Amerikanın “The Jewish Press” qəzeti:
“Qərb Azərbaycan ərazilərinin ermənilər
tərəfindən işğal
edilməsinə münasibətdə
ikili standartlar siyasəti yürüdür”
Amerikada nəşr edilən “The Jewish Press” yəhudi qəzetində “The Jerusalem Post” və “The Baltimore Jewish Times” qəzetlərinin sabiq redaktoru Maayan Caffenin Azərbaycan ilə İsrail arasında strateji əlaqələr, siyasi və iqtisadi sahələrdə əməkdaşlıq məsələlərinə həsr olunmuş məqaləsi dərc edilib.
Müəllif yazır ki, Azərbaycan ilə İsrail arasında illik ticarət dövriyyəsinin həcmi 5 milyard dollar təşkil edir. Caffe daha sonra qeyd edir ki, bu iki ölkə arasında təhlükəsizlik sahəsində qarşılıqlı münasibətlər barədə informasiya nədənsə mətbuata düşmür. Müəllif Azərbaycan Prezidenti İlham Əliyevin, israilli ekspert Arye Qutun, Milli Məclisin deputatı Asim Mollazadənin Azərbaycan ilə İsrail arasında strateji münasibətlər haqqında sözlərini sitat gətirir.
M.Caffe daha sonra Qərbin İsrailə və Azərbaycana münasibətdə ikili standartları, o cümlədən qərb KİV-ləri tərəfindən tənqidi çıxışlar və Ağ evin soyuq münasibəti məsələlərinə toxunur. Müəllif ABŞ administrasiyası tərəfindən əsassız olaraq Azərbaycanın qeyri-demokratik ölkə kimi təqdim edilməsindən söhbət açaraq vurğulayır ki, Azərbaycan demokratik dəyərlərə münasibətdə açıq siyasət yürüdən, qadınlar üçün kişilərlə bərabər hüquqların təmin edildiyi və Qərb ilə səmimi münasibətlər saxlayan yeganə müsəlman ölkəsidir.
Müəllif Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın ərazisinin Ermənistan tərəfindən işğal edilməsi probleminə də toxunur. O, erməni təcavüzü barədə söhbət açaraq qeyd edir ki, ABŞ ərazi bütövlüyü məsələsində Ukraynanı dəstəklədi, lakin Azərbaycana münasibətdə analoji dəstək görünmür.
Məqalədə israilli ekspert Arye Qutun fikrinə istinad edilir. Qut qeyd edir ki, Qərb Ermənistanı Azərbaycanla müqayisədə favorit hesab etməklə özünün milli maraqlarını təhlükə altına qoyur: belə münasibət Ermənistanda arxayınlıq yaradır ki, onun təcavüzkar siyasətinin heç bir nəticəsi olmayacaq. Bu il may ayında “Forward” qəzetində erməni mənşəli amerikalı ekspertin bir məqaləsi dərc edilib. O, İsraili Azərbaycandan fərqli olaraq Ermənistana yaxşı dost kimi baxmağa çağırırdı. Arye Qut bu ideyaya istehza edərək deyir: “Yaxşı münasibətlər insan ölçüsü amilindən başlanır. Bu gün Azərbaycanda 30.000 yəhudi yaşayır, əslən Azərbaycandan olan daha 70.000 yəhudi İsrailə köçüb. Ermənistanda isə yəhudilərin sayı 100 nəfərdən azdır, onlar da oradan çıxmağa çalışırlar”.
Maayan Caffe yazır: “Qərb Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğal edilməsinə münasibətdə ikili standartlar siyasəti yürüdür”. 20 ildən çoxdur ki, Dağlıq Qarabağın və Azərbaycanın ona bitişik digər yeddi rayonun Ermənistan tərəfindən işğalı davam edir, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü pozulur. Ermənistan tərəfindən işğal edilmiş və onun etnik təmizləmə siyasətini həyata keçirdiyi Dağlıq Qarabağ və digər yeddi rayon tarixən Azərbaycana məxsus olub və beynəlxalq birlik tərəfindən Azərbaycana məxsus ərazilər kimi tanınıb. Buna baxmayaraq, həmin ərazilər 1992-ci ildən işğal altında qalır. Amansız və qanlı münaqişə nəticəsində Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib və beləliklə, Cənubi Qafqaz regionu uzun sürən dondurulmuş münaqişəyə məruz qalıb”.
Maayan Caffe Azərbaycanın multikulturalizm sahəsində xüsusiyyətini və inkişaf etmiş başqa ölkələrdə islamofobiya və antisemitizm hallarının geniş yayıldığı bir vaxtda bu ölkədə yəhudi, müsəlman və xristian icmalarının dinc yanaşı mövcud olması faktını vurğulayır.
Maayan Caffe qeyd edir ki, 2015-ci ilin fevralında Los-Ancelesdə yerləşən “Sinay məbədi” sinaqoqunun üzvləri Azərbaycanın dağ yəhudiləri icmasına Sefer Torа (lülə şəklində bükülmüş Tövrat nüsxəsi) bağışlayıblar. Məqalə müəllifi yazır: “Mərasimdə 400-dən çox adam və Azərbaycandan gəlmiş nümayəndə heyəti, o cümlədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmayılov, Azərbaycan Parlamentinin üzvü, yəhudi Yevda Abramov, Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Bakıdakı Dağ Yəhudiləri sinaqoqunun ravvini Avraam Yakubov iştirak edirdi”.
2015-ci ilin may ayında “Jewish Journal” jurnalında dərc edilmiş məqalədə Milix Yevdayev yazırdı: “Azərbaycan dünyada ən qədim yəhudi icmalarından birinin vətənidir. Biz yəhudilər əsrlər boyu burada hər hansı təqiblərə və ayrı-seçkiliyə məruz qalmadan, azərbaycanlı qardaş və bacılarımızla tam harmoniya şəraitində, sərbəst yaşayırıq... bu zalım zəmanədə mən özümü bəxtəvər hesab edirəm”.
İsrailin Azərbaycandakı keçmiş səfiri Rafael Harpaz Azərbaycanı “total tolerantlıq ölkəsi” adlandırır. Harpaz “Jerusalem Post” qəzetinə müsahibəsində bildirib ki, Azərbaycanda yəhudilər və müsəlmanlar bir-birinə səmimi münasibət bəsləyir və hörmət edirlər, onlar bayramları birgə qeyd edirlər. Bu il yayda Azərbaycanda keçirilmiş Birinci Avropa oyunları zamanı İsrail Bakıya 142 idmançı və məşqçidən ibarət geniş nümayəndə heyəti göndərib. İsrail Filarmoniyası Bakıya gələndə orada tamaşaçı ilə dolu zalda çıxış edir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Azərbaycan.- 2015.- 19 sentyabr.- S. 4.