də siyasətimizi göstərir. Bir neçə il ərzində bu məsələ ilə bağlı danışıqlar aparılmışdır. Artıq bu qərar da qəbul olundu. Hesab edirəm ki, həm xalqlarımız, həm dünya üçün bizim mədəniyyətimiz, tariximiz, milli dəyərlərimiz, o cümlədən bugünkü həyatımız böyük maraq doğuracaqdır”.

Türkdilli dövlətlərin, diaspor təşkilatlarının vahid məqsədlər uğrunda mübarizə aparması, ideoloji-siyasi cəbhədə eyni nöqtəyə vurması vacib məsələdir. Dövlət başçısı türkdilli xalqların oxşar milli irsinə, ülvi və pak mənəvi dəyərlərinə, mental xüsusiyyətlərinə ümumi müqaviməti və səfərbərliyi təmin edən güclü ideoloji-siyasi təsir vasitəsi kimi yanaşır. Müstəqil dövlətlər kimi dünya siyasi arenasında yer tutan türkdilli dövlətlərin daha da yaxınlaşması və beynəlxalq təşkilatlar çərçivəsində bir-birilərinin maraqlarını müdafiə etməsi təqdir olunmalıdır. Astana Sammitində regionda mövcud münaqişə ocaqlarından danışan Türkiyə Böyük Millət Məclisinin Sədri İsmət Yılmaz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bölgədə sabitliyə ən böyük təhdid olduğunu vurğulayıb. Bildirib ki, Türk Şurasına üzv ölkələr bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi üçün səylərini artırmalıdır və münaqişənin həlli prosesində Türkiyə və digər üzv ölkələr Azərbaycanın yanındadır.

Prezident İlham Əliyev də bu məsələyə toxunub: “Bildiyiniz kimi, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlərboyu Azərbaycan xalqı bu torpaqlarda yaşamışdır, yaratmışdır. Nəinki Dağlıq Qarabağ, eyni zamanda, qədim türk torpağı olan Zəngəzur da bizim əzəli torpağımızdır. XX əsrin əvvəllərində Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana verməklə əslində bütün türk dünyasının coğrafi bağlılığını artıq aradan götürüblər. Bizim bağlılığımız təbii ki, gündən-günə güclənir. Amma coğrafi baxımdan biz bir-birimizdən ayrıyıq.

Azərbaycan xalqına qarşı ədalətsizliklər olmuşdur və XX əsrin sonlarında da ədalətsizliklər olmuşdur. Bu gün beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan Dağlıq Qarabağ və ətraf yeddi bölgə erməni işğalı altındadır. Ermənistan bütün hüquq normalarını kobudcasına pozub, bu bölgələrdə etnik təmizləmə siyasəti aparıb, bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün vəziyyətinə düşüb. Beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz fikirlərini bildirmişlər. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir ki, orada Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması tələb edilir. Əfsuslar olsun ki, Ermənistan buna məhəl qoymur, işğalı davam etdirir, danışıqlar prosesində özünü səmimi və konstruktiv aparmır. Bu münaqişə və bütün başqa münaqişələr ancaq beynəlxalq hüququn norma və prinsipləri, ölkələrin suverenliyi, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü əsasında öz həllini tapmalıdır”.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammitinin yekununda birgə bəyannamə qəbul edildi, şuranın baş katibinin müavininin Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti təyin edilməsi ilə bağlı sənədlər imzalandı. Budəfəki sammit türkdilli dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni imkanların olduğunu bir daha üzə çıxardı.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2015.- 18 sentyabr.- S. 7.