Kürdəmir şəhərində
çoxmənzilli binaların
əsaslı təmiri
ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Son illər Kürdəmir şəhərində geniş abadlıq-quruculuq işləri aparılmış, mühüm infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən Olimpiya İdman Kompleksi, Gənclər evi, Bayraq Meydanı Kompleksi tikilərək istifadəyə verilmiş, Rayon Mərkəzi Xəstəxanası, Tarix-Diyarşünaslıq Muzeyi əsaslı təmir olunmuş, əlil və şəhid ailələri üçün 32 mənzilli 2 yaşayış binası inşa edilmiş, əhalinin içməli su təminatı yaxşılaşdırılmış, şəhərin mərkəzi küçələrinin asfalt örtüyü, işıqlandırma sistemi yenilənmiş, parklar salınmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Kürdəmirdə abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 21 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə qərara alıram:
1. Kürdəmir şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Kürdəmir Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 sentyabr 2015-ci il
Azərbaycan.- 2015.- 19 sentyabr.- S. 1.