Azərbaycan iqtisadiyyatı qlobal böhran şəraitində də risklərdən qorunmaq iqtidarındadır

18 Sentyabr 2015

 

Müstəqilliyinin 24-cü ilini yaşayan respublikamız üçün son illər xarakterik olan beynəlxalq uğurlardan biri qlobal kataklizmlərin daha da dərinləşdiyi indiki həssas dönəmdə dünya birliyində özünü layiqli qoruyub saxlamasıdır. Bunun da əsas səbəbləri Azərbaycanın yerləşdiyi bölgənin lideri statusunu getdikcə gücləndirməsi, söz sahibi olması, Avropanın enerji xəritəsinə etdiyi korrektələr və bu sahədə öz diktəsini etməsi, ən əsası, hər sahə üzrə müstəqil siyasət həyata keçirməsidir.

 

Uğurları qlobal miqyasda qəbul edilməyən ölkə nüfuz sahibi ola bilməz

 

Bu gün planetimizin ayrı-ayrı yerlərində ən müxtəlif problemlər yaşanmaqdadır. İstisnasız olaraq inkişaf edən ölkələr beynəlxalq maliyyə böhranını hiss edirlər. Ermənistan kimi inkişafdan geri qalan və yedəkdə gedən ölkələrdə isə onsuz da zəif olan iqtisadiyyat daha da tənəzzülə uğrayır. İqtisadi böhran isə paralel olaraq dərhal sosial sferada özünü göstərir: baş alıb gedən inflyasiya əhalinin gəlirlərini ötür, qiymətlər hədsiz yüksəlir və buna görə alıcılıq qabiliyyəti azalır, milli valyuta isə dəyərdən düşməkdə davam edir. Ukrayna, Suriya, İraq, Əfqanıstan kimi ölkələrdə isə tək iqtisadi deyil, hərbi-siyasi böhran da hökm sürür. ABŞ başda olmaqla bəzi Avropa ölkələrinin yeni siyasi-iqtisadi maraqları, neoimperializm siyasəti bu ölkələri sonu görünməyən müharibəyə sürükləyib. Digər bir problem Yaxın Şərq və Afrika ölkələrindən olan insanların xoş güzəran dalınca Avropaya son aylar daha da çoxalan axınıdır. Avropa ölkələrinin tarixən davam edən müstəmləkəçilik və imperializm siyasətindən, son illərdə isə Yaxın Şərqdə həyata keçirdikiləri yeni imperializm planlarından qaynaqlanan bu problem artıq humanitar faciəyə çevrilib. Demək olar ki, hər gün Aralıq dənizində miqrantların olduğu qayıqların batması barədə xəbərlər eşidirik.

Lakin dünyada cərəyan edən iqtisadi böhranlara, qlobal siyasi və sosial kataklizmlərə baxmayaraq, Azərbaycan bu coğrafiyanın “sabitlik adası” və inkişaf ünvanı kimi qalmaqdadır. Respublikamız qısa müddət ərzində siyasi, sosial-iqtisadi və digər sahələrdə nail olduğu sıçrayışlı yüksəlişlə, o cümlədən yerləşdiyi məkanın siyasi və iqtisadi imkanlarından səmərəli formada yararlanmaqla Cənubi Qafqazın aparıcı dövlətinə çevrilib. Hər ötən il Azərbaycanın artan gücünü və imkanlarını dünyaya nümayiş etdirir, ölkəmizin beynəlxalq imicini artıran mühüm hadisələr kimi tariximizə qızıl hərflərlə yazılır.

Tarix sübut edir ki, uğurları qlobal miqyasda qəbul edilməyən ölkə beynəlxalq aləmdə nüfuz sahibinə çevrilə bilməz, yüksək imicə malik olmaz. Çox uzağa getmədən elə postsovet məkanından bu barədə kifayət qədər fakt göstərmək olar. Bu mənada artıq kosmos dövlətinə çevrilən, bir müddət əvvəl BMT Təhlükəsizlik Şurasına seçilməklə iki il dünyanın ən ali təşkilatında uğurlu fəaliyyət göstərən, yerləşdiyi bölgənin imkanlarından, malik olduğu karbohidrogen resurslardan səmərəli istifadə etməklə uğurlarını ildən-ilə sürətlə artıran Azərbaycan həqiqətən, inkişaf fenomeninə çevrilib. Odur ki, Azərbaycanın idarəçilik və inkişaf modeli bir çox ölkələr üçün praktik nümunədir. Hansı ki, bu model qlobal iqtisadi və maliyyə böhranları şəraitində özünü tam doğruldub. Bütün bunlar və ən əsası, Prezident İlham Əliyevin yüksək şəxsi və siyasi keyfiyyətləri, hər bir məsələdə qətiyyətli mövqedən çıxış etməsi, xarizması Azərbaycan dövlətinin beynəlxalq nüfuzunu şərtləndirən əsas amillərdir.

 

Dünyadakı kataklizmlər şəraitində iqtisadi artıma nail olmaq böyük uğurdur

 

Planetimizin mənzərəsi göstərir ki, çağdaş dünyamız hazırda olduqca gərgin və narahat günlərini yaşamaqdadır. Qlobal iqtisadi proseslər Azərbaycanın iqtisadi inkişafına da təsirsiz ötüşmür və ilk növbədə ölkəmizə valyuta daxilolmalarının azalmasında özünü göstərir. Lakin belə bir şəraitdə Azərbaycanda iqtisadi sahədə əvvəlki dövrlərdə olduğu kimi artım var. Məlum olduğu kimi, neftin qiymətinin aşağı düşməsi bu sahədən ölkəmizə daxil olan gəlirləri azaldıb. Ötən ilin əvvəllərində bareli 100 ABŞ dollarından yuxarı olan neft indi 50 dollardan aşağıdır. Lakin Azərbaycan iqtisadiyyatında 2015-ci ilin əvvəlindən qeydə alınan 6 faizlik inkişaf göstərir ki, respublikamızın inkişafı təkcə neft amili üzərində köklənməyib. Avropada, Yaxın Şərqdə təbəddülatların dərinləşdiyi bir dövrdə dünya iqtisadiyyatına inteqrasiya edən Azərbaycanın iqtisadi böhranlardan itkisiz qurtulması və hətta uğur əldə etməsi ölkəmizin ən mühüm nailiyyətlərindən biridir.

Sentyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə dövlət başçısı deyib: “Bu il Azərbaycanda iqtisadi inkişaf çox sürətlidir. Gələn ay biz ənənəvi olaraq hökumətin geniş iclasında 9 ayın yekunlarını və bu inkişafı müzakirə edəcəyik. Ancaq 6 ayın yekunları deməyə əsas verir ki, biz bu ili çox yüksək nəticələrlə başa vuracağıq. Ümumi daxili məhsul təxminən 6 faiz artmışdır. Qeyri-neft iqtisadiyyatı 9 faizdən çox artmışdır. İnflyasiya çox aşağı səviyyədədir. Kənd təsərrüfatı 7,3 faiz artmışdır. Qeyri-neft sənayesi 14 faiz artmışdır. Yəni bu, böhranlı ildə əldə edilən nailiyyətlərdir və dünya miqyasında buna bənzər yüksək nəticələr görmək çox çətindir. Yenə də nəyə görə? İlk növbədə, bizim güclü siyasi iradəmiz var və biz öz siyasətimizi ancaq Azərbaycan xalqının maraqları üzərində qurmuşuq. İkincisi, biz uzun illər düşünülmüş iqtisadi siyasət əsasında islahatlar aparmışıq. Bu islahatlar bu gün beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir”.

Reallıq da təsdiq edir ki, dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi Azərbaycanın inkişafına təsir göstərə bilməz. Cənab Prezdentin müşavirədəki çıxışından göründüyü kimi, dünyada müxtəlif proseslər gedir. Bunlardan biri beynəlxalq maliyyə və iqtisadi böhran, xam neftin qiymətinin aşağı düşməsinin yaratdığı çətinliklərdir. Neftin qiymətində baş verən dəyişikliklər bəzi ölkələrdə yeni iqtisadi böhranın baş qaldırmasına, kəskin maliyyə çatışmazlığına, sosial və investisiya proqramlarının ixtisar olunmasına gətirib çıxarıb. Ona görə bu kimi böhranlar həmin ölkələrdə həm ümumi inkişafı ləngidir, həm də insanların sosial durumuna mənfi təsir göstərir. Belə iqtisadi və sosial sarsıntılar qonşuluğumuzda olan bir sıra ölkələrdə yaşansa da, Azərbaycan dövləti bu kimi risklərdən uzaqdır. Düzdür, Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiya şəratində inkişaf etdiyindən qlobal iqtisadi böhranın ölkəmizə təsiri qaçılmaz idi. Lakin vaxtında qabaqlayıcı tədbirlərin görülməsi, düzgün iqtisadi siyasətin yeridilməsi Azərbaycanın iqtisadi böhranlardan uğurla çıxmasını şərtləndirən əsas səbəblərdir. Ötən illərdə Azərbaycanda iqtisadi inkişafın kifayət qədər maliyyələşdirilməsi, neft gəlirlərini başlıca sosial-iqtisadi problemlərin həllinə yönəltməklə yanaşı, ölkənin çox yüksək yığım səviyyəsi, yaradılan strateji valyuta ehtiyatları neftin qiymətindəki dəyişikliklərdən asılı olmayaraq inkişaf tempini saxlamağa imkan verir.

 

Maliyyə resurslarının formalaşmasında qeyri-neft sektorunun payı artır

 

Hər bir inkişaf edən və inkişaf etməkdə olan ölkənin maliyyə resurslarının formalaşması real sektorun inkişafı ilə bilavasitə bağlıdır. Son illər Azərbaycanda yeni istehsal sahələrinin sayı əhəmiyyətli dərəcədə artıb. Bu, özünü əsasən qeyri-neft sektorunda, o cümlədən qeyri-neft sənayesində göstərir. Bunun da nəticəsində Azərbaycanda artıq neçə ildir ki, həm qeyri-neft istehsalında ciddi artım var, həm də büdcə daxilolmaları üzrə tapşırıqların yerinə yetirilməsində qeyri-neft sektorunun payı çoxalır.

Bu gün Azərbaycan hakimiyyətinin qarşıya qoyduğu əsas məqsədlərdən biri iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını təmin etmək, xüsusən yeni istehsal sahələrinin fəaliyyətini stimullaşdırmaqdır. Məlum olduğu kimi, bunun üçün artıq neçə illərdir ki, Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə ayrı-ayrı iş adamlarına güzəştli kreditlər ayrılır. Təkcə bu il sahibkarlığın inkişafına dəstək olaraq Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə iqtisadiyyatın müxtəlif sahələri üzrə 3 minə yaxın sahibkara güzəştli kreditlər verilib.

Bütün bunların nəticəsi olaraq Azərbaycanda ÜDM-in artımında diqqəti çəkən mühüm cəhət ondan ibarətdir ki, bu ilin ötən dövrünün yekunları ölkə rəhbərliyinin qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirdiyi siyasətin özünü tam doğrultduğunu konkret faktlar əsasında meydana çıxarır. Çünki 2015-ci il ərzində qeyri-neft sahəsinin inkişaf səviyyəsi neft sektoruna nisbətdə yenə də yüksəlib.

Prezident İlham Əliyevin müşavirədə qeyd etdiyi kimi, qeyri-neft iqtisadiyyatı 9 faizdən çox, qeyri-neft sənayesi 14 faiz artıb. Bütün bunlar Azərbaycanın seçdiyi inkişaf yolunun düzgün olduğunu, zamanın tələblərinə cavab verdiyini, ölkənin qazandığı uğurların miqyasının daha da genişlənməsinə xidmət etdiyini, iqtisadi islahatların düzgün aparıldığını göstərir.

Cənab Prezidentin yanında keçirilən müşavirədə qeyd olunduğu kimi, gələn ilin dövlət büdcəsində investisiya layihələrinin həyata keçirilməsi nəzərə alınacaq. Eyni zamanda, büdcədə sosialyönümlülük prioritet təşkil edəcək. Prezident İlham Əliyev bəyan etdi ki, bütün sosial proqramlar ixtisarsız icra ediləcək. Sosial infrastruktur layihələri icra olunacaq, məktəb binalarının tikintisi, uşaq bağçalarının, xəstəxanaların tikintisi, eyni zamanda, sosial siyasətlə bağlı institusional islahatlar davam etdiriləcək.

Azərbaycanın inkişaf strategiyasının hazırkı mərhələdə qarşıda duran əsas vəzifələri iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək, neft gəlirlərinin səviyyəsindən asılı olmayaraq qeyri-neft sektorunun yüksək inkişaf tempini gələcək illərdə də qoruyub saxlamaq və onun ixrac və rəqabət imkanlarını genişləndirməkdir. İqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi və strukturunun daha da təkmilləşdirilməsi yaxın dövrdə qeyri-neft ixracının daha da artımına gətirib çıxaracaq. Qeyri-neft sənayesinin sürətli inkişafı ilə yanaşı, innovasiya fəaliyyətinin təşviqi və genişləndirilməsi ölkədə biliyə əsaslanan iqtisadiyyatın formalaşması üçün əlverişli zəmin yaradır. Azərbaycanın dövlət büdcəsi isə il ərzində qarşıda duran hər bir vəzifənin həyata keçirilməsi üçün yetərlidir.

Azərbaycan iqtisadiyyatı dünyada müşahidə olunan ağır problemlərin öhdəsindən daim layiqincə gəlib. Həyata keçirilən düzgün iqtisadi siyasət nəticəsində hələ 2008-2009-cu illərdən bütün dünyanı cənginə alan iqtisadi böhrandan Azərbaycan üzüağ çıxmışdı. Ölkəmizi inkişaf yoluna çıxaran bu siyasət hazırda uğurla davam etdirilir və 2015-ci ilin ötən dövrü ərzində qeydə alınan iqtisadi artım deyilənləri təsdiq edir. Bu isə qarşıdan gələn dövrdə də yeni iqtisadi nailiyyətlərin əldə ediləcəyinə zəmanət verir.

Şübhəsiz, bu uğurları gözü götürməyən qüvvələr də var və onlar ölkəmizin qazandığı nailiyyətləri görməzlikdən gələrək böhtan kampaniyası aparırlar. Elə Avropa Parlamentinin son bədxah qətnaməsi də buna misal ola bilər. Təəssüf ki, antiazərbaycançı şəbəkənin əlində oyuncağa çevrilən bu qurum respublikamızın sosial-iqtisadi və siyasi həyatda əldə etdiyi müvəffəqiyyətləri qəsdən pərdələyir və reallığı əks etdirməyən qərəzli münasibət nümayiş etdirir. Ancaq bütün bu kimi bədnam kampaniyaların hamısının puç olacağına ölkə vətəndaşlarının dərin inamı var. Çünki Azərbaycan ən düzgün yolla irəliləyir və inkişafının davamlılığı üçün müsbət zəmin formalaşdırır.

 

Natiq CAVADOV,

“Sənayeavtomatika” İstehsalat Birliyinin baş direktoru,

texnika elmləri doktoru, professor, Beynəlxalq və Azərbaycan

Mühəndislik Akademiyasının akademiki

 

Azərbaycan.- 2015.- 18 sentyabr.- S. 8.