Azərbaycan-Belarus əlaqələri siyasi, iqtisadi, humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq ruhunda davam etdirilir

 

Sentyabrın 18-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Belarus Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Gennadi Axramoviç ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, diplomatik fəaliyyətinə başlaması münasibətilə səfiri təbrik edən Baş nazir Artur Rasizadə hər iki ölkə rəhbərliyi arasında mövcud dostluq münasibətlərinin dövlətlərarası əlaqələrə müsbət təsir etdiyini bu əlaqələrin siyasi, iqtisadi, humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq ruhunda davam etdirildiyini nəzərə çatdırıb.

Son illərdə intensiv iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir çox sahələr üzrə, o cümlədən, maşınqayırma, rabitə, telekommunikasiya, nəqliyyat, hərbi-sənaye, tikinti, kənd təsərrüfatı digər istiqamətlərdə əməkdaşlığı məmnunluqla qeyd edən tərəflər xüsusən qeyri-neft sektorundakı böyük potensialdan daha səmərəli istifadə etməyin zəruriliyini vurğulayıblar. Bu baxımdan Azərbaycanın Baş naziri ikitərəfli əməkdaşlıq üzrə uzunmüddətli proqramın hazırlanmasına da ehtiyac olduğunu vurğulayıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ətrafında söhbət gedərkən, münaqişənin yalnız beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə dair yekdil fikir ifadə edən tərəflər qarşılıqlı maraq kəsb edən bir sıra digər məsələlər ətrafında da müzakirələr aparıblar.

Baş nazir Artur Rasizadə Azərbaycan-Belarus münasibətlərinin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini deyən Gennadi Axramoviçə məsul şərəfli vəzifəsinin icrasında uğurlar arzulayıb.

 

Azərbaycan.- 2015.- 19 sentyabr.- S. 3.