“Le
Huffington Post” Dağlıq Qarabağ
münaqişəsindən yazır
“Le Huffington Post” qəzetində Avropada Təhlükəsizlik və İnkişaf İnstitutunun (İPSE) tədqiqatçısı, MEVA qadın hüquqları qeyri-hökumət təşkilatının baş katibi Patrisiya Lalondun “İdarə etmək gələcəyi görməkdir: Cənubi Qafqazda növbəti müharibənin qarşısını necə almaq olar” başlıqlı məqaləsi dərc olunub.
Hazırda medianın diqqətindən kənarda qalan Cənubi Qafqazdan yeni münaqişə mənbəyi ola biləcək döyüş sədaları eşidildiyini yazan müəllif bu regionun Rusiya ilə Qərb arasında növbəti çəkişmə məkanına çevrilməsi ehtimalına münasibət bildirir.
Məqalədə qeyd olunur ki, özəl kəşfiyyat və strateji təhlillər Amerika qrupu olan Stratfor –un eksperlərinin təhlillərinə əsasən, Ukrayna böhranının ilk günlərindən Rusiya ilə Qərb arasında qarşıdurma təhlükəsi artır və bu təhlükə Cənubi Qafqaza doğru istiqamətlənir.
Müəllif yazır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 20 ildən artıqdır dondurulub, münaqişə nəticəsində qaçqın və məcburi köçkünlərin yaşadığı faciə Avropa mətbuatında çox az işıqlandırılıb.
Avropalı siyasi xadimlərinin bu münaqişənin qarşısını almaq əvəzinə sadəcə “reaksiyalarla” kifayətlənməkləri bu münaqişənin yenidən intensivləşməsinə və gələcəkdə Cənubi Qafqazda stabilliyi pozmaq təhlükəsinə aparacağı qeyd olunur.
Müəllif Dağlıq Qarabağ münaqişəsinin mənbəyinə toxunaraq bu torpaqların Azərbaycanın qanuni ərazisi olduğunu, qanlı müharibə nəticəsində Ermənistan tərəfindən anneksiya olunduğunu və bir milyon Azərbaycanlının doğma torpaqlarından qaçqın və didərgin düşdüyünü vurğulayır. Ermənistan silahlı qüvvələrinin törətdiyi Xocalı soyqırımından bəhs edrək, Dağlıq Qarabağın bu gündək BMT tərəfindən Azərbaycan torpaqları kimi tanındığını qeyd edir.
Azərbaycana səfərləri zamanı qaçqın düşərgələrində, eləcə də QHT-lərlə görüşlərindən bəhs edən Patrisiya Lalond Dağlıq Qarabağ yaralarının nə dərəcədə ağrılı olduğunun şahid olduğunu və qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qayıtmaq arzusu ilə yaşadıqlarını bildirir. Eyni zamanda, müəllif dövlətin qaçqın və məcburi köçkünlərlə bağlı düzgün siyasətini diqqətə çatdırır. Münqaişənin əsas qurbanlarının ərlərini, qardaşlarını və oğullarını qanlı döyüşlərdə itirən qadinlar olduğu göstərilir. İtkin düşən insanların siyahısının tərtib olunduğu bildirilir. Hökumətin qaçqın və məcburi köçkünlərin cəmiyyətə inteqrasiya siyasətinin müvəffəqiyyətli olduğu diqqətə çatdırılır.
Qaçqınlarla bağlı siyasətinə və onlara göstərilən qayğıya görə Azərbaycanın nümunəvi ölkə olduğu vurğulanır.
Sonda müəllif Avropada sığınacaq axtaran qaçqın dalğasının elektroşokunun avropalı siyasətçilərə münaqişələrə və qaçqın faciələrinə son qoymaq üçün daha yaxşı diplomatiya aparmaq lazım olduğunu dərk etməyə imkan verəcəyinə ümid etdiyini bildirir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi muxbiri
Paris
Azərbaycan.- 2015.- 18 sentyabr.- S. 7.