Azərbaycana qərəzli münasibət bəsləyən Qərb strukturları ilə əməkdaşlığın perspektivi yoxdur

 

Antiazərbaycançı şəbəkənin əlində alətə çevrilən Avropa Parlamenti son qətnaməsi ilə bütün əndazələri aşdı

 

Azərbaycanın son illər əldə etdiyi misilsiz nailiyyətlər, inkişaf edən dövlətlərin sırasında öncüllərdən olması, müstəqil siyasət yeridən ölkə kimi böyük nüfuz qazanması, hüquqi və demokratik inkişaf yolunda qazandığı uğurlar bir sıra Qərb siyasi dairələrində qısqanclıqla qarşılanmaqdadır. Bunu son vaxtlar ölkəmizə qarşı təzyiq cəhdlərinin xeyli intensivləşməsi də sübut edir. Azərbaycanın demokratik imicinə zərbə vurmaq niyyəti ilə Qərb ölkələrinin media orqanlarında sifarişli yazılar dərc edilir, telesüjetlər hazırlanır, müxtəlif siyasi güclərin təsiri altında olan beynəlxalq qeyri-hökumət təşkilatları obyektivlikdən uzaq bəyanatlar verir, islamofobiya mövqeyində duran qüvvələr qərəzli çıxışlar edirlər.

Ümumiyyətlə, Qərbdə, o cümlədən Avropa İttifaqında və onun parlament məclisində erməni lobbisinin təsiri altında olan kifayət qədər qruplar mövcuddur. Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüquq Azərbaycanın tərəfində olduğundan bu məsələdə heç bir nəticə əldə edə bilməyən həmin qruplar münaqişənin həllini uzatmaq, ədalətli qərarın qəbuluna mane olmaq üçün dünya birliyinin gözündə Azərbaycanı qeyri-demokratik dövlət kimi göstərməyə və beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır. Əslində, bu qüvvələri insan hüquqları və azadlıqları məsələsi az narahat edir. Belə olmasaydı, Avropa Parlamentində (AP) insan hüquqları və azadlıqları sahəsində vəziyyətin son dərəcə gərgin olduğu Ermənistan barəsində bir dəfə də olsa məsələ qaldırılardı.

Bütün bunlar göstərir ki, AP Azərbaycan əleyhinə işləyən qüvvələrin yedəyində gedir, onların təsiri altında fəaliyyət göstərir, daim antiazərbaycançı mövqe nümayiş etdirir. Bu qurumun sentyabrın 10-da Azərbaycanla bağlı qəbul etdiyi növbəti qərəzli qətnamə antiazərbaycançı, xristian təəssübkeşliyindən çıxış edərək ermənilərə hər vəchlə dəstək verən siyasi dairələrin sifarişi olmaqla yanaşı, həm AP-nin siyasi alətə çevrildiyini bir daha açıb ortaya qoydu.

AP-nin qətnaməsinə ötəri nəzər yetirdikdə onun nə qədər iftira olduğunu, başdan-ayağa qərəzli bir yanaşmaya əsaslandığını görmək olar. Məsələn, konkret cinayət əməlinin siyasiləşdirilməsi açıq-aydın ölkəmizə qarşı qərəzin ortaya qoyulmasıdır. Jurnalist Rasim Əliyev məişət zəminində qətlə yetirilib və bu hadisənin siyasi qətl kimi qələmə verilməsi heç bir əndazəyə sığmır. Digər faktlar sənədin saxta və qondarma ittihamlar üzərində qurulduğunu sübut edir.

Son illərin reallığı göstərir ki, Azərbaycan böyük siyasi və beynəlxalq əhəmiyyətə malik hadisələr ərəfəsində olduğu, mühüm uğura imza atdığı dövrdə ölkəmizə qarşı qarayaxma kampaniyalarına start verilir. Bunu “Eurovision” mahnı müsabiqəsi, Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Macarıstandan Azərbaycana gətirilməsi və dərhal azad olunması, “Cənub” qaz dəhlizinin təməlinin qoyulması zamanı AP-nin ölkəmizin əleyhinə qəbul etdiyi qətnamələr də təsdiqləyir. Qarşıdan isə Azərbaycanda Milli Məclisə seçkilər gəlir. Bu baxımdan AP-nin 10 sentyabr qətnaməsini təsadüfi saymaq olmaz. Bu məsələdə də AP-nin seçkinin nəticələrini indidən şübhə altına alması bir yana, parlament seçkilərinə müşahidə missiyalarının göndərilməməsi barədə müvafiq qurumlara və üzv ölkələrə çağırışlar etməsi beynəlxalq normaların, qəbul olunmuş praktikanın kobud şəkildə pozulmasıdır.

AP-nin qətnaməsi ilə əlaqədar deputatların müraciəti əsasında Azərbaycan Milli Məclisinin sentyabrın 14-də növbədənkənar sessiyası çağırılıb. Son illər AP-nin bir neçə dəfə Azərbaycana qarşı qərəzli qətnamə qəbul etdiyini diqqətə çatdıran Milli Məclisin Sədri Oqtay Əsədov bildirib ki, sözügedən qurum bu dəfə bütün çərçivələri aşıb: “Biz Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli münasibətinin dəfələrlə şahidi olmuşuq. Təkcə son 2 ildə bir neçə dəfə bu təşkilat bizim ölkəmiz barəsində ədalətsiz mövqeyini nümayiş etdirmişdir. Amma bu dəfə Avropa Parlamenti, necə deyərlər, bütün çərçivələri aşmışdır. Hələ mən adi cinayət faktlarının siyasiləşdirilməsini, məhkəmə sisteminə müdaxilə edilməsini demirəm. Bütün beynəlxalq davranış prinsipləri, adi ədəb və nəzakət qaydaları pozulmuş, tərbiyəsizcəsinə Azərbaycanın siyasi hakimiyyətinə şər və böhtan atılmışdır”.

AP-nin son qətnaməsi bu qurumla ölkəmiz arasında əməkdaşlığın konstruktiv məcrada inkişafının heç bir perspektivinin olmadığını göstərdi. Eyni zamanda, bu, Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində həyata keçirilən layihələrin də perspektivinə, regional əməkdaşlıq və inteqrasiya prosesinə ciddi zərbə vurdu. Bütün bu məsələlər Milli Məclisin növbədənkənar iclasında ətraflı müzakirə olundu. Çıxış edənlər AP-nin qətnaməsini demokratik dövlət kimi Azərbaycanın nüfuzuna xələl gətirmək cəhdi kimi qiymətləndirdilər. Eyni zamanda, qeyd olundu ki, AP-nin bu qətnamənin lehinə səs vermiş deputatları siyasi korrupsiyaya uğramış insanlardır və müəyyən maddi maraqlar naminə bu cür mexanizmlərdə Azərbaycanın əleyhinə çox həvəslə iştirak edirlər. Azərbaycan Milli Məclisinin bununla bağlı qəbul etdiyi qərarda AP-yə kifayət qədər sərt və tutarlı cavab verildi. Qərarda qeyd olunur ki, AP-nin Azərbaycana dair 2015-ci il sentyabrın 10-da qəbul etdiyi qətnamə bu parlament təşkilatında ölkəmizə qarşı sistemli və davamlı şəkildə aparılan qərəzli qarayaxma kampaniyasının son dərəcə təhqiramiz xarakter aldığını göstərir: “Bu dəfə insan hüquqları bəhanəsi altında Azərbaycanda xalq tərəfindən dəstəklənən siyasi hakimiyyətə şər və böhtan atılmış, ölkəmizlə Avropa İttifaqı və onun üzvü olan dövlətlər arasında inkişaf edən tərəfdaşlıq münasibətlərini sarsıtmağa, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirərək onu dünyaya inteqrasiya prosesindən təcrid etməyə uğursuz cəhd göstərilmişdir”.

Qərarda AP-dən Avropa İttifaqı-Azərbaycan münasibətlərinə qarşı pozucu fəaliyyətinə, konkret cinayət əməllərini siyasiləşdirməklə Azərbaycanın məhkəmə sisteminə təzyiq göstərmək cəhdlərinə son qoymaq, Azərbaycana qarşı fəaliyyət üçün qondarma ittihamlara istinad edən müxtəlif qüvvələrin təsiri altında ölkəmiz barəsində qərəzli qətnamələrin qəbulu praktikasından əl çəkmək tələb edilir. Həmçinin AP Azərbaycanın zəngin tolerantlıq təcrübəsini nəzərə almaqla Avropada islamofobiya və ksenofobiya problemlərinin həllinə diqqət yetirməyə çağırılır. Qərarda Avronest Parlament Assambleyasının Nizamnaməsinə uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisinin bu təşkilatda üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılması və prosedur dövründə Milli Məclisin nümayəndə heyətinin Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmaması, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin mövcud formatda fəaliyyətində iştiraka son qoyulması da öz əksini tapıb.

Əslində, AP-nin bu qərarı onun öz imicinə zərbə vurdu. Bir daha aydın oldu ki, Avropada bəzi dairələr Azərbaycan dövlətinin söz sahibinə çevrildiyini, kiminsə fikri ilə yox, yalnız öz maraqları ilə siyasət yürütməsini qəbul edə bilmir. Onlar görürlər ki, Azərbaycan inkişaf edir və başqalarının diktəsi ilə yox, öz yolu ilə inamla addımlayır, müstəqil yaşayır. Bütün bunlar həmin Qərb dairələri tərəfindən qısqanclıqla qarşılanır. AP-nin adından bu məqsədlə qəbul etdikləri qətnamələr isə Azərbaycan üçün adi kağız parçasıdır. Çünki ölkəmizi öz yolundan döndərmək, ona təzyiq göstərmək mümkün deyil.

Ümumiyyətlə, Azərbaycan hər zaman Qərblə tərəfdaşlıq, bərabərhüquqluluq, qarşılıqlı etimad prinsiplərinə əsaslanan əlaqələr qurmaq üçün bütün addımları atıb. Lakin ölkəmizin bu istiqamətdə həyata keçirdiyi siyasi xətt Qərb tərəfindən lazımınca qiymətləndirilməyib və daim onun qeyri-səmimi davranışı ilə müşayiət olunub. Bu gün ölkəmizdə hər kəs milli dəyərlərinə, inkişafına qısqanclıqla yanaşan, beynəlxalq hüququn normalarına laqeyd münasibət bəsləyən, öz fəaliyyətini yalnız tabeçilik, diktat və “böyük-kiçik” prinsipləri, sivilizasiyaların toqquşması ideologiyası üzərində quran Qərb strukturlarına inteqrasiyanın mümkünsüzlüyünü qəbul edir və eyni zamanda, bunun zərərli olduğunun fərqindədir.

Azərbaycan dövlətinin məqsədi öz müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, vətəndaşlarının təhlükəsizliyini və cəmiyyətin layiqli inkişafını təmin etməkdir. Eyni zamanda ölkəmiz son hədəfi müstəmləkəçilik, xalqları istismar etmək olan qurumlar və dövlətlərlə əməkdaşlığın perspektivini görmür. Bunun üçün Azərbaycan öz xarici siyasətinin prinsiplərinə dönmədən riayət edir, bir çox ənənəvi tərəfdaş ölkələrlə əlaqələrini daha da inkişaf etdirir, yeni vektorlar müəyyənləşdirir, əməkdaşlığa açıq və səmimi olan Latın Amerikası, Avrasiya, Uzaq Şərq, Cənubi Asiya, Afrika, MDB və Şərqi Avropa ölkələri ilə ikitərəfli əməkdaşlığını sıxlaşdırır.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2015.- 18 sentyabr.- S. 9.